Yeni Gəncə Tibb Mərkəzinin həkiminə-İttiham
Yenixeber.org: Redaksiyamızın elektron poçtuna Gəncə şəhər sakini Orucova Esmira Müşgül qızının adından şikayət məktubu daxil olub. Müraciətdə Esmira xanım Yeni Gəncə Tibb Mərkəzində yaşadığı haqsızlıqlardan, mərkəzin həkimi İbrahimov Qafar Niyazi oğlunun keçirdiyi əməliyyat nəticəsində acınacaqlı duruma düşməsindən bəhs edir. Biz yazıda yer alan ittihamlarla bağlı adları çəkilən tərəfləri də dinləmək istədik. Təəssüf ki, bu istiqamətdəki cəhdlərimiz nəticəsiz oldu. Aktuallığını nəzərə alıb, müəyyən düzəlişlə müraciəti olduğu kimi dərc edirik:
"Mən 15.12.2017-ci ildə Yeni Gəncə Tibb Mərkəzində uşaqlığın artımları ilə birlikdə ekstripasiyası əməliyyatı keçirdim. Əməliyyatı İbrahimov Qafar Niyazi oğlu apardı. Əməliyyatdan sonra məndə sidiyin uşaqlıq yolu ilə axması baş verdi. Mən sarğıya gedərkən Qafar həkimə dedikdə, o Abbas Səhhət adına şəhər xəstəxanasında uroloq həkimə müraciət etməyi məsləhət gördü. Uroloq həkim Qafar həkimin ona zəng etdiyini dedi və qadın həkimi ilə birlikdə müayinə apardı. Sonra kateter qoydular. Təxminən 10 gün sonra mən Uroloq həkimlə yenidən görüşdüm. Kateteri çıxartdıqdan sonra yenidən sidiyin uşaqlıq yolu ilə axması baş verdi. Zabit həkim bunun ancaq əməliyyat yolu ilə aradan qalxa biləcəyini söylədi. Mən Yeni Gəncə Tibb Mərkəzinin müdiri Ülkər Kərimovaya şifahi olaraq şikayət etdim. O, Qafar həkimi çağırdı və izahat tələb etdi. Qafar həkim isə bunun cərrahi əməliyyatla heç bir əlaqəsi olmadığını bildirdi. Belə bir hadisənin insan orqanizmində öz-özünə necə baş verməsini izah etmədi. Mən əməliyyatdan sonra bu günə qədər uşaq bezində gəzirəm. Hadisə ilə bağlı psixoloji travma aldım və bir neçə ay ambulator müalicə olundum.
01.09.2017-ci ildə gəlinim Məmmədova İahə Qabil qızı İbrahimov Qafar həkim tərfindən kor bağırsaq əməliyyatı keçirmişdir. Əməliyyat qurtardıqdan sonra həkim sağ yumurtalıqda kistanıda götürdüyünü və əməliyyatın müvəffəqiyyətlə keçdiyini söylədi. Biz də inandıq. 19.02.2018 ci ildə ultrasəs müayinəsi aparılanda gəlinimdə sağ yumurtalığın olmadığı aşkarlandı. Biz şok keçirdik. Qafar həkim isə yumurtalığa dəymədiyini və sadəcə kistanı götürdüyünü söylədi. Verilən epikrizdə bunların heç biri qeyd olunmayıb. Qəribədir hər ikimizə verilən epikirizdə xəstələrin sağlam olması yazılır və fəsadlar haqqında heç bir qeydiyyat yoxdur.
Məm Qafar həkimin apardığı əməliyyatların törətdiyi fəsadlar barədə Səhiyyə Naziri Oqtay Şirəliyevə də şikayət ərizəsi ilə müraciət etdim. Şikayət ərizəsinə baxılması üçün tibb mərkəzinin müdirinə tapşırıq verildi. Mən Ülkər Kərimovanın zəngindən sonra onunla görüşdüm, Ülkər xanım mənim fikrimi soruşdu. Mən də ikinci əməliyyatın aparılması xərclərini və səriştəli cərrahın seçilməsinin onların edəcəklərini söylədim. Eyni zamanda üzr istəməyi çox görən Qafar həkim cəzalansın. Ülkər xanım tibbi şuranın üzvləri Elman həkim və Sahil həkimlə birlikdə belə qərara gəldilər ki, bu məsələ tibbi şurada müzakirə olunsun və iki gündən sonra mənə məlumat verilsin. İki gündən sonra mən Ülkər xanımla yenidən görüşdüm. O, mənə bildirdiki, Bakı Şəhəri Batamdar qəsəbəsində yerləşən Caspian İnternational Hospital xəstəxanası ilə əməkdaşlıq edirlər və orada işləyən İlham həkimlə əlaqə saxlayacağını söylədi. Həkimlərin məsləhəti ilə iyun ayında yəni daxili yaralar sağaldıqdan sonra getməyi qərara aldım. Ülkər xanıma əməliyyata getməzdən əvvəl onunla yenidən görüşəcəyimi və məsləhət gördükləri cərrahı öyrənəcəyimi söylədim.
Mən iyul ayının əvvəllərində yenidən Tibb Mərkəzinə getdim. Ülkər xanım əməliyyat xərclərini Qafar həkimin qarşılayacağını söylədi. Mən və yoldaşım Sahil həkimlə birlikdə Qafar həkimlə görüşdük. Lakin o, yenidən hər şeyi inkar etdi. Mən tibbi savadı olmayan hər bir insanın başa düşdüyü cərrah səriştəsizliyini Tibb Mərkəzində sübut edə bilmirəm. Olunan şikayətləri heçə sayan Qafar həkim görünür bu sahədə çox təcrübəlidir, ya da kiminsə arxasında gizlənir.
Mən çox xahiş edirəm ki, mənim vətəndaşlıq hüquqlarım bərpa olunsun və belə səriştəsiz həkimlər cəzalandırılsın. Mən həyatım boyu uşaq bezində gəzə bilmərəm. Mən sadə bir müəlliməyəm. Nəyə görə hər hansı bir savadsız cərrahın etdiyi səhvin mənəvi və psixoloji zərəri ilə yanaşı maddi ziyanı da çəkməliyəm. Belə həkimlər cinayət məsuliyyətinə cəlb olunmalıdır ki, başqalarınada dərs olsun.
Ümid edirəm ki, ədalət bərpa olunacaq və mən əvvəlki fiziki sağlamlığıma qovuşacam".
Redaksiyadan: Yazıda adları hallanan tərəfləri də dinləməyə hazırıq.