Prezident İlham Əliyev xalqın xilaskarı olmağı bacardı -TƏHLİL
Bəşəriyyət yaranandan bu günə qədər hər bir toplum, cəmiyyət, xalq və dövlət üçün onun liderinin kim olması çox vacib amil olub. Ən yaxın tarixə nəzər salsaq müxtəlif dövlətlərin ayrı–ayrı liderlərinin bu xalqların tarixində ya tərəqqiyə, ya da faciələrə gətirdiklərini görmüş olarıq. Azərbaycan tarixi də, bu kimi hallarla doludur. 1920–ci ildən bu yana xalqımız ölkəni idarə edənlərin yarıtmaz siyasətləri nəticəsində çətin durumlara düşmüş, torpaqlarımız müxtəlif zamanlarda SSRİ hakimiyyəti tərəfindən ermənilərə bəxşiş kimi verilmiş, 1990–cı illərin əvvəllərində isə, bir tərəfdən ermənilər ilə müharibə aparan xalqımız, digər tərəfdən daxili sabitsizlikdən əziyyət çəkirdi. Həmin vaxt hakimiyyətin müxtəlif kürsülərində oturan şəxslərin yarıtmaz daxili və xarici siyasətləri Azərbaycanı hətta parçalanmaq təhlükəsi qarşısında qoymuşdur. Yalnız Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra xalqımız yeni tarixi mərhələsinə qədəm qoymuş, ölkə daxilində sabitlik əldə edilmişdir.
Yenixeber.org: Bu gün ölkəmizin uğurlu inkişafı prezident İlham Əliyev tərəfindən əminliklə davam etdirilir. Hələ 2003-cü ildə dövlət başçısı kimi səlahiyyətlərinin icrasına başlayarkən "Mən hər bir azərbaycanlının Prezidenti olacağam" deyən cənab İlham Əliyev ötən 18 ildə cəmiyyətdə mütləq çoxluğun böyük rəğbət və etimad göstərdiyi liderə çevrilmişdir. Ötən 18 ilin reallıqları Heydər Əliyev siyasi kursunun diktə etdiyi sülh, sabitlik və tərəqqi yolunun alternativsizliyini sübuta yetirmiş, inam və etimad üzərində qərarlaşan, gələcəyə hesablanan güclü dövlət konsepsiyası ilbəil uğurla gerçəkləşdirilmişdir.
2003–cü ildən hakimiyyətdə olan İlham Əliyev bu illər ərzində coğrafi cəhətdən kiçik Azərbaycanın regional, hətta beynəlxalq proseslərə təsir gücünə malik olan subyekt rolunda çıxış etməsinə nail olmuşdur. Təsadüfi deyil ki, xalqımız aparılan bu siyasi kursa bir daha öz dəstəyini verdi. 5 il bundan əvvəl, 2018–ci ilin 11 aprel tarixində seçicilərin 86,02 faiz səsini toplayan İlham Əliyev inamlı qələbə qazanaraq, yeddi il müddətinə Azərbaycan Respublikasının Prezidenti seçildi. 2003-cü ildən hakimiyyətdə olan prezident İlham Əliyevə xalq tərəfindən verilən dəstək bir daha ölkəmizdə yaşından, peşəsindən, etnik və dini mənsubiyyətindən asılı olmayaraq hər bir kəsin dövlətin apardığı siyasi kursu dəstəklədiyinin göstəricisi idi. Deməli, Azərbaycan xalqı 2018–ci ildə bundan qabaqkı üç seçkilərdə olduğu kimi, yenə də İlham Əliyevə səs verərək güclü Azərbaycana səs vermiş oldu.
Ötən dövr Azərbaycanda bütün istiqamətlərdə böyük inkişafın müşahidə edilməsi, ölkəmizin bölgədə və dünyada mövqelərini gücləndirməsi ilə müşahidə olundu. Müstəqilliyimizin və ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsinin, vətəndaş həmrəyliyinin bərqərar olmasının təməlində isə Azərbaycan dövlətinin milli maraqlarının qorunması dayandı. Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırdı. Azərbaycan beynəlxalq müstəvidə layiqli yerini möhkəmləndirdi. Regional və qlobal təşəbbüslər Azərbaycanın imicinin dünyada möhkəmlənməsinə, həm də bölgədəki əməkdaşlığın inkişafına xidmət etdi.
Qarabağa gedən yol
2018–ci il aprelin 11 –də xalqımız düzgün seçim edərək bugünkü tarixin yazılmasında vacib rol oynadı. Prezident İlham Əliyev ötən 18 il ərzində millətimiz üçün ən ağrılı bəla olan, dövlətimiz üçün kifayət qədər ciddi çağırış hesab edilən erməni işğalının aradan qaldırılması üçün yorulmadan çalışırdı. Dövlət başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial mövqeyini hər zaman belə ifadə edib: "Azərbaycan heç vaxt öz ərazi bütövlüyünün pozulması ilə barışmayacaq, torpaqlarında ikinci erməni dövlətinin yaranmasına yol verməyəcəkdir. Ölkəmizin ərazi bütövlüyü tam bərpa edilməli, azərbaycanlılar əzəli yurdlarına qayıtmalıdırlar. Qarabağ Azərbaycandır və nida”.
Nəticədə, Azərbaycan xalqı hal–hazırda tarixinin ən əlamətdar günlərini yaşayır. Azərbaycan xalqı bu gün yaxın keçmişindəki qara səhifələri ilə vidalaşaraq gələcəyimiz üçün yeni tarix yazır. Prezident İlham Əliyev bütün görüşlərində və çıxışlarında daima Ermənistanın Azərbaycan torpaqlarını işğalı məsələsinə toxunur, bununla barışmayacağını qeyd edirdi. 2018–ci ildə yenidən Prezident seçilən İlham Əliyev əsas hədəf kimi işğal faktorunun aradan qaldırılmasını qeyd etmiş və düz 2 il yarım sonra torpaqlarımızı yadellilərdən azad etdi. Beləcə, ermənilərin və onların havadarlarının 1828–ci ildən başlayaraq Azərbaycan xalqına qarşı apardıqları mənfur siyasətə son qoyuldu.
Bu həm də uzun illər havadarları vasitəsilə ermənilərin azğınlaşmış siyasətinin sonu idi. Xalqımızın müdafiəsində dayanan Prezident 2020–ci ilin oktyabrın 4–ü xalqa müraciətində bu məsələlərə toxunaraq qeyd edirdi: “Ermənistanın baş naziri gedib Şuşada, Cıdır düzündə rəqs edir, hesab edir ki, biz bununla barışacağıq?! Səhv edir! Heç vaxt biz bununla barışmayacağıq. Qondarma “Dağlıq Qarabağ respublikası”nın parlamentinin Şuşaya köçürülməsi nə deməkdir?! Yenə də Azərbaycan xalqını təhqir etmək cəhdidir”.
Prezident bu illər ərzində verdiyi sözə əməl etdi, O, Ermənistana və onun havadarlarına etdiyi xəbərdarlıqlarının boş söz olmadığını 44 günlük müharibə ərzində sübut etdi. Nəticədə, noyabrın 10 –da Nikol Paşinyan 2016–cı ilin aprelindəki Serj Sarkisyanın hərəkətini təkrarlayaraq Azərbaycan dövləti, Azərbaycanın Ali Baş Komandanı, Azərbaycan xalqı qarşısında diz çökdü!
Uğurlu xarici siyasət fəlsəfəsi
Təbii ki, 44 günlük müharibədə qalib gəlmək heç də asan məsələ deyildi. Unutmayaq ki, İkinci Dünya müharibəsindən sonra formalaşmış hazırkı beynəlxalq münasibətlər sisteminin tamam olduğu təxminən 65 il ərzində BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvünü çıxmaq şərti ilə dünyada heç bir dövlət müharibədə öz məqsədinə çatmamışdı. Azərbaycan bu tilsimi sındıraraq bir çox dövlətlər üçün örnək olduğunu, beynəlxalq hüquq və ədalətin bərpa edilməsinin vacibliyini sübut etdi.
Qalibiyyət isə, təkcə səngərdəki döyüşlər ilə kifayətlənmir. Qalib olmaq üçün beynəlxalq münasibətlərin sayılan aktoru olmaq lazım idi. Dünyanın güc mərkəzləri arasında sərt və mürəkkəb mübarizənin getdiyi bir dövrdə Prezident İlham Əliyevin apardığı xarici siyasət əksər dövlətlər üçün örnək rolunu oynaya bilər. Son zamanlar yaşadığımız region ətrafında baş verən hadisələr bir daha göstərir ki, rəsmi Bakının həyata keçirdiyi müstəqil daxili və xarici siyasət kursu xalqımızın milli maraqlarının reallaşdırılması və dövlətçiliyimizin inkişafını təmin edən ən optimal yoldur
Azərbaycan Xəzər–Qafqaz regionunda mühüm oyunçudur. Bu, demək olar ki, MDB-də yeganə uğurlu çoxvektorlu xarici siyasət aparan dövlət nümunəsidir. Praktik olaraq, keçmiş SSRİ respublikalarından heç birinə eyni zamanda, həm Rusiya ilə, həm Avropa İttifaqı və ABŞ ilə, həm də İsrail və İranla bərabər münasibət qurmaq müyəssər olmamışdır.
