Azərbaycan yeni rolda:Münaqişə dövlətindən vasitəçiliyə doğru

Bakı daimi danışıqlar meydanına çevrilmək istəyə bilərmi?
Yenixeber.org: Son vaxtlar Azərbaycan dünya siyasi arenasında əvvəllər ona tamamilə yad olan yeni rola iddia etməyə başlayıb. Ölkəmiz münaqişə tərəfləri üçün danışıqlar meydanına çevrilməkdədir. Əvvəlki illərdə Azərbaycan üçün bu mövzu aktual deyildi – ölkə özü uzun müddət davam edən işğal səbəbilə münaqişə vəziyyətində idi. Lakin artıq problem artıq arxada qalıb və Azərbaycan indi çoxvektorlu xarici siyasət yürüdən dövlət olaraq təbii şəkildə dialoqlar üçün əlverişli, rahat məkan obrazı qazanmağa başlayıb. Üstəlik, ölkə coğrafi baxımdan Avropa ilə Asiyanın kəsişdiyi nöqtədə yerləşir.
Bu günlərdə məlum olub ki, Suriyaya dair beynəlxalq danışıqların növbəti raundu Bakıda keçiriləcək. Bu barədə Səudiyyə Ərəbistanının “Əl-Hədəs” telekanalı mənbələrə istinadən məlumat yayıb. Telekanalın məlumatına görə, İsrail nümayəndə heyətinin Azərbaycana səfəri və Suriya tərəfi ilə razılaşmaları yekunlaşdırması gözlənilir.
Xatırladaq ki, iyulun 13-də Bakıda Suriya və İsrail nümayəndələri arasında ilk birbaşa görüş baş tutub. Diplomatik mənbələrin məlumatına görə, danışıqlarda “İsrailin Suriyada yeni hərbi mövcudluğu” məsələsi müzakirə olunub. Görüşlə bağlı rəsmi təsdiq bir neçə gün sonra verilib. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev “Jewish News Syndicate” portalına verdiyi müsahibədə bildirib: “Biz rəsmi şəkildə təsdiq edə bilərik ki, Bakıda İsrail və Suriya arasında danışıqlar baş tutub. Azərbaycan regionda sülh və sabitliyin təmin edilməsi üçün körpü rolunu oynamağa hazırdır”.
Hikmət Hacıyev eyni zamanda, Almaniyanın “Berliner Zeitung” nəşrinə müsahibəsində bildirib ki, Azərbaycan Bakıda Rusiya-Ukrayna danışıqlarının keçirilməsi üçün bütün lazımi şəraiti təmin etməyə hazırdır. O vurğulayıb ki, mühüm beynəlxalq danışıqlara ev sahibliyi edən Bakı özünü regionun diplomatik paytaxtı kimi təsdiqləyib.
“Əgər dostlarımız və tərəfdaşlarımız (Rusiya və Ukrayna - red.) Bakıda görüşmək istəsələr, biz onları qəbul etməyə çox şad olarıq. Bakı artıq bütün Xəzər regionunun diplomatik paytaxtıdır. Burada Türkiyə və İsrail arasında danışıqlar aparılıb. Suriya və İsrail də Bakıda danışıqlar aparıb. Daha əvvəllər burada Rusiya və ABŞ arasında raket əleyhinə müdafiə sistemləri ilə bağlı strateji danışıqlar, həmçinin Rusiya-NATO danışıqları keçirilib. Son vaxtlar Bakıda bir çox digər diplomatik tədbirlər keçirilib. Biz hamını qəbul etməyə şadıq, lakin heç kimi məcbur edə bilmərik. Onlar özləri bizə müraciət etməlidirlər”, - H.Hacıyev qeyd edib.
Azərbaycan üçün beynəlxalq arenada yeni rolu necə qiymətləndirmək olar? Münaqişədə olan dövlətlər arasında vasitəçi rolu ölkəmizə uyğun gəlirmi? İsrail ilə Suriyanın yeni rəhbərliyi arasında görüşlər üçün niyə məhz Bakı seçilib? Azərbaycan belə aktiv fəaliyyət nəticəsində hansı faydalar əldə edə bilə? Ümumiyyətlə, ölkəmiz region dövlətləri və dünyanın müxtəlif ölkələri üçün daimi diplomatik vasitəçilik platformasına çevrilə bilərmi?
Tanınmış rusiyalı şərqşünas, Yaxın Şərq üzrə ekspert Ruslan Süleymanov məsələ ilə bağlı fikirlərini pressklub.az-la bölüşüb.
Ekspert ilk onu qeyd edib ki, Azərbaycan Yaxın Şərq ölkələrinin nümayəndələri üçün vasitəçi rolunda çıxış etməsi ilk dəfə deyil. “Cari ilin aprel ayında Bakıda İsrail və Türkiyə nümayəndələri arasında danışıqlar keçirilmişdi və orada, digər məsələlərlə yanaşı, Suriyadakı vəziyyət də müzakirə olunmuşdu. Məncə, Azərbaycanın bu rolu oynamaq üçün böyük potensialı və imkanları var. Lakin bu, Bakının özünün Yaxın Şərq məsələlərinə nə dərəcədə cəlb olunmaq istəməsindən asılıdır. Bu bölgə Azərbaycanın ənənəvi təsir dairəsindən uzaqdır və əvvəllər ölkənin belə bir vasitəçi rolunda ciddi təcrübəsi olmayıb. Mən düşünürəm ki, hələlik söhbət hansısa böyük razılaşmadan və ya müqavilədən deyil, ilkin məsləhətləşmələrdən gedir. Əgər son hadisələrə və İsrailin iştirakı ilə Suriyadakı gərginliyə nəzər salsaq, əsas vasitəçi rolunu amerikalılar oynayır və onların imkanları daha genişdir. Bakı isə hələlik konkret məsələlərin müzakirəsi, konkret təfərrüatlar və mümkün toqquşmaların qarşısının alınması üçün ehtiyat məkan rolunu oynayır. Mənim bildiyimə görə, apreldə də Türkiyə və İsrail nümayəndələri bu məsələlər üzrə razılığa gəlməyə çalışıblar”, – deyə o bildirib.
Ekspertin fikrincə, Azərbaycan daimi platformaya çevrilə bilər, lakin bunun üçün Yaxın Şərq məsələlərinə daha dərindən qoşulmaq lazımdır: “Hələ bu yaxınlara qədər Bakı bu proseslərdən uzaqda idi və təəssüf ki, bir çox ərəb ölkələrində hələ də Azərbaycanın harada yerləşdiyini, Fələstin məsələsində hansı mövqe tutduğunu bilməyənlər var. Halbuki bu mövqe kifayət qədər aydındır. Lakin Azərbaycan Suriyanın bərpasında iştirak etdikcə, qaz layihələrində yer aldıqca (bu yaxınlarda prezident Əş-Şəraa ilə Prezident Əliyev arasında səfər zamanı bu barədə razılıq əldə olunmuşdu), Bakı iqtisadi iştirakını siyasi iştirak səviyyəsinə keçirə bilər. Amma bir daha qeyd edirəm: bu, Bakının bu rolu oynamaq istəyindən asılı olacaq. Mənim fikrimcə, hələlik Azərbaycan vasitəçiliyə və ümumilikdə Yaxın Şərqdə rol oynamağa çox ehtiyatla yanaşır”, – deyə Ruslan Süleymanov bildirib.
Rauf Orucov