17 noyabr – hiddət dərsi
Xeberinfo.com: 1988-ci ilin 17 noyabrı xalqın hiddətindən yarandı. Əgər həmin olaylara xalq kimi hazır ola bilsəydik, o zaman itkilərimiz az olardı. Xalq hiddətin ali səviyyəsinə yetəndə var olur. Bu səviyyəyə yetmək də hər xalqa nəsib olmur. Onun üçün xalqın içəridən yetişməsi gərəkdir.
Bundan sonra mübarizəmizdə yalnız ali hiddətə əsaslansaq, var ola biləcəyik. Beşgünlük, dünyanın əhvalına uyğun duyğularla, ötəri hiddətlə yaşayıb xalqı var etmək olmaz.
***
Ali hiddətin özülü fərdlərin yetkinliyi, kamilliyidir. Ali hiddət asanlıqdan keçir, çətinliyi seçir.
İçəridə yetişməyən, fərdi var etməyən duyğuların toplumu böyütməsi, xilas etməsi düşüncəsi yanlışdır.
Fərdlər o zaman yaranırlar ki, içəridə ruhani, mənəvi, milli dirəniş üçün yetkinləşir, xəlqi təsdiqin gerçək örnəyi olurlar.
Ali (uca, qırımlı, kəskin) Hiddət – Ali İnamla, yəni xalqın öz ruhundan yaranan İnamıyla, dünyabaxışıyla birbaşa bağlıdır.
Yüzillərlə özündən ayrılan, özgəliklərə tapınan xalqımız hər sayaq eybəcərliklərə dirənişini az qala itirmişdi. Belə bir vaxtda – 17 Noyabrda xalqın ruhundakı hiddət özünü ali biçimdə göstərdi.
***
Ancaq 17 Noyabrda xalqın hiddətinin arxasında yetkin milli idrak – millətçilik düşüncəsi dayanmırdı. Ona görə də xalqın hiddətinin ömrü uzun olmadı, tez alışıb tez də söndü.
İdraka əsaslanmayan, qışqırığa, hay-küyə söykənən millətçilik doğruçu, gerçək sayıla bilməz. Demək, xalq 17 Noyabra milli idrakıyla hazır olmalıydı. İdrak isə küçələrdə, meydanlarda yaranmır.
Bu üzdən, indi də xalqın yetkin, vahid milli idrakı – millətçilik düşüncəsi yoxdur. Bizə görə, İnsançılıqdan qıraqda millətçilik yoxdur.
***
O vaxtkı olaylarda meydan daha çox xalqın camaat səviyyəsini təsdiq edirdi. Kütlənin içində, ürəyində nə qədər müqəddəs duyğular olsa da, az sonra həmin duyğular yetimləşdi, yalqızlaşdı, meydan hay-küyündə itdi.
Meydana, küçə mitinqinə hesablanmış hiddət heç zaman xalqın sabahını, dövlətin varlığını yarada və yaşada bilməz.
Ona görə də, İnam Ata demişkən, «Hiddətimiz meydanda doğuldu və meydanda da boğuldu».
Necə oldu ki, millətin hiddəti belə tezcə soyudu? Çünki xalq meydana yetkin fərdlərin birliyi kimi yox, qeyri-yetkin, kütlə şüuru ilə çıxmışdı.
***
O zaman sadəcə, Topxana meşəsinin qırılmasına böyük hiddət göstərən xalqın sonrakı hadisələrdə sanki hiddəti yavaş-yavaş sönməyə başladı. Bu qarışıq dönəmdə illər boyunca sovetizmin təsirində qalan milyonlarla insanı Qərbin yalançı demokratiya mehi öz təsirinə saldı.
Qlobalçılıq dalğası özüylə başqa bir biçimdə asılılıq, hiddətsizlik, hər sayaq eybəcərliklə, fəlakətlə barışqanlıq duyğusu gətirdi. Qərbin göz qamaşdıran, parıltılı, dəbdəbəli, mahiyyətcə insana qarşı olan yaşam tərzi adamları cəzb elədi.
***
Meydan psixologiyası fərdiliyə, özünəməxsusluğa qarşıdır.
Camaat, kütlə – Xalq deyil. Xalqı həmişə müstəqil, yetkin fərdlər təmsil edir. Çünki kütlə ölür, yalnız müstəqil, yetkin fərdlər qalır. Qalan isə – Xalq sayılır.
17 Noyabrda başlayan hiddətimiz böyümədi, ömürləşmədi, hər birimizin sistemli, ciddi həyat tərzimizə çevrilmədi.
Bu gün isə keşmiş sovet məkanında (başlıcası Rusiyada) yenidən geriyə (sosializmə) üztutma meyilləri artmaqdadır. Bəşər yerində sayır, kapitalizm-sosializm dairəsindən çıxa bilmir.
Çıxış yolu xalq olaraq əbədi tələbəlikdən qurtulmağımızdadır. İçəridən yaranmayan xalq ayaq üstə dura, özünü təsdiq edə bilməz.
Azərbaycanın sabaha, gələcəyə yolu özünəməxsus olmalıdır. O zaman fərdlərin içində yaranan ali hiddət xalqın varlığında daha ciddi duyulacaq.
Xalqımız bir an da olsun arxayınlaşmamalı, ona qarşı çevrilən özgəliklərə, yadlıqlara ardıcıl hiddət göstərməli və döyüşməlidir.
Hiddətsiz xalq – yoxdur! 17 Noyabrdan milli hiddəti öyrənmək və yaşatmaq dərsi almalıyıq.
İşıqlı ATALI
Mütləqə İnam Ocağının Yükümlüsü