Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzində xidməti avtomabillər şəxsi məqsədlərlə istifadə edilir: Qanun və Reallıq

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinə təhkim olunmuş xidməti avtomobilləri digər məqsədlər üçün istifadə edir. Yəni dövlətin məmura ayırdığı avtomobillərdə onların uşaqları, xanımları və digər ailə üzvləri daşınır. Bunu hər gün yollarda, orta və ali məktəblərin, gözəllik salonlarının, ticarət mərkəzlərinin və s. qarşısında müşahidə etmək olar.

Yenixeber.org: “Dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlar tərəfindən xidməti minik, xüsusi təyinatlı və digər avto-nəqliyyat vasitələrinin alınması və istismarı zamanı büdcə vəsaitlərinin səmərəli istifadə olunmasını təmin etmək, bu sahədə nəzarəti gücləndirmək və normativ hüquqi bazanı təkmilləşdirmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı var. Bu qərarın 5.2. bəndində qeyd olunur ki, rəhbərlik etdikləri dövlət orqanlarında və onların yerli bölmələrində, dövlət orqanlarının strukturuna daxil olmayan, tabeliyində olan dövlət büdcəsindən maliyyələşən qurumlarda (idarə, müəssisə və təşkilatlarda) bu qərarla müəyyən edilmiş normalara ciddi riayət olunması üzərində nəzarəti təmin edilməlidir. Digər bir bəndə (5.3) əsasən isə xidməti minik, xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələrinin dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitlər çərçivəsində alınması, təyinatı üzrə istifadəsi və saxlanılması sahəsində nəzarəti gücləndirilməli və bu sahədə neqativ hallara yol verilməsinin qarşısını alınmalıdır. Bu normalar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş tam iş vaxtı üçün nəzərdə tutulur. Nəzərə almaq lazımdır ki, xidməti maşın adından da göründüyü kimi vəzifəli şəxslərə xidmət zərurəti ilə bağlıdır. Əslində həmin şəxslərin nəinki xanımı, övladı, hətta özü belə xidmətdən kənar bu avtomobildən istifadə etməməlidir. Həmin maşın həmin vəzifənindir. Yəni, bu avtomobil şəxsə deyil, həmin vəzifəyə təhkim olunub. Əgər kimsə polis rəisi, prokuror və ya digər vəzifədə çalışırsa, bu vəzifəyə maşın təyin edilir. Vəzifənin arvadı, uşağı olmadığına görə, bu avtomobildən kənar şəxs istifadə edə bilməz. Yəni xidməti avtomobildən kiminsə xanımının, övladının istifadə etməsi tamamilə əsassız və qanunsuzdur. Həmin avtomobilin benzin və yağı, digər lazımi avadanlıqlar dövlət büdcəsi hesabına alınır. Bu da həmin xidmətə uyğundur. Kiminsə uşağının işdən kənar digər məsələlərlə bağlı xərclərini həmin avtomobilin qarşılamağı doğru deyil. Hansısa əsasnamədə yazılmayıb ki, xidməti maşın kiminsə ailə üzvünə xidmət etmək üçündür. Lakin səfrilik və konsulluq işçiləri istisnadır. Çünki onların xaricdə yaşaması Azərbaycan üçün xidmət sayılır. Digər hallarda xidmət avtomobildən digər şəxslərin istifadəsi tamamilə qanunsuzdur”.