Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"Salxım söyüd" Natavan Niyal

"Salxım söyüd"

Yenixeber.org: Davamı...

İş onun həyatının bir parçasına çevrilmişdi. İş yoldaşları da eləcə. Tez -tez zəngləşirdilər. Həyatına rəng qatılmışdı. Nərmin buna sevnirdi. Əvvəlki işində vaxtı çox idi. Fikrini qarışdıran müxtəlif dedi-qoduları düşünməyə, onları araşdırmağa daha meyilli idi. Dəyişmişdi. Çox dəyişmişdi. Daha anasının zənglərindən sonra xəyal aləminə cummurdu. Qaşqabaq tökmürdü. Dinləyib sağollaşandan sonra deyilənləri elə oradaca unudurdu. Daha anası da telefonda  uzun-uzun danışmırdı. Anasının dediklərini dinləsə də, əhəmiyyət vermirdi. Yəni valideynləri, bacı qardaşı həmişə onun üçün birinci yerdəydi. Lakin Nərmin söhbəti açılanda onu kəsəsinə bağlayardı. Artıq zənglərin sayı azalır, mesajların cavabları qısalırdı. Niyala getməklər ixtisara salınmışdı. İşindən və Nərmindən başqa hər şey maraq dairəsindən çıxmışdı. Daha əvvəlki Şənlik deyildi. Nərmin də rahatlanmışdı, müalicələri bitmişdi. Elə məqamda idi ki, daha düşünmürdü. Özünə söz vermişdi hadisələri öz axarına buraxacaqdı.

Daha həsrətlə dəqiqəbədəqiqə ayın axrını güdməyəcəkdi. Göydə tanrı, yerdə şəfalı əllər. İşə həvəslə gedirdi. Daha kiməsə ağız açmırdı. Harasa tələsmirdi. İzn almaq da yox idi. Eləcə bəxtəvər günlərini yaşayırdı qız. Daha hər addım başı sözləri çəp gəlmirdi. İnsanın həyatı öz əlindədir deyiblər. Onu öz istədiyi məcraya yönəltməyə qadirdi insan oğlu. Şənlik də bunu anlamışdı. Bir kəlam oxumuşdu. Unutmuşdu kimin sozləridir. Daha doğrusu müəllifini təyin edə bilməmişdi. “Yüz böyük türk” adlı kitab gördü bir dəfə kitabxanada, Mələyin iş stolunun üstündə. Maraqlanmışdı. Kitabı götürmüşdü oxumaq üçün. Yüz səhifə olmazdı. Vaxtı olduqca oxuyurdu. Axır səhifəyə çatanda bir parça kağız gördü. Əllə yazılmışdı. “Həyatda ya tozu dumana qatarsan, ya da tozu-dumanı udarsan”. Kağızı o üz bu üzünə çevirib baxdı. Bu çox güman ki, bir oxucunun, bu kitabı oxuyanın kitabdan çıxardığı nəticə idi. Bəlkə də belə deyildi. Amma düşündürücü idi. Doğurdan da, bu kitabın içindən çıxan bu cümlə nə qədər düşündürücü idi? İnsana reallığı diktə edirdi.

Parkı dənizlə ayıran o məşhur baryerə çatıb dayandılar. İkisi də birdən dilləndi.

 Keçək o tərəfə.

Səssizcə baryer boyu addımlayıb keçidə çatdılar. Şənlik onu irəli buraxdı. Qumlu, çınqıllı sahildə dayanıb uzaqlara gəmilərin getdiyi istiqamətə baxırdılar. Gəmilər getdikcə uzaqlaşır, kiçilirdi. Həmin axşam orada uzun vaxt keçirdilər. Heç geri qayıtmaq istəmirdilər. Xatirələrin qucağında xumarlanırdılar. Sakitlik idi. Hərə öz aləmində. Yenə səssiz danışırdılar. Nərminin yadına o gün işdə, Gültəkinin proqramçı oğlanla etdiyi söhbət düşdü. Yenə onun bostanına daş atırdı. Bu qadının şakəri idi. Kiməsə söz atmasa kiminsə qanını azca da, olsa qaraltmasa sakit ola bilmirdi. Yenə zəvzək-zəvzək danışırdı. Oğlana suallar verirdi. Oğlun necədi? Qızın necədi?. Oğlan da, aradabir onun suallarına cavablandırırdı. Sonra keçdi arvadına.

