Biz hara gedirik?
"Xeberinfo.com": Şah oğlu şah babam Şah İsmayıl Xətainin bizə miras qoyub getdiyi böyük Azərbaycanımızın münbit torpaqlarını ona-buna satanların, pay- püş edənlərin yeddi arxa dönənlərinə söydüyüm bir vaxtda hərdən onlara "sağ ol" da deyirəm. Dəyərli Ovucular məni bəzi- bəzi dövlətlər, bəz- bəzi siyasətçilər kimi ikiüzlülükdə qınayarlar, mətbuata çıxarılması ədəbsiz olan söyüşlərlə söyərlər. Amma tələsməsinlər, səbirli, hövsələli olsunlar. Görsünlər mən nələrdən və kimlərdən danışıram.
Bu yaxınlarda bir Universitet tələbəsi məndən soruşdu ki, Şəmkirə çatmamış bir rayon var, baş hərifi "S" hərifi ilə başlayır, onun adı nədir? Dedim Samux. Təəccübləndi. Dedi, "Mən Saatlı bilirdim". İki əlli onun yox, özümün başıma yekə bir qapaz saldım. Ona görə öz başıma saldım ki, onun boyu mənimkindən uca idi, əlim çatmazdı.
Heç yadımdan çıxmaz, 7-8 il bundan qabaq bir qəzetə yazı aparmışdım.Redaktor, təbii ki, baş redaktor yazıya ötəri göz gəzdirib, imzama baxdı. Şəmkirli imzasını görən kimi gülümsəyib: "Aşıq Şəmşirin yerlisisən də" - deyə soruşdu. "Yox, Aşıq Şəmşir Kəlbəcərli olub, mən isə Şəmkirliyəm".Redaksiyadan bayıra çıxar- çıxmaz yenə başıma iki əlli bir qapaz da vurdum. Vurdum ki, İlahi, qəzet çıxaran (Allah bilir ildə 2-3 sayını çıxara bilir, ya yox) ,50- 60 nəfərə vəsiqə verən (satan) baş redaktoruma bax. Allah qoymasa ziyalı sayılır, adının əvvəlinə "müəllim" kəlməsi qoşulur.
Hələ bunlar nədir ki? Yazılası, oxunası o qədər hadisələr var ki. Sadəcə tənbəllik etməyib yazmaq və bu yazılanları oxuyub nəticə çıxarmaq lazımdı.
Yenə bir nəfər ali təhsilli və imkanlı iş adamından soruşdum: "Bu yay havalar çox isti keçdi, yayı Bakıda bişdin, yoxsa meşəli, bulaqlı, axar- baxarlı rayonlarımızdan birində dincəldin?" Qayıtdı ki, "Yox əşşi,nə danışırsan, sağlığına gözəl bir yerdə dincəldim".
Maraq üçün "Harada?" deyə soruşdum. "Hacıqabulda", cavabını verdi. Güldüm. Dedim, a kişi, Hacıqabul da pis yer deyil, amma ora istidir axı. Birdən yeni bir şey tapıbmış kimi: "Ə,Hacıqabulda yox ey.Hacıkənddə" dedi.
Bu yerdə başımı rahat buraxdım. Çünki yazıq başım qapaz vurulmaqdan tamam şişmişdi.
Başqa bir misal. Ali təhsilli bir inşaat mühəndisi Kür çayının Şəmkir rayonu ərazisindən keçməsinə şübhəylə yanaşır. Demək, bu inşaat "mühəndis"i respublikanın ən böyük çayının ancaq Salyandan ( arvadı ordan olmasaydı onu da bilməzdi) keçdiyini bilir. Bir də Kürün orada tez- tez daşmasından və televiziya kanallarında bu xəbərin mütamadi göstərilməsindən irəli gəlir yəqin.
Azərbaycan coğrafi baxımdan kiçik ölkədir. Vur- tut 86,6 min kvadrat kilometr ərazisi var. Onun da 23 ildir ki, 20% nankor qonşularımız tərəfindən işğal edilib. Az vaxt ərzində bu başından vurub o başından çıxmaq olar. Onu da yaxşı tanımırıq. Oxumuşlar- tələbə, redaktor, iş adamı, İnşaatçı- mühəndis Azərbaycanı yaxşı tanımırsa, onda savadsız heç tanımaz. Məhz elə buna görə mən torpaqları satanlara, pay- püş edənlərə "sağ olun" deyirəm.
Qonşu Rusiya kimi ucu- bucağı görünməz ərazimiz olsaydı , onda köçüb şəhərə getdiyimiz kəndimizin adını belə yadımızda saxlaya bilməzdik.
Yer- yurd adlarını tanımadığımız bir yana, biz heç yazıçılarımızı, şairlərimizi, alimlərimizi, sərkərdələrimizi belə düz- əməlli tanımırıq.
...Bir dəfə Azərbaycan Tibb Universitetinin yanından keçirdim. Məndən qabaqda küçəylə ağ xalatlı bir dəstə tələbə hay- küylə, mübahisə edə- edə gedirdilər. Bir neçəsi böyük sərkərdə, Azərbaycan xalqının yeganə iki dəfə Sovet İttifaqı Qəhramanı olan Həzi Aslanovun əmək qəhramanı , digərləri isə müharibə qəhrəmanı olduğunu deyirdilər. Axırıncılar H.Aslanovun bu adı müharibədən sonra aldığını sübut etməyə çalışırdılar.
Bunu eşidəndə az qaldım havalanam. Heyim olmadı başıma qapaz salmağa.Ancaq öz- özümə: "İlahi, biz belə gənclərlə Biləcəridən o tərəfə gedə bilərikmi?" sualını verdim. Yox, yox, qətiyyən yox!!!
Bölgəsini, şairini, alimini, sərkərdəsini...və s. tanımayan bu günki Azərbaycan gəncliyi Nüşabə Ələsgərlinin "dost"larını, Rəqsanənin itinin adını, Aygün Kazımovanın Namiq Qaraçuxurlu ilə neçə dəfə evlənib- boşandıqlarını, Məleykə Əsədovanın nə vaxt və niyə ərindən imtina etdiyini, Royanın xalq qarşısında neçə dəfə soyunduğunu sənə bitdə-bitdə desin. Bu günün dahisini, sərkərdəsini tanımayan gənc sabah nəyi, kimi ilə öyünüb, fəxr edəcək?!
Bax, bu sualın cavabı çox ağırdı.
Məhərrəm Şəmkirli