İyunun 17-də sabah saatlarında Rusiya ordusu Odessaya irimiqyaslı pilotsuz təyyarə hücumu həyata keçirib.
Yenixeber.org: Hücum nəticəsində şəhərdə çoxlu dağıntı meydana gəlib, uşaqlar da olmaqla xeyli sayda insan xəsarət alıb.
Məlumata görə, hava hücumu xəbərdarlığı Odessa və regionda yerli vaxtla saat 01:28-də elan edilib.
Bir müddət sonra pilotsuz təyyarələrinin Qara dənizdən bölgəyə doğru hərəkət etdiyi məlum olub. Xüsusilə rayon mərkəzinin müxtəlif ərazilərində PUA-lar müşahidə edilib.
Daha sonra şəhərin müxtəlif bölgələrində partlayış səsləri eşidilib, yanğınlar başlayıb.
Odessa Administrasiyasının rəhbəri Oleq Kiper hücumlarla bağlı bunları deyib: "Hava Hücumundan Müdafiə Qüvvələrimizin fəaliyyətinə baxmayaraq, şəhərdə dağıntılar, yanğınlar və mülki infrastruktura, xüsusən də yaşayış binalarına, məktəbəqədər uşaq müəssisəsinə, qarajlara və sairlərə ziyan dəyib. Zərərçəkənlər var."
O həmçinin uşaqlar da daxil olmaqla 13 nəfərin xəstəxanaya yerləşdirildiyini deyib.(UNİAN)