Rusiyanı sülhə məcbur etmək üçün heç bir vasitə yoxdur: Rusiya və Putin onlara icazə verilən şəkildə hərəkət edir
Yenixeber.org: Rusiya və Belarus sentyabrda “Qərb -2025” hərbi təlimlərini keçirməyi planlaşdırır. Belarusun bu yaxınlarda Polşa və Litvanın guya döyüşkən davranışına görə təlimləri ölkənin dərinliklərinə keçirə biləcəyini bəyan etməsinə baxmayaraq, NATO Rusiyanın hərbi fəaliyyətini, o cümlədən hərbi təlimlərlə bağlı fəaliyyətini diqqətlə izləyir.
Bu cür təlimlərin potensial təhlükələrindən danışsaq, onda hər şey Rusiyanın cəlb edəcəyi resursların miqdarından asılı olacaq. Bu haqda danışmaq hələ tezdir. Üstəlik, məsələn, Litvada indiki Rusiya-Belarus təlimlərinin 2021-ci ildə - Rusiyanın Ukraynaya tammiqyaslı işğalından əvvəl olduğunun ən azı yarısı miqyasında olacağını söyləyirlər.
Xatırlayırıq ki, 2022-ci ilin fevralına qədər Rusiya Belarus ərazisinə 40 minə qədər qoşun cəmləmişdi. Həmin qoşun sonra Ukraynanın Kiyev və Jitomir vilayətinin ərazisini işğal etdi.
Yəni, bunun birbaşa Ukrayna ilə sərhəd bölgəsində, yoxsa Baltikyanı ölkələrə, yaxud Polşaya daha yaxın olan regionlarda baş verəcəyi barədə dəqiq fikir yoxdur.
Ümumiyyətlə, məncə, ruslara ikinci cəbhə açmaq sərfəli deyil. Onların indi bunun üçün resursları yoxdur. Yəni, onlar sadəcə olaraq, müharibəni davam etdirə bilmirlər. Və bunu başa düşən təkcə biz deyilik.
Azərbaycan niyə indi özünü bu qədər azad hiss edir? Çünki bir tərəfdən Türkiyədən ciddi hərbi-texniki dəstək var. Digər tərəfdən, Bakı aydın başa düşür ki, Rusiyanın Azərbaycan istiqamətində cəbhə açmağa resursu yoxdur.
Baltikyanı ölkələrlə bağlı da məsələ oxşardır. Rusiya Federasiyası daha çox resurs və səylər cəmləməlidir ki, heç olmasa, Ukraynada əməliyyatı davam etdirsin və Baltikyanı ölkələrdə uğur qazanacaq qədər dəyişdirə biləcəyinə ümid bəsləsin.
Fakt budur ki, müasir müharibənin çağırışlarına operativ reaksiya verə bilməyən NATO-nun qeyri-ardıcıl, müəyyən dərəcədə zəif mövqeyi Rusiya diktatoru Vladimir Putin üçün bir növ marker və ya tətikçi ola bilər. Və istisna edilməməlidir ki, Kreml bu zəiflikdən istifadə etməyə çalışa bilər.
Məsələn, rus pilotsuz təyyarələrinin Baltikyanı ölkələri, Polşanı vurması ilə bağlı xəbərlər dəfələrlə (və təsadüfən deyil) olub. Üstəlik, belə oldu ki, Rusiya raketləri NATO üzvü olan ölkələrin ərazisinə, məsələn, Rumıniyaya uçdu. Bəs NATO-nun müvafiq reaksiyası hanı?
Reaksiya yalnız qınama, bəzi boş bəyanatlar şəklində oldu. Lakin Rusiyanı sülhə məcbur etmək üçün heç bir vasitə yoxdur. Ona görə də görürük ki, Rusiya və Putin onlara icazə verilən şəkildə hərəkət edir. Və əgər Rusiya diktatorunun NATO-nun Avropada Rusiyanın təxribatlarına reaksiya verməməsi ilə bağlı müəyyən motivasiyası varsa, bu, belə təxribatların daha çox olacağı anlamına gəlir.
Niyə? Çünki 2014-cü ildə Feodosiyada yerləşən Ukrayna dəniz piyadaları NATO-nun Çevik Cavab Qüvvələrinin tərkibində idi. Protokol isə Ukrayna ərazisində böhran vəziyyətində NATO ölkələrinin - bir sıra qüvvə və vasitələrin, ən azı Çevik Müdaxilə Qüvvələrinin cəlb edilməsini nəzərdə tuturdu. Amma Krımın ilhaqı baş verdi. Mən isə həmin hadisələrin bilavasitə şahidi kimi əminliklə deyə bilərəm ki, həmin müddət ərzində nə Krımda, nə də Sevastopolda bir dənə də olsun NATO əsgəri olmayıb və görünməyib. Baxmayaraq ki, razılaşmaların protokoluna görə, olmalı idi.
Ona görə də mən özümü qoruyucu “NATO çətiri” ilə bağlı illüziyalarla aldatmazdım. Çox güman ki, Rusiyanın ilk hücumu, NATO ilə əlaqəli ölkələrin ərazisində baş verərsə, kifayət qədər uğurlu olacaq - ilk mərhələdə NATO Rusiyaya uduzacaq.
Bəli, sonda bir araya gələcəklər və vəziyyətə reaksiya verəcəklər. Ancaq bu gün Rusiya Federasiyasının bu istiqamətdə saxlanması tamamilə Ukrayna Müdafiə Qüvvələrinin üzərinə düşür.
Müəllif: Ukrayna Baş Qərargahının keçmiş mətbuat katibi, hərbi ekspert.
Mənbə: UNİAN
Tərcümə AYNA.AZ-a məxsusdur.