Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Təhsil özümlüyü

<!--[endif]-->


<!--[if !supportLineBreakNewLine]-->
<!--[endif]-->

  "Xeberinfo.com": Düzgün, doğruçu təhsil insanın mənəvi varlığının yaradıcısı, təminatçısıdır. O təhsil ki, gənc nəslin təlim-tərbiyəsində nəfəs kimi gərəklidir. İndi sovet dönəmindəki kimi öz işinin fanatı olan müəllimlər azdır. Başqa yandan indi yüksək istedadlı müəllimlər zamanın tələbinə uyğun biliyi şagirdə pulla satırlar. Bu isə fədakarlığın yoxa çıxmasıdır. Axı təhsilin özülü – fədakarlıqdır, vicdançılıqdır, umacaqsızlıqdır.
***

Məktəb bilik verdiyi dərəcədə də insan yetişdirməyi bacarmalıdır. İnsan ömründə, yaşamında yaradıcı şəkildə gerçəkliyini tapmayan təhsil – sadəcə, mexaniki bir prosesdir. 100-150 il öncə, ondan da qabaq xalqımız biliksizlikdən cahil durumda idi. İndi yurdumuzda bilik aşıb-daşır, hər sayaq biliklər hər dildə öyrədilir. Ancaq bugünkü oxumuşlar arasında cahillikdə onlardan da qabağa gedənlər çoxdur. Demək, bilik insanı daha çox zahirən dəyişdirir, onun insanı içəridən tam dəyişdirməyə gücü çatmır. İnsanı içəridən dəyişdirmək üçün bilikdən artıq olan gərəkdir – bu İnsanlaşmaqdır. Demək, “İnsan” adlı ali varlığa ilk olaraq İnsanlaşmaq yolu öyrədilməlidir. Bunsuz ona hansı biliyi verirsən-ver, o, yetişməyəcək, bilikli mütəxəssis olacaq – İnsan yox!
 ***
 Gülməli və acı gerçəklikdir ki, bu gün yurdumuzda şəxs uşaq bağçasından tutmuş ali məktəb də daxil olmaqla az qala 20 illik təhsil görür, ancaq insan kimi yetişə və tərbiyələnə bilmir və əksinə toplum üçün əngələ, bəlaya çevrilir. Yoxsa bu qədər özündən ayrılmış, xalqın ruhuna yad, heç nə haqqında düşünməyən, gələcəksiz gənclər haradan yaranır? Bunun bircə adı var: itirilmiş ömürlər! Toplumda yüngülməcaz, danışığını və davranışını bilməyən istənilən yaşda o qədər təhsili, oxumuşlar var ki. Bu yaşdan sonra onları kim tərbiyə etməlidir?
***
Demək, bizim də əsaslandığımız dünya təhsil sistemi mənəvi iflasa uğrayıb. Ona görə də dünyada bilik əlindən tərpənmək olmur, ancaq insan və insanlıq yoxa çıxıb. Bu anlamda mövcud təhsil insana yetmir, çatmır. Azərbaycanın özəlliklə indiki çağında gerçək olduğu dərəcədə romantik, xəlqi psixologiyanı dərindən bilən, xalq ruhunu təəssübkeşliklə təmsil edən müəllimlər gərəkdir. Təhsil sahəsində indi qıtlaşan müəllim şəxsiyyətinin, varlığının yaradılması yönündə ciddi axtarışlar getməlidir. Yoxsa dünyanın bütün təhsil yeniliklərini Azərbaycana tətbiq etməklə insanlıq yönündə uğur qazanılmayacaq.
 ***
Beləliklə, təhsilin birinci məqsədi İnsan yetişdirmək olmalıdır. İnsanın mənəvi dünyasının orta və ali məktəblərdə öyrənilməsi ənənələşməlidir. Burada qətiyyən dini təhsili nəzərdə tutmuram. Sözügedən mövzuda Azərbaycanımızın yetərincə mənəvi-ruhani imkanları var. Azərbaycanın milli-mənəvi dəyərlərinin sistemli şəkildə öyrənilməsi bu problemin həllində əsaslı rol oynaya bilər. Təhsilin özülündə ilk növbədə İnam durur. Ümumiyyətlə, inam olmasa, insan addım ata bilməz. İnanırsan ki, oxuyursan, oxuduğuna inanırsan. Bilik insana yalnız insanilik, özünü əvəzsiz, müstəqil varlıq olaraq təsdiq etmək üçün gərəkdir. İnsanilik tələbi insanı Vətənə sevgi üstə kökləyir. Yoxsa ki, əzbərlənmiş biliklərə, ütülənmiş sözlərə, rahat dolanışığa, titullara, şöhrətə hesablanmış, köklənmiş ömürlər nəyə gərəkdir? İndiyə kimi belə  “örnək” ömürlər xalqa nə verib?
***

