Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Bu gün Fikrət Əmirovun doğum günüdür

 

3888

Fikrət Əmirov dünya musiqisinin ən möhtəşəm və parlaq incilərini uğurla yarada bilib

   "Xeberinfo.com": Azərbaycan musiqisində simfonik muğam janrının banisi, instrumental konsert janrında ilk əsərlər yazan Azərbaycan bəstəkarı Fikrət Əmirov dövrünün məşhur sənətkarlarından idi. Onun musiqisi ötən əsrin sənət zirvələrini fəth edərək bu unudulmaz və görkəmli bəstəkara dünya şöhrəti gətirmişdi. Fikrət Əmirov hələ 1967-ci ildə yazırdı: “Üzeyir Hacıbəyli mənim sənət müəllimim olub. Milli musiqimizin incəliklərini mən ondan öyrənməyə çalışmışam. Yaxın və Orta Şərq professional musiqisi üçün Üzeyir Hacıbəylinin yaradıcılığı böyük bir məktəbdir. Bu məktəbi hələ çoxları keçəcək, bu məktəbdən çoxları öyrənəcək”.

Özünün dediyi kimi, dahi Üzeyir bəy məktəbinin yetirməsi olan Fikrət Əmirov sənətkar olmaq üçün sənətə vurğun kəsilməyi çox vacib sayırdı. Böyük bəstəkarın fikrincə, hər kəs öz mədəniyyətini, ədəbiyyatını, musiqisini ürəkdən sevməlidir. Çünki zirvəyə gedən yolda təkcə istedadlı olmaq azdır, gərəkdir ki, sənətə bağlı hər kəsdə böyük məsuliyyət hissi və soy kökə, milli adət-ənənəyə bağlılıq olsun. Belə halda qədimliklə müasirliyin qovuşması böyük əsərlərin yaranmasına səbəb olur. Bəlkə də elə bu baxımdan Fikrət Əmirov korifey sənətkarlardan birinə çevrildi. O, öz xatirələrində yazırdı ki, mənim yaradıcılığıma üç parlaq məşəldən işıq düşüb. Bu müdrik simalar həmişə onun gözlərinin önündən çəkilməyib: Üzeyir, Bülbül, Vurğun…

Böyük bəstəkarın atası tarzən Məşədi Cəmil Əmirov dövrünün görkəmli musiqi xadimlərindən biri olub. Hələ 1910-cu ildə Riqada “Qrammofon” firması Məşədi Cəmilin Azərbaycan musiqiçiləri ilə birgə ifa etdiyi muğam və xalq mahnılarını vala yazmışdır. 1911-1912-ci illərdə Məşədi Cəmil İstanbulda “Heyratı” muğamını nota köçürərək nəşr etdirmişdir. Tədqiqatçılar söyləyirlər ki, Məşədi Cəmil adi tarzən deyildi, o, muğamlarımızın, xalq mahnılarımızın dərin bilicisi sayılırdı. O, təkcə ifa etmirdi, həm də iri musiqi əsərləri yaradan bir sənətkar kimi də fəaliyyət göstərirdi. Cəmil Əmirov “Seyfəlmülk” operasının (1915) və “Namuslu ər” dramının (1923) müəllifidir. Əslən şuşalı olan Məşədi Cəmil sonralar bir müddət Gəncədə yaşamışdır. Elə Fikrət Əmirov da bu şəhərdə doğulmuş, musiqi məktəbinin tar sinfini Gəncədə bitirmişdir.

Ağır repressiya illərində Bakıda təhsil almaq istəyən Fikrət Əmirov bir müddət öz arzularından uzaq düşmüşdür. Qəfil başlayan İkinci Dünya müharibəsinin ağır səngərlərində faşistlərlə döyüşmək məcburiyyətində qalmışdır.

Müharibədən sonra Azərbaycan Dövlət Konservatoriyasında təhsil alan Fikrət Əmirov çox gərgin əmək fəaliyyətinə başladı. O, bir tərəfdən müxtəlif sənət məbədlərinə – Dövlət Filarmoniyasına, Opera və Balet Teatrına, Bəstəkarlar İttifaqına rəhbərlik edir, digər tərəfdən də musiqi tariximizin çox vacib səhifələrini yazırdı. Musiqi sənətimizin demək olar ki, bütün sahələri üzrə öz qabiliyyətini sınayan və bu sınaqdan çox uğurla çıxan Fikrət Əmirov istedadlı və hərtərəfli bəstəkar idi. O, səhnə əsərləri üçün də musiqi bəstələyirdi. “Ürəkçalanlar”, “Gözün aydın” adlı komediyalara yazdığı musiqilər öz lirizmi, qəlbə yatımlığı, coşqunluğu və təsirliliyi ilə seçilirdi.

