HƏYATIN DİBİNDƏKİ QADIN-5
(sənədli povest)
Nazilə təlaşla:
-Rüstəmə nə olub? Yoxsa başına bir iş gəlib?- deyə tanımadığı kişidən soruşdu.
-Bacı, qorxulu elə bir şey yoxdur. Narahat olma,- deyə gələn adam Naziləyə toxdaqlıq verdi və əlavə etdi,- istidən qorunmaq üçün bilmədən gedib soyuducuya girib, orada da yuxuya gedib. Yaxşı ki uşaqlar vaxtında xəbər tutublar, yubanmadan da götürüb xəstə xanaya aparıblar. Həkim müainədən keçirib. Şükür, ciddi bir şey yoxdur. Beş- on dəqiqəyə gələrlər. Mənə müsaidə, vacib işim var, getməliyəm.
Gələn adam nazilə ilə sağollaşıb getdi. Rüstəm gələnə kimi Nazilə haldan- hala düşdü. Ürəyinə min gikir gəldi. Yaxşı ki, uşaqlar tez gəldilər. Bundan sonar Nazilənin ürəyi sakitləşdi. Oğlunun boynuna sarıldı. Onunla gələn uşaqları evə dəvət elədi. Onlar dəvətə görə Naziləyə təşəkkür edib getdilər.
Nazilənin bu gün bu dar macalda bütün bunları xatırlaması özünün və uşaqların Teymur tərəfindən hansı zülümlərə, işgəncələrə məruz qalmasının nəticəsi idi.
Rüstəmin gəlişindən xeyli vaxt keçməsinə baxmayaraq hələ də anasının sığalı altındaydı. Bu vaxt həyət qapısı açıldı. Nazilə ani olaraq səs gələn tərəfə döndü. Gələn atası ilə anası idi. Qonşu kənddən hüzrdən gəlirdilər.
Qızının yanında nəvəsi Rüstəmi görən İzzət kişi geri çevrilib arxadan gələn arvadına:
-Gözümüz aydın ay Gülüsüm, nəvəmiz gəlib,- deə sevincək arvadını müjdələdi.
Rüstəm babasıyla nənəsini görüb anasından ayrıldı və onlara tərəf getdi. Hər biriylə görüşüb öpüşdü, hal- əhvallarını soruşdu. Onlar da Rüstəmdən o biri nəvələrini soruşdular. Teymurun adını isə dilinə gətirən olmadı. Artıq Teymur onlar üçün yeznə yox, yad bir adam idi. Bu yad adam həm də qəddar, əzazil və qansız idi. Teymuru bu formada qəbul etməkdə hər ikisi də haqlı idilər. Ona görə ki, Teymur onlara heç vaxt yaddan çıxmaz, unudulmaz, sağalmaz yara vurmuşdu ki, dünyanın bütün təbibləri bir yerə yığılsaydılar belə onu sağaltmaq gücündə deyildilər. Bu yaranın göynərtisi, sızıltısı bir insan ömrü qədər yaşayacaq. Bəlkə də bir az da çox.
Nazilə oğlunun gəlişi münasibəti ilə gözəl bir süfrə açmışdı. Həmişəki kimi süfrənin başında İzzət kişi, sol tərəfində də qırx illik ömür- gün yoldaşı, evdaşı Gülüsüm oturmuşdu. Süfrədəki çeşid- çeşid yeməkləri iştahla nəzərdən keçirən İzzət kişi üzünü nəvəsi Rüstəmə tutaraq:
-Oğlum, çoxdandır ananın dadlı yeməklərini yemirsən. Di başla görək,- deyə Rüstəmə özünə yemək çəkməyi təklif elədi. Rüstəm əvvəlcə babasına, nənəsinə, anasına və özünə yemək çəkdi. Və başladı iştahla yeməyə. Babası doğru deyirdi, doğurdan da anası çox dadlı, ləzzətli yeməklər bişirirdi. Sanki mədəniyyət təhsili yox, kulinariya təhsili almışdı. Ailə deyə- gülə iştahla yeməklərini yeyib qurtardılar. Nazilə süfrəni yığışdırmaq üçün ayağa qalxdı. Rüstəm də anası ilə birlikdə ayağa durdu. Həmişəki kimi anasına kömək etmək istəyirdi. Oğlunun nə etmək istədiyini bilən Nazilə nəvazişlə onun çiynindən basıb yerində oturtdu. Üzündən öpüb,- Mənim ağıllı balam, özüm yığışdıraram, sən otur, yol gəlmisən yorğunsan. Bu saat anan sürəyə dağ otlarından dəmlənmiş çay da gətirəcək, içərsən yol yorğunluğun canından çıxar,- deyib əlindəki qabları krandın başındakı mizin üstünə qoydu. Çox keçmədi ki, Nazilə süfrəyə armudu stəkanlarda çay gətirdi. Qıraqdan baxan olsaydı süfrə başındakıları dünyanın ən xoşbəxt, bəxtəvər adamları sayardı. Amma çox təəssüf ki, bu belə deyildi. Onların hamsı dərdli idi. Ata- ananın ailəsi dağılmış bala dərdi, gənc ananın onsuz qalmış uşaqlarının dərdi, atasının ucbatından sevimli anasından ayrı düşmüş övladın anasızlıq dərdi. Hər birinin çiynindəki yükü necə çəkdiyini bir özləri, bir də Allahları bilirdi. Rüstəmdən başqa bu yükü onlar sırağa gündən, dünəndən yox, ta Teymurun Naziləni zorla qaçırdığı gündən çəkirdilər. Sonu da ki, hələ görünmürdü.
