Dünya “dördüncü dalğa”ya necə hazırlaşır – Xaricdəki soydaşlarımızdan öyrənək
Fərqanə Bayramlı: “Macarıstan koronavirus dövrünü arxada qoyur, hər yer açıqdır”
Esmira Qasımqızı: “Çexiya hökuməti əsas diqqəti əhalinin peyvəndlənməsinə yönəldib”
Araz Əhmədov: “Burada belə fikir formalaşıb ki, koronavirus heç zaman bitməyəcək”
Yenixeber.org: Payız aylarında koronavirus infeksiyasının və karantin qaydalarının yenidən sərtləşəcəyi ilə bağlı məlumatlar yayılıb. Ekspertlərin sözlərinə görə, “Delta” ştammının sürətlə yayılması, payız aylarında kəskin respirator virus infeksiyalarının mövsümlə əlaqədar çoxalması dördüncü dalğanı qaçılmaz edəcək. Əks qənaətdə olanlar isə hesab edirlər ki, dördüncü dalğa olmayacaq və koronavirus əsas etibarilə artıq arxada qalıb.
Xaricdə yaşayan soydaşlarımızdan yaşadıqları ölkələrdə pandemiyanın hazırkı durumu və əhalinin payız gözləntiləri ilə bağlı təəssüratlarını öyrənmişik.
Macarıstanda yaşayan həmyerlimiz, “Vodafone” şirkətinin maliyyə meneceri Fərqanə Bayramlı deyib ki, mart ayından etibarən əhalinin əksər hissəsi koronavirusa qarşı peyvənd olunub: “Hələ vaksinasiya prosesi başlayanda macar hökuməti elan etdi ki, əhalinin müəyyən hissəsi peyvənd olunandan sonra karantin qaydaları yumşaldılacaq. İki milyon Macarıstan vətəndaşı vaksinasiyadan keçəndən sonra müəyyən yumşalmalar həyata keçirildi. Açıq məkanlarda ictimai iaşə obyektlərinin, restoran və kafelərin fəaliyyətinə icazə verildi. Ardınca elan edildi ki, 9,7 milyon əhalinin 5,5 milyonu peyvənd olunandan sonra yeni qaydalar tətbiq olunacaq”.
“Ötən həftə 5,5 milyonuncu vətəndaş da peyvənd olundu. Artıq əhalidən maska taxmaq tələbi ləğv olunub. Qapalı məkanlarda belə, maska taxılmasına zərurət yoxdur. Yalnız tibb müəssisələrinə daxil olarkən maska taxılması tələbi qüvvədə qalır. Macarıstanda xüsusi plastik kartlar hazırlanıb və peyvənd olunan şəxslərə verilir. Həmin plastik kartlarla istədiyiniz məkana daxil olmaq mümkündür. İdman zalları, istirahət və turistik mərkəzlər, bir sözlə, bütün yerlər açıqdır. Yetər ki, peyvənd kartını təqdim edəsən”, - deyə həmshöbətimiz bildirib.
Bayramlının sözlərinə görə, Macarıstanda karantin qaydalarının yenidən sərtləşəcəyi gözlənilmir: “Burada yanaşma ondan ibarətdir ki, koronavirus infeksiyasından qorunmağın yeganə yolu peyvənd olunmaqdan keçir. Bu səbəbdən əsas diqqət vaksinasiya prosesinə yönəldilib. Hesab edirlər ki, peyvənd olunan şəxs koronavirusa yoluxsa belə, bunu yüngül keçirəcək və bu səbəbdən xüsusi qapanmalara ehtiyac yoxdur”.
Bu günlərdə Çexiyadan Azərbaycana qayıdan pedaqoq Esmira Qasımqızının dediyinə görə, Çexiyada artıq əhalinin 30 faizindən çoxu peyvənd olunub: “Pandemiya başlayandan bəri Çexiyada səhiyyə naziri dörd dəfə dəyişmişdi. Bu ilin may ayında 34 yaşlı hüquqşünas Adam Voytex təkrarən Çexiyanın səhiyyə naziri vəzifəsinə təyin edilmiş və pandemiya ilə əsas mübarizə metodunun gənclərin COVID-19-a qarşı peyvəndlənməsi olduğunu bəyan etmişdi”.
“Qeyd etmək lazımdır ki, Voytex 2017-ci ildən bəri səhiyyə naziri idi və keçən ilin sentyabrında öz istəyi ilə bu vəzifədən istefa vermişdi. Çexiya iyul ayında Britaniya-İsveç istehsalı olan “Astra-Zeneca” vaksininin idxalından imtina etmiş və qeyri-Avropa ölkələrinə bu vaksini hədiyyə etmək niyyətində olduğunu bildirmişdi. Hələlik Çexiyanın “Astra-Zeneca” vaksinini müstəqil qaydada hansısa bir ölkəyə verəcəyi və ya bunu COVAX beynəlxalq proqram vasitəsilə inkişaf etməkdə olan ölkələrdən birinə ötürəcəyi bəlli deyil”, - deyə müsahibimiz vurğulayıb.
Qasımqızı qeyd edib ki, Çexiya Səhiyyə Nazirliyinin hesabatına əsasən, iyul ayında koronavirusa qarşı 1 milyon 750 min doza vaksin idxal edilməlidir: “Bunların böyük əksəriyyəti (1,5 milyon doza) “Pfizer” və “BioNTech” şirkətlərinin istehsalıdır. Bu ay, həmçinin Çexiya 250 min dozaya yaxın vaksini Amerika şirkəti “Moderna” və təxminən 70 min doza “Johnson&Johnson” şirkətindən qəbul etməlidir. Qeyd edim ki, hal-hazırda Çexiyada koronavirusa qarşı ümumilikdə 8,5 milyon vaksin vurulub və əhalinin demək olar ki, üçdə biri - 3,5 milyon insan vaksinasiyanın hər iki dozasını qəbul edib. Bu baxımdan Çexiyada yenidən karantinin sərtləşdiriləcəyi güman edilmir. Lakin bunu istisna da etmirlər. Qeyd etdiyim kimi, hökumət koronavirusa qarşı mübarizə tədbirlərini kütləvi peyvəndləmə üzərindən aparır”.
Rusiyada yaşayan həmyerlimiz, kiçik sahibkar Araz Əhmədov isə söyləyib ki, “Delta” ştammı orada koronavirusun sürətlə yayılmasına təkan verib: “Halbuki, Rusiya vaksin istehsalçısı idi və gözlənilirdi ki, artıq COVID-19 arxada qalıb. Lakin hər şey gözlənilənlərin əksinə oldu. Bu gün Rusiyada yenidən virus sürətlə yayılır və ölüm faktları da kifayət qədərdir. Hətta virusun ən sərt yayıldığı dövrlərdə belə, bu cür yoluxma olmamışdı”.
“Ən qəribəsi odur ki, peyvənd olunan şəxslər də bu virusa yoluxur və heç də asan keçirmirlər. Bu isə öz növbəsində peyvəndin effektivliyinə dair ehtimalları azaldır. Baş verənlər karanatin qaydalarının ciddi şəkildə sərtləşdiriləcəyini söyləməyə əsas verir. Rəsmi qərarları gözləmədən əhali özü ciddi şəkildə qorunur. Çünki hər kəs anlayır ki, bu, pis xəstəlikdir. Digər yandan bu ştamm daha çox yayıcılıq və öldürücülük qabiliyyətinə malikdir”, - deyə soydaşımız bildirib.
Əhmədov əlavə edib ki, Rusiya əhalisi artıq koronavirusun nə zamansa bitəcəyinə inanmır: “Rus ictimaiyyətində belə bir təəssürat yaranıb ki, koronavirus heç zaman bitməyəcək. Sadəcə müəyyən dövrlərdə azalmalar olacaq. Əsas qənaət ondan ibarətdir ki, bu virus xüsusi laboratoriyalarda hazırlanıb və məqsəd ölkələri, iqtisadiyyatları iflic etməkdir. Qabaqdan payız ayları gəlir. Payızda isə yoluxucu xəstəliklər artır. Bu baxımdan hər kəs özü üçün vitamin deposu toplamağa, immun sistemini gücləndirməyə çalışır”.(AYNA)