Yenixeber.org: Dünya pandemiyadan çıxmağa başlayır. Peyvəndləmə getdikcə daha geniş yayılır və buna paralel şəkildə karantin qaydalarında ciddi yumşalmalara gedilir. Amma koronavirus da asanlıqla təslim olmaq istəmir və onun mutasiya olunmuş yeni variantları ortaya çıxır. Hazırda yayılmaqda olan yeni variantlardan biri Delta ştammıdır. Artıq qonşu ölkələrdə – Rusiya, Türkiyə və Gürcüstanda bu ştamma rast gəlinib.
Bəs, Delta ştammı nədir? Nə qədər təhlükəlidir? Hansı fərqli xüsusiyyətləri və simptomları var? Mövcud peyvəndlər bu ştamma qarşı nə qədər effektivdir?
Həkim-infeksionist Vüqar Cavadzadə Delta ştammının koronavirusun mutasiya nəticəsində əmələ gələn Hindistan ştammı olduğunu bildirdi:
“Hindistan ştammının mutasiyası nəticəsində formalaşan variantı Delta ştammıdır. Delta ştammının özü də mutasiyaya uğrayıb və “Delta plus” ştammı yaranıb. Hamısı mutasiyaya uğraya-uğraya gedir. Sözügedən ştamm daha çox yoluxucu xüsusiyyətə malikdir. Uşaqlar arasında da yoluxuculuq xüsusiyyəti yüksəkdir. Daha çox insanı yoluxdurmaq xüsusiyyətinə malikdir. Bu virus Türkiyə də daxil olmaqla, qonşu ölkələrdə yayılıb. Rusiyada son günlər bu virus daha çox yayılmağa başlayıb. Rusiyada gündəlik yoluxmalar və ölüm sayı hədsiz artıb”.
Həkimin sözlərinə görə, Delta ştammının bizim ölkəyə də gəlib çatması ehtimalı var:
“Bir neçə ökəyə, eləcə də qonşu ölkələrə gəlib çıxıbsa, ölkəmizə də gəlməsi mümkündür. Delta ştammının əlamətləri digərlərindən elə də fərqlənmir. Nə müalicəsində, nə də profilaktikasında bir fərq var. COVİD-19 üçün hansı profilaktik tədbirlər aparılırdısa, həmin tədbirlər sözügedən ştamm üçün davam etdirilməlidir”.
V. Cavadzadə xatırlatdı ki, biz hələ də pandemiya dövrünü yaşayırıq, pandemiya bitməyib:
“Epidemiya yenidən alovlana və dördüncü dalğa baş verə bilər. Necə Rusiyada alovlanıbsa, bizdə də eyni hal ola bilər. Hələ ki ölkəmizdə epidemik vəziyyət sabitdir, yoluxmaların sayı minimal həddədir. Epidemik cəhətdən təhlükəli heç nə yoxdur. Amma mövcud tədbirlərə riayət olunmasa, dördüncü dalğa da yarana bilər”.
Hansı peyvəndin Delta ştammına qarşı təsirli olmasına gəldikdə isə həkim istənilən peyvəndin təsiri olacağını söylədi:
“COVİD-19 çox sayda amin turşularından təşkil olunub və onun quruluşunun bir balaca dəyişilməsi artıq mutasiyaya uğrayıb deməkdir. Ümumən bütün mutasiyaya uğramış virusların yeni ştammları yaranır. Hər hansı zəncirində xırda bir dəyişikliyə məruz qalır və onun üçün hər peyvənd effektli olacaq”.
Həkim-infeksionist Nicat Əzimli isə peyvəndləmənin ən uğurlu və sürətli aparıldığı ölkələrdə belə Delta ştammı aşkarlandıqdan sonra dördüncü dalğanın müşahidə olunduğunu söylədi:
“Bu ştammın replikasiya sürətinin daha yüksək olduğu düşünülür. Bu xəstəlik gənclərdə özünü daha kəskin göstərir. Söylədiyim informasiyalar həmin ştammın yayıldığı ölkələrdən gələn məlumatlardır. Yoluxuculuq qabiliyyəti digərlərindən daha çoxdur. Gənclərdə bu xəstəlik özünü daha ağır göstərir və ilkin əlamətləri qripin əlamətləri ilə daha çox oxşarlıq təşkil edir. Öncəki variantlarda bu oxşarlıq çox da olmurdu. Amma burada burun axması və sair əlamətlər də ola bilir”.
N. Əzimli sözügedən ştammın ölkəmizdə yayılma ehtimalının olduğunu vurğuladı:
“Ölkəmizdə vaksinasiyaya iki-üç milyon əhali cəlb olunub. Amma bir neçə milyon əhali xəstəliyi tam keçirsə də, insanlarda tam immunitet formalaşmayıb. Əhalinin yarısından çoxunun xəstəliyə qarşı immuniteti hələ də yoxdur və buna baxmayaraq, Delta ştammının dördüncü dalğanı yaradacağı ehtimalı da var. Digər variantlar, eləcə də Delta variantının sadaladığımız xüsusiyyətlərinə görə dördüncü dalğanı yaratma ehtimalı daha yüksəkdir”.
Mütəxəssis hazırda peyvəndlərlə bağlı araşdırma aparıldığını qeyd etdi:
“Əhalinin böyük bir hissəsinin “Pfizer” peyvəndindən istifadə etdiyi böyük ölkələrdə belə dördüncü dalğanın yarandığı görünür. Bu isə o deməkdir ki, ola bilər, peyvəndlər bu ştammı tanımasın. Bəzi mütəxəssislər peyvəndin bu ştamma qarşı da effektiv olduğunu deyir. Hər bir halda, vaksinasiya davam etdirilməlidir. Mütəxəssislərin əksəriyyəti düşünür ki, vaksinlərin Delta varianatına da təsiri var”.(pressklub)
Ülviyyə Şahin