-Sənin yoldaşınla aranızda sevgi məhəbbət olub, yoxsa valideynlərinin sözü ilə ailə qurmusan?

 Oğlan başını qaldırıb təəcüblə ona baxdı:

-Nə olub ki? Nə üçün soruşursunuz?

-Heç elə belə. Deyirlər kim ki, sevib evlənib onlar it -pişik kimi dolanır. Ona görə maraqladım.

- Aha-Oğlan qarşısındakı kompüterdən gözlərini ayırıb diqqətlə ona baxdı. Kursoru əlindən buraxdı.

-Mən anladığımı anladım, Gültəkin xanım. Günün mövzusunu seçmisiniz artıq. Sevib evlənənlər. İndi kimin bostanına daş atırsan mənim, ya Xaliqin?

Xaliq də onlarla yanaşı otururdu. O da komputer mütəxəssisi idi. Xaliq adətən söhbətlərə baş qoşmaz, sakitcə oturub işləyərdi. Başı o qədər qarışıq olurdu ki, hələm- hələm onu söhbətə tutmaq olmurdu. İndi adını eşidəndə bir anlığa onlara baxdı. Rus dilində «ne ponyal vı obo menya qovorite»? deyə sual verdi. Gültəkin xanım ona bələd idi. Tez özünü yığışdırdı.

-Mənciyəz yox! Odu danışan.

Proqramçı oğlan gülə-gülə dedi:

-Hər şey aydındı, Gültəkin xanım. Məndən uzaq. Günün şoku yaşanacaq. İşim çoxdu. Üzürlü sayın müdir mənə iş tapşırıb. Bu mövzu ağır mövzudur.

Nərminə tərəf baxıb qımışdı.

-Nərmin xanım, bu günü yola verin. Nərmin bilirdi ki, bir kəlmə danışsa bu söhbətə qoşulmuş olacaq. Gültəkin xanıma da, o lazım idi. Beləcə allah-allah yola vermişdi o günü. Yadına o uğursuz qadının sözü düşdü. İlahi hardan hara. Yox şükür ki, onlar yaxşıdı. Düzdü çətinlikləri çoxdur. Amma hələ ki, mehribandılar. Dənizin sahilində çox oturdular. Sevda dolu xoşbəxt günlərini xatırlayıb səssiz söhbətlər etdilər.

Saat altıya işləyirdi. Hələ oturmuşdu. Düşünürdü. Məzuniyyət vaxtını dəqiqləşdirməliydi. Ağır müalicə almışdı. Həkim məsələhət görmüşdü ki, müalicədən sonra səfalı yerlərin birinə gedib dincəlmək məsləhətdi. Həmin anda fikrindən Niyal keçmişdi. Lakin, ona gorə yox ki, ora getmək istəyirdi. Sadəcə Şənliyi tanıyıb sevdiyi vaxtdan onun dünyaya göz açdığı Niyalı da bəyənmişdi. Qiyabi olaraq vurulmuşdu. Niyala gedib tanış olmamış, sevgilisinin söhbətlərindən tanımışdı oranı. Amma gedib özü Niyalı görəndə əmin oldu ki, bəyəniləsi yerdir. Niyalı düşünürdü. Əri, onun valideynləri, xüsusən də qaynatası haqqında ürəyindən isti hisslər keçirdi. Nərmin görürdü ki, Ərşad kişi ona necə hörmət edir. Doğma qızı Zərifdən heç nə ilə fərqləndirmirdi. Bəzən də, deyirdi ki, mənim ağıllı qədirbilən qızım. Qızım sözünü vurğulayır, gəlinini əzizləyirdi. Amma nə olsun. Fikri qəti idi. Qəlbi yaman sınmışdı. Qaynanası xətrinə pis dəymişdi. Bəlkə də, bilə-bilə etməmişdi. Amma elə də böyük olmayan bir evdə səsin bir otaqdan digərində eşidiləcəyini bildiyi halda ucadan hönkürüb ağlamışdı. Ağlamağı bir tərəfə, necə sözlər söyləmişdi. Hissə qapılmışdı.

Taqqıltı səsinə dönüb yana baxanda Gültəkin xanımın sualedici baxışları ilə rastlaşdı. Qadın onun baxdığını görüb, əlini iş stolunun siyirməsinə atıb onu açdı. Məqsədsiz şəkildə siyirmədə əşyaları tərpədirdi. Özünün məşğul göstərməyə çalışsa da fikri Nərmində idi. Nərmin koftasının qolunu yuxarı qatlayıb saata baxdı.  Altının yarısı idi. “Necə də fikrə dalmışam” deyə düşünüb tez-tez yığışmağa başladı. Gültəkin xanım, bu çox bilmiş, özündən çox, başqalarının həyatı ilə maraqlanan bu qulağagirən, əli siyirmədə üzünü ona çevirib, hərəkətlərini izləməyə başladı. Sonra da gülə-gülə:

-Ay Nərmin, xeyir ola evinə eşiyinə getmək fikrin yoxdurmu sənin? Nərmin gözünün üstünə düşən qumral saçını başının hərəkəti ilə dala atıb sınayıcı nəzərlə ona baxdı. Özünü saxlamadı.

-Sizi narahat edən nədir?

Gözləmirdi deyəsən. Dolu girdə sifəti bir anda dəyişdi. Gözləri özündən asılı olmayaraq dəyirmiləşdi. Siyirməni açdı. Sonra bağladı. Aşağı əyilib guya yerdən nə isə qaldırırmış kimi hərəkətlər etdi. Qaşlarını qaldırıb əda ilə

-heç... -deyib üzünü yana çevirdi. Xətrinə dəydi deyəsən. Amma öyrəncəli idi. O qədər onun bunun işinə qarışırdı ki, cavabını verəndə də, özünü itirmirdi.

Yanaşı oturduğu iş yoldaşları altıya beş-üç dəqiqə qalmış bir-birinin ardınca getdilər. Gültəkin xanımın deyəsən getmək fikri yox idi. Ya da belə görünürdü. Çox qəribə xisləti var idi. Özünü xanım-xatın göstərmək istəsə də əsil xislətini bəyan edirdi. Camal kamaldan gələr deyib atalar. Üz cizgiləri çirkin olmasa da adama yapışmırdı.  İç dünyası üzünə vurmuşdu.

Nərmin yavaş-yavaş hazırlaşmağa başladı. Gültəkin xanım altdan-altdan onu süzürdü. Gözləri kompüterdə olsa da bəlli idi ki, fikri Nərmindədir. Nərmin nə düşündüsə, kursoru əlinə alıb kompüterdə açdığı səhifələri bağladı. Sonra kursoru kompüterin aşağı sol küncündə gəzdirərək bağla komandasını verdi. Bilirdi ki, o durub getməsə bu qadın yerindən tərpənməyəcək. Çantasını açıb oradan kosmetik vasitələr yığdığı kiçik qırmızı torbanı stolun üstünə qoydu. Torbanın içində keçən dəfə Tarqovı kücəsinin sonunda yerləşən ətriyyat dükanından aldığı bahalı ətiri çıxarıb duxulandı. İstədi dodaq boyası çəksin lakin ərindi.

Gültəkin xanımın səbri tükənmək üzrə idi. Bu gün əslində o tez gedəcəkdi. Nərminin yubanması onu da yolundan etmişdi. Fikri Nərmində idi. O çıxan kimi, bu da çıxacaqdı. Xəbisliyi ona mane olurdu. Nərminin bu gün belə arxayıncasına hərəkət etməsi onu maraqlandırmışdı. Nəhayət ekran qaraldı. Nərmin ayağa durub çantasını əlinə aldı. Dönüb candərdi Gültəkin xanımla sağollaşıb çıxdı. Qapıdan çıxanda o tərəfdən gələn Alimlə rastlaşdı. Alim onu görən kimi:

-Salam, Nərmin xanım necəsiniz?  Elə yerdə rastlaşdıq ki, bir də sağ ol deyək də, başqa çarə yoxdur.

İçəridən Gültəkin xanımın səsi gəldi.

-Səndəmi bu gün geç qalmısan, ay Alim? Elə bil sözləşmisiniz? Nərmin xanımla eyni vaxtda çıxırsız. Allah mehriban eləsin -deyə uzaqdan-uzağa söz atdı. Qapı yarı aralı olsa da görmüşdü Alim müəllimi. Nərmin dillənmədi. Sadəcə susdu. Gültəkin xanımın hər gün bir yeni xüsusiyyətini öyrənirdi. O qədər özəllikləri var idi ki, saymaqla qurtarmaq olmazdı.

Dayanacağa doğru gedirdi. Bağın içi ilə addımlayıb pillələri qalxdı. Avtobus dayanacağında dayanıb gözləməyə başladı. Xeyli gozlədi. Sonra nə isə fikrini dəyişib metro ilə getməyi düşündü. Elə dönüb metroya tərəf getmək istəyirdi ki, telefonu zəng çaldı. Dayandı. Çantasını açıb telefonu axtarmağa başladı. Üç gözdən ibarət idi çantası. Artıq dalabadal zəng gəlirdi. Nəhayət telefonunu tapa bildi. Kimdir bu belə dayanmadan zəng edir deyə düşündü. Telefonun ekranında Şənlik gülümsəyirdi ona. Düyməni basıb telefonu qulağına apardı.

-Salam canım, Şənliyin səsi qulaqlarında səsləndi.

-Salam

-Hardasan canım çatmışsanmı evə?

Nərmin təəcübləndi.

-Xeyir, hələ çatmamışam

-Hə yaxşı, canım.

-Niyə zəng etmişdin, bir sözün var idimi, deyə səsləndi.

-Necə məgər zəng vura bilmərəmmi mən öz xanımıma?

Xeyli söhbət etdilər.

-Metroya çatıram artıq. Canım öpdüm. Görüşərik.

Telefonu söndürüb çantasına qoydu. Çantasını qurdalayıb içərisindən BakıKART-ı tapıb götürdü. Elə bil bütün insanlar metro ilə gedirdi bu gün. Girişdən insan seli metro aparatlarına yaxınlaşıb səpələnir, hər kəs bir keçiddən keçirdi. Eskalatorda bu insan seli yenidən bir araya gəlirdi. İnsanlar sıx dayanmışdı. Kartını keçiddə qoyulmuş aparata yaxınlaşdırdı. Bu zaman orta yaşlarında bir qadın ona yaxınlaşdı.

-Qızım, məni də keçirərsənmi?

