30 İLDİR HƏLLİNİ GÖZLƏYƏN PROBLEM... -Tələbələrin yataqxana təminatı nə zaman gerçəkləşəcək?
Azərbaycanın ali və orta ixtisas məktəblərində 160 min nəfərdən artıq tələbə təhsil alır. Və bu tələbələrin əsasən 3 ənənəvi problemi var: yataqxana, dərsliklər və təhsil haqqı.
Yenixeber.org: Son illər həyata keçirilən proqramlar çərçivəsində dərslik problemi demək olar ki, aradan qaldırılıb. Xüsusən, internet imkanlarının genişlənməsi tələbələrin lazım olan dərs vəsaitlərini əldə etməsində mühüm rol oynayır.
Təhsil haqlarının yüksək olması problemi isə olduğu kimi qalır. Doğrudur, bir neçə ildir qəbul planında dövlət sifarişli yerlərin sayı artırılıb, amma universitetlər ödənişli ixtisaslara görə yüksək təhsil haqqı tələbindən vaz keçməyiblər. Bu səbəbdən hər il yüzlərlə tələbə ali məktəblərdə oxumaqdan imtina edir...
Tələbələr az qala yataqxananın nə olduğunu bilmirlər
Tələbə kontingentinin əsas qayğılarından olan yataqxana probleminə gəldikdə isə bu problemin az qala 30 yaşı var, amma onun həlli istiqamətində əhatəli tədbirlər hələ də həyata keçirilməyib. Nəticədə Bakı, Gəncə, Sumqayıt, Naxçıvan, Mingəçevir, Lənkəran şəhərlərində yerləşən ali məktəblərə qəbul olunan tələbələrin (başqa rayon və şəhərlərdən gələnlərin - red.) əksəriyyəti kirayə mənzillərdə yaşamağa məcbur olur. Bu da tələbə valideynləri üçün əlavə yükdür, eyni zamanda tələbələrin özü üçün də diskomfort yaradır.
Ölkədəki tələbə yatqxanaları ya baxımsızlıqdan yararsız vəziyyətə düşüb, ya da həmin binalarda məcburi köçkünlər yerləşdirilib. Bundan əlavə, bəzi universitetlərin ümumiyyətlə yataqxanası yoxdur. Xarici ölkələrdə təhsilin səviyyəsi ilə yanaşı hər bir şəraiti olan tələbə evlərinin yaradılmasına böyük önəm verilir. Amma Azərbaycanda tələbələr az qala yataqxananın nə olduğunu belə bilmirlər.
Yerlərin sayı az, qiymətlər baha
Bakıda və başqa şəhərlərdə yataqxanası olan bəzi universitetlərdə isə tələbələrdən aylıq 20 - 100 manat arası ödəniş tələb olunur. Tələbələr sosial şəbəkələrdə yazırlar ki, yataqxana şəraiti və qiymətlərlə bağlı bir sıra problemlərlə üzləşirlər. Əsas şikayətlərdən biri yataqxanalarda yerlərin sayının az olması ilə bağlıdır.
Sərxan Quliyev bildirir ki, Naxcıvan Dövlət Universitetində təhsil alır və hər il yataqxanaya 350 manat ödəniş edir. O, kirayə mənzillərin baha olduğundan yataqxanada qaldığını deyir.
Bakı Mühəndislik Universitetinin tələbəsi Ürfan Nemətov isə qiymətlərin bahalaşmasından şikayətlənir. Bildirir ki, ötən il yataqxana ödənişi 250 manat idisə, bu il 300 manat olub.
Bu il Bakı Avrasiya Universitetinə qəbul olan Rəşad Eyyubov bu universitetin ümumiyyətlə yataqxanasının olmadığından, hələlik qohumlarının evində qalacağını deyir. Daha sonra kirayə bazarında qiymətlərin ucuzlaşmasını gözləyib ev axtarışına çıxmaq niyyətindədir.
Bakı Slavyan Universitetinin tələbəsi Nərgiz Hüseynova yataqxanada yer olmadığından, orada qala bilmədiyini bildirir. Onun sözlərinə görə, universitetin 5 yataqxanasından cəmi biri fəaliyyət göstərir ki, orada da əsasən müəllimlər və xarici tələbələr yerləşdirilib.
"Təhsilin əlçatan olması üçün sosial problemlər öz həllini tapmalıdır"
Təhsil eksperti Kamran Əsədov bu problemi şərh edərkən deyib ki, sosial problemlər təhsilin keyfiyyətinə ciddi təsir göstərən amildir. Onun sözlərinə görə, təhsilin əlçatan olması üçün bu çətinliklər öz həllini tapmalıdır.
Ekspert qeyd edir ki, uzun illərdir ali məktəbə qəbul olan tələbələr bir müddət sonra ciddi problemlərlə qarşılaşırlar. Bu problemlərin başında da yataqxanaların olmaması durur.
"Yataqxana məsələsi bu il də həllini tapmayıb. Baxmayaraq ki, hər il rəsmi qurumlar problemin aradan qaldırılması ilə bağlı vədlər verirlər. Düzdür, yeni açılmış ali məktəblərin müasir yataqxanaları var. Köhnə universitetlərdən də bəziləri öz yataqxanalarını təmir edib, müasirləşdiriblər. Lakin onlar bütün tələbələrin ehtiyacını tam qarşılamır", - deyə ekspert vurğulayıb.
K.Əsədov hesab edir ki, bu məsələdə xarici təcrübədən bəhrələnmək lazımdır: "Özəl yataqxanalar dünyanın bir çox ölkələrində var, onlar pullu olsa da, kirayə mənzillərə nisbətən çox ucuzdur. Təhsilin əlçatan olması yalnız bilik verməklə bağlı deyil. Məşhur universitetlərin reytinqlərdə ilk sırada olmalarının bir səbəbi də tələbələr üçün yaradılan mühitdir. Dünyanın aparıcı təhsil ocaqları kampus - tələbə şəhərciyinin əhatəsində fəaliyyət göstərir. Orada tələbələr yataqxana, tıxac, kitab problemi ilə üzləşmirlər, hətta şəhərcikdə işləyib pul da qazana bilərlər. Kampusların tikilməsi bizdə də dəfələrlə gündəmə gəlib. Hətta şəhərin mərkəzində bəzi ali məktəblər üçün yataqxanaların tikilməsi nəzərdə tutulub".
Ekspert problemin həlli yolu kimi, iş adamlarının yataqxanalar tikib tələbələrin ixtiyarına verməsini təklif edir: "Dövlətin bu işdə onlara yardım göstərməsi lazımdır. Məsələn, bunun üçün torpaq sahələri pulsuz verilə bilər. Yaxud, Bakıda tikilən hündürmərtəbəli binaların bir neçə mərtəbəsi universitetlər tərəfindən alınaraq yataqxana kimi istifadə edilə bilər. Bu, həm də onlar üçün əlavə gəlir mənbəyidir. Nəticədə tələbələrin ən ciddi problemlərindən biri həllini tapar".
Hansı universitetlər tələbələrə yataqxana təklif edir?
Bəs, universitetlərdə mövcud şərait nədən ibarətdir? Yataqxana şəraiti, güzəştlər, tələb olunan ödəniş tələbələri qane edəcək səviyyədədirmi?
Bakı Ali Neft Məktəbində(BANM) tələbə evində yaşayanlar yataqxana xərclərindən tam azaddırlar. Tələbələrin bununla bağlı bütün xərcləri universitet tərəfindən qarşılanır.
Azərbaycan Texniki Universitetinin(ATU) yataqxanasında məcburi köçkünlər məskunlaşdığından hazırda orada tələbələri yerləşdirə bilmirlər.
Dövlət İqtisad Universitetinin(UNEC) Mətbuat xidmətinin rəhbəri Elnarə Məmmədova bildirdi ki, universitetin 5 yataqxanası mövcud olsa da, onların heç birində tələbələr yaşamır: "Uzun müddətdir həmin binalarda məcburi köçkünlər məskunlaşdığından, tələbələri oraya yerləşdirmək mümkün deyil. Hazırda yeni yataqxananın tikintisi üçün hansısa tədbirlər görülmür. Yalnız məcburi köçkünlər oradan çıxarıldıqdan sonra həmin binalar təmir olunaraq tələbələrin istifadəsinə verilə bilər".
Bakı Dövlət Universitetinin(BDU) Mətbuat xidmətinin rəhbəri Günel Orucəliyeva "AzPolitika.info"ya bildirdi ki, bu ali məktəbin tələbə evi yalnız ənənəvi tədris başlayandan sonra istifadəyə veriləcək: "Müasir standartlara cavab verən 220 nəfərlik yeni tələbə evində tələbələrin yaşaması və təhsilini davam etdirməsi üçün bütün şərait yaradılıb. Binada 104 otaq var, onlar 2 və ya 3 nəfərlikdir. Birinci mərtəbənin qapısında giriş-çıxışa nəzarət üçün avtomatik sistem quraşdırılıb. Bu da tələbələrin təhlükəsizliyini təmin edir. Həmçinin, pandemiya şərtləri nəzərə alınıb və yataqxanaya dezinfeksiya məhlulları yerləşdirilib".
Milli Aviasiya Akademiyasının saytında yerləşdirilən məlumata görə, bu təhsil müəssisəsinin yataqxanası müasir standartlara cavab verir. Binada tələbələr üçün hər bir şərait yaradılıb. Qeyd edək ki, yataqxanada aylıq ödəniş 100 manatdır.
Bakı Mühəndislik Universitetinin(BMU) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev bildirdi ki, hazırda universitetdə 300 nəfərlik iki yataqxana fəaliyyət göstərir. Onun sözlərinə görə, bu yataqxanalar müasir standartlara cavab verir: "Bütün mərtəbələrdə istirahət guşəsi və dərs çalışma otaqları mövcuddur. Əlavə olaraq valideynlərlə görüş üçün qonaq otaqları var. Binalarda zəngin kitabxana, akt və fitnes zalları, iaşə və məişət xidməti də fəaliyyət göstərir. Tədbirlər və seminarlar keçirmək üçün yataqxanada 120 nəfərlik akt zalı yaradılıb".
E.Babayev xatırladır ki, hər iki yataqxanada təhlükəsizlik məsələlərinə ciddi riayət olunur. Sentyabrın 29-dan universitetlərdə əyani tədris bərpa olunacağından, BMU-da yataqxanaların fəaliyyəti pandemiya şəraiti nəzərə alınmaqla bərpa olunacaq. Tələbələrin yataqxanalara onlayn formada qeydiyyatına başlanılıb: "Qeydiyyat 15-25 sentyabr 2021-ci il tarixlərində davam edəcək. Yataqxanada aylıq ödəniş isə 50 manatdır".
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) 320 nəfərlik yataqxanası var. Ali məktəbin saytında yazılıb ki, aylıq ödəniş məbləği 100 manat təşkil edir. Burda 2-3 tələbə bir otaqda qalaraq, məbləği bölüşdürə bilərlər.
