"İranın bazara girməsi Rusiyaya ciddi mane olacaq"
“Hətta hökuməti təhlükəli addımlar atmağa sövq edir”
"Xeberinfo.com": Neftin dünya bazarında qiymətləri ucuzlaşmağa başlayıb. Ekspertlər bildirirlər ki, neftin ucuzlaşması bir sıra beynəlxalq faktorlarla bağlıdır. Yaxın müddət üçün isə neftin bahalaşması o qədər də gözlənilən deyil. Ekspert Natiq Cəfərlinin sözlərinə görə, İranla bağlı sanksiyaların götürülməsi neft bazarına təsir edən güclü amil olacaq: “İran qaz ehtiyatlarına görə dünyada 2-ci yerdədir.
2014-cü ilin məlumatlarına görə, 166 milyard kubmetr qaz istehsal edib, yaxın 3 ildə qaz istehsalı 290 milyard kubmetrə, 2020-ci ildə isə 350 milyarda çatacaq. Neft ehtiyatlarına görə isə dünyada 4-cü yerdədir, dünyada dəqiq təsdiq olunmuş neft ehtiyatlarının 11 faizə yaxını bu ölkədədir. Sanksiyalara baxmayaraq, İran gündəlik 4 milyon barelə qədər neft hasil edirdi, bunun yarısı ixrac olunurdu. Sanksiyalardan sonra yeni texnologiyaların ölkəyə gəlməsini nəzərə alsaq, yaxın 3 ildə İranda hasilat 8 milyon barelə qədər arta və gündəlik ixracatı 4,5 milyon barelə çata bilər.
İran kifayət qədər böyük, ”ac", yenilənməyə açıq olan və varlanmaq perspektivi güclü olan bazardır. Son 36 ildə özlərinə məxsus iqtisadi model qurublar, iqtisadiyyat kifayət qədər liberaldır, bazar qanunları ilə işləyir, rəqabətli mühit var, amma texnoloji baxımdan geridə qalıblar. Sanksiyaların götürülməsi İrana yeni texnologiyaların gəlməsini saxlayacaq ki, bu da iqtisadiyyatı modernləşdirməyə imkan verəcək. Sanksiyalar altında olmaqlarına baxmayaraq İranın gəlirlərinin cəmi 45 faizi neft-qazdan asılıdır, bu ölkə özünə lazım olan çox malları istehsal edə bilir, kənd təsərrüfatı çox güclüdür".
Ekspertin sözlərinə görə, Rusiya İrana enerji alanında rəqib kimi baxır, İranın bazara girməsi neft və qaz sahəsində Rusiyaya ciddi mane olacaq. Üstəlik, Səudiyyə İrana həm enerji rəqibi, həm də ideoloji rəqib kimi baxır, İrandan çəkinir, özünün əsas düşməni məhz İranı sayır. İsrail isə bütün kimliyini müsəlman, əsas da İran təhlükəsi üzərində qurub, İranın açılması İsrailin kimlik quruculuğunu, hekayəsini dağıdır:“Anlaşmanın ən böyük təsirlərindən biri məhz Azərbaycana olacaq. Söhbət tək neft-qaz bazarında uzun zaman ucuzluğun olmağından getmir, İranın neft-qaz ehtiyatları bizimlə müqayisəolunmaz dərəcədə çoxdur. Azərbaycan gündə dünya bazarına 500 min barel neft çıxarır, İran yaxın zamanda 5 milyon barel çıxardacaq. Azərbaycan 2020-də Avropaya cəmi 10 milyard kubmetr qaz satmağı planlayır, İran o zamana qədər Avropaya 90-100 milyard qaz çıxarda biləcək. İranın bazara girməsi Azərbaycanın geosiyasi və coğrafi önəmini ciddi zəiflədir, hətta hökuməti təhlükəli addımlar atmağa sövq edir. Bunun nümunəsi kimi Səudiyyə ilə yaxınlaşmağı göstərmək olar.
Azərbaycan hökuməti Qərblə danışıqlarda alət kimi enerji şantajından istifadə etməyə çalışırdı, indi bu arqument də heç oldu. Amma ağıllı hökumət olsa, normal sistem qura bilsək, İran anlaşması bizə ciddi fürsətlər pəncərəsi də aça bilər. Azərbaycan İran bazarına girmək istəyən Qərb və Şərq şirkətləri üçün baza, yol göstərən rolunu oynaya bilər. Bizim şirkətlər İranı gözləyən tikinti bumunda iştirak edə bilərlər. İranda bizim vətəndaşlar üçün iş yerləri yarana bilər və bir müddət sonra azərbaycanlılar pul qazanmaq üçün Rusiyaya deyil, İrana üz tutacaqlar.
Bu yazdıqlarımın riskləri də var, sadəcə, normal, çağdaş ölkə qurmaq lazımdır ki, bu riskləri önləyə bilək. Təəssüf ki, hələ hökumət olub-bitənləri anlaya, qavraya, analiz edə bilmir. Bir ovuc neftlə, bir qarın qazla dünyanı şantaj edə biləcəyini düşünür. Zaman itiririk, bu açılımdan ən çox Ermənistan istifadə edəcək, bununla rəqabət aparmaq üçün ağıllı siyasi komanda qurmağın vaxtı çatıb".
Qeyd edək ki, ekspertlərin fikrincə, qarşıdan daha böhranlı bir vəziyyət gəlir. Bildirilir ki, bu mürəkkəb iqtisadi şərait müsbət heç nə vəd etmir. Yəni neftin qiymətinin artması ilə bağlı ümidlər əsassızdır. Əksər ekspertlər neftin qarşıdakı aylarda da ucuzlaşacağını proqnozlaşdırırlar. Azərbaycanın neft gəlirlərinin isə 50 faizdən çox azalacağı bildirilir.