"Bir neçə il neftin qiyməti indikindən fərqlənməyə bilər"
İranın 79 cu il inqilabından sonra banklarda dondurulan pulların bəxti açılsa, sanksiyalar aradan qaldırılsa İran tezliklə bölgənin lider dövlətinə çevrilə bilərmi?
"Xeberinfo.com": Moderator.az -ın bu sualını İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri, millət vəkili Əli Məsimli cavablandırıb:
-İranla “altılıq” ölkələri arasında əldə olunan razılıq hələlik daha çox siyasi mahiyyət kəsb edir. Bununla belə İranın dünya gücləriylə beynəlxalq sanksiyaların qaldırılması müqabilində nüvə proqramını məhdudlaşdıracağı barədə razılaşma imzalaması ilə bu ölkənin neft-qaz və bank sektoruna qarşı tətbiq edilən sanksiyalar, həmçinin İrana sərmayə qoyuluşuna olan qadağalar da aradan qaldırılır. İrana qarşı sanksiyaların götürülməsi beynəlxalq neft şirkətləri üçün nəhəng imkanlar açıb. Deməli İranla “altılıq” ölkələri arasında əldə olunan razılıq qlobal enerji və sərmayə siyasətinə nəzərəçarpan dərəcədə təsir edəcək.
Hələlik bunun yalnız psixoloji təsiri neftin qiymətinə təsir edir. Amma bir müddətdən sonra İranın dünya bazarına çıxardığı neftin həcmi sutkada 1 milyon barrelə çatacaq. İran bazara neft-qaz çıxarışını artırdıqca, bunun qiymətlərə real təsiri də olacaq. İranın dünyanın neft bazarına qayıdışı bazarda vəziyyəti dəyişəcək. Amma bu daha çox gələn ildən başlayaraq hiss olunmağa başlayacaq. Analitiklər güman edirlər ki, dünya bazarına İran neftinin qayıdışı qiymətlərin sonrakı düşməsinə gətirib çıxara bilər. Amma çox güman ki, ABŞ və OPEC-dəki söz sahibləri İranın dünya neft bazarına çıxışını nəzərə almaqla qiymətlərə təsir üsuluna keçəcək və müəyyən qalxıb-enmələrdən sonra bazarda qiymətlər onları təmin edən səviyyəyə uyğunlaşdırılacaq. Bu halda qarşıdakı bir neçə ildə neftin qiyməti indikindən bir o qədər də fərqlənməyə bilər...
BP-nin məlumatına görə, İranın qaz ehtiyatı 34 trilyon kubmetr təşkil edir ki, bu da dünya ehtiyatlarının 18 %-dən çox deməkdir. Proqnozlara əsasən, qaz obyektlərinin inşasının mürəkkəbliyi səbəbindəın İran yaxın illərdə qaz ehtiyatının böyük hissəsini ixrac edə bilməyəcək. Bununla belə Qərb qaz sahəsində Rusiyadan asılılığı azaltmaq üçün İranla münasibətləri qaydaya salıb, onun qazını öz bazarına buraxa bilər. Ona görə də İran Avropa bazarına çıxmaq üçün TANAP və TAP layıhələri ilə maraqlanır. Bu layihələrin tamamlanması 2018-ci ilə planlaşdırılır. Bir sıra ekspert qiymətləndirmələrinə görə, İran nüvə proqramını təxirə salmaq müqabilində öz karbohidrogen resursları ilə dünya bazarına çıxışını, öz qazı ilə Avropa bazarına çıxışını təmin edə bilsə və eləcə də bu sahəyə yetərincə investor cəlb edə bilsə, 2030-cu ilə Rusiyanı Avropa qaz bazarından xeyli dərəcədə sıxışdıra bilər.
Azərbaycan hökuməti də öz geoiqtisadi və enerji siyasətində İranın neft-qaz bazarına təsiri amili nəzərə almalı olacaqdır.
İranın neft –qaz sektoruna qarşı tətbiq edilən sanksiyaların aradan qaldırılması yəqin ki, neft –qaz bazarında bu ölkənin mövqeyini gücləndirəcək və ixracdan gələn gəlirlərini xeyli artıracaq.
Bank sektoruna qarşı tətbiq edilən sanksiyaların aradan qaldırılması isə İranın maliyyə imkanlarını və deməli həm ölkə daxilində, həm də xaricdə manevr imkanlarını genişlədirəcək. Müxtəlif hesablamalara görə, xarici banklarda İranın 100 milyard dollara qədər vəsaiti dondurulub.Həmin pullar kiçik partiyalarla tədricən İrana qaytarılacaq. Hələlik söhbət ümumən 100 milyard dollarlıq vəsaitinin üzərindən sanksiyaların götürülməsinədən gedir. Gələcəkədə bu rəqəm dəyişə də bilər.
İrana tətbiq olunan sanksiyalar onun iqtisadiyyatını potensial imkanları ilə müqayisədə xeyli geriyə atıb. BVF-in hesablamalarına görə, İran iqtisadiyyatı öz nominal göstəricisinə görə dünyanın 192 ölkəsi arasında 32-ci, alıcılıq qabiliyyəti pearitetinə görə hesablandıqda isə 188 ölkə arasında 18-ci ölkəsidir. Ölkə iqtisadiyyatının fəaliyyətinin nəticələrinin ümumiləşdirici göstəricisi olan adambaşına ÜDM istehsalına görə, İran dünyanın 186 ölkəsi arasında nominal göstərici üzrə 92-ci, alıcılıq qabiliyyəti pariteti üzrə isə 70-ci yeri tutur. İqtisadiyyatının həcminə görə İran regionda Türkiyədən sonra 2-ci ölkədir. Bu təhlildən sanksiyalar aradan qaldırılması ilə İranın tezliklə bölgənin lider dövlətinə çevriləcəyi görünmür.