Struktur islahatları və kadr dəyişikliyi
Sözsüz ki, 2018–ci ildə Prezident İlham Əliyevin növbəti dəfə prezident seçilməsi Azərbaycan dövləti tarixində yeni mərhələnin başlanğıcını qoydu. Andiçmə mərasimindən sonra tez bir zamanda ölkədə bütün sahələrdə başlanılan islahatlar, dövlət institutlarının müasir çağırışlara cavab verməsi üçün aparılan dəyişikliklər, korrupsiyaya qarşı mübarizə, regionlardakı idarəetməyə diqqətin artırılması xüsusi ilə qeyd edilməlidir.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin ötən 3 ildə apardığı ciddi kadr dəyişiklikləri, məmurlara, dövlət rəsmilərinə fəaliyyətlərini məhz vətəndaşların mənafelərinin müdafiəsi istiqamətində qurmaları ilə bağlı qəti tapşırıqlar verməsi ictimai fikirdə demokratik inkişafa xidmət edən islahatların uğurla gedəcəyinə qəti inam yaratmışdır. Dövlət başçısı idarəçiliyin təkmilləşdirilməsi prosesini daim diqqət mərkəzində saxlamaqla, cəmiyyətin inkişaf qanunauyğunluqlarından irəli gələrək yeni, çevik və işlək strukturların, dövlət komitələrinin, nazirliklərin fəaliyyətlərinin təkmilləşməsinə nail oldu. Bunlar situasiyaların səmərəli şəkildə idarə olunması və idarəetmədə meydana çıxacaq ziddiyyətlərin aradan qaldırılması baxımından son dərəcə əhəmiyyətlidir.
Son 3 il ərzində ölkədə struktur dəyişiklikləri ilə eyni vaxtda kadr islahatları və rüşvətxorluğa qarşı mübarizə də geniş miqyasda davam edir.
Bu gün kadr bazasını genişləndirmək dövlət üçün prioritetə çevrilib. Prezident İlham Əliyevin qeyd etdiyi “Biz XXI əsrdə köhnə təfəkkürlə uğurlara imza ata bilmərik. Ona görə də kadr islahatları labüddür və qaçılmazdır” - fikri hazırda dövlət institutlarında mühüm çağırış kimi dəyərləndirilir və bu işin təşkili üçün müvafiq qərarlar qəbul edilir. Dəyişikliklər nəticəsində, modern, çevik siyasətlə ayaqlaşa biləcək yeni gənc kadrların mərkəzi və regional orqanlara təyin edilmələrinin şahidi oluruq.
Daxili sabitlik və həmrəylik
2018-ci ilin Prezident seçkilərindən sonra ölkədə bir sıra sahələrdə olduğu kimi, müxalifət-iqtidar arasında münasibətlərdə də yeni səhifə açıldı. Artıq bir müddətdir ki, iqtidar və siyasi müxalifət arasında dialoqa start verilib. 2019–cu ilin noyabr ayının sonunda Prezident Administrasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılması və başladılan dialoq o demək idi ki, Azərbaycan hakimiyyəti ayrı-ayrı qrupların, partiyaların, vətəndaş cəmiyyəti institutlarının siyasi proseslərdə fəal rol oynamasında maraqlıdır, onların fikir və istəklərinin nəzərə alınmasını qarşısına məqsəd qoyub. Müxalifətlə iqtidar arasında dialoq eyni zamanda daha funksional və nəticəyönümlü siyasətin formalaşmasına gətirib çıxardı.
Azərbaycanın çox mürəkkəb geosiyasi coğrafi mövqedə yerləşdiyini unutmamalıyıq. Dövlətin dayanıqlığının artırılması, ölkəmizin üzləşdiyi köhnə və yeni xarici çağırışlar qarşısında daxili birlik mütləqdir. Biz 44 günlük müharibə zamanı bu birliyin necə əhəmiyyətli olduğunu bir daha gördük. Bütün bunların fonunda ölkə rəhbərliyi tərəfindən həyata keçirilən dialoq formatı, qarşılıqlı müzakirələr bəzi radikal və xarici donorlardan asılı olan siyasi partiyalardan başqa hamı tərəfindən müsbət dəyərləndirilir, cəmiyyət tərəfindən rəğbət və sevinclə qarşılanır.
İqtisadiyyat
Son illər qlobal böhranın doğurduğu iqtisadi və psixoloji çətinliklərə baxmayaraq, Azərbaycanın iqtisadi müvazinətini əzmlə qoruyub saxlaması, hökumətin sosial öhdəliklərinin uğurla reallaşdırılması, təxirəsalınmaz, zəruri layihələrin icrasında çətinliklərin yaranmaması “inkişafın Azərbaycan modeli”nin uğurlarını bir daha təsdiqləyir. Regionların sosial-iqtisadi inkişafına dair həyata keçirilən dövlət proqramları sayəsində bölgələrdə inkişaf prosesləri sürətləndi, kənd təsərrüfatının müxtəlif sahələri ilə bağlı konkret proqramlar icra olundu.
Aparılan islahatların nəticəsi olaraq Azərbaycan dünyanın ən nüfuzlu təşkilatlarından olan Dünya İqtisadi Forumunun açıqladığı "Qlobal rəqabət qabiliyyəti” hesabatları üzrə 2005-ci ildən 2020-ci ilədək 69-cu yerdən 34-cü yerdə məskunlaşdı.
Ölkədə qeyri-neft sektorunun inkişafı neft siyasətinin məntiqi davamı oldu. Güclü iqtisadiyyatın hər bir ölkənin inkişafında mühüm amil olduğunu bəyan edən Prezident İlham Əliyev ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin artırılması ilə bağlı tədbirlər gördü. Nəhəng infrastruktur layihələrinin reallaşması nəticəsində minlərlə insan iş yeri ilə təmin edildi. Təkcə son 3 il ərzində səhiyyə ocaqlarının, müalicə-diaqnostika mərkəzlərinin inşası səhiyyə sisteminin inkişafını göstərdi. Ölkədə məktəblərin tikintisi və təmiri davam etdirildi, təhsil müəssisələrinin maddi-texniki bazası gücləndirildi. Azərbaycanda nəqliyyat sisteminin yenidən qurulması ölkəmizin dünyaya çıxışını təmin etdi.
Ötən dövrdə respublikamızın tranzit imkanlarının reallaşması üçün digər iri layihələr də uğurla reallaşdırılmışdır. Bu baxımdan Beynəlxalq Dəniz Limanının və Gəmiqayırma Zavodunun tikintisi, TRASECA, Şimal-Cənub, Şərq-Qərb dəhlizləri çərçivəsində görülən işlər, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi xüsusi vurğulanmalıdır.
2021–ci ildən başlayaraq İtaliyanın Azərbaycanın maye qazından istifadəyə başlaması artıq qoca qitənin bəzi dövlətlərinin gələcəkdə daha çox Azərbaycanın enerji sahəsində tərəfdaşı olmasına gətirib çıxaracaq. Xüsusi iftixarla qeyd edə bilərik ki, Prezident İlham Əliyevin başçılığı ilə Azərbaycan təkcə son 3 il ərzində Bakı–Tbilisi-Qars, Şimal–Cənub, TAP, TANAP kimi beynəlxalq əhəmiyyətli layihələri reallaşdırmağı bacardı.
Bu ilin əvvəlində isə, Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu” imzalaması kifayət qədər zəngin olan bu qaz yatağının da Azərbaycanın sosial – iqtisadi təhlükəsizliyində mühüm rola malik olacağına dəlalət edir.
Bundan başqa, işğal altındakı torpaqların azad edilməsi və Zəngəzur dəhlizinin işə düşməsindən sonra bölgədə yeni geoiqtisadi əlaqələrin yaranmasına şahidlik edəcəyik. Son 3 ildə Böyük İpək Yolunun siyasi – iqtisadi mərkəzinə çevrilən Azərbaycan Türkmənistan, Özbəkistan, Əfqanıstan ilə razılıqlar əldə edərək Qafqaz tranzit xəttinin genişlənməsinə nail oldu.
Bütün bunlar o deməkdir ki, Avrasiyanın əsas tranzit ölkələrindən biri olaraq, Azərbaycan Şərq-Qərb ticarət, enerji-yanacaq və nəqliyyat-kommunikasiya əlaqələrinin mərkəzində dayanır. Bu mövqe getdikcə güclənir və ən əsası isə, dünyanın əsas qloballaşma və regional inteqrasiya mərkəzləri Azərbaycanın üçüncü minillikdə dünyanın həm alternativ enerji təminatçısı, həm də əsas tranzit ölkə kimi qəbul edir. Azərbaycanın tranzit imkanları artdıqca, planetar geosiyasi dəyəri də yüksəlir ki, bu da onun xarici ölkələrlə geosiyasi tərəfdaşlığını şərtləndirən əsas amillərdən biri hesab olunur.
Beləliklə, zaman göstərdi ki, Azərbaycan Prezidenti İlham Əliyev xalqın xilaskarı olmağı bacardı. Ali Baş Komandan bu illər ərzində Azərbaycan xalqına və dövlətinə qalibiyyət bəxş etdi. O, sözün həqiqi mənasında tam müstəqil dövlət qurmağı bacardı.
Prezident yanında İdarəçilik Akademiyasının politoloqu,
Bakı Politoloqlar Klubunun rəhbəri – Zaur Məmmədov.