Axşam nə Nazilə, nə də İzzətlə Gülüsüm Rüstəmdən nə üçün gəldiyini soruşmadılar. Öz növbəsində Rüstəm də gəlişinin səbəbini demədi. Görünür böyüklərin soruşmağını gözləyirdi. Və yaxud da gözəl olan ovqatı korlamaq istəmirdi.
Səhər hamıdan tez yuxudan həmişəki kimi Nazilə oyanmışdı. Tezdən durmaq onun uşaqlıq adəti idi ki, bu gün də davam etməkdə idi. Heç kim deyə bilməzdi ki, Nazilə nə vaxtsa günəş çıxandan sonar durub. Atası tibb işçisi olduğuna görə Nazilə bilirdi ki, günəşdən qabaq oyanmaq, onu salamlamaq həm sağlamlıq, həm də ovqatın xoş olması deməkdir. Elə buna görə də o həmişə sağlam və gümrah olurdu. Nazilə tezdən evlərinin yanından axan dağ çayında əl- üzünü yuyar, çay boyu uzanan meşədəki quşların səsini dinləyər, təbiətdəki bənzərsiz gözəlliyi dəqiqələrlə sey edər, sonra buz kimi soyuq, şəffaf suyla vedrələrıni doldurub həyətə çiləyər, sonra da su torpağın canın hopandan sonar tər- təmiz süpürərdi. Bütün bunlardan sonar samavara od salıb qaynatmış və dəmləmişdi. Mizin üstünə isə qar kimi dümappaq süfrə salmışdı. Özünə bir stəkan pürrəngi çay süzüb içə- içə süfrənin arxasında doğmalarının yuxudan oyanmasını gözləyirdi.
Çox keçməmiş Rüstəm, onun ardınca da babayla nənə həyətə çıxdılar. Hər tərə tərtəmiz idi. Gül, çiçək qoxuyurdu. Hamı bir- birinə sabahın xeyir deyib, əl- üzlərini yuyub Nazilənin açdığı süfrənin ətrafına cəm oldu. Süfrə arxasında Nazilə Rüstəmdən soruşdu:
-Oğlum, dünən heç kimin əhvalını pozmaq xatirinə səndən heç nə soruşmadım. Xeyir ola kəndə gəlməkd?
-Xeyir olmamış nə olacaq ay ana, gəlmişəm babanı, nənəni görüm, bir- iki gün onların yanında qalım, sonra da səni götürüb evimizə dönüm. Gör nə vaxtdır gəlmisən, evimizə dönmək istəmirsən? Axı biz səni çox istəyirik, sənsiz darıxırıq. Hər gün bacım, mən anamı istəyirəm,- deyə ağlayır. Sakitləşdirə də bilmirik. Evdə hamı qaş-qabaqlıdır, üzümüz gülmür. Bir də anasız uşağın üzü gülər? Sən də burda rahat oturmusan özün üçün, heç bizi yada salmırsan, bizi düşünmürsən.
Rüstəm böyük adamlar kimi danışırdı. Onları unutmaqda anasını günahlandırırdı. Təbii ki, Nazilə də öz kefindən burda deyildi. Bütün bunların səbəbkarı, günahkarı Teymur idi. Ailəsi, uşaqları üçün canını fəda edən Nazilənin günahı nə idi ki, hər gün döyülür, söyülürdü, əzab, işgəncə çəkirdi?
Rüstəmin “bizi unutmusan” sözləri Nazilənin qulağının dibinə vurulmuş sillə kimi səsləndi. Əsəbləşdi, özünü oğlu tərəfindən təhqir olunmuş bildi. İçdiyi çayı yarımçıq mizin üstünə qoydu, səsinin tonunu qaldırıb:
-Sən nə danışırsan, ağzın deyəni qulağın eşidir? Ana da balasını unudar, yaddan çıxarar? Özü də sizin kimi gözəl- göyçək, ağıllı balaları. Mən sizin üçün canımı vermişəm, bundan sonra da verməyə hazıram. Sən bilməzsən, babanla nənən bilir sizi necə əzab- əziyyətlə böyütdüyümü. Allah hərəyə bir ömür verir. Onlar da onu yaxşı, pis yaşayırlar. Amma mənə verilmiş ömrün bir gününü belə özüm üçün yaşamamışam, sizin üçün yaşamışam. Sizin ömrünüzü ona görə yaşamışam ki, sağlam, gümrah olasınız, ac- yalavac, çılpaq qalmayasınız,- deyib yarımçıq qoyduğu çayını içdi.
Rüstəm anasının əsəbləşdiyini görüb yumuşaq tonda:
-Bilirəm ana, bilirəm. Bizə böyük əziyyət çəkmisən, böyütmüsən. Amma bu gün bizi atıb, gəlib kənddə oturmağınla özün öz əziyyətini puç edirsən. Qayıt evimizə, isti yuvanı soyuq eləmə.
Nazilə üçün oğlunun dediyi o yuva heç vaxt isti olmamışdı. Orda hər gün yox, hər an soyuq payız küləkləri əsmişdi. O, küləklər onun iliyinə, qanına işləmişdi.
Nazilə kövrələn kimi oldu:
-Mən sizi atmıram, atmaq fikirim də yoxdur. Buna mənim haqqım da yoxdur. Amma bundan sonra atanla bir dam altında ola bilmərəm. Bu mənim üçün ölümdən betər olar. O, mənim mənliyimi tapdalayıb, namusumu ləkələyib, ruhumu şikəst edib. Dir gün sizin hamınızı başıma yığıb kol dibində yaşayaram, ancaq onunla yaşamaram. Axı mən də insanam, amma insan olduğumu çox gec bilmişəm. Döyülməkdən, söyülməkdən, təhqir olunmaqdan, aşağılanmaqdan bezmişəm. Bundan sonrakı ömrümü insan kimi yaşamaq istəyirəm. Heç olmasa ömür səhifələrini vərəqləyəndə baş daşıma yazılmağa bir gün tapılsın,- dedi və əlinin arxasıyla yanaqlarına axan göz yaşlarını sildi.
İzzət kişiylə Gülüsüm arvad qızlarının yana- yana danışmağından bərk təsirlənmişdilər. ağlamaq üçün himə bənd idilər, ancaq bir təhər özlərini saxlayırdılar. Yasxana qurmağın, göz yaşı tökməyin heç yeri deyildi. Kimə və nəyə xeyri vardı bunun? Artıq qatar getmişdi. Gedən qatara minəcək sərnişinin isə qatarın arxasınca kövrək- kövrək baxmaqdan başqa əlacı yox idi.
-Sən, niyə belə danışırsan ana?- deyə anasına iradını bildirdi. Vəd verirmiş kimi:- Bundan sonra sənə yaxşı günləri mən yaşadacam. Çəkdiyin ağrıları, əzabları, işgəncələri də unutduracam. Bu mənim oğulluğ borcum, sənin də analıq haqqındır. Bilirəm atam sənə qarşı, eləcə də biz uşaqlarına qarşı bağışlanmaz haqsızlıqlar, qəbahətlər edib. Daha mən uşaq deyiləm, böyümüşəm. Atamın sənə qarşı eləyəcəyi hər bir pis hərəkətindən səni müdafiə etməyə gücüm çatar. Ona dur, dayan deməyə də cəsarətim var. Gedək, həyatı yenidən başlayaq,- dedi. Rüstəmin bu pafoslu danışığı, şirin vədləri anasını geri dönməyə razı salmaq idi.
