TAP və TANAP-ın aqibəti necə olacaq?
«Cənub axını»nın gündəmə gəlməsi, sıxılmış qaza tələbatın artması bunu deməyə əsas verir
Xeberinfo.com: Rusiya ilə Türkiyə arasında olan iri müqavilələrdən biri “Cənub axını”nın reallaşma perspektivi yenidən aktuallaşıb. Iki ölkə arasında münasibətlərin normallaşması proyektin gerçəkləşməsi şansını da artırıb.
Amma o da məlumdur ki, “Cənub axını” Azərbaycanın iki proyekti TAP və TANAP-ın əsas rəqibidir. Belə olan halda Azərbaycanın maraqları olan layihənin reallaşması sual altına düşür. Digər tərəfdən onsuz da bu iki layihənin reallaşması maliyyə problemlərinin həllindən asılıdır. Yəni Azərbaycan tərəfi öz hissəsinin inşası və istifadəyə verilməsi üçün 8 milyard dollar sərmayə yatırmalıdır. Amma Azərbaycanın üzləşdiyi maliyyə durumu bu istiqamətdə problemlər yaradır.
Iqtisadçı Samir Əliyev bildirdi ki, TAP və TANAP-ın reallaşdırılması üçün ilkin maliyyə ehtiyac var və artıq Azərbaycan hökuməti müəyyən borcalamaya gedib. Amma bu vəsait kifayət deyil və yeni vəsait tələb olunur. S.Əliyevin sözlərinə görə, bundan başqa bazarda tələb də dəyişib: “Bu gün neft və qaz bazarında yeni məhsullar ortaya çıxıb. Söhbət sıxılmış qaza olan tələbatın artmasından gedir. Ümumi qaz istehlakında, qaz satışında bu məhsul getdikcə lider mövqeyə çıxmaqdadır. Artıq kəmər vasitəsilə qaz satışının payı azalır. Düzdür sıxılmış qazın qiyməti bir qədər baha olsa da, onun manevr imkanı çox rahatdır. Dünyanın istənilən bölgəsinə bu məhsulu daşımaq olar. Amerika özü artıq qaz istehsal etməyə başlayıb”.
S.Əliyevin sözlərinə görə, bütün bunlar göstərir ki, yaxın zaman üçün neft və qazın qiymətində ciddi artım olmayacaq. Ona görə də Azərbaycanın TAP və TANAP layihəsi bir o qədər də rentabelli deyil. “Bu layihə müəyyən dövrdə gəlirlər verəcəkdir, amma bu layihəni BTC ilə müqayisə etmək düzgün deyil. Bu sahədə gəlirlər çox məhdud olacaqdır. Dünyada artıq o qədər alternativ enerji mənbələri ortaya çıxır ki, neft və qazı sıxışdırır, onların payı getdikcə azalır. O cümlədən Rusiya qazının Türkiyə vasitəsilə Avropaya çatdırılması da Azərbaycanın layihələrinin aqibətini çətinləşdirir. Digər tərəfdən onu da nəzərə almaq lazımdır ki, bizim Avropanı qazla təmin etmək imkanımız yoxdur. Ona görə bu layihəyə başqa ölkələrin qoşulması vacibdir. Xüsusilə Türkmənistan və Qazaxıstanın qoşulması layihəni cəlbedici edə bilər”, deyə S.Əliyev vurğuladı.