Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Həbsdə olan jurnalist PREZİDENTDƏN KÖMƏK İSTƏDİ... -"Vətəndaşlıqdan imtina edirəm..."

Möhtərəm cənab prezident,
sayqıdəyər media mənsubları,
hörmətli oxucular!


Yenixeber.org: Sizləri 2 saylı Gəncə İstintaq Təcridxanasının darısqal məhbus otağından salamlayır, uca Yaradanın şahidliyi ilə aşağıdakı məyusedici iztirablarımı diqqətinizə ərz edirəm.
Azərbaycanda demokratiya və hüquq adına təəssüflənərək bildirirəm ki, mən 05.07.2022-ci il tarixindən etibarən jurnalist-peşə fəaliyyətimlə əlaqədər Göygöl rayon prokuroru İlqar Hacızadənin və himayədarlıq etdiyi yerli korrupsioner məmurların şər-böhtan kampaniyasına məruz qalaraq heç bir mötəbər dəlil və maddi sübutlar olmadan həbs olunmuşam. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi üzrə qondarma ittihamnamə elan edilməklə barəmdə Göygöl RPŞ-nin İB-də 220770088 saylı cinayət işi açılıb.Sifarişli və qisas xarakterli cinayət işinin istintaqı kobud nöqsan və özbaşınalıqlarla 01.02.2023-cü il tarixinədək uzadılmaqla böhtançı məmur şəbəkənin diqtələri əsasında davam etdirilir.
Hər kəsi əmin edirəm ki, təqsirsizəm və kimsədən indiyədək hədə-qorxu yolu ilə pul tələb etməmişəm,jurnalistika maraqlarını iddia edilən hansısa cinayət əməlinə qurban etməmişəm.Həbsim nəticə etibarilə uzunmüddətli tənqidi-prinsipial jurnalistika fəaliyyətimin belə barbar üsulla sıradan çıxarılmasına, mahiyyətcə isə cəmiyyətimizdə onsuz da kövrək olan demokratik fikir və ifadə azadlığının məhdudlaşdırılmasına yönələn məqsədyönlü hücum aktıdır.
Cinayət işi materiallarının məcmusu tam sübut edir ki, həbsim prokuror İlqar Hacızadənin və dostu Vasif Əliyevin (Göygöl RMX PHŞ-nin direktoru) diqtəsinə uyğun olaraq eyni əhatə və maraq dairəsindən, əsasən tanımadığım tabeli şəxslərin oxşar və uydurma şikayətləri əsasında hazırlanmış hadisədir.
Hüquq və azadlıqlarımın xüsusilə dövlətin qanunla qorunmalı olan maraq və mənafelərinin ziddinə həyata keçirilmiş işdə prokurorun özünün və məmur dostlarının çeşidli korrupsiya özbaşınalıqlarının ictimaiyyətindən və dövlətdən gizlədilməsi maraqları da mövcuddur. Rəhbəri olduğum “demokratik.az” saytını səhifələsəniz özünüz də aydın edərsiniz ki, son 1(bir) illik fəaliyyətim yuxarı dövlət qurumlarının bilib susqun qaldığı, Göygöl prokurorunun isə şəxsən mühafizə etdiyi yerli özbaşınalıq faktlarının, Göygöl sakinlərini ağuşuna almış səhiyyə rüsvayçılıqlarının ifşası ilə zəngindir. Məni hədəf edən məhz tənqidi media fəaliyyətimin davamlı və dönməz təntənəsidir.90-cı illərdə dövlət çevrilişinə cəhddə canfəşanlıq etmiş Şahin Əliyevin oğlu Vasiflə prokuror dostunun şərikli şəkildə Göygöl xəstəxanasına korrupsiya yuvası kimi münasibətini nəzərə alsaq,həbsimin arxasında qurulmuş tragikomik səhnə gözlərinizin önündə tam canlanmış olacaqdır.Prokurorun başçılıq etdiyi şikayətçi dostları arasında sabiq PA rəhbəri Ramiz Mehdiyevin yaxın adamı,Gəncə şəhərində yerləşən “Yeni Gəncə” Tibb mərkəzinin direktoru Mahir Babayevin də yer alması şər kampaniyasındakı maraqların “boz kardinal”a qədər uzandığını göstərir.
Demokratiya fədaisi kimi məni narahat edən mühüm məsələ həbsimlə paralel ailə üzvlərimə qarşı da həyata keçirilən qanunsuzluqlardır.Belə ki, məni şərləyib həbs etdirən şəbəkə üzvləri daşıdıqları kimlik qeydindəki “kişi” yarlığını tam unudaraq həbsimdən dərhal sonra ailə üzvlərimi də şantaj etmişlər,şikayətçi olmayaq deyə açıq aşkar hədə-qorxular gəlmişlər.Sabiq müstəntiq Vüsal Sadıqovun əli ilə saxlanıldığım andan – qərarın Apellyasiya qaydasında ləğvinədək (15sentyabr 2022) düz 70 gün ailəmlə telefon danışığı və görüş hüquqlarımı da məhdudlaşdırmaqla məqsədli işgəncə tətbiq etmişlər.Prokurorun və dəstəsinin iştirakı ilə övladlarımın təhsil aldıqları məktəbdə sıxışdırılmaları, tədrisdənkənar psixoloji basqınlara və əsassız polis təqibinə məruz qalmaları da qanun deyilən nizamın hansısa küncünə yazılacaq xoş hadisə deyil.Olanlar ucbatından həyat yoldaşımın intihara sürüklənməsi,övladlarımın qurumayan göz yaşları dövlətdən güc alan Göygöl hüquq mühafizə orqanlarının jurnalistə və ailəsinə tətbiq etdiyi mənəvi-hüquqi terror hadisəsi kimi dəyərləndirilərək hüquqi qiymətini gec-tez almalıdır.
Həbsimin 176-ci gününü yaşamaqdayam.Ötən müddətdə baş verən haqsızlıqlar barədə Prezident Administrasiyasına,DTX-ya,DİN-ə,Baş prokurorluğa,Ombudsman Aparatına və məhkəmələrə dəfələrlə rəsmi ərizələr ünvanlamışam.Lakin və təəssüf ki, sözügedən qurumlara cavabdeh şəxslər olayın gedişatına biganə yanaşmışlar,prokurorun və müstəntiqlərin prosessual hüquq pozuntularını və böhtan oyunlarını toxunulmaz istintaq adlandıraraq vətəndaş hüquqlarımın müdafiəsi istiqamətində cəhdlər göstərməmişlər.Məhkəmə hakimləri belə istintaqa məhkəmə nəzarəti tətbiqini pozaraq müstəntiqlərin özfəaliyyəti üçün aşkar anarxiya mühiti yaratmışlar.Ona görə də ittiham tərəfi öz sübutetmə öhdəliklərini böhtan hesab edərək iş materiallarını saxtalaşdırmışlar,müddəti süni qaydada uzatmışlar,özlərinin tərtib etdikləri saxta şikayət mətnlərini sinxron təhriflərlə ittiham aktına çevirmişlər.İstintaq üzrə tənqidi məqalələrin mahiyyətinin araşdırılmaması,ifadələrin dəyişdirilməsi prokurorun müstəntiqə ayrıca tapşırığı kimi yer almışdır.
Yaxşı bilirik ki, cəmiyyətin idarə olunmasında dövlətin sahib olduğu ən güclü silah qanundur.Qanunlar isə o zaman ali olur ki,vətəndaşlara ədalətlə tətbiq olunur.Faciədir ki, indi qanun adlı silah rüşvətxor və özbaşına bir prokurorun əlindədir və dövlətimin qüdrəti mənim hüquqlarımın müdafiəsinə deyil həbsimə yönləndirilib.Şərəflə daşıdığım Azərbaycan vətəndaşlığı da məni prokurorun və şəbəkəsinin şər caynağından xilas etməyə yetmir.Əksinə, şər-böhtanın parıltısı qurulacaq məhkəmənin müttəhimlər kürsüsünə işıq salmaqla qəddimi əyir,inamımı sarsıdır,mənə özümdən əvvəlki bir çox sələflərimi,günahsız jurnalist həmkarlarımın məhkumluqlarını xatırladır.
Beləliklə, yuxarıda qeyd etdiklərimi,günahsız olduğumu və dövlət səviyyəsində vətəndaş hüquqlarımın pozulduğunu nəzərə alaraq Azərbaycan Respublikası vətəndaşlığından birdəfəlik imtina edirəm.
Hörmətlə: Rzayev Osman Nəriman oğlu

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam