KTMT-dən uzaqlaşan Ermənistan: “exitMDB”yə ismarış -ŞƏRH
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə rəsmi İrəvan arasında gərginlik davam edir.
Yenixeber.org: Dekabrın 21-də KTMT-nin baş katibi İmanqali Tasmaqambetov İrəvana səfər edəcək. O, səfər çərçivəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşəcək. Görüşdə tərəflərin 2023-cü ilin noyabrında keçirilmiş təşkilata üzv ölkələrin xarici işlər nazirləri, müdafiə nazirləri, kollektiv təhlükəsizlik şuralarının sessiyasının yekununu müzakirə edəcəkləri gözlənilir. Onun Nikol Paşinyanla görüşü nəzərdə tutulmayıb.
Dekabrın 19-da isə Moskvada KTMT Parlament Assambleyasının Şurasının iclası olub. Ermənistan parlamentinin sədri Alen Simonyan bu yığıncaqda iştirak etməyib. Ümumiyyətlə, o, KTMT-nin toplantılarını əhəmiyyətsiz sayır.
Ermənistan hakimiyyəti KTMT, MDB və Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə əməkdaşlığı beş ilə yaxındır kəsməyə çalışır. Ancaq Moskvanın sərt davranışı ilə üzləşəcəyindən ehtiyat edərək buna tutarlı əsas göstərə bilmir. Onun Rusiyaya qarşı iddiaları isə daha çox cığallığa oxşayır. Məsələn, Nikol Paşinyan hökuməti iddia edir ki, KTMT 44 günlük müharibə zamanı Azərbaycana qarşı vuruşmalı idi, yaxud rəsmi İrəvan hesab edir ki, iki ölkə arasında sərhədyanı ərazidə törətdikləri təxribatlara bu hərbi təşkilat da qoşulmalı imiş.
Birinci halda Azərbaycan ərazi bütövlüyünü bərpa etdiyi, ikincidə isə sərhədlər müəyyənləşmədiyindən KTMT məsələyə müdaxilə etmək istəməyib. Əslində, bu, Ermənistan hökumətinə Fransanın sponsorluğu ilə Avropa İttifaqının mülki müşahidə missiyasının bölgəyə yeridilməsi üçün bəhanə idi və rəsmi İrəvan bunu reallaşdırıb. Ona görə də bu gün KTMT ilə əlaqələrin tamamilə qırılması prosesi davam edir.
Ermənistan təmsilçisinin təşkilatın sonuncu toplantısına qatılmaması isə baş katib İmanqali Tasmaqambetovun İrəvana səfərinə səbəb yaradıb. Keçiriləcək görüşdə Ermənistan-KTMT münasibətlərinin perspektivinin müzakirəsi istisna olunmur. Təşkilata münasibətini müəyyənləşdirmək üçün Nikol Paşinyan hökumətinə möhlət veriləcəyini ehtimal etmək olar. Bu, həm də Rusiyanın sponsorluq etdiyi başqa təşkilatlarla Ermənistanın əlaqələrinin perspektivini müəyyənləşdirməyə imkan verir.
Yeri gəlmişkən, Paşinyanın bu ilin oktyabrında MDB-nin Bişkekdə keçirilmiş zirvə toplantısına qatılmaması rəsmi İrəvanın bu qurumdan uzaqlaşmaq istəyinin siqnalı da sayıla bilər. Dekabrın 24-25-də Vladimir Putinin təşəbbüsü ilə Sankt-Peterburqda keçirilən sammitdə iştirakı ilə bağlı Ermənistan hökumətinin başçısı təsdiq cavabı verməyib. Qarşı tərəf isə cavabın müsbət olacağına ümid edir.
Paşinyan hökuməti MDB-dən çıxmağın - “exitMDB”nin - siqnalını verir.
Son zamanlar Fransanın Ermənistanda fəallaşması da Paşinyan hökumətinin bəhs etdiyimiz təşkilatlarla münasibətini zəiflətməsinə təsirsiz ötüşmür. Başqa sözlə, rəsmi İrəvan Fransaya arxalanaraq Rusiyadan uzaqlaşmaq üzrə ilk addımını KTMT üzərində sınaqdan çıxarır.
Artıq Paşinyan komandasının KTMT ilə davranışı adiləşib. İrəvan hələ ki Rusiyanın təşəbbüsü ilə yaranan təşkilatlardan uzaqlaşmaqla Kremlə münasibətini bildirir. Son zamanlar münasibətləri minimuma endirməsi yaxın zamanda Ermənistanın bu təşkilatdan çıxması ilə nəticələnə bilər.
İmanqali Tasmaqambetovun diplomatik cəhdinin isə əməkdaşlığın perspektivinə müsbət təsir göstərəcəyi ilə bağlı əsas hələ ki yoxdur. Ona görə də Ermənistanın KTMT, MDB, Aİİ-dən qaçmaq cəhdlərinin “mus-mus Mustafa”sı Rusiyadan uzaqlaşmaq mahiyyəti daşıyır.(“Report”)