ABEL MƏHƏRRƏMOV HAKİMƏ QƏTNAMƏSİNİ GERİ OXUTDURDU -Məhkəmə rəzaləti
Hüquqşünas: “Arxayındırlar ki, məhkəmə zalında aparılan audio-videoçəkilişi şikayətçi tərəfə təqdim etməyəcəklər”
Yenixeber.org: İyunun 9-da Yasamal Rayon Məhkəməsinin hakimi Vahid Hacıyev belə nəticəyə gəlib ki, Bakı Dövlət Universitetinin keçmiş rektoru, sabiq deputat Abel Məhərrəmov evində və obyektlərində tikinti-təmir işləri gördürsə də, işləri görən insanların pullarını ödəməyib. Ona görə də hakim Abel Məhərrəmovun üzərinə iddiaçı İsmixan Mirzəyevə 811 min manat ödəmək öhdəliyi qoyub. Hakimin məhkəmə zalında qətnamənin “qət etdi” hissəsini oxuması orada quraşdırılan kameraların yaddaşına da köçürülüb.
İsmixan Mirzəyevin iddiası əsasında Abel Məhərrəmovla yanaşı, BDU-nun keçmiş prorektoru Nəbi Ramazanlı da cavabdeh qismində prosesə cəlb olunub. Çünki İsmixan Mirzəyev bildirir ki, Abel Məhərrəmovun imarət və obyektlərinin tikintisinə sabiq prorektor rəhbərlik edib. İsmixan Mirzəyevin sözlərinə görə, çox vaxt danışıqlar da onunla aparılıb, Nəbi Ramazanlı vasitəçilik edib. İddia ərizəsində göstərilib ki, BDU-nin keçmiş rəhbəri paytaxtda 4 mərtəbəli ev tikdirib. Həmin evin pilləkənlərinin yığılması, istilik sisteminin quraşdırılması və s. işlərin görülməsini İsmixan Mirzəyevin rəhbərlik etdiyi komandaya həvalə edib. Həmin işlər görülüb təhvil verilsə də, pulun indiyədək ödənilmədiyi bildirilir. Yaxud da Abel Məhərrəmova məxsus olduğu iddia edilən “Mona Liza” şadlıq sarayında mebel işləri gördürülsə də, ustalar hələ də əmək haqqını ala bilmədiklərini deyirlər. Hətta Abel Məhərrəmovun Mərdəkandakı, Xaçmaz rayonunun Nabran qəsəbəsindəki bağ evlərində quraşdırılmış mebellərin, başqa obyektlərində görülən işlərin, istifadə olunan materialların də pulunun ödənilmədiyi məhkəmədə bildirilib.
İyunun 10-da isə Abel Məhərrəmovun vəkili Altay Əfəndiyev gununsesi.infoya müraciət edərək məhkəmə qətnaməsinin müvəkkilinin xeyrinə çıxarıldığını deyib: “Yasamal Rayon Məhkəməsinin Abel Məhərrəmova qarşı 800 minlik iddia üzrə qətnamə çıxarması barədə xəbər dəqiq deyil. Abel Məhərrəmovun vəkili olaraq, mən sizə bildirim ki, məhkəmədə şikayət rədd edilib, bununla bağlı vahid məhkəmə portalında məlumat əks olunub”.
Şikayətçi tərəf olan İsmixan Mirzəyev bu olaydan şoka düşdüyünü deyib: “Qətnaməni elan edəndən sonra hakim Vahid Hacıyev dedi ki, iddia təmin olunur. Hətta cavabdeh tərəfin vəkili Altay Əfəndiyevə üzünü tutaraq bildirdi ki, apelyasiya şikayəti etmək hüququnuz var. Sonradan hakim otağına gedib, başqa şey yazıb. Və biz də sevincək məhkəmə binasını tərk etdik. Lakin hakim otağına gedəndən sonra qərarı tamamilə dəyişib, qətnaməyə başqa şey yazılıb. Abel Məhərrəmovun qardaşı Ədliyyə Nazirliyində yüksək vəzifə tutur. Görünür, bu amilin rolu oldu. Biz mübarizəmizi sonadək apracağıq”.
