Rusiya Gümrü bazasına silah daşıyır -Məqsəd nədir?

Yenixeber.org: Rusiya Ermənistandakı 102-ci hərbi bazasını ciddi şəkildə gücləndirir. Bu barədə “Qraparak” nəşri məlumat yayıb.
Qeyd olunur ki, son həftələr Gümrüdəki bazaya xeyli miqdarda hərbi texnika və sursat daşınır. Hər gün bir neçə hərbi yük təyyarəsi bazaya enir.
Daşımaların məqsədi açıqlanmır, lakin müxtəlif ehtimallar irəli sürülür. Versiyalardan birinə görə, Moskva guya hərbi bazasının Ermənistandan çıxarlılacağı ilə bağlı iddialara bu formada reaksiya verir və zahiri sakit mövqeyinə baxmayaraq, regionda mümkün dəyişikliklərə hazırlaşır.
Bununla yanaşı, iddia edilir ki, Ermənistan hakimiyyəti baş verənlərdən xəbərdardır, lakin ictimaiyyətə heç bir açıqlama vermir.
Maraqlıdır, Ermənistanda nə baş verir? Moskva nəyə hazırlaşır? Bu, Zəngəzur dəhlizi ətrafındakı vəziyyətlə bağlıdırmı? Yoxsa Nikol Paşinyanın seçkilərdən xeyli əvvəl devrilməsi üçün hazırlıqlar gedir? Bəlkə də tamam başqa səbəblər var?
Suallarımıza tanınmış beynəlxalq ekspertlər cavab veriblər.
Kiyev Dünya Siyasəti İnstitutunun direktoru Yevgen Maqda bildirib ki, bir neçə məsələ onun üçün aydındır.
“Rusiya Cənubi Qafqazda təsir imkanlarını xeyli itirib və hazırda bu təsiri ciddi şəkildə qorumağa çalışır. Gürcüstanda bu təsir nisbətən əsaslıdır – ölkənin 20 faizi 2008-ci ildən Rusiya tərəfindən işğal olunub. Lakin Gümrüdəki hərbi baza ilə bağlı vəziyyət fərqlidir. Çünki bildiyimə görə, orada tənzimləyici sənədlər, şəxsi heyətin sayı və silah anbarı məsələləri də var. Biz başa düşürük ki, mövcud şəraitdə hətta hərbi-nəqliyyat təyyarələri ilə ağır texnika daşımaq kifayət qədər problemlidir”, – politoloq qeyd edib.
Onun fikrincə, Rusiya dividend qazanmaq məqsədi ilə Ermənistanla Azərbaycan arasında münaqişə yaratmağa cəhd göstərə bilər. “Bu dividendlər qanla, davam edən qarşıdurma ilə əldə oluna bilər. Həmçinin Rusiya Ermənistanda vəziyyəti gərginləşdirmək üçün kilsə ilə bağlı olan şəxslər vasitəsilə etirazlar təşkil etməyə çalışa bilər. Amma məncə, Kreml üçün daha ciddi məsələ Azərbaycanın mövqeyidir. İlham Əliyevin ritorikasında müşahidə edilən dəyişikliklər Moskva üçün daha narahatedicidir və bu, onlar üçün ciddi siqnaldır”, – Maqda bildirib.
Gürcüstan Strateji Analiz Mərkəzinin (GSAC) aparıcı eksperti Gela Vasadze isə maraqlı bir məqama diqqət çəkib – Ukraynaya qarşı genişmiqyaslı təcavüz başlayandan sonra Rusiya Gümrüdəki bazadan demək olar, bütün silah-sursatını cəbhəyə daşıyıb.
“İndi isə onlar bazanın potensialını bərpa edirlər və bu, Bakı və İrəvana aydın siqnaldır – Rusiya regiondan getmək niyyətində deyil. Rusiyanın Cənubi Qafqazda real təsir aləti məhz Ermənistandakı hərbi, iqtisadi və siyasi mövcudluğudur. Paşinyanın bir müddət əvvəl Rusiyaya – Altaya etdiyi səfər də Moskvanın İrəvanla razılığa gəlmək cəhdidir. Bu cəhdin nə dərəcədə uğurlu olduğunu zaman göstərəcək”, – Vasadze vurğulayıb.(pressklub)
Rauf Orucov