 Dönüb ona baxdı. İlk anda onu başa düşmədi. Lakin qadın xahişini bir də təkrar edəndə sanki yuxudan ayıldı. Buyurun deyib bir addım arxaya çəkildi. Kartı qırmızı işığın yanıb-söndüyü lövhəyə yaxınlaşdırdı. Yaşıl işıq yanan kimi qadın tələsik keçib getdi. Arxasınca Nərmin də keçdi. Eskalatorda yanaşı dayanmışdılar. Qadın ovcunda tutduğu iyirmi qəpikliyi ona uzatdı. Xahiş edirəm götürün. Çox saq olun minnətdaram dedi. Nərmin ehmalca onun əlini kənarlaşdırdı. Lütfən dedi. Qadın çox israr etmədi. Qabağa baxaraq, çox sağ olun. Barı götürəydiniz dedi. Sağ ol qızım kartım evdə qalmışdı. Özümdə tələsirəm. Yaxın rəfiqəmin oğlu şəhid olub deyirlər. İndilərdə gətirəcəklər. Çatmalıyam ora deyə ağlamsındı. Nərminin dalağı sancdı. Axır vaxtlar tez-tez eşidirdi bu sözü. Demək olar ki, hər gün eşidirdi. Bölgələrin gah bir, gah da digər yerlərində xidmət edən əsgərlərimiz şəhid olurdu. Şənlik hər gün sonsuz kədərlə yenə bir hərbiçimizi itirdik deyə heyfslənər, sonra da bir müddət susardı. Çox düşünürdü axır vaxtlar. Bir az da düşüncəli olmuşdu. Torpaqlar düşmən əlindədir. Biz də əlimizi qolumuzu sallayıb gəzirik. Çox çətindir mənim üçün deyirdi.

 Şənlik düşdü yadına. Hiss edirdi ki, əri xiffət çəkir. Axı daha Nərmin Niyala getmirdi. Heç Şənlik də, ona təklif etmirdi. İstəmirdi Nərmin yenidən o anları yaşasın. Anasının o hərəkətini, hansı ki, Zərif göz yaşları içində qardaşına danışmışdı. Heç unuda bilmirdi. Ondan sonra özü getmişdi Niyala. Düşünürdü ki, bəlkə anası peşman olub. Gəlinin gəlmədiyini gorüb səhvini anlayar. Sonra da Nərminlə danışıb dil taparlar. Lakin ana başqa yol seçmişdi. Sən demə daha irəli gedib. Şənliklə Nərmini ayırmaq, onların isti yuvasına su tökmək istəyirdi. Niyala getdiyi gündən onu dilə tutmağa başladı. Onun yaralı yerinə basdı. Ayrıl dedi sənə uşaq lazımdı. Nə çox arvad, əlini yelləsən əllisi gələr. İlk gündən, o uğursuzu alma dedim. Balamı bədbəxt elədi. Baxa-baxa qalmışdı. Qulaqlarına inana bilmirdi. Bu nə sözlər idi anası danışırdı. Heç düşünə bimirdi. Başı almırdı. Susmuşdu. Anası söhbətin cilovunu buraxmışdı. Heç nə demədi ilk öncə. Dərindən köksünü ötürüb, ayağa qalxmışdı. Anası bir az da ürəklənmişdi onda. Düşünməyə gedir yəqin balam. Əvvəl axır ağlı başına gələcək. Mənim sözümə baxacaq deyə xəyallar qururdu. Onda başını götürüb düz meydana getmişdi. Bilirdi ki, xəbər vaxtıdı. Onu heç kim dindirib danışdırmayacaq, fikrini dağıtmayacaqdı. Cünki hamı gözünü dirəyin başında yerləşdirilmiş cihaza zilləmişdi. Hamı dinləyirdi. Neçə gün eləcə günlərini keçirdi. Sabahısı gün atası ilə qardaşı evdən çıxanda, o da çıxmışdı. Daha anasının onun ailəsi haqqında fikirlərini eşitmək istəmirdi. Telefonunu da götürmürdü. Bilirdi ki, telefon üstündə olsa anası onu arayıb tapacaq, evə çağıracaqdı. Elə o anlarda Nərmin Bakıdan zəng vurub danışmışdı qaynanası ilə. Qaynanası onu acılamışdı. Telefonda ona ürək bulandıran sözlər söyləmişdi. Şənlik demişdi sənin əlindən zorla qurtulub. Onu gözləmə, axtarma onu daha bəsdir. Telefonu da ona görə evdə qoyub çıxır ki, bir də səninlə rastlaşmasın. Səsini duymasın. Əl çək dedi canım. İstəmir səni ərin. Övlad istəyir oğlum demişdi. O başa düşürdü ki, Şənlik heç vaxt o addımı atmaz. Lakin nə etsin ki, yalan bir şey olmasa da ürək bulandırır. Şənlik Niyalda olduğu vaxt ərzində bircə dəfə danışa bilmişdilər. Onu da getdiyi günün səhəri. Ondan sonra telefona yalnız Bəyim arvad cavab verirdi. Nərmin çox düşünürdü. Nə üçün Şənlik telefona çıxmasın. Hərdən ağlına qara-qura fikirlər gəlsə də, özünü sakitləşdirirdi. Səbr et deyirdi öz-özünə. Çox qaldı. Çox düşündü. Anası ilə üz-üzə gəldi. Qəti qərarını söylədi anasına. Mən, dedi, ailəmi dağıtmayacam. Bunu bir dəfəlik anlayın, ana. Məni də başa düşün. Bu yaşımda mən ailə dağıtmayacam. Allahın qisməti. Əgər varsa qismətimizdə, ilahi yazıbsa, o da olacaq. Yetər ki, bizi rahat buraxın. Ürəyini boşaldandan sonra yığışıb şəhərə gəlmişdi. Dönmüşdü evinə. Şənlik isə mən sadəcə havamı dəyişməyə, doğmalarımı görməyə getmişdim deyirdi. Beləcə həyatının qərarını bir daha bəyan etmişdi.

