Adil Kərimli Antikorrupsiya İdarəsinin məsuliyyətə cəlb etdiyi şəxsləri niyə qoruyur? -İLGİNC FAKTLAR

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tabeçiliyindəki Pantomima Teatrının vəzifəli şəxslərinin barəsində cinayət məsuliyyəti müəyyən olunsa da, nazir Adil Kərimli həmin şəxsləri öz postlarında saxlayıb.
Yenixeber.org: Söhbət Pantomima Teatrının vəzifəli şəxsləri – bədii rəhbər Xanızadə Bəxtiyar Oktay oğlunun və teatrın baş mühasibi vəzifəsində işləmiş Axundzadə Neli Sabir qızından gedir.
Gununsesi.info-ya daxil olan rəsmi sənəddən görünür ki, Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin rəisi Mehman Hüaeynov mədəniyyət naziri Adil Kərimliyə həmin şəxslərlə bağlı TƏQDİMAT yazıb.
Cinayətin törədilməsinə şərait yaradan halların aradan qaldırılması üçün tədbirlər görülməsi barədə 232026366 №-li cinayət işi üzrə yazılan TƏQDİMAT-da deyilir:
Həmin cinayət işi 22.11.2023-cü il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaqı tamamlanaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş 232026238 nömrəli cinayət işindən Azərbaycan Respublikası CM-in 308.1 və 313-cü maddələri ilə ayrıca icraata ayrılmaqla icraatına qəbul edilib istintaqı aparılmışdır.
Cinayət işinin ayrılmasına səbəb və əsas Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə 07.02.2023-cü il tarixdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin müraciəti əsasında Pantomima Teatrının vəzifəli şəxslərinin barəsində toplanmış materialda cinayətin əlamətlərinə işarə edən kifayət qədər dəlillərin mövcudluğu olmuşdur.
06.05.2024-cü il tarixdə 232026366 nömrəli cinayət işi Azərbaycan Respublikası CM-in 308.1 və 313-cü maddələrindən həmin Məcəllənin 179.2.3, 179.2.4 və 313-cü maddələrinə tövsif edilmişdir.
Cinayət işi üzrə aparılmış istintaqla müəyyən edilmişdir ki, Xanızadə Bəxtiyar Oqtay oğlu Mədəniyyət Nazirliyinin tabeliyində olan Dövlət Pantomima teatrının bədii rəhbəri vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edərək həmin Teatrın baş mühasibi vəzifəsində işləmiş Axundzadə Neli Sabir qızı ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində 01.01.2019-cu il tarixdən 01.11.2022-ci il tarixədək olan müddətdə ayrı-ayrı vaxtlarda bir neçə işçinin əmək haqqı kartını özlərində saxlamaqla 36.000 manat pul vəsaitini mənimsəməklə onlara etibar edilmiş özgə əmlakını vahid niyyətlə xeyli miqdarda ziyan vuraqla mənimsəmə yolu talamış, vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs qismində rəsmi sənədlərə bilə-bilə yalan məlumatları vahid tamah niyyətilə daxil etməklə vəzifə saxtakarlığı törətmişlər.
Beləliklə, cinayət işi üzrə şahid ifadələri və digər həyata keçirilmiş istintaq hərəkətləri ilə müəyyən edilmişdir ki, Dövlət Pantomima Teatrının bədii rəhbəri Xanızadə Bəxtiyar Oqtay oğlu və həmin Teatrın baş mühasibi vəzifəsində işləmiş Axundzadə Nelli Sabir qızı öz qulluq mövqelərindən istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs qismində xeyli miqdarda mənimsəmə və israfetmə yolu ilə taladığı, o cümlədən dövlət büdcəsinə vurduğu maddi ziyanın məbləği 36.000 manat təşkil etmişdir.
Xanızadə Bəxtiyar Oqtay oğlu və Axundzadə Nelli Sabir qızının əməllərində Azərbaycan Respublikası CM-in 179.2.3, 179.2.4 və 313-cü maddələrinin tərkib əlamətləri vardır.
