Xaçmaz səhiyyəsi “komaya düşüb”: RƏZALƏT - YENİLƏNİR
Doğuş 300-350, keysəriyyə 500-600, USM və Rentgen 5-10 manat...
Xeberinfo.com: Redaksiyamıza Xaçmaz rayonunda səhiyyə xidmətinin yarıtmazlığı ilə bağlı ardıcıl müraciətlər daxil olmaqdadır. Rayon sakinləri müraciətlərində Xaçmazda səhiyyənin təşkilindəki müxtəlif problemlərdən bəhs edirlər: doğuş, cərrahiyyə, polikilinka, pediatriya və s. şöbələrdə özbaşınalıq, rüşvətalma adi normaya çevrilib. Xəstələrin qanunla nəzərdə tutulan dərman preparatları ilə təminatı sadəcə kağız üzərindədir. Proflaktiki tədbirlər birmənalı şəkildə “yaddan çıxıb”. Kəndlərdə isə səhiyyə xidməti de-fakto yox dərəcəsindədir. Və s. və ilaxır.
Əslində bu mənzərə Azərbaycan insanı üçün təəccüblü görünmür: zatən əksər rayonlarda səhiyyənin durumu eyni ilə belədir. Amma,... məsələ ondadır ki, Xaçmaz səhiyyəsindəki “besperedel” müəyyən özəllikləri ilə də diqqəti çəkir. (Xatırladım ki, bir müddət əvvəl də Xaçmaz Rayon Səhiyyə Şöbəsində korrupsiya və digər özbaşınalıqlarla bağlı elektron mediada yazılar yer almışdır.)
Biz bu məlumatların genişliyini və sadalanan ittihaların ciddiliyinin fərqinə varıb, Xaçmaz rayonunda olub, lazımı araşdırmalar aparmaq qərarına gəldik. Olduq da, az-çox müəyyən məlumatları aydınlaşdıra da bildik. Təəssüf ki, Xaçmaz rayonunda səhiyyə xidmətinə birbaşa cavabdeh olan hörmətli baş həkim Səyyaf Tağıyevi dinləmək cəhdimiz baş tutmadı. Hələ də bizə məlum olmayan səbəblər üzündən cənab Tağıyev vaxtının 5 dəqiqəsini də olsun ki, bizim suallarımızı cavablandırmağa ayırmadı(?)
Olsun, biz məlum qayda və prinsiplərə uyğun olaraq, öz borcumuzdan çıxmağa çalışdıq. Beləliklə, ilkin olaraq döğum şöbəsi ilə bağlı...
Pulu olmayanlar uşaq arzusuna düşməsinlər!?
Xaçmaz səhiyyəsi ilə bağlı xeberinfo.com-a daxil olan məlumatlar sırasında Rayon Mərkəzi Xəstəxanasının Doğum Şöbəsinin öz yeri var. Xaçmazlıların demək olar ki, ən çox narazılıq etdiyi məhz bu şöbədir. Əldə etdiyimiz məlumatlar və apardığımız müşahidələrdən belə məlum olur ki, bu şöbədə keysəriyyə əməliyyatı dəb halını alıb. Əksər hallarda yeri gəldi-gəlmədi, normal doğuşu “unudub” keysəriyyə əməliyyatı aparılır. Peşəkar tibbi heyət pasiyenti və sahibini bu əməliyyatın “üstünlüklərinə” inandıra bilirlər.
Bu əməliyyatlar isə birmənalı olaraq Yasəmən həkimin adı ilə bağlıdır. Şöbənin qapısı qarşısında xəstə sahibləri və tibb bacıları ilə apardığımız söhbətlərdən aydın olur ki, keysəriyyə əməliyyatları Yasəmən xanımdan başqa ikinci bir həkimə etibar edilmir. İradə həkim və Cəlalə həkim isə bu əməliyyatlarda assisent kimi iştirak edirlər.Əməliyyatın “maya dəyəri” isə 500-600 ... arasında dəyişir.
Doğuş əməliyyatlarında isə İradə xanım və Cəlalə xanımın adları daha çox hallanır. Bu əməliyyatın “maya dəyəri” isə 300-350... arasında dəyişir.
