Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

TÜRK ƏSİLLİ İBERİYA ÇARLARI:ƏR ŞUŞA

 

İberiyanın Qorq Aslana qədərki çarlarının ikisi Şuşa nəslindən çıxmışdır. Biz Şuşa deyəndə erməni işğalı altında olan şəhərimizi başa düşürük. Əslində Şuşa yalnız şəhərin adı deyildir. 

Yenixeber.org: Qədim Ön Asiyanın bənzərsiz mədəniyyətini yaradan, şumerlərlə eyni dildə danışan (Marr. 1914. s. 4; Рагозина 1908. s. 311, 318) elitar bir nəslin adıdır (İlhami Cəfərsoy 2014. s. 60-76; Weissbach 1890. s. 3-94; Weissbach 1911. s. 3-241; Hersfeld 1930. s. 3-276).

Əhəmənilər Elamı tutanda (e. ö. VI əsr) Herodotun Suzian adlandırdığı şuşalılar Qafqaza köçdülər  (Шопен 1866. s. 215). Albaniya ilə İberiya arasındakı Loru dərəsində Şuşa şəhərini saldılar. Osmanlı səyyahı Övliya Çələbi 1742-ci ildə Loru dərəsindən keçərkən həmin şəhərin xarabalığını görmüşdü. Övliya Çələbinin bir məlumatı xüsusilə maraqlıdır. Səyyah yazır ki, Şəki qalasını İberiyanın Şuşa məliyi tikdirmişdir.

Şuşa nəslinin patriarxları Ər Şuşa titulu daşıyırdılar. Gürcülər son nəşrlərdə çar Ər Şuşanın adını Aşuşa kimi yazmaqla hamının anlaya bildiyi bir saxtakarlığa imza atdılar.

İberiyanın Şuşa nəslindən iki çarı olmuşdur. I Ər Şuşa xristian deyildi. Çünki onun dövründə ölkədə hələ xristianlıq yayılmamışdı. II Ər Şuşa isə xristian idi. O, Mesrop Maştosu Loru dərəsinə çağırıb, çoxdilli İberiya üçün əlifba tərtib etdirdi. Onun himayəsi altında müqəddəs kitablar ölkənin yerli dillərinə tərcümə edildi (История Агван 1861. s. 19-28).

Ər Şuşanın övladları özündən sonra yeni şəhərlər saldılar, kilsələr tikdirdilər. Övliya Çələbi yazır ki, Şəki şəhərini Şuşa məliyi Aleksandr tikdirmişdir (Эвлия Челеби 1983. s. 158).

Sasanilər güclənəndə Cənubi Qafqazın bir çox xalqları, o cümlədən İberiyanın Şuşa zadəganları onların təsiri altına düşdülər. II Ər Şuşa Ktesifona çağrıldı və sasanilərin vassalı kimi İberiyanı idarə etmək səlahiyyətini qazandı. Xristianlıqdan üz döndərib zahirən də olsa, atəşpərəstliyi qəbul etdi. Ümumiləşmiş elmi fikrə görə, Ər Şuşa II Yəzdigerdin (433-457) zamanında xristianlıqdan dönmüşdür (Бердзенишвили, Дондуа 1953. s. 250). O zaman Vaxtanq Qorq Aslan (446-499) çox gənc idi və hakimiyyət iddiasına yenicə düşmüşdü.

Ər Şuşa öləndən sonra oğlu Bars xan sasanilərin sarayına çağrıldı və xristianlıqdan üz döndərmək şərtilə atasının yerinə hakim təyin edildi. Şahənşahın qayınanasını özünə arvad edib, Bərdə şəhərinə gəldi. Vassal dövlət başçısı kimi Albaniyanı idarə etməyə başladı.

Bars xanın dinindən dönməsi yerli xristian icmaların xoşuna gəlmədi. Onlar Vaxtanq Qorq Aslanın ətrafına toplaşaraq 484-cü ildə savaşa girdilər. Ana kert çayının Kür çayına töküldüyü yerdə onu qətlə yetirdilər (Бердзенишвили, Дондуа 1958, s. 251).

Gürcülər 1200 il sonra Bars xanın adını Varsxen formasında saxtalaşdırdılar.  Ermənilər bir az da irəli gedərək o çarın adını Vazgen eləyiblər.

Ər Şuşanın nəsli İberiya üzərində hakimiyyətini itirsə də, uzun illər Loru dərəsini öz əlində saxladı. Türkiyəyə gürcülərin Şuşeti adlandırdıqları mahala köçənə qədər Loru mahalının dini və dünyəvi hakimi oldular. Ətrafdakı kilsələri Şuşa kilsə kafedrasına tabe etdilər.

Şuşa zadəgan nəslinin bir hissəsi vətəndə qaldı, bir hissəsi baqrationlarla vuruşa-vuruşa Batum şəhərinin şimal-qərbinə,  indiki Türkiyənin Şuşa mahalına çəkildi. Türk qardaşlarımız indi yanlış olaraq onların mahalını Şavşad adlandırırlar və elə bilirlər ki, şavşadlar türklərə yox, gürcülərə qohumdurlar.

N.Y.Marr 1909-cu ildə Şərqi Anadolunun Şavşad mahalında oldu. Mahalı kəndbəkənd gəzdi. Gördü ki, onlar bir zaman Gürcüstanda yaşadıqlarını xatırlasalar da, gürcü dilini bilmirlər  (Марр 1911. s. 5-27).

Akademik Marr onların yaddaşında qorunub qalan mərasim nəğmələrini toplayıb, 1911-ci ildə Tiflis şəhərində çap etdirdi. Gürcü əlifbası ilə yazıya alınmış həmin şeirlər türk dillərinin arxaik bir ləhcəsindədir (şeilər əlavə olunur).

Ümid var ki, qonşu ölkənin kitabxanalarında saxlanan ilkin nüsxələrin hamısı məhv edilməmişdir. Onları tapmaq, elmi tədqiqatın obyektinə çevirmək lazımdır.

İberiyadakı şuşalıların az bir hissəsi gürcülərlə döyüşlərdən sağ çıxdı. Ölənlər öldülər, qırğınlardan xilas olanlar İslam dinini qəbul etdilər, XVIII əsrin əvvəllərinə qədər türk və müsəlman olaraq qaldılar. 1721-ci ildə Osmanlı ordusu qərargahının tərtib etdiyi “Dəftəri-müfəssəli-Tiflis”də göstərilir ki, Şuşa camaatı yayda yaylağa köçür, qışda Kara Yazı çölündə qışlayır. O yerdə ki, gürcülərin bizdən almaq istədikləri, sonradan David Qaraca adlandırılan mağara-monastırlar yerləşir.

Gürcülərin sa+ Qareco adlandırdıqları Qaraca çölünün tərəkəmə elatları XI əsrdə öz soydaşları olan səlcuqlara qoşuldular. XIV əsrin sonlarında Zülqədər oğlu Şahsuvarın çağırışı ilə Suriyanın şimalını Misir sultanının basqınlarından qorumağa getdilər.

Qara Yazı çölündən yola düşən qoşunların başında Şuşa bəy ilə Borçalı bəy dururdu (Faruk Sümər 1993. s. 230). Onlar Misir sultanının Hələb valisi Əmir Yaşbəy ilə qanlı döyüşlərə girdilər. O Yaşbəy ilə ki, 1417-ci ildə İmadəddin Nəsiminin dərisini soydurmuşdu.

Elamın Şuşa şəhərindən İberiyaya və Albaniyaya yalnız Şuşa və Bərdə nəsilləri gəlməmişdir. Çoxəsrlik dövlət və təsərrüfat ənənələri, zəngin bir mədəniyyət gəlmişdir. Onların dilindən Qafqaz xalqlarının dilinə yüzlərlə sözlər daxil olmuşdur.

Elamın Şuşa və Bərdə dilləri necə dil idi, hansı dillərə qohum idi? Bu sualların cavabını Fridrix Vaysbax XIX əsrin sonlarında, Herzeld, akademik Marr, Rozaliya Şor XX əsrin əvvəllərində tapmışdır.

Z.A.Raqozina 1903-cü ildə Sankt-Peterburqda nəşr olunan “Midiya tarixi” kitabında yazır: – Elamın Şuşa əhalisinin dili Ural-Altay və Turan tipli idi. Həmin dil qrammatik quruluşuna görə iltisaqi olub, Şumer və Akkad dillərinə bənzəyirdi (Рагозина 1903. s. 298, 311).

Həmin fikri on il sonra N.Y.Marr çoxsaylı dil faktlarına istinadən davam və inkişaf etdirdi. Şuşa şəhərini yunanlar kimi Suziana adlandırsa da, belə bir ideya ilə elmi ictimaiyyətin diqqətini özünə yönəltdi ki, Elamın Şuşa, Bərdə, Anca mahallarında ölənlər oldular, qırğınlardan xilas olanlar ərəblərin və yəhudilərin əcdadlarının gəlişinə qədər, yəni e. ö. II minilliyin əvvəllərinə qədər Şumer dilində danışan etnoslar yaşayırdılar (Марр 1914. s. 4).

Şuşa-türk dil uyğunluqlarını Z.A.Raqozinadan və N.Y.Marrdan qabaq alman alimi Fridrix Vaysbax görmüşdü. O, 1890-cı ildə Leypsiq şəhərində nəşr olunan “Nuu Buträge kur kunde Susischen insischen inschriften” əsərində sübuta yetirmişdir ki, Şuşa dili ari və sami dillərinə yox, türk dillərinə qohum olmuşdur (Weissbach 1890. s. 3-94).

Ümumiləşmiş elmi düşüncəyə görə, Şuşa kahin və zadəgan nəslinin adı Suz, Şuşa şəhərinin adı Suziana olmuşdur. Ancaq Xuzistandakı Yedi Təpə yaşayış məskənindən tapılan bir kitabə həmin düşüncənin əsassız olduğunu göstərir. Yeddi Təpə xətti yazısında şəhər Suz yox, Şuşa adlandırılır (Храновский 2010. s. 135).

İbrit dilli mətnlərdə Elamın Şuşa şəhərinin adı Şuşa, şəhərin əhalisinin adı Şuşaan, Suzaam formalarında yazıya alınmışdır (Квинта Курция 1750. s. 51; Бердзенишвили, Дондуа 1958. s. 40).

Şuşa dilindən Albaniya və İberiyanın qəbilə tayfa dillərinə çoxlu sözlər və şəkilçilər gəlmişdir. Onların çoxu gürcü dilində deformasiyaya uğramış, Azərbaycan dilində isə olduğu kimi qalmışdır (Marr. 1914. s. 44).

-ma – 1. feilin inkar şəkilçisi; 2. isim yaradan şəkilçi (Марр 1914. s. 31; Юсифов 1968. s. 224).

-ma – bir şeyi mənimsəmək (Марр 1914. s. 43).

-lu – adlarının sonunda etnik mənsubluq yaradan şəkilçi (Марр 1914. s. 85. 157, 184, 390).

-lar – çoxluq, topluluq anlamı yaradan şəkilçi (Юсифов 1968. s. 40; Хинц 1987. s. 181).

E – ev, eba – yaşayış məskəni – Eba sözü İber və Qafqaz dillərinə şəkilçiləşmiş -ba, -pa, -pi variantlarında gəlmişdir (Марр 1914. s. XI; Марр 1927. s. 83). Azərbaycan dilindəki ev, oba sözləri Şuşa və Şumer mənşəlidir.

Deda – qadın (Марр 1914. s. 43). Bu söz qədim iber və gürcü dillərində qadın, xanım mənalarında keçmişdir. Dədəmiz Qorqudun kitabında ananın atası mənasında dədə sözü vardır.

Appa –ağa, hakim (Марр 1914. s. 43). Bu söz qədim iber və gürcü dillərinə qadın, xanım mənalarında keçmişdir. Türk dillərində buna uyğun olaraq apa sözü vardır. Apa ata xəttilə böyükləri bildirir.

Atta – ata, akka-ana (Марр 1914. s. 35, 58, 63). Ata sözü Ön Asiyanın mixiyazılı mənbələrində daha çox at-ta sillabik işarələri ilə yazıya alınmışdır. Ana sözünün ak-ka forması daha qədimdir. Materiarxal ailədə qadınlar evin ağaları olurdular.

Ela – N.Y.Marra görə Kart dilindəki bu söz Şuşa mənşəlidir (Марр 1914. s. 41). Bu söz gürcü dilinin tarixi leksikasında -eli, -li formalarında da işlənmişdir: Kartli, sa + Qareli və s.

Kide – Şuşa dilində son mənzilə, sınıra yaxın, ibercə yurd, yaşayış məskəni (Марр 1914. s. 48). Azərbaycan dilində buna uyğun olaraq gədik, yəni çökək dağ aşırımı sözü vardır.

Taş şu tum – Şuşa dilində bu uşağın atası. Qədim “İber salnaməsi”ndə taş sözü qadının əri anlamında işlənmişdir (Марр 1914. s. 51). Şu Anadolu türkcəsin­dəki bu əvəzliyidir. Tum tumurcuq sözünün köküdür.

Taş və tum sözləri eyni və yaxın anlamlarda Şumer dilində də vardır. Şumerlər oğlan uşağına, şuşalılar oğlan və qız uşaqlarına tum deyirdilər.

Qədim Şuşa təqvimində biçin ayına yelelu deyilir (Храновский 2010. s. 142). Yelelu yallı rəqs adının arxaik formalarından biridir. Elamda taxıl biçilib döyüləndən sonra xırmana yığılar, insanlar xırmandakı arpa, buğda təpələri arasında əl-ələ tutub yallı oynayardılar.

Armar – qala (Марр 1914. s. 17). Bu söz İberiyanın tarixi coğrafiyasına Armaz formasında gəlmişdir. Armaz alınmaz deməkdir.

Gürcü dilçiləri Armaz qalasının adını İran dillərindəki Hörmüz teonimi ilə bağlamağa çalışırlar. Akademik Marr və Fridrix Vaysbax sübuta yetirmişlər ki, Şuşa və Anca yazıları əhəmənilərdən əvvəlki dövrə aiddir (Weissbach 1890. s. Марр 1914. s. 4-6). Elam patriarxları Xuzistanda armaz adlı qalalar tikəndə farsların əcdadları indiki İran ərazisində görünməmişdilər.

Pan – 1. söz, 2. ban – ev (Марр 1914. s. 35, 40). Pan sözü H’Ay tayfa dillərinə ban formasında keçmişdir. Türk dillərində buna uyğun olaraq banlamaq feili vardır: saqqalı uzun tat əri banlayanda, yəni molla minbərə çıxıb əzan verəndə.

Ban sözü Dədəmiz Qorqudun kitabında ev mənasında işlənir: Qara yerin üstünə ağ ban evlərin qondurmuşdu. Yaxud: Altun ban evlərin kafirlər çapdılar.

Xüsusilə maraqlıdır ki, Şumer gil lövhələrində dinqir kimi yazılan Allah sözü Şuşa və Anca mətnlərində tanqri formasında yazıya alınmışdır. E. ö. XIX əsrdə Şuşa şəhərinin Tanqri Xuratir titullu vilayət hakimi (Юсифов 1968. s. 63), Kuk Tanqri titullu tepiri, yəni yüksək vəzifəli saray adamı olmuşdur (Хинц 1987. s. 90). Kuk Tanqri göy tanrı deməkdir.

Bundan başqa, Elamın Kuk Naşur (e. ö. 1650-1635) və Kuk Kirvaş (e. ö. 1545-1520) titullu çarları var idi. Kuk titulunu hamı yox, göylər məbədinin himayə etdiyi çarlar və vilayət hakimləri daşıyırdılar. Göyləri təmsil edən məbəd Kuk adlanırdı (Юсифов 1968, s. 250).

Kime – işçi qadın, kəniz (Хинц 1987. s. 179). Qədim “İber salnaməsi”ndə kəniz, qul arvadı kime adlandırılır (Марр 1885. s. 228-229). Şota Urustavelinin poemasında kime sözü k.ma formasında yazıya alınmışdır (Марр 1910. s. X, XI, XIII). Bundan əlavə, çar VI Vaxtanqın qanunlar kitabında mərkəzi hakimiyyətə tabe olan vilayət hakimləri k.ma adlandırılır (Законы Вахтанга VI. 1980. s. 50).

Şuşa mətnlərindəki kime sözü Şumer gil lövhələrində geme formasındadır və qul qadın deməkdir (Канева 1996. s.  23). Əbülqazi Bahadır xanın “Türkmən səcərəsi”ndə bu mənada koma sözü vardır (Кононов 1958. s.  50).

Loru dərəsinin xristian sakinləri qola, biləyə kornə deyirdilər. Şuşa mətnlərində isə qol kor adlandırılır (Марр 1914. s. 47). “r” – “l” əvəzlənməsi nəticəsində iber dilində kur sözü qol formasına düşmüşdür.

Şuşa şəhərinin döyüşlərdən sağ çıxan dəstələri Batumdan keçərək Türkiyəyə köçdülər. İki yüz il sonra N.Y.Marr onların hansı dildə danışdığını öyrənmək üçün Şərqi Anadoluya getdi. 1911-ci ildə çap etdirdiyi “Savşetiyə və Klarcetiyə səyahətin gündəliyi” kitabında yazdı ki, Şavşeti əhalisi türk dillərinin qatışıq bir ləhcəsində danışır və gürcü dilini bilmir (Marr 1911. s. 5, 17).

Nə yaxşı ki, Çorlu Yaqubun V əsrin 70-ci illərində qələmə aldığı “Müqəddəs Şuşanikin iztirabları” qalmışdır. Qonşularımız onun likin nüsxələrini məhv etsələr də, iki variantda tərcümələri qalmışdır (Меликсетбеков 1939. s. 3; Кекелидзе 1973. s. 83).

Şuşanik Ər Şuşanın gəlini, Bars xanın arvadı idi. Bars xan Bərdə şəhərində oturub, Albaniya ilə İberiyanı idarə edirdi.

Şuşanik nə erməni qızı olub, nə gürcü. Bu məlumatı indikilərdən fərqli olaraq köhnə nəsil gürcü mətnşünasları özləri təsdiq edirlər (İoселиани 1843. s. 51, 63).

Şuşanik nəinki erməni və ya gürcü, heç əməlli-başlı xristian da deyildi. O dara düşəndə xristian müqəddəslərə yox, öz əcdadlarının ruhlarına yalvarırdı. Öz əcdadlarının ruhlarına yalvarırdı ki, əri sasanilərin tələbilə farslar kimi öz bacısını və qızını almasın. Çünki Bars xan II Yəzdigerdin (438-457) sarayına çağırılmış, sasanilərin dinini qəbul etmək şərtilə Albaniya və İberiyaya hakim təyin edilmişdi. (Патканов 1883. s. 259; Егиш 1971. s. 10; Кекелидзе 1973. s. 86).

Şuşanik öz evində, Bərdə sarayında fars əxlaqı yaşamaq istəmirdi. İstəmirdi ki, əri  doğma qızını alsın, İran şahının qartımış qayınanasını ölkənin birinci xanımı eləsin. Ona görə də qollarına qandal vuruldu. 7 il həbsxanada əzab çəkərək öldü (Меликсетбеков 1939. s. 3-4; Абегян 1975. s. 190-191; Егиш 1971. s. 10).

Gürcü ədəbiyyatı yalnız gürcülərin ədəbiyyatı deyildir, ayrı-ayrı dillərdə danışan xalqların ədəbiyyatıdır.  Gürcüstan ərazisindəki kilsələr yalnız gürcülərin kilsələri deyildir, müxtəlif etnosların kilsələridir. Bu fikirlər bizə yox, akademik Marra, Baron Senkovskiyə  aiddir.

Kür çayının sağ sahilindəki şəhərləri indiki gürcülərin əcdadları olan baqrationlar salmamışdılar, albanlar və türklər salmışdılar. Bunu biz demirik, Mari Brosse, Yevgeni Stakinski deyir (Мари Броссе 708 s. 5; Сенковский 1859. s. 172; Евгений Сталинский 1885. s. 20).

Ruslar Qafqazı işğal etməsəydilər, ermənilər İrəvan çuxurunu, Göyçə mahalını bizdən ala bilməyəcəkdilər. Stalinlə Mikoyan Kremldə oturmasaydı, gürcülər Tiflisdəki məscidləri dağıda bilməyəcəkdilər.

Gürcüstandakı Bərdə, Şuşa, Ucar, Tutu, Alaverdi, David Qaraca kilsələrini biz tikmişik. Qədim kilsə ədəbiyyatının çoxunu biz yaratmışıq.

Gürcülər David Qaraca mağara-monastırlarına iddialıdırlarsa, biz İberiyanın 6 şəhərinə, 16 kilsəsinə iddialıyıq.

 İlhami Cəfərsoy
fil.ü.e.d. AMEA Nəsimi
adına Dilçilik İnstitutu
cfrsoy@mail.ru


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam