Məhkəmədə saxta pul düzəldərək hakimləri heyrətləndirən cani –Rostovlu “fantomas”ların güllə ilə bitən ömrü
Yenixeber.org: “Sosializmin qələbə çaldığı yerdə cinayətkarlar ola bilməz” ifadəsi SSRİ-də tez-tez səsləndirilən şüarlardan biri olub. Amma bu, elə şüar olaraq da qalıb. Sovet cəmiyyətində cinayət də olub, cinayətkarlar da. Kazan, Odessa, Tambov, Çelyabinsk kimi şəhərlər sovet dövründə ən kriminal şəhərlər sayılıb. Rostov isə SSRİ-nin kriminal paytaxtı adını alıb.
Xüsusilə, 1950-1980-ci illərdə Rostovda kriminogen durumun səviyyəsi pik həddə çatıb. Statistik rəqəmlərə nəzər salaq, görərik ki, bu illər ərzində Rostovda cinayət hadisələrinin sayı ilbəil artıb. Hüquq-mühafizə orqanlarının ciddi səyinə baxmayaraq, bu şəhərdə asayişin qorunması, cinayətlərin qarşısının alınması böyük problemə çevrilib.
1968-1973-cü illərdə Rostovda silsilə cinayətlər törədən, “Fantomaslar dəstəsi” adlandırılan cinayətkar qrupun fəaliyyəti isə prokurorluq və milis əməkdaşlarını sözün əsl mənasında şoka salıb. Dəstə üzvlərinin kriminal peşəkarlığı Moskvanı da narahat edib. Ölkənin ən tanınmış əməliyyatçıları bu dəstənin ifşa olunmasına cəlb edilsə də, onlar uzun müddət cinayətkarları yaxalaya bilməyiblər.
“Fantomaslar dəstəsi” dörd nəfərdən ibarət olub, Vyaçeslav və Vladimir Tolstopyatov qardaşları, Sergey Samasyuk və Vladimir Qorşkov.
Dəstəyə qardaşların kiçiyi Vyaçeslav Tolstopyatov başçılıq edib. Cinayət törətdikləri zaman, həmin ərəfədə çox məşhur olan “Fantomas” filminin qəhrəmanı kimi, onlar da qara geyimdə və qara maskada olduqlarından dəstə məhz “Fantomas dəstəsi” adlandırılıb.
Vyaçeslav Tolstopyatov 1940-cı ildə Bryanskda anadan olub. Hələ uşaq olarkən ailə Rostova köçüb. Vyaçeslav məktəb illərində istedadlı şagird kimi tanınıb. O, xüsusilə rəsm və çertyojlar çəkməkdə fərqlənib. 15 yaşında olarkən, Vyaçeslav ev şəraitində pul əskinazları düzəldib. 2-3 saat ərzində heç bir xüsusi çap maşınına və digər texnologiyalara malik olmayan Vyaçeslav çox asanlıqla 100 rublluq əskinazlar düzəldərək onu dövriyyəyə buraxıb. O, saxta pulları əsasən çaxır alarkən və taksidən istifadə edərkən xırdalamağa nail olub. Əldə etdiyi pulları isə şirniyyata, kitablara və öz geyiminə sərf edib. Vyaçeslav zərərli vərdişlərdən, alkoqoldan, siqaretdən uzaq olub. Aldığı çaxırları isə zibilliyə atıb. Vaxtını daha çox mütaliəyə, filmlərə baxmağa sərf edib.
Vyaçeslav Tolstopyatovun saxta pul oyunları uzun sürməyib. Növbəti dəfə taksi ilə kiçik bir məsafəni qət edib yüzlüyü sürücüyə verəndə, sürücüdə şübhə yaranıb və o, maşını milis çöbəsinə sürüb. Milislər Vyaçeslavı saxlayıblar. İstintaq pulun saxta olmasını sübuta yetirdikdən sonra iş məhkəməyə verilib. Məhkəmədə Vyaçeslav öz bacarığını etiraf etməkdən çəkinməyib. Məhkəmə ondan pulu kimlərdən əldə etdiyini təkrar soruşanda Vyaçeslav hakimə müraciət edib:
- Əgər pulların mənə məxsus olduğuna, onların mənim tərəfimdən hazırlanmasına inanmırsınızsa, mən saxta pulu necə düzəltdiyimi məhkəmə zalında sizə nümayiş etdirə bilərəm.
Məhkəmə Vyaçeslavı lazım olan xammala təmin edib. O, dörd saat ərzində düzəltdiyi 100 rublluq əskinazı hakimin qarşısına qoyub. Hakim və daha sonra dövlət ittihamçısı əskinazı əlinə götürəndə təəccüblərini gizlədə bilməyiblər:
- Belə bir talant sahibini həbsxanaya salmaq acınacaqlıdır, amma qanundan çıxmaq olmaz.
Vyaçeslavın qeyri-adi bacarığı məhkəmədə ona kömək olub. Düzdür, onu məhkəmə zalından açıb buraxmayıblar, amma qanuna görə ona düşəcək cəzanın ən aşağı həddini tətbiq ediblər. O, 4 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Vyaçeslav Tolstopyatov türmədə Sergey Samasyukla tanış olub. Həbslərinin 3 ildən artıq bir hissəsini bir yerdə keçirən türmə dostları gələcək fəaliyyətləri ilə bağlı planlar cızıblar, qərara gəliblər ki, azadlığa çıxdıqdan sonra dəstə yaratsınlar.
Onlar öz planlarını gerçəkləşdiriblər. Vyaçeslav özündən 14 yaş böyük olan qardaşı Vladimiri və uşaqlıqdan tanıdığı Vladimir Qorşkovu da dəstəyə cəlb edib.
“Fantomaslar dəstəsi” kiçik mənzil qarətlərini, küçə soyğunçuluqlarını nəzərə almasaq, 5 il ərzində ittifaq miqyasında böyük səs-küyə səbəb olan 14 cinayət hadisəsi törədiblər. Bank, iri zavod və fabriklərin kassaları, inkassator maşınları bu cinayətkarların əsas hədəfi olub. Törətdikləri cinayətlər müqabilində onların 5 il ərzində dövlətə və vətəndaşlara vurduqları ziyanın məbləği 100 minlərlə hesablanıb. Həmçinin bu cinayətlər zamanı 4 nəfər qətlə yetirilib, 12 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
“Fantomas dəstəsi”nin tez bir zamanda ələ keçməməsinin səbəblərindən biri o olub ki, onlar öz fəaliyyətlərini tam məxfi saxlaya biliblər. Hətta Rostovun kriminal qrupları belə onların fəaliyyətindən xəbərsiz olublar.
Adətən cinayət hadisələrinin açılmasında cinayət zamanı istifadə olunan silahlar istintaq üçün vacib detal sayılır. Məhz istifadə olunan silahın haradan və kim tərəfindən alınması cinayətin açılmasında böyük rol oynayır. Bu amili “Fantomas dəstəsi”nin üzvləri nəzərə alıblar, silahları da özləri düzəldiblər. Sonralar məhkəmədə həmin silahlar nümayiş olunanda, Vyaçeslav Tolstopyatovun növbəti istedadı məhkəmə iştirakçılarının təəccübünə səbə olub. Zirzəmi şəraitində düzəldilən silahlar peşəkar mühəndislərin zavod şəraitində istehsal etdikləri silahlardan geri qalmayıb.
7 iyun 1973-cü ildə “Fantomas”lar sonuncu əməliyyatlarını həyata keçiriblər. SSRİ-nin cənub bölgəsi üzrə Su təsərrüfatı layihələri institutunun kassasını qarət edən dəstənin maşını Rostov yaxınlığında qatarla toqquşub. Qəza çox yüngül olub, heç kim xəsarət almayıb. Amma buna baxmayaraq, yaxınlıqda olan milislər hadisə yerinə gəliblər. Maşının arxa oturacağında əyləşən Sergey Samasyukun qucağında saxladığı orta həcmli pul torbası milislərdə şübhə yaradıb. Bunu hiss edən dəstə üzvləri aradan çıxmaq istəyiblər. Milislər cəld tərpənərək onları saxlayıb, atışma zamanı Sergey Samasyuk ölüb.
1 iyul 1974-cü ildə “Fantomaslar dəstəsi”nin məhkəməsi sona çatıb. Məhkəmə dəstə üzvlərinə ən ağır hökmü verib - güllələnmə.
Məhkəmənin sonunda Vyaçeslav Tolstopyatov hakimdən cəzanın yumşaldılmasını xahiş edəndə, hakim onun xahişini rədd edib:
- Xeyr, vətəndaş Tolstopyatov, “Fantomas” filmi bununla da sona çatdı...(musavat)
İlham Cəmiloğlu