Nazilə höküm verirmiş kimi:- Yox oğlum, yox! Bu mümkün deyil. Sənin atan çoxdan vəhşiləşib. Onu insanlaşdırmaq, əhliləşdirmək mümkün deyil. Uzağı bir- iki gün adam cilidində olacaq, sonra yenə asanca cildindən çıxıb yenə quduz canavara dönəcək. Qarşısına keçəni didib parçalayacaq, şikəst edəcək. Bu da mənə böyük dərd, sitəm olacaq,- deyərək Rüstəmin getmək təklifini qəti olaraq rədd etdi.
İzzətlə Gülüsüm ana- balanın söhbətinə müdaxilə etmir, sakitcə dinləyir bunun sonununun necə olacağını gözləyirdilər. Son isə hələ ki, görünmürdü. Rüstəm dünəndən özüylə bağlı bir xəbəri anasına demək istəyirdi. Səbir edib vaxtını gözləyirdi. Artıq vaxt, zaman yetişmişdi. İndi demək olardı. Rüstəmə elə gəlirdi ki, bu xəbərlə anasının ətəyinə yığdığı daşlaı tökəcək. Ona görə də anasının balaca əllərini əlləri arasına alıb sığıllaya- sığallaya,- Ana, mənə yaxşı- yaxşı bax,- dedi.
Nazilə:- Baxıram, sözünü de.
-Boy- buxunum necədir, sən görməyəndən heç böyümüşəm?
Nazilə qürur hissi ilə Rüstəmi təpədən dırnağa kimi süzüb,- Maşallah, göz dəyməsin xeyli böyüyüb kişiləşmisən.
Rüstəm sanki anasının dediyini eşitmirmiş kimi soruşdu:
-Ana, nə dedin? Eşitmədim, xahiş edirəm bir də de.
Nazilə Rüstəmin sualından bir balaca tutuldu və ürkək- ürkək soruşdu:
-Nə dedim ki, pis bir şey dedim? İstəyirsən, necə dediyimi eləcə də təkrar edim. Göz dəyməsin, kişiləşmisən.
Rüstəm xoş bir əhvalla:
-Nə gözəl dedin, “kişiləşmisən”. Demək mən oğlun kişidir. Vətənə olan borcunu verməyə getməlidir.
Bətən borcunu sözünü eşidən Nazilə:
-Demək səni əsgərliyə çağrırlar hə?- deyə oğlundan soruşdu.
Rüstəm sinəsini qabağa verirmiş kimi qürurla:
-Bəli ana, bir neçə gündən sonra yola düşməliyəm. O, əlini cibinə salıb oradan çağrış vərəqini çıxarıb anasına uzatdı,- al bax, burda hər şey yazılıb.
Nazilə çağrış vərəqəsini əlinə alıb nəzərdən keçirdi. Rüstəm düz deyirdi, çağrış vərəqəsində onun ayın 20 də hərbi komissarlıqda olmağını göstərirdilər. Bu gün ayın 12-i idi. Demək səkkiz gündən sonra Rüstəm müsəllək əsgər olub Vətənin keşiyini çəkəcək. Ana bayaqdan əlində o üz, bu üzə çevrib baxdığı çağrış vərəqini iki qatlayıb Rüstəmə qaytardı:-Uğur olsun oğlum,sağ get, salamat qayıt. Yaxşı sorağını eşidək,- deyərək oğluna xeyir- dua verdi.
Rüstəm şaşırmış kimi:- Ana, elə danışırsan ki, güya mənimlə şəhərə qayıtmırsan və məni də hərbi xidmətə yola salmırsan. Heç belə şey olar? Buna mənimlə əsgərliyə gedən dostlarım necə baxar, soruşmazlar ki. ay Rüstəm, bəs sənin anan hardadır. Mən onlara nə cavab verərəm? Deyərəm ki, anam kəndə gedib, özü üçün istirahət edir, yaxud da Allah eləməmiş, bərk xəstələnib. Yox, mən dostlarıma belə şeyləri deyə bilmərəm. Sadəcə deyərəm ki, atam onu döyüb, o da güsüb atası evinə gedib, özü də bir dəfəlik,- deyib susdu.
Nazilənin oğlunun son sözlərindən heç xoşu gəlmədi. Onun hər kəlmə başı “anam bizi atıb gedib” deməsi onun qüruruna toxunur, mənliyini sarsıdır, içini göynədirdi. Məgər, bu illər ərzində Rüstəm atasının rəzalətlərini, qeyri- insani davranışlarını görmür? Niyə səhərdən ancaq onu günahlandırır?
Ardı var...
Məhərrəm Şəmkirli