Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Axtarışa verilmiş mühacirləri təhvil almaq mümkün olacaqmı?

 

 Ekspert bu şəxslərin Avropa Birliyi ərazisində saxlanılıb, Azərbaycana göndərilməsini inandırıcı saymır

Yenixeber.org: Xaricdə yaşayan və mütəmadi olaraq sosial mediada Azərbaycan hakimiyyətini sərt tənqid, hətta bir çox hallarda təhqir edən şəxslər haqqında Bakıda qiyabi həbs qərarı çıxarılıb. Onların İnterpol xətti ilə beynəlxalq axtarışa verməsi üçün prokurorluq addımlar atır.

Baş Prokurorluq bu barədə məlumatında konkret adları da açıqlayıb: Orduxan Bəbirov, Qurban Məmmədov, Orxan Ağayev, Rəfael Piriyev, Əli Həsənəliyev, Tural Sadıqlı  Süleyman Süleymanlı. Onlar Baş Prokurorluğun İstintaq İdarəsində başlanmış cinayət işi üzrə CM-in 220 (kütləvi iğtişaşlara çağırış etmə) və 281 (dövlət əleyhinə yönələn açıq çağırışlar etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində tanınıb. Prokurorluğun təqdimatı əsasında Nəsimi rayon Məhkəməsi bu şəxslərin hər birinin barəsində qiyabi həbs qərarı çıxarıb. Bundan sonra prokurorluq onlar haqqında həbsli axtarış qərarı çıxarıb.

Eyni cinayət işi üzrə təqsirləndirilən şəxslər sırasında ötən ilin dekabrında Ukraynada saxlanılıb Azərbaycana təhvil verilən Elvin İsayev də var. Hazırda onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. 40 yaşlı E.İsayev 1998-ci ildə Rusiyada yaşayırdı, 2001-ci ildən bu ölkənin vətəndaşı idi. Ötən ilin avqustunda Sankt-Peterburq məhkəməsi onun vətəndaşlığının ləğvi, özünün də ölkədən çıxarılması haqda qərar verib. Rusiyadan Ukraynaya gedən E.İsayev dekabrda Kiyevdə saxlanılaraq Azərbaycana deportasiya edilib və o vaxtdan həbsdədir. E.İsayev yuxarıda adları çəkilən şəxslərlə əlbir şəkildə dövlət əleyhinə çıxışlar etməkdə, kütləvi iğtişaşlara çağırışlarda ittiham olunur.

Prokurorluğun axtarışa verdiyi mühacirlərdən Tural Sadıqlı bildirib ki, bundan əvvəl də başqa maddələrlə onun haqqında qərar çıxarıb, axtarışa veriblər: “Hətta keçən il Sabunçu Rayon Polis İdarəsinin qarşısında axtarışa verilənlərin lövhəsinə “Facebook”dan götürdükləri fotomu da yerləşdirmişdilər. Belə çıxır ki, ikiqat İnterpol axtarışına verilmişəm”.

T.Sadıqlının sözlərinə görə, prokurorluq axtarış barədə məlumatı yayandan sonra sentyabrın 10-da Sabunçu rayon 12-ci polis bölməsinin əməkdaşları evlərinə gəlib, onun evdə olub-olmadığını yoxlayaraq, bu barədə akt tərtib ediblər.

Siyahıda adları olanlardan Orduxan Bəbirov haqqında da bu, ilk qərar deyil. Onun haqqında hələ 2018-ci ildə Nəsimi rayon Məhkəməsində Cinayət Məcəlləsinin 214-2 (terrorizmə açıq çağırış), 220.2 (kütləvi iğtişaşların təşkili), 281.2-ci (dövlətə qarşı açıq çağırışlar, dəfələrlə və ya qrupun tərkibində törədildikdə) maddələri ilə qiyabi həbs qərarı çıxarılmışdı. O.Bəbirov hesab edir ki, mühacirlərin axtarışa verilməsi barədə məlumatın indi yayılması təsadüf deyil. Onun fikrincə, məqsəd gündəmin əsas müzakirə mövzusu olan Tofiq Yaqublunun aclığından diqqəti yayındırmaqdır.

Miqrasiya məsələləri üzrə ekspert Əlövsət Əliyev adları çəkilən şəxslərin tutulub Azərbaycana təhvil verilməsini real saymır. Hüquqşünas xatırlatdı ki, O.Bəbirov Hollandiya vətəndaşıdır. Digərləri də Avropa ölkələrində qaçqın statusu almaq üçün müraciət etmiş, yaxud da artıq bu statusu almış şəxslərdir. Xüsusən Avropa Birliyi ərazisində onların saxlanılıb, Azərbaycana təhvil verilməsi inandırıcı görünmür.

Ə.Əliyevin sözlərinə görə, şəxsi İnterpol xətti ilə beynəlxalq axtarışa vermək də sadə məsələ deyil, bunun üçün konkret prosedur var:

“Axtarışa verilən şəxs haqqında məlumatın İnterpolun məlumat bazasına yerləşdirilməsi üçün bir neçə mərhələ keçilməlidir. Axtarışa verən orqan – prokurorluq İnterpolun Azərbaycandakı bürosuna müraciət etməlidir. Azərbaycandakı büro axtarışın İnterpolun normativ sənədlərinə, Azərbaycan Konstitusiyasına uyğunluğunu yoxlamalıdır. Sonra İnterpolun Mərkəzi Bürosuna sorğunun İnterpolun məlumat bazasında yerləşdirilməsi üçün müraciət olunmalıdır. Baş katib də əvvəlcə sorğunu araşdırır, baxır ki, siyasi, dini, irqi və s. səbəblərlə təqib halı yoxdursa, o halda, axtarış bankına yerləşdirilir”.

Hüquqşünas bildirdi ki, Ukrayna, Türkiyə, Rusiya kimi ölkələrdə belə şəxslərin tutulub təhvil verilməsi təhlükəsi olsa da, Avropa Birliyi ölkələrində onlar üçün təhlükə yoxdur.

Xatırladaq ki, Almaniyada siyasi sığınacaq almış keçmiş deputat Hüseyn Abdullayev 2018-ci ilin aprelində İstanbulda saxlanılaraq, Azərbaycana təhvil verilmişdi. H.Abdullayev sonradan Bakı Hərbi Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edildi.

Ekspert Azərbaycanda məhkəmə-hüquq sisteminin vəziyyəti, işgəncə halları ilə bağlı beynəlxalq hesabatlarda yazılanların da bu cür məsələlərdə ciddi rol oynadığını qeyd etdi. Onun sözlərinə görə, əgər ölkədə şəxsin ədalətli mühakimə olunacağına təminat yoxdursa, işgəncəyə məruz qalma ehtimalı varsa, demokratik, hüquqi dövlətlər bu halda həmin şəxsi təhvil vermir: “Bu cür qərarlar qəbul olunarkən ölkə ilə bağlı beynəlxalq hesabatlardakı fikirlər mütləq nəzərə alınır”.

Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva haqqında 5 ildir ki, cinayət işi var. Azərbaycanın hüquq-mühafizə orqanları Londonda yaşayan Z.Hacıyevanın Azərbaycana təhvil verilməsi üçün çox cəhd göstərsələr də, buna nail ola bilməyiblər.

Xaricdə yaşayan tənqidçi jurnalist Fikrət Hüseynli ilə bağlı da bənzər hadisə baş vermişdi. 2008-ci ildən Hollandiyada yaşayan F.Hüseynli 2017-ci ildə Ukraynada saxlanılsa da, Azərbaycana təhvil verilməmişdi.

F.Hüseynlinin fikrincə, Azərbaycan hüquq-mühafizə orqanları kimisə gerçəkdən həbs etmək, tutub ölkəyə gətirmək istəyəndə bunu açıq şəkildə yaymır: “2017-ci ilin oktyabrında Kiyevdə saxlanılana qədər mənim İnterpol xətti ilə axtarışda olmağım açıqlanmamışdı”.

F.Hüseynlinin sözlərinə görə, o, bazar günü saxlanılmış və qeyri-iş günü olmasına baxmayaraq, dərhal baş prokurorun birinci müavini Rüstəm Usubovun imzasıyla Ukrayna Baş Prokurorluğuna onun təcili ekstradisiyası üçün məktub göndərilmişdi.(pressklub)

Gülər


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam