Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Lyubov Brejneva: “Andropovun qızının və gəlininin əynində Moskvada tapılmayan geyimlər görmüşdüm”

 

Onu ailəyə yaxın buraxmayıblar. Amma baş katib həyat yoldaşından gizli Lyubov Brejnevadan öz qayğısını əsirgəməyib. Hətta onun ailə məsələlərinə də müdaxilə edib.

Yenixeber.org: Breynevin doğma qardaşının qızı Lyubov əmisini hələ uşaq vaxtı Qazaxıstanın birinci katibi olduğu dövrdə görüb. Məktəbi bitirdikdən sonra isə 1964-cü ildə ilk dəfə Uraldan Moskvaya gəlib. Onlar atası ilə birgə “Moskva” mehmanxanasında yerləşiblər. Əyalətdən gəlmiş qız üçün bu mehmanxanada onlara göstərilən diqqət onu təəcübləndirib. Əslində mehmanxanın lüks nömrəsi başqa məqsədlər üçün onların ixtiyarına verilib, daha dəqiq desək, atası Yakov Brejnevin bu nömrədə görüşlər keçirməsi nəzərdə tutulub. Sonralar Lyubov Brejneva öz xatirələrində bu haqda yazıb:

“Mehmanxanada bizə xüsusi diqqət göstərilirdi. Axşamlar isə restoranda bizə xüsusi stol ayrılırdı. Həmin dövrdə əmim Leonid İliç Brejnev SSRİ-də ikinci şəxs sayılırdı. Atam da ona işlərində kömək edirdi. Mehmanxanada atamın vilayət partiya komitələrinin birinci katibləri ilə görüşləri olurdu. Onlar Xruşovu devirməklə bağlı gizli danışıqlar aparırdılar, sövdələşirdilər. Sonra isə mahmanxananın restoranında gecə yarıyadək yeyib-içirdilər. O vaxtlar bunlar mənim üçün maraqsız görünürdü. Çünki öz maraqlarım var idi. Məktəbi bitirmişdim, aktrisa olmaq istəyirdim. Atam həm də bu məsələ ilə, mənim təhsilimlə də məşğul olmalı idi. Nəhayət, atamın başı danışıqlardan və zəngin süfrələrdən ayıldıqdan sonra bazar günü biz Moskva ətrafında yerləşən tanımadığım bir bağ evinə getdik. İri darvazını orta yaşlı gözətçi kişi açdı. Atam özünü təqdim etdikdən sonra bizi içəri buraxdılar. Həyətin sağ tərəfindəki kiçik hovuzun yanında açılıb-bağlanan kətilin üstündə bir qadın uzanmışdı. O, atamı görcək tez yerindən qalxdı, atama yaxınlaşıb onu qucaqladı, öpüşdülər. Bu qadın SSRİ-nin mədəniyyət naziri Yekaterina Furtseva idi. Onun atamla nə vaxtsa sevgi romanı olmuşdu. Öpüşməklərindən də hiss edirdim ki, bu adi dost öpüşü deyil. Hal-əhval tutduqdan, hələ bir neçə dəfə də öpüşdükdən sonra Furtseva atama dedi ki, mənim məsələm həll olunub. Sonra həyətdə süfrə açıldı. Atam içkidən heç vaxt imtina etmirdi. İçdilər, keçmişi xatırladılar. Səhərisi gün mən sənədlərimi Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutuna verdim. Üç gündən sonra qəbul imtahanları başladı. Bütün imtahanlardan sorğu-sualsız əla qiymətlər aldım. Tələbəlik illərim nəzərlər altında keçdi. İnstitutun dəhlizlərindən keçərkən arxamca deyirdilər ki, bu həmin qızdır, Brejnevin qardaşı qızı. Əmim artıq baş katib idi...”

Lyubov Brejneva tələbə olarkən tanınmış rejissorların filmlərində rol alıb, bütün qapılar onun üzünə açıq olub. Yalnız əmisinin qapısından savayı. Leonid İliç Brejnev qardaşı qızını yaşadığı bağda tez-tez görmək istəsə də, həyat yoldaşı Viktoriya Petrovna buna imkan və şərait yaratmayıb.

Lyubov Brejneva mütəmadi olaraq baş katibin təşəbbüsü ilə Kremldə onunla görüşüb. O, həmin görüşlər haqqında xatirələrini belə bölüşüb:

“Əmimin təşəbbüsü ilə arabir Kremldə görüşürdük. O, mənim işlərimlə maraqlanırdı, problemlərimi soruşurdu. Çox həssas adam idi. Hətta ailə məsələsində çox böyük yanlışlıqlara yol verdiyini söyləyib gözlərinin dolduğunu da görmüşdüm. Mən tez-tez şıltaqcasına onunla zarafat edirdim, arada tənqidi fikirlərim də olurdu, o isə cavabında “əgər belə ağıllısansa, gəl mənim yerimdə otur” deyə kreslosunu mənə göstərirdi. Ümumiyyətlə, mən Kreml məmurları haqqında çox şey bilirdim. Bilirdim ki, sadə həyat tərzi ilə əfsanəyə çevrilmiş Mixail Suslovun qızı Kremlin balansında olan mənzildə necə zəngin yaşayır, yaxud Andropovun qızının və gəlininin əynində Moskvanın heç bir mağazasında tapılmayan geyimləri də görmüşdüm. Əmim də bunları bilirdi, amma susurdu. Onun üçün Kremldə ən sədaqətli adam Konstantin Çernenko idi. Əmim öz aramızda onu özünün “ən sədaqətli iti” adlandırırdı. Mən ondan soruşanda ki, digər silahdaşların necə, onlar sədaqətli deyilmi, cavab verirdi ki, digərləri mənim ölümümün səhərisi günü məzarımı eşələyəcəklər...”

Lyubov Breyneva ilə baş katib arasında münasibətlər birincinin ilk eşq məcarasından sonra başlayıb. Lyubov Brejneva teatrların birində milliyətcə alman olan, Moskvada Hərbi Akademiyada təhsil alan Helmutla tanış olub. Çütlüyün tez-tez görüşləri olub. Bu haqda “yuxarılar” xəbər tutanda Lyubov Brejnevaya görüşlərə son qoyulması tapşırılıb. O, öz xatirələrində bu mövzuya da geniş yer ayırıb:

“Mənə Helmutla görüşməyə qeyri-rəsmi qadağa qoyulmuşdu. Məni izləyirdilər, evdə olmayanda mənzilimə daxil olub axtarış aparırdılar. Nəhayət, bir gün məni “KQB”-də sorğu sual etdilər və üzümə dedilər ki, “faşistlə” münasibətlərə son qoyulmalıdır. Bütün bunlara baxmayaraq, biz Helmutla nikaha girmək üçün VVAQ-a ərizə verdik. Ərizəmiz qəbul olunmadı. Sonda belə qərara gəldim ki, əmimlə görüşüm. Beləliklə, görüşdük. O bizim münasibətlərə çox mənfi münasibət bildirdi, Helmutu “fris” adlandırdı və dedi ki, nə yaxşı ki, hələ onun adı Adolf deyil. Mən ondan xahiş etdim ki, o məni Helmutla Almaniyaya buraxsın. Mənə bir az zarafatla cavab verdi:

- Mən səni buraxsam, sonra hamı gedəcək. Mən isə Kosıginlə tək qalacam. Elə o da imkan tapan kimi aradan çıxacaq.
Mən müzakirələrin artıq mənasız olduğunu bildim. Bir neçə ay keçməmiş Helmut təhsilini yarımçıq qoyub SSRİ-ni tərk etdi...”

Brejnevlər ailəsində Lyubov Brejnevaya ən doğma münasibət göstərən yalnız Qalina olub. Məhz onun uzun-uzadı təkidi ilə Lyubov Brejnevaya Moskvada mənzil verilib.

Lyubov Brejneva xatirələrində baş katibin son günlərini də xatırlayıb:
“Əmim ölümündən bir-neçə həftə əvvəl atama zəng vurmuşdu. Atama demişdi ki, yorulmuşam. Atam soruşanda ki, nədən, cavab vermişdi ki, hər şeydən, həyatdan. Bu danışıqdan iki-üç həftə sonra əmim vəfat etdi...”

Qeyd edək ki, Lyubov Brejneva 1990-cı ildə Amerika Birləşmiş Ştatlarına köçüb. Bu ölkədə sabiq baş katibin sevimli qardaşı qızı yazıçılıq fəaliyyətinə başlayıb və bir neçə kitabı işıq üzü görüb...

P.S. Növbəti sayımızda Lyuba Brejnevanın atası Yakov Brejnev haqqında ətraflı yazı təqdim edəcəyik.(müsavat)

İlham Cəmiloğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam