"ƏMİM DOSTUM İDİ"
Azərbaycan aşıq ədəbiyyatının ən böyük nümayədəsi olan Aşıq Alı necə də yerində və doğru deyib: “Ölüm haqdır, çıxmaq olmaz əmrdən”. İnsan yarandığı gündən haqqa doğru gedir, günbəgün, aybaay, ilbəil. Haqqa getmək xahiş deyil, minnət deyil, əmrdi. İnsanlıqda, yaranılışda hələ elə bir hadisə olmayıb ki, kimsə bu əmrə tabe olmasın, ondan boyun qaçırsın.
O,da hamı kimi haqdan çıxmadı,əmrə tabe oldu. Əmiri nəzərdə tuturam. Atamın kiçik qardaşı, mənim sənədli- sübutlu kiçik əmim olan, sadiq və əzəzsiz dostum Əmiri deyirəm. 80 yaşına iki ay qalmış nahaqq dünyadan haqq dünyasına köçdü. Əmir mənim dopdoğmaca əmim olsa da (məndən feyli böyük olmağına baxmayaraq) bir dəfə də olsun ona “əmi” deyə xitab etmədim. Daha doğrusu edə bilmədim. Çünki o mənim əmim yox, sözün həqiqi mənasında DOSTUM idi, sirdaşım idi. Mən DOSTUMA, sirdaşıma necə əmi deyə bilərdim? Doğrudur, anam (Allah rəhmət eləsin) dəfələrlə buna görə mənə iradını bildirmiş, düz eləmədiyimi demişdi: “A bala, ayıbdır, bütün uşaqlar (məndən böyükləri və kiçikləri nəzərdə tuturdu) ona “dayı” deyir. Sən niyə Əmir deyirsən? Olmaz,sən də “dayı” demirsən, heç olmasa “əmi” de.” Doğma dayımız olmadığına görə uşaqların hamsı (təbii ki, mən istisna idim) Əmirə “dayı” deyirdilər. O, sözün həqiqi mənasında əmimiz, dayımız olmaqla yanaşı, həm də himayədarımız, qayğımızı çəkənimiz, daima yanımızda olanımız idi.
Ailəmizdə ata babamı heç birimiz görməmişik. Müharibəyə gedib qayıtmayıb. 4 bacının, iki qardaşın böyüyüb boya- başa çatması böyük qardaş kimi atamın və nənəmin boynlarına düşüb. Hər biri atamı sayıblar, eşidiblər,böyükləri biliblər. Beləcə, ağır illər arxada qalıb və əmilərim, bibilərim ailə qurub ayrıca yaşayıblar. Onlara olan səmimiyətimizi, istəyimizi, sevgimizi də biz uşaqlarda atam yaradıb. O, hədsiz dərəcədə ailəsinə, qohum- əqrəbasına, nəsilinə bağlı insan idi. Nəsilin xeyir- şərinin ağsaqqalı idi. 60 yaşına çatmamış infarkdan dünyasını dəyişdi. Əmir bizə (artıq hər birimiz ailə sahibi idik, müxtəlif yerlərdə yaşayırdıq) atalıq, əmilik, dayılıq elədi. Hər zaman yanımızda oldu, qayğımıza qaldı. Əmir kənddə ilk maşını olan kişilərdən biri idi. Hara gedirdik qabağımıza düşürdü, istədiyimiz yerə maşın sürürdü, özü də minnətsiz.
Heç yadımdan çıxmaz. Bakıda yaşamağma baxmayaraq ildə ən azı 3-4 dəfə kəndə doğmalarımın yanına gedirdim. O vaxtlar indiki kimi rahat avtobuslarla yox, ancaq qatarla gedib, gəlirdik.Hər dəfə də hər cür hava şəraitində səhər tezdən Əmir məni Zəyəm dəmir yol stansiyasında qarşılayıb evə aparar, şəhərə qayıdanda da gətirib Zəyəm stansiyasından qatara mindirib yola salardı. Bir dəfə də olsun qarşılanmalarımdan, yola salınmalarımdan bezdiyini, yorulduğunu görmədim. Ovqatlı adam idi, danışıb, gülən, zarafat edən birisiydi.
İllər keçdi, rayona qatarla getməyi tərgidib avtobusla getməyə başladım. Çünki avtobus daha sərfəli və rahat idi. 5- 6 saata kənddə olurdum. Bu gedişlərimdə daha Əmiri narahat etmirdim. Artıq yaşlaşmışdı, əziyyət vermək, narahat elmək istəmirdim. Məni qarşılamaq, yola salmaq işini bacım uşaqları yerinə yetirirdilər. Ata ocağına çatmağımdan yarım saat keçməmiş Əmir xəbər tutub mənimlə görüşməyə gəlirdi. Mən heç vaxt kəndə getməyimi qabaqcadan kimsəyə demirdim. Amma Əmir mənim gedişlərimdən hamıdan qabaq xəbər tuturdu. Heç vaxt onu qabaqlaya bilmirdim. Amma bu yaxınlarda kəndə getmişdim. Dedim gedim Əmirə baş çəkim, kefini öyrənim, halından xəbər tutum, axı xeyli vaxtdır görüşmürük. Evlərinin tininə çatanda ayaqlarım yerimədi. Özümdə güc tapıb yoluma davam elədim. İlk dəfəydi ki, Əmrin Əmirsiz evinə gedirdim. Ürkək- ürkək həyətə girdim. Əmir yox idi. Nə bir- birimizi bağrımıza basıb öpüə, nə də kefimizi soruşa bildik. Həyatımda birinci dəfəydi ki, onun evindən bir tikə halal çörəyini kəsmədən, bir bardaq çayını içmədən qəmli, kədərli çıxırdım.
Hər kəs- ailəsi, qohum- əqrəbası, qonum- qonşuları, nəsili, kəndi onu sevirdi, xətrini uca tuturdu, hörmət edirdi. Bu gün Əmir həyatda yoxdur. Amma xatirələrdə ata kimi, baba kimi, əmi, dayı kimi, qonşu kimi, kəndçi kimi yaşayır.
Bu yerdə yadıma bir rəvayət düşdü. Məncə bu rəvayətdən çox həqiqətdir. Deyir nəvə qoca babasından soruşur: “Ay baba, sən nə vaxt öləcəksən?” Babada qayıdır ki, sən öləndən sonra. Uşaq babanın bu cavabından pis olur və ağlaya- ağlaya babasının dediklərini atasına xəbər verir. Ata atasına irad tutur ki, a kişi, o nə sözdür uşağa demisən? Ata oğluna cavab verir ki, düz demişəm ay oğul. Məni həyatda axırıncı görən nəvəm- sənin oğlundur. O öləndə mən də öləcəm. Ondan sonra məni xatırlayan olmayacaq. Oğul hər şeyi anlayır və atasının haqlı olduğunu etiraf edir. Bu gün Əmirin haqq dünyasına qovuşmağından bir il keçsə də, o hələ yaşayır, ölməyib. Yaşayacaq o vaxta kimi onu görən son nəvəsi, nəticəsi o dünyaya köçənə kimi.
Əziz dostum, hər zaman uca tutub, böyük ürəklə sevdiyim əmim, böyük bir nəsilin- Şəmkirli nəsilinin ağsaqqalı olan ƏMİR, ana torpağın qucağında rahat yat, rahat uyu. Allah sənə və ətrafında uyuyan doğmalarına rəhmət eləsin. AMİN!
Məhərrəm Şəmkirli
AJB və AYB-nin üzvü.