İrəvan təlaşda və xofdadır: Paşinyan yeni "taktika" hazırlayıb? -İNCƏLƏMƏ
Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin bu ilin sonunadək imzalanması ehtimalı yüksək deyil. Lakin danışıqlardakı müsbət dinamikanı nəzərə alsaq ikitərəfli müzakirələrin normal sonuclanması mümkündür.
Yenxeber.org: Ermənistanla yekun sülh sazişinin imzalanması prosesi məntiqi sonluqla başa çatmalıdır. Rəsmi Bakı regionda dayanıqlı sülhün, stabiliyin və normal dövlətlərarası münasibətlərin formalaşmasında maraqlıdır. Bu situasiyanın yaranması üçün yol Bakı və İrəvan arasında mövcud problemlərin həllindən keçir.
Azərbaycanın mövqeyi məlumdur: biz beynəlxalq vasitəçilər və ya moderatorlar olmadan Ermənistanla birbaşa danışıqları indiki vəziyyətdə, hazırdı geosiyasi reallıqları və xüsusilə də bölgədəki siyasi fonu nəzərə almaqla ən əlverişli variant hesab edirik.
Belə danışıqların presedenti də var: dekabrın 7-də əldə edilmiş razılaşmalar heç bir kənar vasitəçi olmadan əldə edildi, reallaşdırıldı və müsbət sonucla başa çatdı.
Həmin praktika davam etdirilməli, iki ölkə arasındakı münasibətlər bilavasitə danışıqlarda çözülməlidir.
Azərbaycanla Ermənistan arasındakı şərti dövlət sərhədinin perimetri boyunca son üç ayda müşahidə olunan nisbi sakitlik də İrəvanın danışıqlarda müsbət dinamikanın daha məqbul, arzuedilən variant olduğunu gec də olsa, anladığına dəlalət edə biləcək məqam sayıla bilər.
Ermənistanın baş naziri Nikol Paşinyan və onun komandasındakı funksionerlər yekun sülh sazişinin imzalanması perspektivləri ilə bağlı nikbin açıqlamalar versələr də, reallıq fərqlidir.
Daha doğrusu, Paşinyan administrasiyasının bəyanatları ilə əməlləri arasında həmişəki kimi, kəskin fərq olduğundan sülhün bərqərar olacağı günün ilin sonunadək yaşanacağı ilə bağlı təxminlər bir qədər bravur təsir bağışlayır.
Səbəb İrəvandır: çoxsaylı açıqlamalara, vədlərə və sözlərə rəğmən, rəsmi İrəvan sülhə doğru çox asta, ləng addımlar atır, hətta imkan düşən kimi prosesdə süni maneələr yaradaran vəziyyəti gərginləşdirəcək davranış nümayiş etdirir.
İstənilən halda, sülh olmalı, saziş imzalanmalı, kommunikasiyalar açılmalı, yeni nəqliyyat-loqistika marşrutları və dəhlizləri istifadəyə verilməli, şərti dövlət sərhədinin delimitasiyası ilə demarkasiyasına başlanmalıdır.
İrəvan bunu istəyirsə, "Azərbaycandan qovulmuş 120 min qarabağlı erməni" (?!) idefiksinin fasiləsiz təkrarlanmasını dayandırmalıdır.
Çünki bu, yalandır və iddiaların absurd olduğunu Ermənistarın hakimiyyəti ilə siyasi elitaları əla bilirlər.
Amma N.Paşinyanın merkantil maraqları bu dəfə xarici ölkələrdə yaşayan erməni icmalarının diaspor təşkilatlarının planları və xüsusilə də Cənubi Qafqazda vəziyyəti gərginləşdirərək öz istəklərinə çatmağa çalışan bəzi dövlətlərlə beynəlxalq təşkilatları niyyətləri ilə üst-üstə düşdüyündən mövcud acınacaqlı, yalan və saxta mənzərəni müşahidə edirik.
İrəvandakı iqtidar bilir ki, Azərbaycandan Ermənistana könüllü köç etmiş ermənilərin sayı onların bəyan etdiklərindən dəfələrlə azdır.
Paşinyanın hakimiyyət strategiyasında əhəmiyyətli yer tutan irredentizmlə radikal millətçilik və şovinizm İkinci Qarabağ Müharibəsindən sonra merkantilizm də əlavə olunduğundan, qarabağlı ermənilər indi İrəvan üçün maliyyə mənbəyinə çevrilib.
Azərbaycandan Ermənistana yollanmış "120 min" (!) qarabağlı ermənidən bəhs edən Paşinyan hakimiyyəti bu minvalla xarici təşkilatlardan, dövlətlərdən, filantroplardan və s.-dən "köçkün ermənilərin üzləşdikləri problemlərin həlli üçün" maksimum həcmdə maliyyə vəsaiti almaq fikrindədir.
Ukraynadakı hərbi əməliyyatlara görə total sanksiyalara məruz qalmış Rusiyaya Qərbin sanksiyalarından yan keçərək idxal əməliyyatlarını həyata keçirmək üçün "əlverişli məkan"a çevrilmiş Ermənistan bu minvalla əldə etdiyi gəlirləri "iqtisadiyyatın yüksəlişi, ümumdaxili məhsulun artımı" kimi qələmə verdiyi üçün İrəvanın saxtakarlığı yenilik deyil.
Sülh sazişinin qarşısında duran digər maneə Ermənistan qanunvericiliyidir.
Ermənistanın Dövlət Müstəqilliyi Bəyannaməsində və əlləxüsus da Konstitusiyasında "Ermənistan Qarabağın müstəqilliyinin və təhlükəsizliyinin qarantıdır" ifadəsi yer alıb. Sözügedən cümlə Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və sərhəd toxunulmazlığına birbaşa təhdid olmaqla yanaşı, beynəlxalq hüququn prinsipləri ilə kəskin ziddiyyət təşkil edir.
İrəvanın Bakı ilə imzalayacağı sülh sazişinin Ermənistanda legitim olması üçün bu ölkənin Konstitusiyasına mütləq dəyişikliklər olunmalı, Azərbaycanın tərkib hissəsi olan Qarabağlı bağlı müddəa, daha doğrusu, iddia, ali qanunun mətnindən çıxarılmalıdır.
Digər problem Ermənistanın siyasətində revanşizm və qisasçılığın yer almayacağı barədə yazılı təminatın olmamasıdır.
Ermənistan cəmiyyətində neonasizm, revanşizm, Njde pərəstişkarlığı,qisasçılıq, ərazi iddiaları və saxta tarixə əsaslanan narrativlər nə qədər tez tarixə qovuşarsa, qonşu ölkənin sosial-psixoloji vəziyyəti bir o qədər sürətlə normallaşmağa başlayar.
İstənilən halda sülh sazişi vəziyyətin stabilləşməsi istiqamətində ən mühüm addım və mərhələ olacaq.
Ermənistan rəhbərliyindən indi rasional siyasəti, siyasi iradə, ölkəni onillərdən bəri yaşadığı fəlakətli və böhranlı vəziyyətdən çıxarmaq istəyi, qərar vermək bacarığı və ən əsası - ermənilərin gələcəyini düşünmək tələb olunur.
Azərbaycanın istəkləri, şərtləri və mövqeyi məlumdur: Ermənistana sülh sazişi ilə bağlı təkliflər dəfələrlə göndərilib, bununla bağlı müvafiq izahatlar və bəyanatlar verilib.
İndi növbə Ermənistandadır: sülh gündəliyinə gerçəkdən də sadiq olduğunu sübut etmək üçün Nikol Paşinyan hakimiyyəti söz oyunlarından əl çəkərək real işə başlamalı, havadarlarının vədlərinə və hamilərinin şirnikləndirici utopik öhdəliklərinə yox, reallığa üstünlük verməlidir.
Ermənistann yenə də danışıqları uzatmata, vaxt udmağa və ən pisi, sürətlə silahlandırmağa başladığı ordusunun qalıqlarına güvənərək təxribatlar taktikasından ibarət davranışa qayıdarsa, uduzacaq.(Trend)
Bu, İrəvanın çağdaş siyasi tarixində ən böyük məğlubiyyəti olacaq.
Paşinyan yaxşı düşünməlidir…