İş üzrə aparılmış istintaq zamanı Xanızadə Bəxtiyar Oqtay oğlu və Axundzadə Nelli Sabir qızı törətmiş olduqları cinayət əməlləri üzrə özlərini təqsirli bilərək 1 may ayı 2024-cü il tarixdə cinayət nəticəsində pul vəsaitlərini ələ keçirmələrini etiraf edərək törətdikləri əməldən peşman olduqlarını, iş üzrə dəymiş ziyanı tam şəkildə birgə ödədiklərini, onlar tərəfindən vurulmuş ziyanın müvafiq faiz dərəcəsi üzrə dövlət büdcəsinin hesabına ödəniş etməyə hazır olmalarını və cinayət məsuliyyətindən azad edilmələri barədə ibdtidqi istintaq orqanına əriz ilə müraciət edərək mənimsəmə və israf etmə xüsusatı üzrə vurulmuş ziyan qismində 36.000 manat məbləğində pul vəsaitinin 25 bu məqsədlə dövlət büdcəsinə, eləcə də xüsusən üzrə vurulmuş ziyanın ödənilməsi məqsədi ilə Azərbaycan Respublikasının Baş Prokurorluğunun “Azərbaycan Beynəlxalq Bank” ASC-də olan depozit hesabına hər biri 9.000 manat məbləğində pul vəsaitlərini köçürməklə CM-nin 179.2.3, 179.2.4 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində 313-cü maddəsi üzrə ittiham elan edilmiş və 2 may 2024-cü il tarixdə cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilərək ibtidai istintaqa xitam qərarı təsdiq edilmiş və bu barədə müvafiq məhkəmə qərarı ilə təsdiq edilmişdir.
Belə ki, istintaq zamanı toplanılmış işlə əlaqədar olaraq Teatrın vəzifəli şəxslərinin nəzarəti həyata keçirməməsi, vaxtlı-vaxtında zəruri mühasibat sənədlərini yoxlamaması nəticəsində dövlət əmlakının mənimsənilməsinə şərait yaradılmış, Xanızadə Bəxtiyar Oqtay oğlu və Axundzadə Nəlli Sabir qızının törətdikləri cinayətlərin törənməsini şərtləndirmişdir.
Yuxarıdakılara əsasən qeyd olunan sahələrdə yol verilmiş nöqsan və qanun pozuntularının geniş miqyasda olmaqla cinayət hadisəsini doğuran səbəb və şəraitin aradan qaldırılması, həmçinin gələcəkdə oxşar halların baş verməməsi üçün təsirli və kəsərli tədbirlərin görülməsi, o cümlədən yol verilmiş qanun pozuntuları və nöqsanların aradan qaldırılması və gələcəkdə təkrar baş verməməsi üçün zəruri tədbirlər görülməsi üçün bu təqdimi Teatrın işçilərinin iştirakı ilə geniş müzakirəyə təqdim edirsiniz.
Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 221-ci maddəsinin tələblərini rəhbər tutaraq xahiş edirəm ki, Təqdimat Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan Dövlət Pantomima teatrının işçilərinin iştirakı ilə geniş formada müzakirə edilərək yol verilmiş qanun pozuntuları və nöqsanların aradan qaldırılması və gələcəkdə təkrar baş verməməsi üçün zəruri tədbirlər görülsün.
Görülmüş tədbirlər barədə qanunla müəyyən edilmiş 1 (bir) ay müddətində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə məlumat verilsin.
Bu təqdimatdan xeyli zaman keçməsinə baxmayaraq, hər iki şəxs hələ də öz vəzifəsində qalır.
Mədəniyyət nazirinin Antikorrupsiya İdarəsinin tələbini qulaqardına vurması sual doğurur.
Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinin mövqeyini öyrənmək cəhdimiz baş tutmadı.
Mövzuya qayıdacağıq.