Bu gün qloballaşmanın təsirləri maneəsiz şəkildə evimizə, ruhumuza daxil olur, dərində, kökdə milli olan nə varsa, onu sarsıdır. Bunun qarşısını kim almalıdır? Təhsilin özəlliklə uşaqların, gənclərin həyatında rolu təkcə sistemli bilik verməkdənmi ibarətdir? Nədən bu gün məktəbə münasibət qabaqlarda olduğu kimi inamlı, ehtiraslı, səcdəli deyil? Təhsil adamlara mənəvi qurtuluş üçün çıxış yolu göstərə bilmir. Mənimsənilmiş biliklər insanın yenilməz dünyabaxışının formalaşmasına gərək olmur, dəyişkən əhval biliyə ardıcıl yiyə dura bilmir... ***
Çox şeyi bilən əslində özünü bilmir. Çağdaş təhsil insanı anatomik cəhətdən öyrənir, ancaq onun mənəviyyatını öyrənməyə gərək duymur. Yeri gəlmişkən, adamlarda son vaxtlar belə düşüncə yaranıb ki, “mənəviyyat” deyəndə yalnız din başa düşülməlidir. Bu, yanlış düşüncədir. Görəsən, Azərbaycanın Zərdüşt, Babək, Dədə Qorqud, Nəsimi, Muğam, Saz və bu kimi dəyərləri milli-bəşəri mənəviyyatın təsdiqi deyilmi və milli təhsilimiz bu dəyərləri şagirdlərə necə çatdırır? Uca Babək yalnız ərəblərə qarşı vuruşan və məhv edilən bir obraz kimi sunulur. Babək ənənəsini yaşatmağın yolları isə göstərilmir. Nəsimi şair kimi təqdim edilir, əqidəçiliyi, nə istədiyi, onun bugünümüzə və sabahımıza gərəkliyi deyilmir. Dədə Qorqudun qədimliyi islamdan o yana gedib çıxmır. Dədə Qorqudu babamız sayırıq, ancaq onun ruhundan, halından bugünümüzdə canlı yaşartılar azdır. Misalların sayını artırmaq olar…
***

 Çağdaş Azərbaycan təhsili insanın bilik öyrənmə yönünü nə dərəcədə yarada bilir? Aydın olur ki, verilən biliklər çox hallarda özümləşmir, şəxsin, xalqın gerçək yaşamında ifadəsini tapmır. Əgər insan özünə, qeyri-adi imkanlarını aşkarlayacağına inanmasa, oxuduğu kitabı özümləşdirməyəcək, ona görə təhsilin təsiri az olacaq. Nədən camaat həmişə yaxşı müəllim obrazını daha çox ötənlərdə axtarır? Azərbaycan məktəbi niyə məbəd səviyyəsində şagirdə, müəllimə, lap elə valideynlərə doğmalaşmır? Lap min dəfə təhsildə yeni texnologiyalar tətbiq olunsun, dərsliklərin cildi qızıldan olsun – yenə də effekt olmayacaq.
 ***

 

 İnsan ölür, əzilir, sayılmır, dəyərdən düşür... Ona görə də bundan sonra yalnız insani qayğılar daha çox gündəmə gələcək. Milli təhsilimizin daha ciddi yaranması ilk növbədə insan amili, onun dəyərləndirilməsi ilə bağlıdır. İnsan məktəblərdə yetişməli, tərbiyələnməli və xalq olmalıdır. Xalqın mənəvi, idrakı, iradi səviyyəsi – əslində birbaşa təhsilin göstəricisidir. Təhsil xalq qarşısında bu sorumluluğunu unutmamalıdır!

 

İşıqlı Atalı

 

Mütləqə İnam Ocağının Yükümlüsü


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam