"Salxım söyüd" - Natavan Niyal
Salxım söyüd
Yenixeber.org: Davamı...
... İş onun həyatının bir parçasına çevrilmişdi. İş yoldaşları da eləcə. Tez -tez zəngləşirdilər. Həyatına rəng qatılmışdı. Nərmin buna sevnirdi. Əvvəlki işində vaxtı çox idi. Fikrini qarışdıran müxtəlif dedi-qoduları düşünməyə, onları araşdırmağa daha meyilli idi. Dəyişmişdi. Çox dəyişmişdi. Daha anasının zənglərindən sonra xəyal aləminə cummurdu. Qaşqabaq tökmürdü. Dinləyib sağollaşandan sonra deyilənləri elə oradaca unudurdu. Daha anası da telefonda uzun-uzun danışmırdı. Anasının dediklərini dinləsə də, əhəmiyyət vermirdi. Yəni valideynləri, bacı qardaşı həmişə onun üçün birinci yerdəydi. Lakin Nərmin söhbəti açılanda onu kəsəsinə bağlayardı. Artıq zənglərin sayı azalır, mesajların cavabları qısalırdı. Niyala getməklər ixtisara salınmışdı. İşindən və Nərmindən başqa hər şey maraq dairəsindən çıxmışdı. Daha əvvəlki Şənlik deyildi. Nərmin də rahatlanmışdı, müalicələri bitmişdi. Elə məqamda idi ki, daha düşünmürdü. Özünə söz vermişdi hadisələri öz axarına buraxacaqdı. Daha həsrətlə dəqiqəbədəqiqə ayın axrını güdməyəcəkdi. Göydə tanrı, yerdə şəfalı əllər. İşə həvəslə gedirdi. Daha kiməsə ağız açmırdı. Harasa tələsmirdi. İzn almaq da yox idi. Eləcə bəxtəvər günlərini yaşayırdı qız. Daha hər addım başı sözləri çəp gəlmirdi. İnsanın həyatı öz əlindədir deyiblər. Onu öz istədiyi məcraya yönəltməyə qadirdi insan oğlu. Şənlik də bunu anlamışdı. Bir kəlam oxumuşdu. Unutmuşdu kimin sozləridir. Daha doğrusu müəllifini təyin edə bilməmişdi. “Yüz böyük türk” adlı kitab gördü bir dəfə kitabxanada, Mələyin iş stolunun üstündə. Maraqlanmışdı. Kitabı götürmüşdü oxumaq üçün. Yüz səhifə olmazdı. Vaxtı olduqca oxuyurdu. Axır səhifəyə çatanda bir parça kağız gördü. Əllə yazılmışdı. “Həyatda ya tozu dumana qatarsan, ya da tozu-dumanı udarsan”. Kağızı o üz bu üzünə çevirib baxdı. Bu çox güman ki, bir oxucunun, bu kitabı oxuyanın kitabdan çıxardığı nəticə idi. Bəlkə də belə deyildi. Amma düşündürücü idi. Doğurdan da, bu kitabın içindən çıxan bu cümlə nə qədər düşündürücü idi? İnsana reallığı diktə edirdi.
Parkı dənizlə ayıran o məşhur baryerə çatıb dayandılar. İkisi də birdən dilləndi.
Keçək o tərəfə.
Səssizcə baryer boyu addımlayıb keçidə çatdılar. Şənlik onu irəli buraxdı. Qumlu, çınqıllı sahildə dayanıb uzaqlara gəmilərin getdiyi istiqamətə baxırdılar. Gəmilər getdikcə uzaqlaşır, kiçilirdi. Həmin axşam orada uzun vaxt keçirdilər. Heç geri qayıtmaq istəmirdilər. Xatirələrin qucağında xumarlanırdılar. Sakitlik idi. Hərə öz aləmində. Yenə səssiz danışırdılar. Nərminin yadına o gün işdə, Gültəkinin proqramçı oğlanla etdiyi söhbət düşdü. Yenə onun bostanına daş atırdı. Bu qadının şakəri idi. Kiməsə söz atmasa kiminsə qanını azca da, olsa qaraltmasa sakit ola bilmirdi. Yenə zəvzək-zəvzək danışırdı. Oğlana suallar verirdi. Oğlun necədi? Qızın necədi?. Oğlan da, aradabir onun suallarına cavablandırırdı. Sonra keçdi arvadına.