Rayon sakinlərinin bildirdiyinə görə, Xaçmazda ən azı 350-400 manatın olmasa uşaq arzusuna düşməyə dəyməz. Ya müxtəlif bəhanələrlə xəstəni doğum şöbəsinə qəbul etməyəcəklər, ya da qəbul etmiş olsalar da heç “üzünə də baxmayacaqlar”.
Belə məlum olur ki, olur ki, Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Doğum Şöbəsinə məsul şəxslərin bu rəzalətdən ya məlumatları yoxdur, ya da...
***
USM və Rentgen əməliyyatlarında isə həkimlər daha insaflı davranırlar. Qiymətlər 5-10 manat arasında dəyişir. Bunun yazılmamış bir qanun olduğunu müşahidə edirik. Tibb bacıları çəkinmədən pasiyentlərə qiyməti deyib də, ... alırlar.
Kəndlərdə səhiyyə adına bir nəsnə yoxdur
Xaçmaz səhiyyəsindəki rəzalətlə bağlı xeberinfo.com-a daxil olmuş məlumatlar sırasında kəndlərdə tibbi xidmətin bərbad durumu da yer alır. Elə bu məlumatlarla da bağlı yolumuzu kəndlərə salırıq. Diqqət edin, rayon mərkəzinə yaxın sayılan-Xudat yolunun üstündə- Mürşüdoba, Sabiroba və Nərəcan kimi böyük kəndlərin heç birində tibb məntəqəsi adında bir “butka” da yoxdur.
Mürşüdoba sakinləri ilə söhbətdən məlum olur ki, nə yaxşı bu kənddə Əzizağa həkim varmış. Bu kəndin xəstələri göydə Allahın, yerdə Əzizağa həkimin ümüdünə qalıblar. Əzizağa həkim də xəstələri evində qəbul edir. Başqa sözlə ən yaxşı halda ilkin tibbi baxış.
Sabiroba kəndində isə nə həkim var, nə də həkimin evi. Ümüd qalıb Allaha.
Nərəcan kəndində də Ağacan həkim deyilən bir aptek sahibi var. Kənd sakinləri deyirlər ki, Ağacan həkim öz aptekində xəstələri müayinə edir və elə oradaca da dərmanlarını satır. Biz haqqında bəhs olunan apteki axtarıb tapsaq da, Ağacan həkimlə tanış ola bilmədik: Aptek bağlı idi.
Nərəcə kəndinin "həkim məntəqəsi"
Hər üç kəndin sakinlərinə verdiyimiz eyni suala cavab da eyni olur: nədən bu problemlə bağlı aidiyyatı dövlət təşkilatlarına, məsul şəxslərə şikayətçi olmursunuz? Cavab: Aidiyyatı dövlət təşkilatlarına da, məsul şəxslərə də dəfələrlə müraciət etmişik. Nə səsimizi eşidən var, nə də bizi dinləyib problemimizlə maraqlanan(?)
***
Rayon mərkəzindən uzaq olmayan Susay Qışlaq kəndinə yollanırıq. Bu kənddə də eyni mənzərə, eyni problem: nə həkim var, nə də həkimxana.
Daha sonra Gilahoba, Ləcət kəndlərində də məlum baxımdan vəziyyət dəyişmir. Kənd sakinləri deyir ki, “ayağımıza tikan batanda da ya Xudata, ya da Yalamaya getməli oluruq”.
Hələlik bu qədər. Qarşıdakı günlərdə Xaçmaz rayonunun digər kəndlərində səhiyyənin “təşkilindən”, Mərkəzi Xəstəxananın Cərrahiyyə, Polikilinika, Pediatriya və Travmatalogiya Şöbələrindən yazmağa çalışacağıq. Bundan əlavə xəstələrə pulsuz verilməli olan dərman və qida məhsullarının, eləcə də imtiyazlı xəstələrə verilməli olan dərman preparatlarının kimlərin “cibinə necə axmasından” da yazacağıq. Kağız üzərində aparılan proflaktiki tədbirlər də diqqətimizdədir.
Qarşı tərəfi də dinləməyə hazırıq.
Aydın