Şikayətçi tərəf onu da bildirib ki, Yasamal məhkəməsində proseslərin audio və video qeydiyyatı olduğundan görüntülər açıqlanmalıdır.
“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, yayılan məlumatlar həqiqətdirsə, bu, böyük məhkəmə biabırçılığıdır: “Azərbaycan məhkəmələrində belə biabırçı praktikaya tez-tez rast gəlinir. Hakim məhkəmə zalında elan etdiyi hökmü, qətnaməni, qərarı müşavirə otağında dəyişir, daban-dabana zidd bir hökm, qətnamə, qərar verməkdən çəkinmir. Arxayındırlar ki, məhkəmə zalında aparılan audio-videoçəkilişi bir bəhanə ilə şikayətçi tərəfə təqdim etməyəcəklər. Məhkəmə zallarında audio-videoçəkiliş Prezident İlham Əliyevin ”Elektron məhkəmə" informasiya sistemi haqqında 1 iyun 2020-ci il tarixli fərmanına əsasən aparılır. Fərmanın 4.2.9. bəndi - məhkəmə proseslərinin elektron audio-video protokollaşdırmasını nəzərdə tutur.
Fərmanın 6.1.16.-cı bəndində isə oxuyuruq: məhkəmə iclasının audio və videotexniki vasitələrdən istifadə etməklə qeydə alınması və onları real vaxt rejimində müşahidə etmək imkanı yaradılmalıdır.
Bu da son deyil. Fərmanın 9.2.17. bəndində - məhkəmə iclasının audio və videotexniki vasitələrdən istifadə etməklə qeydə alınmasını təmin etmək;
9.2.19. məhkəmə iclaslarının fasiləsiz audio-video yazısının aparılması barədə məhkəmə prosesinin tərəflərini və işdə iştirak edən digər şəxsləri xəbərdar etmək. (https://president.az/articles/38919)
Reallıqda isə durum fərqlidir. Bu və ya digər məhkəmə haqda audio-videomateriallar tələb edildikdə, min bir bəhanə ilə materiallar təqdim olunmur. Vətəndaşa, onun vəkilinə deyirlər ki, bəs texniki problem oldu, video-audiomateriallar yoxdur. Sual olunur: dövlət büdcəsindən bu məqsədlər üçün ayrılan pullara niyə bunca keyfiyyətsiz xidmət göstərilir? Prezidentin qeyd olunan fərmanı da məhz bu cür halların aradan qaldırılmasına xidmət edir".
Mərkəz rəhbəri deyir ki, Abel Məhərrəmova qarşı iddia təmin edilibsə, sabiq rektor bundan sonra da məhkəmə qətnaməsini icra etməsə, barəsində həbslə əlaqəli tədbir görülə bilərdi.
Hüquqşünas deyir ki, ”İcra haqqında" Qanunun 82-ci maddəsində icra sənədi icra edilmədiyi halda inzibati və cinayət məsuliyyətinə cəlb olunmanın xüsusi qaydası da müəyyən olunub: “Məhkəmə qərarları verildikdən və ya qüvvəyə mindikdən sonra iki ay ərzində icra olunmalıdır. Əgər qərar icra olunmursa, o zaman icraçılar bununla bağlı akt tərtib edib həmin şəxsə müəyyən xəbərdarlıq etməlidir. Və bu da icra olunmazsa, məhkəmə qərarının icrasından imtinaya görə şəxs barəsində Cinayət Məcəlləsinin 306-cı - məhkəmə hökmünü, qərarını icra etməməyə görə cinayət işi başlanmalıdır. ”İcra haqqında" Qanunun 82.3-cü maddəsinə uyğun olaraq icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Cinayət qanunumuzda isə məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə ilə bağlı daha sərt cəzalar nəzərdə tutulub. Belə ki, bu cür əməllərə yol verən şəxslər 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilə, 5 min manatdan 7 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 3 ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər".
71 yaşlı Abel Məhərrəmov 1999-2018-ci illərdə BDU-nun rektoru, 2005-2015-ci illərdə isə Milli Məclisin deputatı olub. Ramiz Mehdiyevin kadrlarından biri hesab olunur.