HEKAYƏLƏR
Xeberinfo.com: Bəy hamamı
Bacım oğlu birdən-ikidən bizə gəlməzdi. Uşağın ağlına hardan yerləşmişdisə durub gəlmişdi bizə. İndi fikirləşəcəksiniz ki, ayə ikidən-birdən dayı qapısını açmayan bacıoğlu yəqin pay-püşlə gələr. Heç olmasa uşaqlara saqqız alar. Onlar da sevinə-sevinə ağızlarına atıb, ləzzətlə çeynəyərlər. Yox canım, uşaq onu da eləməmişdi. Amma qonşular göz yetirmiş və görmüşdülər ki, uşaq gələndə düyünçə ilə gəlib. Sözbaz qonşular eləməyib tənbəllik, bilməyənlərə də xəbər veriblər ki, bəs deməsənmi Həsənin illərlə qapısını açmayan bacısı oğlu onlara pay-püşlə təşirif gətirib. Deyirəm, ey pis qonşu, gözün çıxsın.
Əlqərəz, bacıoğlu mən dayısına bildirir ki, bəs bu yaxınlarda evlənirəm, gəlmişəm sizdə hamamlanmağa. Anam belə məsləhət görüb. Özəl hamamlara buraxmayıb ki, indi o hamamlarda təkcə cimmirlər... Allah eləməmiş, xəstəlik- zad olar, el içində biabır olarıq. Bu səbəbdən hamam düyünçəsini qoltuğuna vurub, bizə gəlib.
Bizə gəlib, əcəb eləyib, bir kiçik kimi dayısına baş çəkmək borcudur.
Əzizlərim, bacı oğlunun bu gəlişi düz üç gün çəkdi. Yazıq gədə iki gün yatmadı, oturdu hamamın qabağında və gözlərini zillədi su kıranına. İndi su gələr, bu saat gələr.
Üçüncü gün yorğunluqdan, aclıqdan, susuzluqdan əldən düşmüş bacıoğlu mən dayısı ilə sağollaşıb, getmək istəyəndə dedim: "A bala, heç olmasa bir gün də gözləyərdin. Bəlkə gəldi. Adam hövsələsiz olmaz. Bir də millətimizin qədim adəti var, bəy gərək hamamlansın. Bu bəyliyin birinci şərtidir".
Çirkdən üz-gözü qaralmış bacı oğlu cavab verdi:
- Eh ay dayı, belə getsə heç bir il su gəlməyəcək. Deyirsən, çimməyə görə subay qalım?
Bacıoğlunu ürəkdən təbrik edib, bağrıma basdım. Çirkli üzündən öpüb, yola saldım. Amma bu günə kimi bilmədim, bacıoğlu hamamlanıb evləndi, ya çirkli...
Məhərrəm Şəmkirli