“Salxım söyüd” Natavan Niyal
Yenixəbər.org: Davamı
Camal kişi erkən oyanmışdı. Qeyri-ixtiyari qızının evinə boylandı. Pəncərələrdən işiq gəlirdi. Aynabəndin, mətbəxin işıqları yanırdı. Dalağı cancdı. Aşağı enib evə yaxınlaşdı. Həyətdə dayanıb boğazını artladı. İçəri girmək, qızları narahat etmək istəmirdi.
Nərmin atasının səsini eşitmişdi. Canım atam, ürəyin bizim yanımızdadır deyə özü-özünə düşündü. Tez-tez saata baxırdı. Saat səkkiz olsun həkimini yığacaqdı. Narahatlığını ağrılarını bildirməliydi. Baxmayaraq ki , həkimi ona demişdi ki, günün istənilən vaxtında mənə zəng vura bilərsən. Təki sağlamlığınızda problem olmasın. Artıq onunla cəm mənasında danışırdı doktor. İçindəki çiyərparası artıq öz varlığını bəlli etmişdi. O gündən həkimi siz deyirdi ona. Bu ona böyük zövq verirdi. Köksünün altında daşıdığı lakin hələ cinsiyyəti belə məlum olmayan balasının tək sorumlusu olacaqdı. Birdən-birə beynindən keçirdiyi tək sorumlusu sözündən diksinib ayıldı elə bil. Tək yox ! Tək niyə olsun ki? Şənliklə! Bu ilahi məxluq onunla Şənliyi əbədi olaraq bir-birinə bağlamışdı. Elə bağlamışdı ki, daha heç bir qüvvə onların qoşa valideynlik missiyasını dəyişdirə bilməyəcəkdi.
Nərmin bir nömrəli doğum evində idi. Yox, doğuma hələ çox qalmışdı. O günki ağrı-acının nəticəsi heç də xoşa gələn olmadı. Həkimlə danışıb narahatçılığını ona dedi. Həkim, birinci növbəyəm dedi bir taksiyə otur gəl baxım demişdi. Nərmin yubanmadan geyinməyə başlamışdı. Əntiqəyə də geyinməyini tapşırdı. Həkimimin yanına gedəcəyik dedi. Birlikdə gedək.
-Anama demirsənmi?
-Anamıza necə deyim, Nərmin? Bilmirsənmi ki, anama həyəcanlanmaq olmaz? İndilik ikimiz gedək.
- Cəld ol bir az. Özümü narahat hiss edirəm. Həkim yubanma dedi. Vaxtında gəl. Əntiqə, canım ağzına bir şey at, bilmək olmaz birdən yubanarıq orda.
- Bəs sən özün? Ac gedəcəksənmi?
Göbəyinin içindən başlayıb tədricən güclənib bütün qarnını bürüyən ağrı onu o qədər narahat etmişdi ki, bu anda nə ürək bulanması, nə mədə qazınması heç nə belə düşünə bilmirdi. Düşünəndə başı üzərindən ulduz-ulduz, qırmızı quru yağışlar yağırdı. Körpəsinin itirmək qorxusu hər şeyi üstələmişdi.
- Məndən narahat olma. Bir şeylər yedim. Taksi çağıraq?
Məhəllənin taksisi var idi. Demək olar ki, məhlə adamları çox vaxt onunla gedirdi. Nərmin də düşünürdü ki, küçəyə çıxsınlar çox güman ki, onu görəcəkdilər. Oturub rahat gedəcəkdilər. Taksi şoferinin evləri yaxında idi. Əslən şəhərli idilər. Bir ev o tərəfə anasıgilin evi idi. Evlənəndə anası bu xudmani evi oğluna almışdı. Oxumamışdı. Eləcə orta məktəbi bitirdikdən sonra anasına kömək olmaq üçün işə düzəlmiş, işləmişdi. Toydan yığılan pulun üzərinə bir az da əlavə edib özünə bir Moskviç almışdı. O maşını taksi kimi işlədirdi. Toyu da elə bu məhəllədə palatkada olmuşdu.
İndi gül parçası kimi iki qız övladı vardı. Bu taksiçi həm də İran səfirliyində qarovulçu işləyirdi. Bir gün işləyib üç gün evdə olurdu. Boş olan vaxtını maşına oturub küçənin başında dayanar, məhlə adamlarını lazım olan yelərə aparardı. Çox danışan idi. Maşına oturdunmu başlayardı danışmağa. Dinə çox bağlı idi.
Nərmingil küçənin aşağısında görünəndə maşını işə salıb bir az irəli verdi. Elə bil onunla gedəcəklərini anlamışdı. Taksi ilə gedəcək adamları o dəqiqə hiss edirdi. İndi də elə oldu. Nərminlə bacısını görəndə maşını tərpədib yaxınlaşdı. Maşın yaxınlaşanda cəld əlini uzadıb arxa qapını açdı.
- Buyurun bacı. Əyləşin.
Nəminlə Əntiqə maşına əyləşdi. Salamlaşıb bir nömrəli doğum evinə sür, qardaş –dedi.
- Mənim gözüm üstündə.
Doğum evinə çatana kimi hər şeydən danışdı. Bir söhbətdən o birinə asanlıqla keçirdi. Əlaqəsiz, bağlantısız fikirlər səsləndirirdi. Birdən nədənsə Əntiqəyə xitabən: Bacı namaz qılırsanmı?-deyə soruşdu. Əntiqə namaz qılmadığını deyib susmuşdu. Maşını düz xəstəxanın pilləkənləri önündə saxladı. Nərmin əlində hazır saxladığı on manatlığı dəri oturacağın üzərinə qoyub astaca maşından düşdülər. Bir anlığa başı hərləndi. Özünü toparlayana kimi Əntiqə qoluna girdi. Sürücü başını maşından çölə uzadıb:
- Nərmin bacı, maşın lazım olsa zəng vurun, dedi.
Həkim onu müayinə etdi. Suallar verdi. Əlamətlər heç də ürəkaçan deyildi. Ağrıları da var idi. Rəngi avazımışdı. Çox həyəcanlı idi. Həkimi də qorxudan bu idi.
- Qorxma, özünü əla al. Burada nə var ki, rəngin-ruhun niyə dəyişib? Xəstəxanada, həkim nəzarətində qalmağın məsləhətdir.
- Doktor, nə lazımdır onu edin. Yetər ki, bu hamiləlik pozulmasın.
Sözü deməsilə gözlərindən sel kimi yaş tökülməyə başladı. Axı hələ mən heç Şənliyə deməmişəm ki, ata olacaqsan.
- Nə üçün ağlayırsan, canım! Nə olub ki? Nə var burda? Hələlik mən sənin sənədləşməni aparım palataya keçirim. Rahatlan. Xəstəxana şəraitində həkim nəzarətində qalıb qalmayacağına baxarıq.
Sonra növbətçi tibb bacısını çağırıb onu ayaqyoluna aparmasını tapşırdı. Nərmin qayıdıb gələnə kimi sanitar artıq onun çantasını palataya aparıb yerləşdirmişdi. Əntiqə bütün vaxtı susub dayanmışdı. Heç gözləmədiyi halda bacısının belə narahatlıq keçirməsi onu çaşdırmışdı. İndi-indi anlamağa başlamışdı. Demək bacısının hamiləliyi təhlükədəydi. Gözləri dörd açılmışdı.
- Doktor, bacım burda qalacaq olarsa məndə onunla qalacam. Tək buraxmaram.
Həkim riqqətə gəldi. Əntiqənin sifəti saralmış, gözləri böyümüşdü. Tibb bacısı gəlib yavaşca Nərminin qoluna girib onu palataya doğru aparanda Əntiqə yerindən tərpənmədi. Bacısı otaqdan çıxan kimi Əntiqə ayağa qalxıb həkimə tərəf gəldi.
- Doktor, nəyi var bacımın? Allah xatirinə bir söz deyin. Nə oldu ki, dünən bir, bu gün iki, gözümüzü açmağa macalımız olmadı. Axı nə problemdir.
- Heç bir şey yoxdur. Bir az qanama var, o da qorxulu deyil. Amma hər ehtimala qarşı vəziyyəti təhlil edənə kimi burada qalacaq. Hələ bir söz deyə bilmərəm. Təhlilləri gözləyək. Yəqin ki, sabah hər şey aydın olacaq. Əslində evə də apara bilərsiniz. Amma bu gecə növbədəyəm. İstəmirəm evə getsin gözümün qabağında olar özüm nəzarət edərəm. Sabah qan və digər analiz nümunələri götürüb yoxlayarıq. Professor da baxar sözünü deyər. Siz indi evə gedin. Yanında qalmağa ehtiyac yoxdur.
- Doktor evə getməyəcəyəm. Bu gecə bacımla qalacağam. Xahiş edirəm bacımın yanında qalmamı rəsmiləşdirin.
Əntiqə həkimin otağından çıxıb tibb bacısının göstərdiyi palataya keçdi. İki adamlıq palata təmiz və səliqəli idi. Nərmin artıq çarpayıda uzanmışdı. Əntiqə ona yaxınlaşıb:
- Necəsən, bacım? Bu gecə burada qalası olduq deyəsən.
- Hə elədi. Bu gecə qalaq. Görək sabah təhlillərin nəticəsinə baxsınlar. Görək nə olur.
Əntiqə yaxınlaşıb çarpayının kənarında əyləşdi, əlini uzadıb bacısının əlindən tutdu. Bir həftə keçmişdi. İki gecə xəstəxanada qalandan sonra evə dönmüşdü. Həkim ona dönə-dönə tapşırmışdı ki,qəti əsəbiləşmək olmaz. Bütün neqativ fikirləri başından çıxarmalısan evladın üçün. Ana olmaq, uşaq sahibi olmaq istəyirsənsə səbirli olacaqsan. Sən də, o şirinliyi dadacaqsan demişdi. Həyəcanlanmaq olmaz sənə. On günlük kurs təyin etmişdi ona. On gün evdə olacaq yüngül terapi alacaqdı. Əslində istirahət edəcəkdi. Sonra işə çıxmalı idi.
İçində bir ürək döyünməyə başlamışdı. İçərisini qızdırıb ürək döyüntüsünü anasınınkinə qatırdı. Valideynlərinin söhbətini eşidəndə elə bildi ürəyinin döyüntüsü dayandı. O anlarda körpəsinin ürəyi ikisi üçün döyünürdü. O kiçik ürəyin xırda tuqqultuları onun həyatla yeganə bağlantısı idi. Atası ilə anasının söhbəti, səslər başında anlaşılmaz bir uğultuya çevrilmişdi. Həyəcan öz işini görmüşdü. Yaş da öz sözünü deyirdi. Yaşıdlarının neçə illər əvvəl geçdiyi yolu o, indi keçirdi. O yolun sonunda qucağına bir körpə alacaqdı.
İri otaqda divarın dibi ilə iri aparatlar sıralanmışdı. Tibb bacısı Nərminin qoluna girib otağa gətirdi. Həkim ona uzan görək USM nə göstərir? - dedi. Nərmin uzanıb həyəcanla gözləməyə başladı. Aparatın yaşıl işığı yanıb sönürdü. Xalatının düymələrini açıb, göbəy hissədən bir az aşağı xüsusi maye töküb əli ilə yaydı. Sonra cihazı əlinə alıb, üzərində gəzdirməyə başladı.
- Gördünmü?
Birdən-birə Nərminin ürəyi bərk-bərk vurmağa başladı. Körpənin ürəyinin döyüntüsü tuk-tuk-tuk eşidilməyə başlamışdı.
- Eşidirsənmi, Nərmin? Narahat olmagına əsas yoxdur. Hər şey yaxşı olacaq.
Nərminin üzü gülürdü. Balasının ürək döyüntüsü otaqla bir olmuşdu.
Şənlik Niyala valideynlərinin yanına gəlmişdi. Hərbi hissə Bakıdan Niyala yaxın idi. Gələn kimi də Bəyim arvadın təzyiqinə məruz qalmışdı. Həyətə girəndə bir an döyükmüş, ətrafına baxıb müəyyən etmək istəyirdi ki, görsün oğlu tək gəlib ya cüt. Baxışlarını qaçırıb darvazaya oğrun bir nəzər atdı. Oğluna tərəf gedə-gedə dönüb yol tərəfdəki qapıya da ani nəzər saldı. Axı gəlini həmişə arxa qapıda düşürdü. Oğlu isə maşını darvazanın ağzına sürər yerini rahatlayıb gələrdi.
Şənlik tək gəlmişdi. Arxayınlaşdı bir növ. İşinə gəlirdi. Oğlunu bu dəfə tam neytrallaşdıracaqdı. Onu gözləyirdi. Artıq planı da qurmuşdu. Şənliyinsə gözləri gəlin otağının pəncərələrində idi. Düşünürdü ki, bir möcüzə baş verər bəlkə….
Ardı var...