“Bu dəfə Rusiyanın bizə naz eləməsi mümkün olmayacaq” –İqtisadçı geri qaytarılan məhsullardan DANIŞDI
Azərbaycan məhsullarının əsas alıcılarından biri də Rusiya bazarıdır. Hər il ölkədən tonlarla meyvə-tərəvəz Rusiyaya ixrac olunur. Lakin bu proses heç də həmişə problemsiz ötüşmür. Belə ki, uzun illərdir ixrac etdiyimiz pomidorun bir qisminin güvə faktoru ilə Rusiya bazarına buraxılmayaraq geri qaytarılmasının şahidi oluruq. Nəticədə Rusiya ehtiyac duyduğu ərzaq və kənd təsərrüfatı məhsullarını əldə etmək üçün başqa bazarlara üz tutur. Hazırda isə təxminən altı aydır davam edən Rusiya-Ukrayna müharibəsi səbəbilə Avropa, Qərb Rusiyaya ixracı dayandırmaqla bərabər, ciddi iqtisadi sanksiyalar tətbiq edir. Yəni həm ərzaq, həm də digər məhsullara görə Rusiyanın əlaqə qura biləcəyi cəmi beş-altı ölkə var ki, onlardan biri də Azərbaycandır.
Yenixeber.org: Maraqlıdır, müharibə meyvə-tərəvəz ixracımızda problemlərin aradan qalxmasına yol aça bilərmi?
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəzirli qeyd edib ki, Azərbaycandan Rusiyaya ixrac edilən məhsulların qəbulunda problemin yaranması heç də həmişə onların keyfiyyətinin aşağı olması ilə bağlı olmur:
“Bu, əsasən, Rusiya tərəfinin siyasi qərarı olur. Yəni iki dövlət arasında müəyyən münasibətlər pozulursa, belə şeylər təzyiq vasitəsi kimi istifadə edilir. Onun aradan qaldırılması üçün ötən il Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) arasında anlaşma imzalandı. Bu müqaviləyə əsasən, AQTA Rusiyaya ixrac olunan məhsulların keyfiyyətinə zəmanət verən arayış təqdim edir. O sənəd Rusiya qurumuna verildikdə problem yaranmır. Bu, keçən il Rusiyaya məhsul ixracında problem yaranmamasını müəyyən qədər təmin etsə də, ümumilikdə məhdudlaşdırmadı”.
İqtisadçı bu il üçün isə mənzərənin tamam fərqli olduğunu vurğulayıb:
“Rusiya dünyadan o dərəcədə təcrid edilib ki, böyük şəhərləri - Moskva və Sankt-Peterburqu çıxmaq şərtilə, regionların hamısında ciddi ərzaq və kənd təsərrüfatı məhsulları qıtlığı müşahidə olunur. Ona görə də düşünürəm ki, Azərbaycandan ixrac olunan məhsullarda heç bir problem yaşanmayacaq. Rusiya öz maraqları naminə Azərbaycandan nə idxal edilsə, hamısını daxili bazara buraxmaq məcburiyyətində qalacaq”.
Ekspert tərəvəzlərin keyfiyyəti məsələsinə də toxunub. Bu sahədə hələ də problemlərin yaşandığını diqqətə çatdırıb:
“Əsas problem ondan ibarətdir ki, onların tərkibində azotun miqdarı, adətən, yuxarı olur. Yəni fermerlər məhsulu dada gətirmək, eləcə də onu böyük və görkəmli etmək üçün qidalandırıcı gübrə olan ammonium nitratdan normadan artıq istifadə edirlər. Bu da azotun miqdarının normadan yüksək olmasına səbəb olur. Həmçinin digər aqrotexniki qaydalara əməl edilmədiyinə görə bizim kənd təsərrüfatı məhsullarımız dünya standartlarından geri qalır.
Hesab edirəm ki, Azərbaycan hökuməti fermerlərlə birlikdə bu məsələnin həlli istiqamətində dövlət proqramı həyata keçirməli və ölkə daxilində dünya standartlarına uyğun orqanik kənd təsərrüfatı məhsullarının istehsalına nail olunmalıdır. O halda artıq Rusiyanın bizə naz eləməsi mümkün olmayacaq. Çünki Rusiya qəbul etməsə, məhsulumuzu Avropaya, digər ölkələrə ixrac edəcəyik. Amma bu gün biz məhsullarımızın keyfiyyəti aşağı olduğuna görə yalnız Rusiya bazarına müraciət edə bilirik. Bu standartda məhsul yalnız orada qəbul edilir, Avropa bazarı tərəfindən qəbul edilmir. Ona görə də biz Rusiya bazarına məhsul ixrac etmək məcburiyyətindəyik”.
Həmsöhbətimiz məhsulların saxlanması istiqamətində də tədbirlərin görülməli olduğunu deyib:
“Məsələn, quru meyvələrin - qoz, fındıq, şabalıdın - xüsusi saxlanma qaydası var. Elə şərait yaradılmalıdır ki, o məhsullar keyfiyyətini itirməsin. Bizim Avropaya, Türkiyəyə ixrac etdiyimiz qoz, fındıq, badam, şabalıd və digər məhsullar isə çox tez-tez saxlanma şəraitinin normal olmaması səbəbindən keyfiyyət aşağı düşdüyünə görə geri qaytarılır”.
Bildirək ki, bu il Azərbaycandan ixrac olunan pomidorların böyük hissəsi - bütün ixracın 97,5 faizi (109 min ton) Rusiyanın payına düşüb. Bu ixrac hesabına yanvar-iyul aylarında Azərbaycan 130 milyon dollar (221 milyon manata) gəlir əldə edib.