-Sənin yoldaşınla aranızda sevgi məhəbbət olub, yoxsa valideynlərinin sözü ilə ailə qurmusan?
Oğlan başını qaldırıb təəcüblə ona baxdı:
-Nə olub ki? Nə üçün soruşursunuz?
-Heç elə belə. Deyirlər kim ki, sevib evlənib onlar it -pişik kimi dolanır. Ona görə maraqladım.
- Aha-Oğlan qarşısındakı kompüterdən gözlərini ayırıb diqqətlə ona baxdı. Kursoru əlindən buraxdı.
-Mən anladığımı anladım, Gültəkin xanım. Günün mövzusunu seçmisiniz artıq. Sevib evlənənlər. İndi kimin bostanına daş atırsan mənim, ya Xaliqin?
Xaliq də onlarla yanaşı otururdu. O da komputer mütəxəssisi idi. Xaliq adətən söhbətlərə baş qoşmaz, sakitcə oturub işləyərdi. Başı o qədər qarışıq olurdu ki, hələm- hələm onu söhbətə tutmaq olmurdu. İndi adını eşidəndə bir anlığa onlara baxdı. Rus dilində «ne ponyal vı obo menya qovorite»? deyə sual verdi. Gültəkin xanım ona bələd idi. Tez özünü yığışdırdı.
-Mənciyəz yox! Odu danışan.
Proqramçı oğlan gülə-gülə dedi:
-Hər şey aydındı, Gültəkin xanım. Məndən uzaq. Günün şoku yaşanacaq. İşim çoxdu. Üzürlü sayın müdir mənə iş tapşırıb. Bu mövzu ağır mövzudur.
Nərminə tərəf baxıb qımışdı.
-Nərmin xanım, bu günü yola verin.
Nərmin bilirdi ki, bir kəlmə danışsa bu söhbətə qoşulmuş olacaq. Gültəkin xanıma da, o lazım idi. Beləcə allah-allah yola vermişdi o günü. Yadına o uğursuz qadının sözü düşdü. İlahi hardan hara. Yox şükür ki, onlar yaxşıdı. Düzdü çətinlikləri çoxdur. Amma hələ ki, mehribandılar. Dənizin sahilində çox oturdular. Sevda dolu xoşbəxt günlərini xatırlayıb səssiz söhbətlər etdilər.
Saat altıya işləyirdi. Hələ oturmuşdu. Düşünürdü. Məzuniyyət vaxtını dəqiqləşdirməliydi. Ağır müalicə almışdı. Həkim məsələhət görmüşdü ki, müalicədən sonra səfalı yerlərin birinə gedib dincəlmək məsləhətdi. Həmin anda fikrindən Niyal keçmişdi. Lakin, ona gorə yox ki, ora getmək istəyirdi. Sadəcə Şənliyi tanıyıb sevdiyi vaxtdan onun dünyaya göz açdığı Niyalı da bəyənmişdi. Qiyabi olaraq vurulmuşdu. Niyala gedib tanış olmamış sevgilisinin söhbətlərindən tanımışdı oranı. Amma gedib özü Niyalı görəndə əmin oldu ki, bəyəniləsi yerdir. Elə indi də Niyal haqqında düşünürdü. Əri, onun valideynləri, xüsusən də qaynatası haqqında ürəyindən isti hisslər keçirdi. Nərmin görürdü ki, Ərşad kişi ona necə hörmət edir. Doğma qızı Zərifdən heç nə ilə fərqləndirmir. Bəzən də deyirdi ki, mənim ağıllı qədirbilən qızım. Qızım sözünü vurğulayır, gəlinini əzizləyirdi. Amma nə olsun. Fikri qəti idi. Qəlbi yaman sınmışdı. Qaynanası xətrinə pis dəymişdi. Bəlkə də, bilə-bilə etməmişdi. Amma elə də böyük olmayan bir evdə səsin bir otaqdan digərində eşidiləcəyini bildiyi halda ucadan hönkürüb ağlamışdı. Ağlamağı bir tərəfə, necə sözlər söyləmişdi. Hissə qapılmışdı.
Taqqıltı səsinə dönüb yana baxanda Gültəkin xanımın sualedici baxışları ilə rastlaşdı. Qadın onun baxdığını görüb, əlini iş stolunun siyirməsinə atıb onu açdı. Məqsədsiz şəkildə siyirmədə əşyaları tərpədirdi. Özünün məşğul göstərməyə çalışsa da fikri Nərmində idi. Nərmin koftasının qolunu yuxarı qatlayıb saata baxdı. Altının yarısı idi. “Necə də fikrə dalmışam” deyə düşünüb tez-tez yığışmağa başladı. Gültəkin xanım, bu çox bilmiş, özündən çox, başqalarının həyatı ilə maraqlanan bu qulağagirən, əli siyirmədə üzünü ona çevirib, hərəkətlərini izləməyə başladı. Sonra da gülə-gülə:
-Ay Nərmin,xeyir ola evinə eşiyinə getmək fikrin yoxdurmu sənin? Nərmin gözünün üstünə düşən qumral saçını başının hərəkəti ilə dala atıb sınayıcı nəzərlə ona baxdı. Özünü saxlamadı.
-Sizi narahat edən nədir?
Gözləmirdi deyəsən. Dolu girdə sifəti bir anda dəyişdi. Gözləri özündən asılı olmayaraq dəyirmiləşdi. Siyirməni açdı. Sonra bağladı. Aşağı əyilib guya yerdən nə isə qaldırırmış kimi hərəkətlər etdi. Qaşlarını qaldırıb əda ilə
-heç... -deyib üzünü yana çevirdi. Xətrinə dəydi deyəsən. Amma öyrəncəli idi. O qədər onun bunun işinə qarışırdı ki, cavabını verəndə də, özünü itirmirdi.
Yanaşı oturduğu iş yoldaşları altıya beş-üç dəqiqə qalmış bir-birinin ardınca getdilər. Gültəkin xanımın deyəsən getmək fikri yox idi. Ya da belə görünürdü. Çox qəribə xisləti var idi. Özünü xanım-xatın göstərmək istəsə də əsil xislətini bəyan edirdi. Camal kamaldan gələr deyib atalar. Üz cizgiləri çirkin olmasa da adama yapışmırdı. İç dünyası üzünə vurmuşdu.
Nərmin yavaş-yavaş hazırlaşmağa başladı. Gültəkin xanım altdan-altdan onu süzürdü. Gözləri kompüterdə olsa da bəlli idi ki, fikri Nərmindədir. Nərmin nə düşündüsə, kursoru əlinə alıb kompüterdə açdığı səhifələri bağladı. Sonra kursoru kompüterin aşağı sol küncündə gəzdirərək bağla komandasını verdi. Bilirdi ki, o durub getməsə bu qadın yerindən tərpənməyəcək. Çantasını açıb oradan kosmetik vasitələr yığdığı kiçik qırmızı torbanı stolun üstünə qoydu. Torbanın içində keçən dəfə Tarqovı kücəsinin sonunda yerləşən ətriyyat dükanından aldığı bahalı ətiri çıxarıb duxulandı. İstədi dodaq boyası çəksin lakin ərindi.
Gültəkin xanımın səbri tükənmək üzrə idi. Bu gün əslində o tez gedəcəkdi. Nərminin yubanması onu da yolundan etmişdi. Fikri Nərmində idi. O çıxan kimi, bu da çıxacaqdı. Xəbisliyi ona mane olurdu. Nərminin bu gün belə arxayıncasına hərəkət etməsi onu maraqlandırmışdı. Nəhayət ekran qaraldı. Nərmin ayağa durub çantasını əlinə aldı. Dönüb candərdi Gültəkin xanımla sağollaşıb çıxdı. Qapıdan çıxanda o tərəfdən gələn Alimlə rastlaşdı. Alim onu görən kimi:
-Salam, Nərmin xanım necəsiniz? Elə yerdə rastlaşdıq ki, bir də sağ ol deyək də, başqa çarə yoxdur.
İçəridən Gültəkin xanımın səsi gəldi.
-Səndəmi bu gün geç qalmısan, ay Alim? Elə bil sözləşmisiniz? Nərmin xanımla eyni vaxtda çıxırsız. Allah mehriban eləsin -deyə uzaqdan-uzağa söz atdı. Qapı yarı aralı olsa da görmüşdü Alim müəllimi. Nərmin dillənmədi. Sadəcə susdu. Gültəkin xanımın hər gün bir yeni xüsusiyyətini öyrənirdi. O qədər özəllikləri var idi ki, saymaqla qurtarmaq olmazdı.
Ardı var
Natavan Niyal