Ulusumuzun Üzeyir Hacıbəylisi
"Xeberinfo.com": Xalq – etnos birliyi, ərazi birliyi, dil birliyi deməkdir. Xalq adlı mahiyyətin özülü yetkin fərdlərdir. XX yüzil bir çox xalqların “ölüm-dirim” dövrü oldu. Təbiidir ki, xalq – gerçəkliyi ötmək hadisəsidir, o, yalnız insaniliyin, xəlqiliyin mahiyyətinə uyğun yaşayanda əbədi var olur.
Keçən yüzilin başlanğıcında Azərbaycan aydınlarının millətin qayğılarına yönəlik fədakarlıq, özündənkeçmə səviyyəsində çabaları daha artdı.
***
Bu dönəmdə yaradıcılığa jurnalistika ilə başlayan Üzeyir Hacıbəyli həm də peşəkar bəstəkarlıqla məşğul oldu: 22 yaşında “Leyli və Məcnun” operasını ortaya qoydu. Düzdür, bu əsər onun sonrakı əsərləri ilə qarşılaşdırmada möhtəşəm deyil, ancaq bütün hallarda milli operamızın başlanğıcıdır.
Üzeyir Hacıbəylinin həyatı faciəviliklə doludur: Düşünmək olar, sovet imperiyasının qılıncının kəshakəs çağında yaşamaq və yaratmaq onun üçün necə dözülməz olub.
***
XX yüzilin başlanğıcından hərtərəfli gərgin yaradıcılığının Azərbaycan Xalq Cümhuriyyətinin qurulması dövründə daha da artması, Cümhuriyyət zamanı ictimai-siyasi fəaliyyətin zənginliyi, Azərbaycanın Sovet imperiyasına qatılmasından sonra ömrünün büsbütün musiqiyə və sovet quruluşunun tələbi yönündə ictimai-pedaqoji fəaliyyətə həsr olunması Üzeyir bəyin nələr çəkdiyini aydınca göstərir.
Üzeyir bəy 1920-ci ildən sonra siyasi fəaliyyətdən ayrıldı, demək olar, ömrünü musiqiyə həsr etdi. O, anlayırdı ki, Azərbaycanda imperiyanın ömrü uzun çəkəcək. Düzdür, onunla birlikdə sovet dönəminə Hüseyn Cavid, Əhməd Cavad, Cəfər Cabbarlı, Mikayıl Müşfiq də ayaq basdılar. Sovetlər üçün hətta möhtəşəm milli musiqinin varlığı belə ədəbiyyat qədər təhlükəli deyildi. 1930-cu illərin repressiyası daha çox ədəbiyyat adamlarını apardı.
1937-ci ilə kimi artıq Üzeyir bəy özünü sovet bəstəkarı kimi təsdiq edə bildi. Bu, onun sağ qalıb professional milli musiqimizin yeni-yeni örnəklərini yaratması üçün gərəkli idi.
Görünür, quruluş da Üzeyir bəyin sağ qalmasında maraqlı idi: şeirdə Səməd Vurğunu, musiqidə də Üzeyir bəyi saxladı, çoxlarını isə yox etdi.
***
Azərbaycan professional musiqisinin yaradıcısı Üzeyir Hacıbəylinin gördüyü işlər heyrətamizdir. Onun Azərbaycan Xalq Cümhuriyyətinin möhtəşəm himnini yazması, o dövrdə Cümhuriyyətin varlığı üçün olduqca gərəkli işlər görməsi ardıcıl millətimiz üçün fədakar yaşamasından soraq verir. Azərbaycan Xalq Cümhuriyyətinin dövlət himni möhtəşəmdir: bu gün o, Azərbaycan Respublikasının dövlət himnidir. Bu himnin sözlərində müəyyən uyarsızlıqlar olsa da, musiqisinin dahiyanə olması danılmazdır: “Himnin əvvəlinin fəlsəfi mənası haray, ortası ümid, sonu isə inamdır “ (Asif Ata).
Habelə onun yaradıcılığında “Sənsiz”, “Sevgili canan” romansları ayrıca hadisədir, “Koroğlu” operası isə zirvə təşkil edir. "Koroğlu" operasındakı "Üvertüra" mahiyyətcə “Qədimdən gələn səsdir” (Asif Ata). Gərək insan xəlqi mahiyyəti görsün ki, möhtəşəm əsər yaratsın.
* **
Jurnalist, publisist, dramaturq, pedaqoq, sənətşünas, ən başlıcası isə bəstəkar, fədakar insan... Həyat hadisələrini, insan münasibətlərini dərindən öyrənən, bilən, milli duyğudan ayrılmayan, neçə-neçə yaradıcı gəncə insani qayğı göstərmək, ömrün bu sayaq qayğılarla dolması Üzeyir bəyin fədakarlığının danılmaz örnəkləridir. O, gerçəkdən fədai idi. Xoşbəxtlikdən Üzeyir bəyin yaratdığı milli özül güclü oldu. Çünki özü həmin özülə bağlı idi, bir an da ondan ayrılmadı.
İllər öncə Azərbaycan cəmiyyətində Üzeyir Hacıbəylinin əlyazmalarının, əşyalarının oğurlanması, tapılaraq yenidən muzeyə qaytarılması ilə bağlı söz-söhbətlər oldu. Türk ruhundan doğulmuş Üzeyir Hacıbəylinin canlı yaradıcılıq soraqlarının sübutu, ifadəsi olan əlyazmalarının yoxa çıxarılması istəyi onu sevməyənlərin gözündə qaldı. Bu hadisə gerçək anlamda xətasız sovuşsa da, hər halda xalqımız üçün dərs olmalıdır. Yəni bir xalq kimi belə hadisələrdən bundan sonra da sığortalanmayacağımızı, yenə də baş verə biləcəyini, daim bu sayaq durumlara hazır, ayıq-sayıq olmalıyıq. Zaman-zaman Azərbaycanın çoxlu milli-mənəvi soraqları məhv edilib, başqa millətlərin adına çıxılıb. Bizi sevməyənlər mümkün qədər belə örnəkləri təhrif, hətta yox ediblər. Yüzillərlə türkə qarşı həqarət, hər sayaq murdarlıq, xəyanətlər edən soysuz, ruhsuz ermənilər indi daha da amansızlaşıblar.
***
Bu gün Azərbaycanda ədəbiyyat, musiqi sahələrində yeni nəfəslərin, orijinallığın yavaş-yavaş azalması müşahidə edilməkdədir. Üzeyir Hacıbəylinin gördüyü işlərin qətiyyən inkar edilməməsi şərtilə indi də yeni şəxslərin meydana çıxmasına, sənət zirvələrinin yaranmasına böyük gərək duyulur. Acınacaqlı haldır ki, bu gün belə zirvələrin yox, olanların, yaradılanların kor-koruna təkrarçılığının, daha çox isə yamsılandığının şahidi oluruq. Məşhur "O olmasın, bu olsun", "Arşın mal alan" kimi əsərlər çağdaşlaşdırılır, obrazlar bugünkü tamaşaçının, gənc nəslin gözündə cılızlaşdırılır. Belə şoular xalqın sabahkı yaradıcılıq üfüqlərini daraldır. Böyük mənada yeni yaradıcılar meydana çıxmalıdır. Deməli, Üzeyir bəyin özülünü qoyduğu Azərbaycan peşəkar musiqisinin bundan sonra da həmin milli ruh üstə yüksəlişi gərəkdir. Sənətkarlar yenə də özünəməxsus fərdiliklərini yaratmalıdırlar.
Üzeyir bəyin böyüklüyü ondadır ki, onun şəxsiyyəti haqqında hamı ləyaqətli düşüncədədir. Bunu isə o, fədakar ömrü ilə yarada bilib.
İşıqlı Atalı
Mütləqə İnam Ocağının Yükümlüsü