Eskalator axıra çatdı. Ehmalca ayaqını atıb növbətçinin yanından keçdi. Dayanıb qatarı gözləməyə başladı.

Lövhədə içərişəhər yanırdı. Uzaqdan, tunelin dərinliklərində, iki göz sürətlə irəliləyirdi. Reslər titrəyirdi. Lövhə yanır sönür, İçərişəhər tabloda hərlənirdi. Qatar perrona yaxınlaşıb dərindən nəfəs alıb dayandı. Elə bil atın cilovunu qəfil çəkib saxlamışdın. Qapılar açıldı. Sərnişinlər içəri doluşdular. Nərmin çantasını yoxlayıb qoluna saldı. Vaqona daxil oldu. Düz ortada dayanmışdı. Elə durmalıydı ki, həm çantasını qorusun, həm də müvazinətini itirmədən dayana bilsin. İki stansiya keçmişdi. Artıq düşməliydi. Bir iki addım atıb çıxışa doğru irəlilədi. Telefonu yenə çalırdı. Vaqondan çıxmaq ərəfəsində idi. Odur ki, telefona baxmadı.

Metrodan çıxıb yolu o tərəfə keçib asta addımlarla avtobus dayanacağına doğru addımladı. Bu dayanacaqdan oturub növbətidə düşəcəkdi. Evə tez çatmaq istəyirdi. Atasına siyahi verib xahiş etmişdi bazara getsin. Nahar vaxtı atası zəng edib istədiklərini aldım demişdi. 56 nömrəli avtobus ağır-ağır gəlib dayandı. Elə dayandı elə fısıltı saldı ki elə bil ki, yüz illlik yol gəlmişdi. Dayanacaqda canlanma yarandı. Avtobusun qapıları açılar-açılmaz insanlar dəstə ilə qapıdan içəri daxil olmağa çalışırdı. Orta qapıda daha çox adam dayanmışdı. Nərmin də, əslində orada dayanmışdı. Dayanan insanlara baxıb fikrini dəyişdi bir anda. Kənara çəkilib çantasını açıb telefonunu çıxardı. Taksinin nömrəsini tapıb “yes” nomrəsini yığdı. Ünvanı söyləyib kənara çəkildi. Bir azdan gümüşü rəng Mersedes markalı maşın gəlib bir az irəlidə dayandı. Nərmin maşının nömrəsinə baxıb, aldığı bildirişlə tutuşdurub, sifariş etdiyi maşın olduğunu anladı.

Ardı var...


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam