Cəlilabadın baş həkimi həbs oluna bilər-YENİLƏNİB!
Həbs olunmuş TSEK sədri Xoşbəxt xanım baş həkimi bədbəxt edə bilər
Oqtay Şirəliyev Cəlilabad səhiyyəsindəki özbaşınalıqlara niyə göz yumur?
Qapısı kilidli ambulatoriyalar, forma-88 bazarlığı, kağız üzərindəki proflaktiki tədbirlər, 117 adda dərman iştahası, ölü canlar və s.
“Xeberinfo.com”: Məlum olduğu kimi, mart ayının 30-da Cəlilabad-Biləsuvar rayonlarını əhatə edən 30 saylı Tibbi Sosial Ekspert Komissiyasının sədri Xoşbəxt Ağayeva həbs olundu. Xatırladaq ki, Xoşbəxt Ağayevanın, Masallı rayon sakinindən bacısına əlillik dərəcəsinin təyin edilməsi üçün 600 manat tələb etməsi və həmin pulun 500 manatını 2015-ci il martın 13-də 30 saylı TSEK-in Cəlilabad rayonunda yerləşən inzibati binasında iş otağında rüşvət kimi almasında, həmçinin xidməti vəzifəsinin icrası ilə əlaqədar ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul istəməsi və ya almasında şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə ittiham elan edilib və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Xoşbəxt xanımın iş otağında axtarış zamanı istintaq üçün əhəmiyyət kəsb edən müxtəlif sənədlər, o cümlədən digər vətəndaşlardan əlillik dərəcəsinin təyin edilməsi ilə bağlı onların adları və soyadlarının qarşısında rüşvət kimi aldığı ehtimal edilən məbləğlərə dair qeydlər aparılmış sənədlər aşkar edilərək maddi sübut kimi götürülüb.
Baş həkim təşviş içində
Bu arada Cəlilabad rayonundan “xeberinfo.com”a olayla bağlı yeni məlumat daxil olub. Məlumata görə Xoşbəxt Ağayevanın həbsi Cəlilabad rayon mərkəzi xəstəxanasının baş həkimi İlham Əliyevin əməllicə narahatçılığına səbəb olub. Bəlli olduğu kimi, əlillik üçün tələb olunan sənədlərdən birincisi forma-88 adlı arayışdır. Hansı ki, bunu da vətəndaş qeydiyyatda olduğu müvafiq polikilinikadan almalıdır. Bundan ötrü isə “epiqriz” də daxil olmaqla digər sənədlər vacibdir. Əks halda verilmiş forma-88-in “səsi sonradan çıxa bilər”.
Məlumata görə İlham Əliyevin Xoşbəxt Ağayeva ilə iş birliyinin də “səsi indi çıxır”. Bu iş birliyi haqqında Cəlilabadda demək olar ki, bilməyən yoxdur. Hətta bununla bağlı rayonda məşhur bənzətmə də var: “Xoşbəxt Ağayevanın qəbuluna gedən yol, İlham Əliyevin bığının altından keçir”.
TSEK sədrinin həbsi zamanı götürülmüş sənədlərin əksəriyyətində İlham Əliyevin adı və müxtəlif rəqəmlərin yazıldığı da məlumatlar sırasındadır. Elə baş həkimiin təşvişə düşüb, Cəlilabad-Bakı yolunda zaman və enerji xərcləməsinin də başlıca səbəbi budur...
Redaksiyamıza bu istiqamətdə, eləcə də Cəlilabad rayon səhiyyəsindəki “bezperedel”lə bağlı geniş məlumatlar daxil olub. İstintaqın gedişini nəzərə alıb, müəyyən yanlışlıqlar olar deyə, hələlik geniş yaza bilmirik. Təəssüf ki, hörmətli baş həkimlə əlaqə yaratmaq cəhdlərimiz də nəticəsiz qalmaqdadır.
***
Hörmətli baş həkim suallarımızı cavablandırmaq əvəzində bizə gah xahiş, gah da təhdid mesajlarında bulunur. Olsun, biz bu sayaq jestlərə alşmışıq. Təəssüf ki, hələ də vəzifəsinin nə olduğunu tamlığı ilə bilmək istəməyən, mətbuatla işləməyi özünə rəva bilməyən səlahiyyət sahiblərimiz var olmaqdadır.
Nə isə, ... Cəlilabad rayonunda səhiyyənin mövcud durumu ilə bağlı redaksiyamıza hər gün yeni məlumatlar daxil olmaqdadır. Rayon sakinlərindən aldığımız məlumatlarda konkret rəqəmlər, faktlar sadalanır. Məlum səbəblərdən lazımı dəqiqləşmə apara bilmədiyimizdən hələlik geniş yaza bilmirik.
Hələlik bir faktı qeyd edək ki, məlumata görə səhiyyə nazirinin güzəştli dərmanlarla bağlı 1 dekabr 2005-ci il tarixli 141 №-li əmrindən (Bu əmrə sonrakı illərdə əlavələr olub: Red.) Cəlilabad xəstəxanalarında əsər-əlamət yoxdur. Xatırladım ki, sözügedən əmrlə ölkəmizdəki səhiyyə müəssisələrinin 117 adda dərmanla pulsuz təminatı nəzərdə tutulur. Bu sıraya müxtəlif adlı vitaminlər və antibiotiklərlə yanaşı Tramkvilizatorladan Diazepon, Relanium və s. kimi uyuşdurucu dərmanlar da daxildir. Xüsusi ilə reanimasiya şöbələrində bu preparatlara təlabat daha çox olur.
Cəlilabad rayonunun səhiyyə müəssisələrinin, xüsusi ilə də mərkəzi xəstəxananın bu dərmanlarla təminatı ilə bağlı ilginc məlumatlarımız var. Məlumatlarda bu dərmanların hansı trayektoriya ilə fırlanıb, hansı apteklərdə zühur etməsindən bəhs olunur...
Qapısı kilidli ambulatoriyalar, forma-88 bazarlığı, kağız üzərindəki proflaktiki tədbirlər, ölü canlar və s. Qarşıdakı günlərdə bütün bu məlumatlardan da yazacağıq.
Valeh