“ALMALI” FIRILDAĞI: Fuad Axundov ifşa olunur! (FOTOLAR)
Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri, Azərbaycan maliyyə sistemində ilk irimiqyaslı maliyyə maxinasiyasının müəllifi Fuad Axundovun adı, uzun illərdən sonra yenidən gündəmə düşüb. Həm də bu dəfə daha böyük və beynəlxalq miqyaslı bir qalmaqalla.
Xeberinfo.com: Bu qalmaqalın kifayət qədər peşəkar maliyyəçi kimi tanınan Axundovun barəsində cinayət işinin açılması ilə nəticələnəcəyi də istisna edilmir. Hər halda məlumatlı mənbələrdən “AzPolitika.info”ya verilən məlumata görə, müəllifi kimi Fuad Axundovun adı çəkilən iri miqyaslı maliyyə fırıldağı ilə bağlı Azərbaycanın hüquq-mühafizə orqanlarında araşdırmalar başlayıb – çoxsaylı zərərçəkənlərin şikayətləri əsasında.
Bu şikayətçilər keçmiş bankirin ustalıqla hazırladığı maliyyə fırıldağının “qurbanına” çevrildiklərini bildirirlər. Hər halda sahibkarlar iddia edirlər ki, bu maxinasiya nəticəsində F.Axundov onların 10 milyonlarla dollar vəsaitini mənimsəyərək, ölkədən çıxarıb. Ölkə rəhbərliyinə qədər gedib çıxan bu şikayətlərlə bağlı prokurorluq tərəfindən istintaqın başladıldığı bildirilir.
Bu iddianı dəqiqləşdirə, cinayət işi ilə bağlı hələlik ətraflı məlumat əldə edə bilməmişik. Lakin bu qalmaqalın Azərbaycanın sərhədlərindən kənara da yayıldığı artıq dəqiqdir. Belə ki, F.Axundov hazırda Rusiyanın çox önəmli bir layihəsinə rəhbərlik etdiyindən, zərərçəkənlər onu Moskvada da ifşa etməyə hazırlaşmaqdadırlar. Belə ki, yaxın günlərdə Fuad Axundovun əməllərini ictimailəşdirmək üçün Moskvada geniş mətbuat konfransının keçirilməsi planlaşdırılır. Bu haqda “AzPolitika.info”ya Axundovun maxinasiyasının qurbanına çevrilmiş zərərçəkmişlərdən biri məlumat verib. Onun sözlərinə görə, artıq 130-a yaxın zərərçəkmişlə əlaqə qurulub. Onlar birlikdə həm Moskvada geniş mətbuat konfransı keçirmək, həm də Azərbaycanın, Rusiyanın və Türkiyənin rəhbərliyinə birgə müraciət etmək niyətindədirlər.
Zərərçəkmişlərin Moskvada mətbuat konfransı keçirmələrinə və Türkiyə rəhbərliyinə də müraciət hazırlamalarına səbəb isə, Fuad Axundovun hansısa vasitələrlə Rusiya hakimiyyəti ilə yaxşı münasibətlər qura bilməsi, Kremlin himayəsi altına girməyi bacarması və Türkiyədə həyata keçirilən strateji bir layihəyə rəhbər təyin olunmasıdır. Belə ki, Fuad Axundov Rusiyanın “Rosatom” Konserninin Türkiyədəki “Akkuyu” layihəsinə rəhbər təyin olunub. O, hazırda “Akkuyu Nuklear” Səhmdar Cəmiyyətinin baş direktoru vəzifəsində çalışır. Moskvanın onu bu cür strateji bir layihəyə rəhbər təyin etməsi, Fuad Axundovun Kremldə özünə etibarlı himayədarlar tapa bilməsindən xəbər verir. Bunu necə, kimlərin vasitəsilə bacardığına dair dəqiq bilgilərimiz olmasa da, Axundovun Rusiyada vəzifə əldə etməsində Azərbaycandan çıxardığı 10 milyonların da rolu olduğu istisna edilmir.
Hər halda hələ 15 il əvvəl Bakıdakı “birinci əməliyyatından” – Beynəlxalq Bankda apardığı müxtəlif gizli əməliyyatlar nəticəsində, təxminən, 5 milyon dollar mənimsədikdən sonra Londona köçən, orada özünə böyük biznes quran Fuad Axundovun illər sonra Rusiyada mühüm bir vəzifənın sahibi kimi ortaya çıxması maraq doğurmaya bilməz. ABŞ-da təhsil almış, kifayət qədər savadlı və hiyləgər biri kimi xarakterizə edilən Fuad Axundovun bu uğurunun təsadüfi olmadığı şübhə doğurmur. Səbəbini dəqiq izah etmək çətindir.
Ancaq mümkündür ki, Bakıdakı “2-ci əməliyyatından” sonra kifayət qədər varlanan Fuad Axundov, siyasi fiqura çevrilmək, özünə yeni karyera qurmaq üçün Moskvadakı köhnə dostlarının vasitəsilə Rusiyada siyasi əhəmiyyətli bir vəzifə əldə etməyi bacarıb. Bu fakt, onun Beynəlxalq Bankdan 5 milyon dollar mənimsədiyi və bu üzdən o vaxtkı prezident Heydər Əliyev tərəfindən 2001-ci ildə vəzifəsindən uzaqlaşdırıldığı halda, ölkədən sərbəst çıxa bilməsində də Moskvadakı dostlarının rolu olduğunu ehtimal etməyə əsas verir…
Bunlar, əlbəttə, ehtimallardır. Ancaq F. Axundovun Azərbaycanda xeyli sayda sahibkarın 10 milyonlarla pulunu mənimsədiyinə dair konkret şikayətlər, faktlar var. Bu haqda saytımızda bir qrup sahibkarın adından çıxış edən Elmar Həsənov adlı zərərçəkmişin müraciəti əsasında yazı hazırlandığından (bax: “FUAD AXUNDOVUN AZƏRBAYCANA 100 MİLYONLUQ 2-Cİ “ATIŞI”… – Sensasiyalı faktlar” başlıqlı yazıya-red.) təkrarlamaq niyətində deyilik.
Sadəcə xatırladaq ki, 2001-ci ildən Bakıdan köçən F.Axundov 2006-cı ildə Beynəlxalq Maliyyə Korporasiyası bayrağı altında Azərbaycana sərmayə qoyuluşu adı ilə “ADA” şirkətlər qrupunu yaradıb və “Almalı” marketlər şəbəkəsini qurub. İxtisasca maliyyəçı menecer olduğundan qısa zamanda gözə çarpan, cəlbedici görüntü və reklamlardan istifadə etməklə, yüksək səviyyəli Brend ticarət şəbəkəsi yaratmağa nail olub. Azərbaycanda misli olmayan iri ticarət şəbəkəsi əhalinin bütün təbəqələrinin sevimlisinə çevrilib. Bu səbəbdən sahibkarlar bir-birləri ilə rəqabətə girərək, “Almalı” ilə əməkdaşlıq etməyə can atırdılar. Hətta sahibkarlar “Almalı”nın satışına mal verməkdən ötrü “şapka” da verirdilər.
Bu andan da mərhələli formada maliyyə fırıldağına start verilib. Mərhələli formada mal verən sahibkarlara süni borclar yaradılıb. “Almalı” bazarına girmək problemi sahibkarları bu borcları tələb etməkdən çəkindirib. 10 milyonlarla borc yığıldıqdan sonra isə “Almalı”nın müflisləşməsi elan edilib!
Həmçinin maksimal borclanmaya getdikdən sonra “Almalı” ticarət şəbəkəsində işləyənlərin də son 6 ayda maaşları verilməyib. Beləliklə, sahibkarlara borclanma, vergi borcları, icarə haqlarının borcları (icarəyə götürülmüş mağazalar), kredit borcları, maaş borcları maksimal səviyyəyə qaldırıldıqdan sonra “Almalı” şəbəkəsinin müflisləşməsi elan edilib!
İlkin hesablamalara görə, nisyə mal vermiş sahibkarların 50 milyon manatı, icarə borcları üzrə 250 min manat, vergi borcları üzrə 2 milyon manata qədər və banklardan alınmış kreditlər mənimsənilib. Əlbəttə ki, ticarətdə ziyan mümkündür. Lakin heç bir xərc qarşılanmamış halda açıq-aşkar satılan malların tam dəyərinin mənimsənilməsi mümkün deyil. Belə ki, satılmış malların tam dəyəri ticarət dövriyyəsindən mərhələli formada kanarlaşdırılaraq mənimsənilib.
Bundan əlavə, “Almalı” rəhbərliyi qeyri-rəsmi olaraq, sahibkarlardan və digər tanışlardan, aylıq və illik yüksək faiz dərəcələri ödəmək vədləri ilə 15 milyon manata qədər əlavə vəsait toplayıb. Bu vəsaitlər də tam şəkildə mənimsənilib!
Sahibkarların iddiasına görə, Fuad Axundov müflisləşmə yolu ilə qəsdən ödəmə qabiliyyətsizliyinin yaradılması nəticəsində ümümilikdə 70 milyon manatdan artıq vəsaiti mənimsəyib.2012-ci il tarix üçün 0.78 qəpik məzənnə ilə bu, təxminən 90 000 000 (doğsan milyon) ABŞ dolları təşkil edir.
Yəni, Fuad Axundov özünü və biznesini süni müflis elan etməklə, külli miqdarda – təxminən, 90 milyon dolları ölkədən çıxarıb! Bu pullar hesabına Fuad Axundovun ailəsi hazırda İngiltərədə dəbdəbəli həyat sürür (fotolar əlavə olunur).
Əlbəttə, Fuad Axundov bunu tək həyata keçirməyib, ona bu işdə kömək edənlər olub. Belə ki, Fuad Axundov “Almalı” layihəsinə Azərbaycan Beynəlxalq Bankından onunla bir yerdə uzaqlaşdırılmış komandasını gətirib. Bunlar Elşad Şirinbəyov (Yasamal ABB filialı), Rafael Hacıyev (Sumqayıt ABB filialı), Mobil Şərifov (Gəncə ABB filialı), Bahruz Hüseynov (ABB), Asim Salamov (Fuad Axundovun bacısı Nigar Axundovanın həyat yoldaşı), Ağası Hüseynov (Fuad Axundovun həyat yoldaşı Fərəh Axundovanın qardaşı) və digər qohumlar, tanışlar olub.
“Almalı” marketlərinə rəhbərliyi və vəsait yığımına nəzarətı isə Fuad Axundov ən yaxın adamı kimi Rafael Hacıyevə həvalə edib. Təsadüfi deyil ki, Fuad Axundov “Akkuyu” layihəsində də özünə müşavir olaraq “Almalı”nın keçmış rəhbəri Rafael Hacıyevi təyin edib. Bu üzdən də sahibkarlar yalnız Fuad Axundovun deyil, ona bu işdə yardım edən digər şəxslərin də mütəşəkkil cinayətkar dəstə kimi məsuliyətə cəlb edilməsini tələb edirlər.
Onlar eyni zamanda belə bir imicə malik şəxslərə Türkiyədə Atom Stansiyası kimi mühüm bir layihənin icrasını tapşırmağın təhlükəli olduğunu bildirirlər. Bu səbəbdən də Moskvada keçirəcəkləri mətbuat konfransında Rusiya və Türkiyə prezidentlərinə müraciət edərək, Fuad Axundovun “Akkuyu” layihəsindən uzaqlaşdırılmasını xahiş edəcəklər.
Redaksiyadan: Məqalədə qeyd olunanlarla bağlı Fuad Axundovun və adları çəkilən digər şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.