Kəlbəcər ağrısı Yusif Hüseyin yaradıcılığında
Xeberinfo.com: Övladlarının doğum gününü doğmaları, yaxınları ilə oturub bir süfrə arxasında keçirmək hər bir doğum günü olan insanın və onun valideyinləri üçün böyük qürur və fərəh hissi yaradır. Bu qürurun və fərəhin kökündə uşaqların bir yaşda böyüyüb ata-ana arzularının yerinə yetirilməsi-oxuması, peşə-sənət sahibi olması, sağlam bir ailə qurub dünyaya uşaq gətirməsi və s. durur. Amma insan yaşlaşanda , yaşının üstünə yaş gələndə, uşaqlığındakı, gəncliyindəki kimi ad gününə bir elə də sevinmir. Ancaq tanrısına şükür edib sevinir ki, nə yaxşı mən bu dünyada varam, yaşayıram.
Şəxsiyyətinə və yaradıcılığına böyük dəyər verdiyim əziz qələm dostum Yusif Hüseyinin də bu günkü yaşı tanrısına şükür elədiyi yaşdır- tam 65yaş. Atmış beş ildir ki, Yusif müəllim təmiz bir kişi, bir şair ömrü yaşayır,əqidəsi təmiz, sözü bütöv.Belə bir ömür yaşamaq da ,hər kişiyə nəsib olmur.Şair bu illəri kimsənin qabağında əyilmədən, sınmadan mərdi- mərdanə yaşayıb.İnşallah, bundan sonrakı ömrünü də elə yaşayacaq.
Yusif Hüseyin güclü qələm və ilham sahibidir. Ona görə ki, o da Dədə Şəmşirin içdiyi sudan içib, uduğu havanı udub. Qartallı dağlardan, sıldırımlı yüksəkliklərdən, güllü-çiçəkli meşələrdən, xınalı daşlardan, vahiməli dərələrdən ilhamlanıb.
Bu günkü Azərbaycan poeziyasının tanınmış simalarından biri olan Yusif Hüseyinin heç bir şairin dəsti-xəttinə bənzəməyən yaradıcılığı var. Onun yaradıcılığı geniş əhatəli və çoxşaxəlidir. İstər doğma vətənimizdə, istərsə də dünyada baş verən hadisələrə biganə qalmayan söz adamı, ona şair-publisist kimi münasibətini bildirir. El-oba, yurd həsrəti, işğal olunmuş torpaqların ağrısı, göynərtisi, sızıltısı Yusifin yaradıcılığında əsas yer tutur. Özünə məxsus bədii tapıntılar, orjinal ifadə, deyim tərzi Yusif poeziyasının nəzərə çarpacaq cəhətlərindəndir.
Yusif Hüseyin vətəndaş şairdir, o vətənini, torpağını, bu torpağın yetirdiyi gülü, çiçəyi, qanqalı, kolu belə sevəndir, o vətənin ağrı-acıları ilə nəfəs alan, onun uğurlarına sevinən, dərdinə-sərinə yanandır.
Yusif Hüseyin yaradıcılığına bələd olanlara məlumdur ki, o əlində çıraq mövzu dalınca düşüb onu axtarmır. Çoxumuzun adi bildiyimiz, fərqinə belə varmadığımız kiçik hadisələr onun üçün lazımlı, bədii don geydiriləcək, ətə-qana gətiriləcək materialdır. Və bu materiallar, kiçik hadisələr Yusif qələminin ilhamı ilə söz çələnginə çevrilir. Oxucu qəlbinə istilik, hərarət gətirir, ruhunu qidalandırır.
Dəyərli dostumun 65 yaşı ərəfəsində öz dəst-xətti ilə avtoqraf yazıb mənə verdiyi sonuncu kitabı olan "Ana südü-ana öyüdü" qarşımdadır. İstəyirəm şair dostumun doğum günündə deyəcəyim təbrik sözlərimi elə bu kitabı haqqında deyim. Mənə elə gəlir ki, bu daha yaxşıdır.
Kitabda şair- publisist Yusif Hüseyinin "Ana südü-ana öyüdü", "Dilqəm" poemaları ilə yanaşı "Göy atın etibarı", "Boz itin vəfası" adlı yığcam povestləri və iki xırda yazısı verilmişdir.
Biz bir Azərbaycanlı-tür olaraq anaya İlahi bir varlıq kimi baxır, onu uca tutur, səcdəsində durur, qayğısına qalırıq. İstər kılassik, istərsədə çağdaş ədəbiyyatımızda elə bir şair, yazıçı yoxdur ki, ana haqqında şeir deməsin, söz yazmasın. Bir övlad, bir şair kimi Yusif Hüseyin də istisna deyil. Onun böyük ilhamla, coşquyla qələmə aldığı "Ana südü- ana öyüdü" pemasını anası Yetər Seyid Hüseyn qızının əziz və unudulmaz xatirəsinə həsr etmişdir. Müəllif poemanın əvvəlində doğru olaraq qey edir ki, ana südü müqəddəs, ana öyüdü tükənməzdir.
Şair hər kəlməsində, hər misrasında analı günlərini xoş xatirələrlə xatırlayır və o günlərin insan həyatındakı gözəlliyini, unudulmazlığını, yaddan çıxarıla bilinməyəcəyini yada salır:
Nağıllı, bayatılı,
Gecələrim var idi.
Qarlı qış gecəsi də
Sanki, bir bahar idi.
Ananın balası üçün danışdığı nağıl, dediyi bayatı bir tərbiyyə, bir öyütdür. Bu tərbiyyəni, öyüdü şair doğru olaraq "bir məktəblik tərbiyyə" adlandırır. Əgər ana layla, bayatı deyə-deyə balasına döşlərindən sevgi əmizdirib, sevgiylə qidalandırırsa o uşaqda nifrət, qəzəb, kin, paxıllıq, qəddarlıq, əzazillik və bu kimi mənfiliklər ola bilməz. Yox, əgər ana körpəsinə süd vermir, verəndə də o südə kinini, qəzəbini, nifrətini qatırsa, bu qatışıqla böyüyən uşaq qəddar, amansız, baş kəsən, ev yıxan, qan tökən olur. Belələri haqqında xalq arasında belə deyirlər: "südü xarabdır".
Ana südünün böyüklüyünü, əvəzsizliyini, müqəddəsliyini şair aşağıdakı misralarında beə verir:
...İnsanlığa hörmət də,
Vətənə məhəbbət də,
Nəsillərə hörmət də,
Ana südündən gələr!
Yusif Hüseyin anasını heç vaxt unutmur, ondan ayrı dolanmır, onun müqəddəs ruhunu özündə gəzdirir.
Yadelli düşmən tərəfindən vəhşicəsinə tarixi torpaqlarından qovulub köçkünə, qaçqına çevirilən, çadırlarda, vaqonlarda, heç bir kommunal rahatlığı olmayan uçuq- sökük tikililərdə sağlamlığını itirib can çürüdən soydaşlarının ağır taleyinə münasibət Yusif yaradıcılığında özünü daha qabarıq göstərir. Erməni vəhşiliyinin, qəddarlığının, mənəm-mənliyinin, dünyanın aparıcı dövlətlərinin xristian təsübkeşliyinin əzabını, ağrı-acısını, məşqətini təkcə soydaşı, vətəndaşı yox, həmidə özü, qohum-qardaşı, yaxınları çəkir. Yusif müəllim illərdir erməni tapdağında inləyən, haray çəkib xilaskarını çağıran, göz oxşayan, könül açan, mineral suları, təbii sərvətləri ilə zəngin olan Kəlbəcər elindəndir.
"Dilqəm" poemasında erməni xislətinin, məkrinin, qeyri-insani hərəkətinin əsil mahiyyətini oxucuya olduğu kimi doğru-dürüst çatdırmağı qarşısına məqsəd kimi qoymağı bacaran Yusif Hüseyin mövzuya uyğun poetik formalardan bacarıqla istifadə etmişdir. Bu da poemanın bədii dəyərini artırmış, onun oxunaqlı olmasına böyük zəmin yaratmışdır.
Bir vətəndaş, bir şair kimi Yusif daxilən narahatdır. Onun baş verən, yaşanan olaylara reaksiyası, eyni zamanda özümüzə, tariximizə, unutqanlığımıza, yaddaşsızlığımıza, gözləmə mövqeyində dayanmağımıza sərt və barışmaz yanaşması bizi birləşib düşmənə gücümüzü, kimliyimizi göstərməkdən başqa yolumuzun olmadığına inandırır.
Bunu aprel ayının əvvəlində baş verən vuruş, döyüş də göstərdi. Uzun illər ABŞ-ın buyruq qulu olan BMT-nin, ata ət, itə ot verən ATƏT-in, qarasız AŞ-ın və başqa-başqa beyəlxalq təşkilatların görə bilmədiyi və yaxud görmək istəmədiyi işi qərəman Azərbaycan ordusu bir neçə günə gördü.Müəyyən qədər işğalda olan torpaqlarımız azad olundu. Özü də ermənilərin xeyli sayda hərbi texnikasını və canlı qüvvəsini məhv etməklə. Azərbaycan ordusunun hansı gücə malik olduğunu təkcə işğalçı ermənilər yox, həmi də yüz illərlə onların arxasında dayanıb, onun bunun üstünə qısqırdan ölkələr də bildi. Tez əl-ayağa düşüb atəşkəs istədilər. Demək illərlə yekə-yekə beynəlxalq təşkilatların, adlı-sanlı dünya siyasətşünaslarının dediyi: "münaqişənin yoluna qoyulması ancaq danışıqlar yolu ilə mümkündür" sözləri baş qatmaqdan, başımızın altına yastıq qoymaqdan başqa bir şey deyilmiş. Ürəyin təpəri, qolun gücüylə düşməni yerində oturtmaq, burnunu ovmaq,ona kimliyimizi başa salmaq ən düzgün, ən önəmli yol imiş.
Dünyada Vətən, el-oba həsrətindən böyük, üzücü, çəkiləsi çətin olan dərd yoxdur. Bu dərd adamı içindən yeyib məhv edir. Həsrətlə ölənlərin cismi rahatlansa da, ruhu heç vaxt rahatlanmır, dincəlmir. Elə hüzünlü-hüzünlü, narahat-narahat başımız üstündə dolanır.
2014-cü ildə, bu gün hər kəsin yaxşı tanıdığı, ürəyinin arzusuna, istəyinə "əhsən" dediyi Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənov Qarabağa- doğma torpaqlarda doğmalarının qəbirlərini ziyarət eməyə gedəndə ermənilər tərəfindən əsir alınmışlar. Əzəli və əbədi düşmənimiz olan ermənilər Həsəni qəddarcasına öldürmüş, Dilqəm və Şahbazın "cinayət"ləri haqqında Xankəndində saxta məhkəmə qurub, onları ömürlük həbs ediblər. Müəllif hər üç dostu yaxşı tanıdığından onların vətənpərvərliyini, fədəkarlığını və qorxmazlığını "Dilqəm" poemasında geniş təsvir etmişdir. Əsərdə ermənilərin əsirlərə kəsdiyi "məhkəmə" hökümünü,verdiyi ağır işgəncələri, vəhşilikləri həyacansız, ağrısız oxumaq mümkünsüzdür.
Şair peomanı münacatla başlayır:
Yurd-yuvam əsir qalıb,
El-obam yesir qalıb.
Açılmaz çox sirr qalıb
Bizə qeyrəti sən ver.
Poemada şair Dilqəmin dili ilə dağa-daşa salam verir, onlarla olan görüşünü imana-dinə gəlmək kimi dəyərləndirir. Üç cəsur, qorxmaz dostun bu görüşə gəlmələrini şair onların öz diliylə verir. Onlar torpaqdan, dağdan, daşdan, yaldan, yamacdan, bulaqdan, doğmalarına həsrət qalan quşlardan üzür istəyirlər, onları düşmən əlində əsir qoyduqlarına görə bağışlanmalarını xahiş edirlər.
Əsər boyu öz evində əsir olanlar BMT-yə, ATƏT-ə azad olmaları üçün ismarınclar göndərirlər və onların iki "dılğır" erməniylə bacarmadıqlarını və yaxud da bacarmaq istəməklərini gözlərinin içinə deyirlər. Beynəlxalq təşkilatlardan ümidlərini üzən əsirlərimiz azadlıqlarını Allahda və bu günkü güclü, qəhraman Azərbaycan ordusunda görürlər.
Kitabda müəllifin iki mini povesti də yer alıb.Hər iki povestdəki əhvalatlar demək olar ki, müəllifin iştirakçısı olduğu, canlı-canlı gördüyü hadisələrdir. "Göy atın sədaqəti" povesti müəllifin Kəlbəcər rayonunun bir addımlığında yerləşən Otaqlı kəndinin ruh oxşayan gözəlliyindən, bu gözəlliyə qonaqpərvərliklərini, insanlıqlarını, fədəkarlıqlarını, sevgilərini qatan kənd camaatından və özünün də onların arasında keçirdiyi unudulmaz kənclik illərinin xatirələrindən şirin bir dillə söhbət açır. Dikindən bütün Qarabağı gördüyü "Dik yurd" yaylağını ürək ağrısı ilə, göynəyə-göynəyə, sızlaya-sızlaya yada salır. Yusif müəllim halal zəhmətin, türk ailə mədəniyyətinin böyüklüyünü burda- Otaqlı kəndində görüb. O, bu kiçik məkanın böyük ailə mədəniyyətini qürur və fərəhlə universtet adlandırır.
Zaman-zaman Azərbaycan şifahi və yazılı ədəbiyyatında ata, onun etibarına, sədaqətinə sonsuz sayda əsərlər, mahnılar həsr olunmuşdur. Atlar haqqında atalarımız bir-birindən gözəl sözlər demişlər: "İgid at belində", "Arvadı və atı əl borcu verməzlər", "At yeriməklə, insan bilməklə", "At minənindir,qılınc- bağlayanın", "At minicisinə görə tanınar", "Özgə atına minən tez düşər" və s.
Atalarımızın hikimətli sözlərindən də göründüyü kimi At təcə minik vasitəsi olmayıb, həmidə döyüşdə, vuruşda igidin yoldaşı, sirdaşı olub. Hətta sahibi yaralananda, darda olanda onu döyüş meydanından sağ-salamat çıxarıb. Bir sözlə türkü atsız, atı türksüz təsəvvür etmək çətindir. Ata qarşı sevgimiz o qədər böyük olub ki, ona "Qırat", "Dürat", "Bozat",Kəhər at" kimi adlar qiymuşuq.
Əsərin bir yerində müəllif yazır ki, bir gün bacımın qayınatası İsmayıl həkimgilə bir atlı gəldi. Atlı İsmayıl kişiyə gəlişinin məqsədini dedi. Məlum oldu ki, gələn adam Ağcabədi rayonunun Kəlbəcər yaylaqlarında qoyun saxlayanlarından biridir. Təsadüfən İsmayıl kişinin oğlu Nəcəf müəllimi at belində görüb. Müəllimin mindiyi atın yerişi, duruşu çox xoşuna gəlib və ata elçi düşüb.
Uzun söhbətdən sonra elçiylə Nəcəf müəllimin sövdəsi baş tutur və qonaq yüksək qiymətlə atı ondan alıb aparır.
Müəllif atın sahibinə olan sevgisindən, sədaqətindən, etibarından xeyli maraqlı və oxunaqlı hadisələri özünə məxsus şirin bir dillə oxucularına çatdırır.
Kitabda Yusif Hüseyinin başqa bir mini povesti-"Boz itin vəfası" da yer alıb. İstər "Göy atın etibarı", istərsə də "Boz itin vəfası" povestlərini mən şirin xatirə povestlər adlandırardım. Ona görə ki, hər iki povestdə dünəndə qalmış xatirələr bu günün acısı, ağrısı kimi müəllifin dilindən söylənilir.
Mən bir oxucu olaraq inanıram ki, Yusif Hüseyin qələminin, sözünün gücü ilə bizə Vətən, Topaq sevgisini, onun böyüklüyünü aşılayır. Əminliklə deyə bilərəm ki, onun "Ana südü- ana öyüdü" kitabı geniş oxucu kütləsinin masaüstü kitabına çevriləcək, böyük oxucu rəğbəti qazanacaq. Dəyərli oxucular, mən elə bu arzu, bu istəklə də sizləri Yusif poeziyası ilə baş-başa qoyuram. Tanrı ruhunuzu Yusif sözüylə oxşasın.
Məhərrəm Şəmkirli