Azərbaycan Dillər Universitetinin(ADU) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ağa Cəfərli ADU-nun oğlanlar və qızlar üçün ayrıca 2 yataqxanası mövcuddur. Amma oğlanlar üçün tikilən yataqxanada məcburi köçkünlər qaldığından, tələbələri orada yerləşdirlə bilmirlər: "Digər yataqxanada isə tələbələrimiz yerləşdirilib. Hər bir şəraitlə təmin olunmuş bina 205 nəfərin yerləşməsi üçün nəzərdə tutulub. A.Cəfərli qeyd edir ki, pandemiya ilə bağlı tələbə qəbulu prosesində hansısa dəyişiklik nəzərdə tutulmayıb. Yataqxananın aylıq ödənişi 20 manatdır. ADU rəhbərliyi tələbələrin maddi durumunu əvvəlcədən nəzərə alaraq, qiyməti ona uyğun müəyyənləşdirib. Yeni tədris ilində 200 tələbə yataqxanada yerləşdirilib.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin AZMİU) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nəcibə Mirzəyeva bildirdi ki, universitetin 5 yataqxanası var. Amma hazırda onlardan yalnız biri fəaliyyət göstərir: "Çünki digər yataqxanalarda məcburi köçkünlər məskunlaşıblar. Onlar evlə təmin olunub köçürülsələr də binalar qəzalı vəziyyətdədir. Hazırda fəaliyyət göstərən yataqxananın tutumu 252 nəfərlikdir. Orada qalmaq üçün əcnəbilər 40, yerli tələbələr isə 30 manat ödəməlidirlər". N.Mirzəyeva qeyd edir ki, sözügedən yataqxana iki il əvvəl universitetin vəsaiti hesabına təmir olunub. Tələbələr yataqxanada qalmaq üçün Tələbə Həmkarlar Təşkilatına(THT) müraciət edirlər. Qəbul aparılarkən şəhid ailələrinin yaxınlarına və övladlarına, aztəminatlı ailələrə, müharibə iştirakçılarına güzəştlər olunur".
Sumqayıt Dövlət Universitetinin(SDU) Mətbuat Xidmətinin rəhbəri Nazxanım Cəlilli bildirdi ki, universitetin 2 yataqxanasında 1992-ci ildən məcburi köçkünlər məskunlaşıblar. Onlar yeni qəsəbəyə köçürüldükdən sonra yatqxanalar yenidən universitetin tabeliyinə verilib. N.Cəlilli qeyd edir ki, 1 saylı yataqxana hazırda təmirdədir: "Universitetdə həyata keçirilən böyük layihələrdən biri yataqxananın əsaslı təmir olunmasıdır. Çünki tələbə yataqxanasının olmaması dünyanın bir sıra qabaqcıl universitetləri ilə bağlanmış müqavilələrimizi həyata keçirməyə, xarici tələbələrin qəbuluna və tələbə mübadiləsi proqramlarının icrasına problemlər yaradırdı. Artıq burada tələbələrin rahatlığı üçün hər cür şərait yaradılır, istilik və su sistemləri, eləcə də yanğın təhlükəsizliyi sistemi quraşdırılır, yaşayış və məişət otaqları zəruri avadanlıqlarla təchiz edilir".
Lənkaran Dövlət Universitetinin(LDU) Mətbuat və İnformasiya xidmətinin rəhbəri Esmira İsmayılova bildirib ki, 2019-cu ildə universitetin 160 nəfərlik yeni yataqxanası istifadəyə verilib. Onun sözlərinə görə, tələbələr üçün binada hər cür şərait yaradılıb: "Binada qalmaq xərci kommunal xidmətlər də daxil ayda 50 manatdır. İstilik sistemi, su xətləri, internet şəbəkəsi yaxşı vəziyyətdədir. Yataqxanada qeydiyyat aparılarkən əsasən ucqar rayonlardan universitetə müraciət edənlərə üstünlük verilir: "Yerləşdirmə işləri davam edir və tam başa çatmayıb. Hazırda müraciət edənlərin sayı çoxdur. Düşünürəm ki, yataqxana tam dolacaq. Həmçinin, bu il universitetin əlavə tədris korpusu tikiləcək, hazırkı 5 mərtəbəli bina isə yataqxana kimi rekonstruksiya olunacaq".
"azpolitika"