Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Bakının boşaldılması haqqında:“Konservatoriyanı niyə Şuşaya köçürməyək?”

 

Ali məktəblərin paytaxtdan köçürülməsi günün tələbinə çevrilib, bunun vacibliyinə dair yekdil fikirlər var

Yenixeber.org: Bir sıra ölkələrdə universitetlər böyük şəhərlərdə yerləşməsə də, onlara yaxın ola bilər ki, bu da tələbələrə ali məktəbin resurslarından müəyyən dərəcədə istifadə etməyə imkan verir. Orada hər bir universitetin kampusu var, burada təhsil və həyat üçün lazım olan hər şey mövcuddur, xüsusən də yataqxanalar, kitabxanalar, idman zalları, kafelər.

Bizdə isə ali məktəblərin əksəriyyəti Bakıda yerləşdiyindən bütün bölgələrdən insanlar təhsil almağa bura gəlirlər və onlar istər-istəməz mənzil problemi ilə üzləşirlər, çünki kəskin yataqxana çatışmazlığı var və üstəlik, mövcud olanlarda da yerləşmək ucuz başa gəlmir. Məzun olduqdan sonra bir çox tələbə şəhərdə qalır. Bunun nəticəsidir ki, bölgələrdə bəzi ixtisaslar üzrə mütəxəssis qıtlığı yaranır, paytaxtda isə əhalinin sıxlığı səbəbindən çətinliklər yaşanır.

Tədris ilinin başlanması ilə paytaxtda ənənəvi olaraq daha çox tıxac yaranır, ictimai nəqliyyatda sıxlıq müşahidə olunur. İşə tələsən vətəndaşlar nostalji ilə yay tətili günlərini xatırlayırlar, o vaxtlar metro və avtobuslarda adam xeyli az idi.

Bəzi ali məktəblərin paytaxtdan şəhərətrafı və rayonlara köçürülməsi yuxarıda qeyd olunan problemlərin həllinə ən azı müəyyən dərəcədə imkan verərdi. Çoxları razılaşır ki, ideya pis deyil və bizə həm şəhərimizi müəyyən qədər rahatlaşdırmağa, həm də ölkənin müxtəlif yerlərində lazımi infrastrukturun və yeni iş yerlərinin yaradılmasına töhfə verərdi. Amma məsələ müzakirədən o yan keçmir.

 

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilovun dediyinə görə, bu istiqamətdə əməli addımlar atılmalıdır: “Bir neçə il əvvəl Qəbələ şəhərində müasir ali məktəblərin binalarının tikiləcəyi və bir neçə ali məktəbin Bakıdan köçürüləcəyi barədə məlumat yayılmışdı. Bundan başqa, bir sıra ali məktəblərin, xüsusən də tibbi, texniki, iqtisadi təhsil müəssisələrinin paytaxt ətrafına köçürüləcəyi bildirilirdi. Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən açıqlama verilmişdi ki, bunun üçün Ələt, Səngəçal, Zığ, Xocəsən, Dübəndi, eləcə də Sumqayıtda torpaq sahəsi ayrılacaq”.

Həmsöhbətimiz universitetlərin bu cür yerləşdirilməsinin dünya təcrübəsinə uyğun olduğunu deyib: “İndi rayonlardan Bakıya təhsil almağa gələn tələbələr yataqxana çatışmazlığı səbəbindən mənzil problemi ilə üzləşirlər. Universitetlər bölgələrə köçsə, bakılı tələbələr də eyni problemlə üzləşəcəklər. Amma köçsə, təbii ki, şəhərciklər tikiləcək, orada tələbə yataqxanaları olacaq. Məsələn, müxtəlif bölgələrdən və Bakıdan olan tələbələrin təhsil aldıqları Gəncədəki Aqrar Universiteti götürək. Orada hər şərait yaradılıb, yataqxana da var, o cümlədən ailəli tələbələr üçün. Gəncədə tələbələr praktiki məşğələ keçirlər və nəticədə universitetin divarlarını hazır mütəxəssislər tərk edirlər”.

“Ümumiyyətlə, ölkədə bununla bağlı problemlər var, çünki ali məktəbi bitirənlər konkret təcrübələri olmadığından iş tapa bilmirlər. Paytaxtda çox vaxt bəzi ixtisaslar üzrə tələbələrin təcrübə keçmək imkanı olmur. Bölgələrdə onları tətbiq etmək daha asan olacaq. Hansı universitetin hansı regionda yerləşməsinin daha yaxşı olacağını onun xüsusiyyətlərini nəzərə alaraq təhlil etmək lazımdır. Məsələn, kənd təsərrüfatının inkişaf etdiyi bölgələrdə bu sahədə tələbat olan peşələr hazırlayan təhsil ocaqlarına ehtiyac var. Bu yaxınlarda İctimai Şurada bir məsələni müzakirə etdik: Şuşanın Azərbaycan musiqisinin beşiyi olduğu məlumdur, bəs niyə Konservatoriyanı bu şəhərə köçürməyək?!”, - deyə İsrafilov vurğulayıb.

Əlavə edib ki, əgər regionlarda ali məktəblər çoxalacaqsa, o zaman tələbələr nəinki yerlərdə təhsil alacaq, hətta bir çoxları təhsilini başa vurduqdan sonra orada işləmək üçün qalacaqlar: “Qubada Pedaqoji Universitetinin filialı açılıb və orada yaxınlıqda yaşayan tələbələr təhsil alırlar. Məzun olduqdan sonra onlar yerindəcə iş tapacaq və bunun üçün Bakıya getməyə məcbur olmayacaqlar”.

Təbii ki, bir sıra universitetlərin köçürülməsini stimullaşdıran mühüm amillərdən biri də paytaxtın boşaldılmasıdır. Ekspertin qeyd etdiyi kimi, məsələn, şəhərin mərkəzində Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti, eləcə də 164 saylı orta məktəb bir-birinə çox yaxın məsafədə yerləşir, ona görə də bu ərazi olduqca yüklənib.

Təhsil eksperti Sona Əliyeva da bildirib ki, bəzi universitetlərin şəhərətrafı ərazilərə köçürülməsi müsbət addım olar: “Yollarda belə tıxaclar olmayacaq. Amma əsas odur ki, universitet şəhərin mərkəzində yerləşdiyi zaman tələbələri dərsdən yayındıran bir çox amillər var. Kafedə otururlar, dərs əvəzinə kinoya gedirlər və s. Regionlarda isə laboratoriyaların sayı artacaq və müvafiq olaraq praktiki iş üçün imkanlar genişlənəcək”.

“İndi universitetlərin genişlənməyə yeri yoxdur. Amma tələbələrin nəqliyyat xərclərinin artırılması məsələsi də problem olacaq. Universitetləri elektrik qatarlarının keçəcəyi yerlərə köçürmək məsləhətdir. Mən də istərdim ki, bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da tələbələrə güzəştli gediş kartı verilsin, kitab və yemək almaqda endirim olsun. Ümumiyyətlə, hər şeyi diqqətlə düşünmək lazımdır”, - deyə o vurğulayıb.

Əliyevanın sözlərinə görə, universitetlərin bufetlərində məhsulların münasib qiymətə olması vacibdir: “Tələbələrin yerləşdirilməsi məsələsinə gəlincə, indinin özündə də universitetlərin yataqxanaları var, amma heç də bütün tələbələrin orada qalmaq imkanları yoxdur. Kampusda isə yaşayış qiyməti tələbə üçün münasib olmalıdır. Burada həm də müvafiq infrastruktur, həmçinin yüksək sürətli internet olmalıdır”.(AYNA)

 Elya Belskaya

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam