Giorgi Ramişvili qanunsuz silah saxladığına görə tutulub
Yenixeber.org: Nüfuzlu gürcü iş adamı, “Silk Road Group”, “Silknet”, “Euronews Georgia”nın təsisçisi Giorgi Ramişvili qanunsuz silah saxladığına görə tutulub. Gürcü mediası bildirir ki, xəbəri Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) təsdiqləyib.
İş adamının həbs olunduğu maddə qanunsuz olaraq odlu silah, döyüş sursatı, partlayıcı maddələr və ya partlayıcı qurğuların əldə edilməsi, saxlanması, daşınması, istehsalı, göndərilməsi və ya istifadəsini nəzərdə tutur.
Telekanalların məlumatına görə, həbs bazar günü, iyulun 6-da baş tutub. Onu 10 ilə qədər həbs gözləyir.
2024-cü il noyabrın 30-da hökumət əleyhinə etirazların başlamasından iki gün sonra “Silknet” və “Silk Road Group” şirkətləri Gürcüstanın Avropa İttifaqına daxil olmaq istəklərini dəstəkləyiblər.
"Biz hesab edirik ki, Gürcüstan konstitusiya quruluşundan kənara çıxmamalı və Avropa məkanının bir hissəsi olaraq qalmalıdır. Bu yoldan imtina etmək azadlığı, tərəqqini və gələcəyi rədd etməkdir. Dinc nümayişçilərə qarşı zorakılığa yox", - şirkətlərdən bəyan edilib.
58 yaşlı Giorgi Ramişvili telekommunikasiya bazarının liderlərindən olan “Silknet” şirkətinin müşahidə şurasının sədridir.
2020-ci ildən “Euronews Georgia” “Silknet” ilə əməkdaşlıq edərək Gürcüstanda yayımlanır.