Qromıkonun etibar etdiyi diplomat – Şevçenko böyük pul qarşılığında SSRİ-nin bütün sirlərini ABŞ-a satıb- İLGİNC FAKTLAR
Ən mötəbər beynəlxalq tədbirlərdə, siyasi danışıqlar masasında 28 il SSRİ-ni təmsil etdiyi illərdə qarşı tərəfin təkliflərinə “yox” cavabı verməklə, “cənab yox” titulunu qazanan Andrey Qromıko özündən 21 yaş kiçik olan gənc həmkarının təkliflərinə həmişə “hə” deyib.
Yenixeber.org: Sözsüz ki, bu “hə”ləri çox mürəkkəb bir şəxsiyyət sayılan Qromıkodan rahatlıqla almaq səbəbsiz olmayıb. Arkadi Şevçenko nazirin yumşaq damarını ustalıqla tuta bilib.
Sovet dövründə dövlət tərəfindən xarici ölkələrə işə göndərilmək çox da asan başa gəlməyib. Xüsusilə diplomatların xaricə göndərilməsi üçün tanışlıqlar, böyük hədiyyələr, Kremldəki dayaqlar vacib amillər sayılıb. Bu baxımdan Arkadi Şevçenkonun bəxti gətirib. Belə ki, o, hələ Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun tələbəsi olanda Andrey Qromıkonun oğlu Anatoli ilə dostluq münasibətləri qurmağa nail olub. Bu münasibətlər Şevçenkonun gələcək karyerasında böyük rol oynayıb.
1930-cu ildə Donetsk vilayətinin Qorlovka şəhərində anadan olan Arkadi Şevçenko orta təhsilini başa vurduqdan sonra Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna daxil olub və bu nüfuzlu ali təhsil ocağını qırmızı diplomla bitirib. Həmin institutun aspiranturasında təhsilini davam etdirərək hüquq elmləri namizədi elmi dərəcəsini alıb.
1956-cı ildə Şevçenko ilk əmək fəaliyyətinə Qromıkonun oğlunun vasitəsi ilə SSRİ Xarici İşlər Nazirliyində beynəlxalq əlaqələr şöbəsində başlayıb. 1957-ci ildə Qromıko SSRİ xarici işlər naziri təyin ediləndə bu təyinat Şevçenko üçün yeni imkanlar açıb. O, nazirin oğlu ilə dostluq əlaqələrini daha da genişləndirərək qapalı Qromıkolar ailəsinə yol tapıb, ailənin sevimli qonaqlarından birinə çevrilib.
Dostluq münasibətlərində Şevçenkonun həyat yoldaşı Leongina İosifovna xüsusi rol oynayıb. Qromıkonun həyat yoldaşı Lidiya Qromıko ilə isti münasibətlər yaradan Leongina mütəmadi olaraq bahalı hədiyyələrlə nazirin həyat yoldaşının könlünü xoş edib.
Zəngin bir ailənin qızı olan Leongina İosifovna bütün mümkün variantlardan istifadə edərək həyat yoldaşının karyerası üçün çalışıb. Nəhayət o, üzərində 56 brilyant qaş olan zinət əşyasını Qromıkonun həyat yoldaşına hədiyyə etməklə istədiyinə nail olub. 1973-cü ildə 43 yaşlı Arkadi Şevçenko fövqəladə və səlahiyyətli səfir statusu alaraq Amerika Birləşmiş Ştatlarına göndərilib, SSRİ-nin BMT-dəki daimi nümayəndəsi, BMT Baş katibinin müavini vəzifəsinə təyin olunub.
Zəngin həyat tərzini sevən Arkadi Şevçenko içkiyə və qadınlara meylli olmağını gizlədə bilməyib. Onun Amerika həyatındakı əyləncələrindən çoxları xəbərdar olub. Mərkəzi Kəşfiyyat İdarəsi də sovet diplomatının şakərləri haqqında məlumatlı olublar. Elə bundan yararlanıb Şevçenkondan istifadə etməyə çalışıblar. Amerika xüsusi xidmət orqanlarının əməkdaşları istədiklərinə nail olublar. Ziyafətlərin birindən sonra Şevçenkonun gecələdiyi mehmanxanada MKİ-nin qadın agenti sovet diplomatını öz cənginə keçirə bilib. Əslində isə sonralar məlum olub ki, Şevçenko könüllü şəkildə Amerika kəşfiyyatına işləməyə razılıq verib.
Məxfi kəşfiyyat əməkdaşlığı 1978-ci ildə açıq müstəvidə davam edib. O, MKİ-nin bütün təkliflərini qəbul edərək agent qismində fəaliyyətini davam etdirib, SSRİ-nin ABŞ-da başqa adlar altında gizlənən bütün agentlərini amerikalılara tanıdıb, əlində olan bütün informasiyaları amerikalı kəşfiyyatçılara ötürüb və bunun qarşılığında böyük məbləğdə qonorar alıb.
Təbii ki, Stalinin hakimiyyəti illəri olsaydı Şevçenkonu bütün variantlarda Amerikadan SSRİ-yə gətirilməsi təmin edilərdi. Brejnevin dövründə isə Şevçenko ABŞ-da qərarlaşmağa imkan tapıb.
Hələ 1977-ci ildə SSRİ-nin ABŞ-dakı rezidenti Yuri Drozdov Moskvaya Şevçenkonun şübhəli fəaliyyəti ilə bağlı rəsmi məlumat göndərib. Ancaq SSRİ-nin xüsusi xidmət orqanları ilə heç vaxt razılaşmayan və anlaşmayan Andrey Qromıko bu məlumatı DTK-nın növbəti oyunu adlandırıb.
1978-ci ildə Şevçenko Vaşinqtondakı mənzilini tərk edərək ABŞ paytaxtından Nyu-Yorka qaçanda həmin mənzildə həyat yoldaşına bir məktub qoyub. “Mən Moskvadan ayrıldım” ifadəsi ilə başlayan məktubun mətni təcili Moskvaya göndərilib. Qromıko məktubla tanış olduqdan sonra Şevçenkonu danışıqlar üçün Moskvaya çağırıb. Şevçenko real həbs təhlükəsini anlayaraq uzun illər ona hamilik edən Qromıkonun təklifini rədd edib.
Arkadi Şevçenko MKİ ilə əməkdaşlığa razılıq verdikdən sonra həyat yoldaşından və övladlarından imtina edib. Leongina İosifovnaya Amerikada sığınacaq verilməsi təklif olunsa da o, bu xəyanətə dözməyərək 1978-ci ildə intihar edib.
Amerikaya satılan diplomatın oğlu Gennadi Şevçenko atasının bu əməlindən sonra çalışdığı Xarici İşlər Nazirliyindən DTK-nın göstərişi ilə azad edilib. Hətta onu bir müddət Lefertovoda sorğu-suala tutublar.
Bu gərginliyin və yaranmış qalmaqalların içərisində isə Arkadi Şevçenko ABŞ-da təminatlı həyatını qurub. O, Amerikanın nüfuzlu ali təhsil ocaqlarında professor titulu ilə ən yüksək ödənişlərlə mühazirələr oxuyub. Müəllifi olduğu “Moskva ilə ayrılıq” kitabından isə bir milyondan artıq pul qazanıb.
Arkadi Şevçenko öz xatirələrində Amerikaya könüllü satıldığını vurğulayıb, qeyd edib ki, sovet cəmiyyətinin ideologiyası və qanunları ilə uzun müddət yaşamaq mümkün deyil.
Kifayət qədər zəngin yaşayan Şevçenko Amerikada özündən xeyli kiçik olan rus əsilli bir xanımla ailə həyatı qurub. Bu nikah onun həyatını dəyişib. Belə ki, həyat yoldaşı Şevçenkonun bütün var-dövlətini ələ keçirdikdən sonra ondan ayrılıb.
Arkadi Şevçenko ömrünün son illərini kirayə tutduğu bir otaqlı evdə keçirib, kədərli həyatını unutmaq üçün içkiyə qurşanıb. O, 1998-ci ildə, 67 yaşında qaraciyər serozundan vəfat edib.
İlham Cəmiloğlu