“Salxım söyüd” Natavan Niyal
Yenixəbər.org: Davamı
Qapının aralandığını görüb zərif barmaqları ilə qapını astaca tıqqıldatdı. Növbəni təhvil alan gənc həkim ağ xalatının son düyməsini bağlayırdı. Hamilə qadını görəndə bir addım geri çəkildi. Nərmin dayandı. Həkim onu içəri dəvət edib yer göstərdi.
Buyurun əyləşin dedi. Ayaq üstə dayanmayın. Nərmin oturmayınca əyləşmədi. Əslində Nərmin heç oturmaq istəmirdi. Müalicə həkimi ona demişdi ki, çalış çox gəzəsən, az oturasan. Doğulacaq körpən üçün lazımdı. Yavaşça həkimin dediyi kətildə əyləşdi. Nərmin anasının həkimi ilə danışacaqdı. Lakin ürək eləmədi. Həqiqəti eşitməyə iradəsi çatmayacaqdı. Vaxtı uzatmaq istəyirdi. Həkimlə söhbətə hazır deyildi. Ona görə də, növbətçi həkimlə danışmaq, ümüdli bir söz eşitmək istəyirdi. Sonra onsuz da müalicə həkimi ilə danışacaqdı. Telefonda əlaqə saxlamışdı gündüzdən.
Anasının vəziyyəti gündən günə pisləşirdi. Həkim özü dəvət eləmişdi onu. Ailədə böyük övlad oduğu üçün onunla görüşmək istəmişdi.
Həyatının bu ağır dönəmində anasının xəstəliyi də düşmüşdü aralığa. Nə bilmək olardı. Bəlkə də belə olmasaydı Nərmin daha çox Şənliyi, olub-keçəni düşünüb özünü üzərdi. Nə atasına, nə də bacılarına qıymırdı. Atasına heç qıymırdı.
Ata iki od arasında qalmışdı. Bilmirdi anası az qala ölüm ayağında olan qızlarınımı, yoxsa illərcə övlad həsrəti çəkib indi ana olmağa hazırlaşan tənha qızınımı təsəlli etsin.
Nərmin həkimlə xeyli söhbət etdi. Anasının vəziyyəti barədə yalnız ümumi sözlər bu günki vəziyyəti çərçivəsindən kənara çıxa bilmədi. Vidalaşıb koridora çıxdı. Əl-ayaq çəkilmişdi. Atası koridorun axırındakı pilləkənin başında məhəccərə söykənib dayanmışdı. Yorğun baxışları uzaqdan ona tərəf gələn qızının başı üzərindən hara isə uzağa bəlkə də divarın o üzündən də o yanlara zillənməşdi. Bənizi solmuş gözləri çuxura düşmüşdü. Nərmin atasına yaxınlaşıb salamlaşdı:
- Necəsən, ata?
- -Sağ ol qızım. Sən yaxşı ol.
- Məndən nigaran qalma ata. Allaha şükür yaxşıyam. Məni düşününcə, bir az özünə fikir ver. Çox sınıxmısan ata. Səni yaxşı anlayıram. Əlimizdən nə gəlir ki? Atacan. Ən azı, sən özünü qoru. Yeməyindən qalma. Bu ailə, biz qızlar sənə baxırıq. Bizim dayaq nöqtəmiz sənsən. Əl-ələ verib anamı ayağa qaldırmalıyıq -deyə gülümsədi.
Özünü tox tuturdu atasının yanında. Atası qızına baxıb qayğılı-qayığlı gülümsədi. Sevimli qızının bu boyda ağrı-acının, fikrin qarşısında necə duruş gətirəcəyini düşünə-düşünə, gəl gedək qızım. Sən özünü çox yorma dedi. İşdən çıxıb evə getsəydin daha yaxşı olmazdımı? Diqqətimizi ancaq anana yönəltmişik. Sənə vaxt ayıra bilmirəm. Əslində sənin bu halında bizim əsas qayğımız sən olmalı idin. Amma nə edəsən ki, qismət. Anan bizi pərişan etdi.
-Görürsənmi atacan. Anamı düşünmədiyin bir an, bir saniyə belə yoxdur. Səndən çox narahatam Allah xatirinə ata, ürəyinə salma anamın xəstəliyini. Birinci dəfə deyil ki, anam belə xəstələnir. İnşallah yenə düzələcək, evimizə qayıdacaq.
Atasına ürək-dirək versə də, özü bütün günü anasını düşünürdü. Köksünün altında gəzdirdiyi körpəsi ayırırdı onu bu düşüncələrdən. Anasının sıxıntısını duyan kimi qımıldanıb varlığını onun yadına salır, fikirdən ayırardı. Belə hallarda Nərmin diksinib əlinin asta hərəkəti ilə sanki balasının başını tumarlayırdı. Yadımdasan səni heç unuda bilərəmmi? Körpəsi ilə danışırdı. Artıq həmsöhbəti var idi. Tək deyildi. Bətnindəki körpəsinə xitabən danışardı. Mən unudulmaqdan qorxduğum kimi bəlkə heç nədən qorxmuram həyatda. Dərdini bölüşürdü. Həyatımızın gecikmiş sevgisi adlandırırdı onu. Bəzən də öz-özünə sual verirdi ki, hanı mənim Şənliyim? İllərlə həsrətini çəkdiyimiz balamız dünyaya gələcək sən hardasan, səsin-ünün niyə gəlmir? Hamilə olduğumu bildiyim andan, onu sənə necə anladacağımı düşünürdüm.
Şənliyi dəfələrlə yığmışdı. Amma telefonda operator qızın səsindən başqa heç nə eşitməmişdi. Ümidlə, həyəcanla yığmışdı. Bir ip ucu, Şənlikdən bir xəbər bilmək istəyirdi. Telefonda Bəyim arvadın cod səsini eşidəndə də geri çəkilməmişdi. Salamlaşıb, hal-əhval tutduqdan sonra ilk sözü Şənlik olmuşdu. Bəyim arvad bütün hirsini-hikkəsini dilinin ucuna toplamışdı. Burda yoxdur Şənlik demişdi. Sən yola salandan sonra bir dəfə gəlib yanımıza. İstəsəydi sənin də yanına gələrdi demişdi. Sözləri Nərminin yeddi qatından keçmişdi. İstəsəydi deyə öz-özünə təkrarlamışdı.
Amma bir şeyi dəqiq hiss etmişdi ki, Bəyim arvad tələsik danışır, kimdənsə ehtiyat edir. Nərmin həmin vaxt nə düşündüsə qaynatasının nömrəsini yığmışdı. Günün elə vaxtı idi ki, qaynatası meydanda olacaqdı onunla rahat danışacaqdı. Amma telefonda yenidən Bəyim arvadın narazı səsini eşidəndə, susub deməyə söz tapa bilməmişdi.
-Ay gəlin mənə inanmırsanmı? Kişinin nömrəsini yığırsan, dedi.
Nərmin sağollaşdı. Demək qaynatası telefonu evdə unutmuşdu. İndi bunları düşünməyin nə vaxtı idi, nə də yeri. Atasının qoluna girib xəstəxanadan çıxdı.
Ardı var...