Müdafiə Nazirliyi Prezident strategiyasından imtina edib(?)-Əli Nağıyevə müraciət
Milli Təhlükəsizlik Məsələləri üzrə ekspert, politoloq Rövşən Novruzoğlu Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri, general-polkovnik Əli Nağıyev cənablarına müraciət edib. Bir nüsxəsi də Yenixeber.org-a daxil olan müraciətdə deyilir:
Hörmətli Əli müəllim!
Çox sağ olun ki, Sizə təqdim etdiyim “Prezident strategiyası...” kitabına (rus dilində) yüksək qiymət verdiniz. Azərbaycan tövlətçiliyinə, Ali Baş Komandanımıza ləyaqətlə rəhbərlik etdiyiniz Təşkilatın Hərbi Əks-Kəşfiyyat İdarəsinin tanıdığım, işlərinə bələd olduğum əməkdaşları ilə də birgə müzakirə etdik. Mən bütün bunlardan sevindim ki, zəhmətimə, əzablı-əziyyətli axtarışlarıma qiymət verən (Ümummilli lider Heydər Əliyev kimi) kişilər hələ də var.
Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsindən fərqli olaraq Sizin idarə diqqətini, mehribançılığını əsirgəmədi. Haradasa bu özü mənim üçün kiçik də olsa, fərəhli bir hadisədi. Sağ olsunlar, bu kitaba öz rəylərini verdilər. Ürəyimdən keçirdi ki, bu kitabı Ali Baş Komandanın da poçtuna qoyacaqlar. Ürəyimdən keçirdi ki, bu kitabı məhz Siz, daha doğrusu Hərbi Əks-Kəşfiyyat İdarəsi çap etdirsin...
Kitabdan cəmisi 7 (yeddi) nüsxə çap olunub. Maliyyə imkanım olmadığı üçün kütləvi çap olunmadı. Şübhə etmirəm ki, bunun da zamanı olacaq.
Cənab general!
İdarənin əməkdaşları soruşdular: Bizdən nə kömək lazımdır? Mən onları narahat etmədim.
Amma bu kitab məhz, Sizin qayğınızla kütləvi nəşr edilməli, hər bir hərbi əks-kəşfiyyatçının stolunun üstündə olmalıdır. Bu, ölkə başçısının strategiyasıdır, bu Müdafiə Nazirinin strategiyası deyil! Siz bu kitabı vaxt tapıb oxudunuz. O, isə oxumadı. Yalan və uydurmalar, rüşvətxorluq ona imkan vermədi ki, bu kitabı oxusun.
Cənab general!
Siz bu kitabı nəşr edin, xahiş edirəm. Elə də böyük maliyyəsi yoxdur. Bu müdafiə nazirinin içdiyi iki butulka şərabın qiyməti qədər də deyil...
Amma Siz bunu öhdənizə götürün. Yanınıza gələn, ayrı-ayrı ölkələrin başçılarına hədiyyə edin.
Sizdən xahiş edirəm, bu kitabı nəşr edin, yayılsın. Nədəndi, ölkə başçısına deyilən böhtanlar, yalanlar tez yayılır... Onun atdığı qələbə addımları isə yayılmır. Kimdir bunun qarşısını alan?
Sizi yordum, hər halda fikirlərimdən nə isə dedim... yarımçıq da olsa, dedim...
İmkan varsa kömək edin. Yaddan çıxalrmayaq ki, mənim yazdıqlarım gələcəkdə arxiv sənədləri kimi tarixdə qalacaq. Belə olarsa, bu həm də, Sizin bu gün rəhbərlik etdiyiniz təşkilatın tarixidir. Bu Müdafiə Nazirliyinin tarixi deyil, onun tarixi ola bilməz.