Professional musiqi tariximizə nəzər salsaq, onun nə qədər zəngin olduğunun, eyni zamanda, görkəmli nümayəndələr yetirdiyinin şahidi olarıq. Bu sənət korifeylərinin sırasında Fikrət Əmirovun öz yeri var. Bəstəkarın simfonik əsərləri ona daha çox şöhrət və məhəbbət gətirmişdir. Xatırladaq ki, simli orkestr üçün “Nizami” simfoniyası Fikrət Əmirovun bu sahədə gələcək nailiyyətlərini təsdiqləyən ilk uğurlu əsərlərdən biri oldu. “Şur”, “Kürd ovşarı” və “Gülüstan-Bayatı Şiraz” simfonik muğamları ilə Fikrət Əmirov simfonik musiqi tarixində qeyri-adi bir yeniliyin müəllifi kimi mədəniyyət tariximizin təzə səhifələrini yazdı. Beləliklə də Azərbaycan musiqisində simfonik muğam janrının nəinki əsası qoyuldu, həm də ilk və möhtəşəm nümunələri yaradıldı.

Buna baxmayaraq, Fikrət Əmirov həmişə təvazökar və sadəliyi ilə seçilirdi. O, bütün uğurlarını dahi Üzeyir Hacıbəylinin adı ilə bağlayır, onun şagirdi, tələbəsi, ardıcılı olmağı ilə fəxr edirdi. O yazırdı: “Azərbaycanda simfonik musiqi janrının yaranması və onun inkişafı tarixinə müxtəsər nəzər salarkən ilk növbədə musiqimizin banisi ustadımız ölməz Üzeyir Hacıbəyli yadımıza düşür”. Bu, adi xatırlama deyil, böyük bir bəstəkarın öz müəlliminə olan dərin ehtiramından, məhəbbətindən xəbər verir. Ənənə o zaman yaşayır və davam edir ki, hər iki tərəfdə güclü bağlılıq olsun. İddialar, mənəm-mənəmlik heç zaman sənətə başucalığı gətirməyib. Əgər Azərbaycan simfonik musiqisinin əsl inkişafını nəzərdən keçirəndə ötən əsrin 20-ci illərində Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, çox qısa ömür sürmüş Asəf Zeynallı yada düşürsə, bu sıranın ən ləyaqətli, ən bəhrəli nümayəndələrindən biri də məhz Fikrət Əmirov xatırlanır. O, çox məhsuldar işləyirdi. “Azərbaycan süitası”, “Azərbaycan kapriççosu”, “Simfonik rəqslər”, “Azərbaycan qravürləri” adlı orijinal əsərlər Fikrət Əmirovun yeni uğurları idi. Bəstəkar Azərbaycan simfonik musiqisinə yeni janrlar gətirmişdir. Fikrət Əmirov Azərbaycan simfonik musiqisini dünya professional musiqisinin tərkib hissələrindən birinə çevirməyi bacarmışdır.

Dahi bəstəkarın musiqi tariximizdə rolu bəllidir. Fikrət Əmirov Azərbaycan mədəniyyətində iki nəhəng musiqi abidəsi ucaldıb. Bunlardan biri 1953-cü ildə səhnəyə vəsiqə almış “Sevil” operası, ikincisi isə müəllifinə dünya şöhrəti gətirmiş “Min bir gecə” (1979) baletidir. Bu əsərdə yeni həyat, azadlıq uğrunda mübarizə Fikrət Əmirovun musiqisi ilə çox canlı, emosional və təsirli alınmışdır.

“Sevil” operası 1963-cü ildə böyük dirijorumuz Niyazinin rəhbərliyi ilə Moskvada ifa olunmuşdur. Eləcə də Səmərqənddə tamaşaya qoyulmuş və ekranlaşdırılmışdır. Əsl sənət əsərləri üçün zaman, quruluş məfhumu yoxdur. Fikrət Əmirovun bütün yaradıcılığı sovet dövründə çiçəklənsə də, o elə əsərlərə can və həyat verib ki, bunlar illəri, əsrləri keçərək gələcəyə addımlamaqdadır. Bu mənada “Min bir gecə” baleti təkcə Azərbaycan musiqisinin deyil, dünya mədəniyyətinin incilərindən sayılır. Bu baletdə Azərbaycan təranələri ilə bərabər ərəb musiqisinin ahəng və ritmlərindən də istifadə edilmişdir. Dahi bəstəkarın öz sağlığında bu balet dünyanın bir çox möhtəşəm konsert salonlarında dəfələrlə ifa olunmuşdur. Ötən əsrin 70-80-ci illərində mətbuat bu baletlə əlaqədar Fikrət Əmirov haqqında məhz belə yazırdı: “Zəmanəmizin böyük bəstəkarı”. Bu şöhrətin nəticəsində onun ünvanına müxtəlif fəxri adlar, titullar, orden və medallar daxil olurdu. SSRİ xalq artisti, SSRİ Dövlət mükafatı laureatı… Bütün mükafat və titulları sadalasaq, çox uzun bir siyahı yaranar. Varlığı ilə millətinə, onun musiqisinə bağlı bir sənətkarın geniş şöhrətə, ad-sana, böyük məhəbbətə, rəğbətə sahib durması hər şeydən əvvəl onun qeyri-adi istedadı və meydana çıxardığı musiqi əsərlərinin qüdrəti ilə bağlıdır. Bütün dövrlərdə olduğu kimi, təbii ki, Fikrət Əmirova da qısqanclıqla yanaşanlar, ona mane olmaq istəyənlər də olub. Amma heç kim onu inkar etmək, qarşısını kəsmək iqtidarında deyildi. Buna bir səbəb də dahi bəstəkarın yaradıcılığında yüksək idealların tərənnüm olunması idi. Fikrət Əmirov yazırdı: “Əsl novatorluğu xalqın həyatından, canlı ənənələrindən, milli zəmindən ayrı təsəvvür etmək mümkün deyildir. Gənc bəstəkarlara bu həqiqəti dönə-dönə demək, başa salmaq vacibdir. Onlara qayğı ilə yanaşmaq, eyni zamanda, güzəştə getmək yox, böyük tələbkarlıq göstərmək lazımdır”. Deyirlər, xəstəliyin qarşısını almaq, onu müalicə etməkdən çox-çox asandır. Sənətdə də belədir: Həmişə yaxşı nümunələrin təbliğinə, zərərli meyillərin pisləşməsinə – musiqi tənqidinə böyük əhəmiyyət verən Fikrət Əmirov öz yaşıdlarından da, gənc həmkarlarından da həmişə uzunömürlü sənət əsərlərinin yaradılmasını tələb edirdi. İndi musiqi yaradıcılığında baş verən xaosu, qeyri-peşəkarlığı muşahidə etdikcə, belə bəstəkarların yoxluğuna, tənqidi fikrin olmamasına təəssüflənirsən.

Fikrət Əmirov iri, orijinal musiqi əsərlərinin müəllifi olmaqla bərabər, həm də bir-birindən gözəl mahnılar bəstələyirdi. Unudulmaz ifaçılarımız Rəşid Behbudov, Şövkət Ələkbərova və başqaları onun musiqi əsərlərini böyük şövqlə oxuyardılar. Fikrət Əmirovun ruhundan qida almış o şərqilər indi bizim retro mahnılarımızdan sayılır. Bəstəkarın “Gülərəm gülsən”, “Mən səni araram”, “Reyhan”, “Gülür ellər” adlı məşhur romans və mahnıları indi də repertuardan düşmür. Elə müğənnilərimiz var ki, onlar ilk dəfə məhz Fikrət Əmirovun mahnıları ilə əsl professional məktəb keçiblər. Xalq artisti İlhamə Quliyeva həmişə etiraf edir ki, onun müğənni kimi uğur qazanmasına əsl səbəb məhz Fikrət Əmirovun mahnıları olub. Bu etirafda həqiqət var. Çünki bizim hər birimiz İlhamə Quliyevanın ilhamla oxuduğu “Göygöl” mahnısını heç vaxt unutmuruq. Yurdumuzun təbii bir incisi haqqında olan bu mahnıda Fikrət Əmirov musiqisi əsl möcüzə yaradıb.

Unudulmaz bəstəkarın məlahətli musiqisini yaşadan bir sıra kinofilmlərimiz də var: “Böyük dayaq”, “Səhər”, “Mən ki gözəl deyildim” və s. Böyük və unudulmaz bəstəkar öz istedadının sayəsində sənətdə elə bir zirvənin sahibi olub ki, onun musiqisi yurdumuzun dağı, daşı, çayı, dənizi kimi əbədidir. Fikrət Əmirov musiqisi əbədi varlığımızdır, səhərlə dan yerində qızaran Günəşimizdir – şəfəqləri məmləkətimizin hər guşəsində əks olunur.

Hər bir xalqın milli mənliyinin qorunması üçün onun mədəniyyəti, incəsənəti, musiqisi, dili və tarixi başlıca rol oynayır. 70 il sovet imperiyasının tərkibində yaşasaq da, milli mənliyimizi saxlaya bildik. Ədəbiyyatımızı, mədəniyyətimizi, musiqimizi mühafizə etdik. Bu, gələcək nəsillər üçün də bir örnəkdir. Ötənlərə boylananda Azərbaycan musiqi tarixində silsilə zirvələr görürük. Bu ucalıqda dayananlardan biri də məhz Fikrət Əmirovdur. Dahi bəstəkarın adının əbədiləşdirilməsi ilə əlaqədar xeyli işlər də görülüb. Bakıda, Gəncədə, Sumqayıtda onun adını daşıyan ünvanlar, musiqi məktəbləri vardır. Gəncə Filarmoniyası, Dövlət Mahnı və Rəqs Ansamblı da məhz Fikrət Əmirov isminin işığında parlaq incilər yaradır. Ötən ilin sentyabrında paytaxtımızda Fikrət Əmirovun adını daşıyan küçədə dahi bəstəkarın abidəsinin açılış mərasimi keçirildi. Həmin tədbirdə iştirak edən ölkə Prezidenti İlham Əliyev çıxışında dedi: “Ulu öndər Heydər Əliyev Fikrət Əmirovun fəaliyyətinə, onun şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Onları dostluq əlaqələri bağlayırdı. Bəzi hallarda onların görüşlərini mən də kənardan müşahidə edirdim və görürdüm ki, bu insanlar arasında nə qədər səmimi münasibətlər vardır. O vaxt Sovet İttifaqının ən böyük mükafatı – “Sosialist Əməyi Qəhrəmanı” adı da Fikrət Əmirova sovet dövləti tərəfindən Heydər Əliyevin təşəbbüsü ilə verilmişdi. Fikrət Əmirov bütün ömrü, bütün yaradıcılığı ilə Azərbaycan xalqına xidmət edirdi. Bir daha demək istəyirəm ki, onda çox böyük vətənpərvərlik duyğuları var idi. Baxmayaraq ki, yenə də deyirəm, o vaxt Azərbaycan müstəqil deyildi və ölkəmizin incəsənətini, Azərbaycan xalqının nə qədər istedadlı olduğunu biz ancaq incəsənət vasitələri ilə nümayiş etdirə bilərdik. Bu gün Azərbaycan, əlbəttə, müstəqil dövlətdir və müstəqil dövlət kimi uğurla inkişaf edir, yaşayır, özünü tanıtdıra bilmişdir… Azərbaycan xalqı haqlı olaraq fəxr edir ki, onun Fikrət Əmirov kimi böyük bəstəkarı olmuşdur və vardır. Çünki onun əsərləri bu gün də yaşayır”.

Şöhrəti ölkələr dolaşan bu xoş taleli sənətkarın əsərlərinin əksəriyyətini, xüsusilə də simfonik muğamlarını ötən dövrün çox böyük dirijorları ifa etmişlər. Azərbaycanda yaratdığı əsərlər dünyanın böyük konsert salonlarında əzəmətlə səslənmişdir. Fikrət Əmirov bütün söhbətlərində, məruzə və çıxışlarında həmişə bir məsələni xüsusilə vurğulayırdı: “Xalqımızın musiqi mədəniyyətinin ən qədim qolu muğam ifaçılığıdır. Əsrlər boyu musiqimizi Yaxın və Orta Şərqdə təmsil edən, onun şöhrətini yayan da muğam ustalarımız olmuşlar. Muğam dəsgahlarımız Azərbaycan musiqisinin mayasıdır. Biz o zaman bəşəri heyrətə gətirən böyük musiqi əsərləri yarada bilərik ki, kökümüzü, klassik irsimizi unutmayaq. Azərbaycan muğam sənətinin paklığını həmişə qoruya bilək”. Bəlkə də bu paklığa, təmizliyə bağlı olduğundan Fikrət Əmirov dünya musiqisinin ən möhtəşəm və parlaq incilərini belə uğurla yarada bildi.

Prezident İlham Əliyev 6 fevral 2012-ci ildə görkəmli Azərbaycan bəstəkarı, tanınmış ictimai xadim, xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatı laureatı Fikrət Əmirovun anadan olmasının 90 illiyi ilə əlaqədar sərəncam imzalayıb. Sərəncamda deyilir: “Azərbaycanın musiqi sənəti tarixinə parlaq səhifələr yazmış Fikrət Əmirovun musiqinin ən müxtəlif janrlarını əhatə edən çoxsaylı əsərləri, o cümlədən opera, balet, simfoniya, mahnı və romansları xalqımızın mədəni sərvətlər xəzinəsinin qızıl fondunda xüsusi yer tutur. Böyük bəstəkar milli musiqimizin zəngin ənənələri ilə dünya mədəniyyətinin mühüm nailiyyətlərinin qovuşuğunda misilsiz sənət inciləri meydana gətirmişdir. Bəstəkarın dünyanın ən iri konsert salonlarında mötəbər orkestrlərin ifasında səsləndirilən simfonik muğamlarının Azərbaycan mədəniyyətinin tanıdılmasında müstəsna rolu vardır”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam