Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"Soyqırım"a Amerika ermənisindən zərbə

 

“The New York Times”da saxta genosid iddialarını “qamçılayan” məqalə dərc edildi

«Yəhudilər üçün ümumi məqsəd İsraildir, ermənilər üçün isə soyqırımın tanınması...»
 
"Xeberinfo.com":  ABŞ-da yaşayan və milliyyətcə erməni olan Melin Tumani soyqırım iddialarından əl çəkməyə və sivil dünyanın qaydalarına uyğun inkişaf yolunu tutmağa çağırıb. O, bu haqda dünyaca məşhur “The New York Times” qəzetində “Biz ermənilər soyqırımla tanınmamalıyıq” başlığı altında geniş məqalə ilə çıxış edib. Məqalənin tərcüməsini təqdim edirik:
***
Aprelin 9-unda Ermənistanın baş naziri Hovik Abrahamyan öz ofisində qeyri-adi bir ziyarətçini qəbul etdi. Ətrafında film heyəti və cangüdənləri olmasaydı, bu qonağı yerlilərlə səhv salmaq da olardı. Lakin bu, hansısa sıravi bir erməni yox, dünyanın erməni mənşəli ən ünlü ismi - Kim Kardaşyan idi.
Bacısı Xloe və iki kuzeninin müşayiət etdiyi realiti ulduzu Kim Kardaşyan baş nazir və onun konfrans stolunun ətrafına toplaşmış həmkarları ilə söhbətdə təvazökar davranır, hətta nəzakətli görünməyə çalışırdı. Sonra cənab Abrahamyan 1915-ci il erməni soyqırımının beynəlxalq səviyyədə tanıdılmasında Kardaşyan ailəsinin xidmətlərini xüsusi qeyd etdi. Bu faciədə Osmanlı Türkiyəsinin erməni əhalisinin üçdə ikisi Osmanlı hökuməti tərəfindən deportasiya və ya qətl edilib.
Vaşinqtondakı erməni lobbisinin rəhbəri Aram Hamparyan məmnunluq hissi ilə “Yahoo”ya deyib ki, Kardaşyanları “vətəndə qəhrəman kimi qarşıladılar”. Ermənistan parlamentinin spikeri Qalust Sahakyan müxbirlərə bu hadisə ilə bağlı “Biz qürur duymalıyıq” deyib.
Kardaşyanın böyük turu “Kardaşyanlarla birlikdə” realiti şousunun növbəti sayının ən önəmli epizodu olmaqla, erməni soyqırımının 100 illik yubileyindən iki həftə əvvələ təsadüf edib. Bu hadisə 24 apreldə, yəni 1915-ci il etnik təmizlənməsinin başladığı tarixdə qeyd edilir.
Bu səfər Ermənistana beynəlxalq mətbuatın diqqətini üst-üstə son illər ərzində olduğundan daha çox çəkdi. Lakin Kardaşyan heç də həmişə öz soydaşları tərəfindən belə sevilməyib.  Kardaşyan mövzusu ictimai diqqət qazanan ilk vaxtlarda dünyaya səpələnmiş ermənilər ona görə xəcalətdən tutmuş, dəhşətə qədər qarışıq hisslər keçirirdilər. Erməni mədəniyyəti çox mühafizəkar, hətta utancaqdır. Odur ki, bu kiçik xalqa və onun diasporasına şəxsi həyatındakı qalmaqallarla və erotik ictimai imici ilə daha çox məşhurlaşan bu qadından daha az uyğun gələn qəhrəman tapmaq çətindir. Lakin indi, soyqırımın yüzilliyi yaxınlaşdığı bir zamanda, mənim bir erməni dostumun bu həftə öz “facebook” profilində yığcam bir şəkildə izah etdiyi kimi: “Başqa heç nəyin əhəmiyyəti yoxdur”.
Mən Iranda anadan olmuş erməni mənşəli amerikalıyam. Məşhur bir ulduza pərəstişlə soyqırım anımının şübhəli bir şəkildə kəsişməsini seyr edərkən ermənilərin 1915-ci ildən üzü bəri  itirdikləri və daha az nəzərə çarpan bəzi məsələlərin üzərindən düşünmədən keçə bilmirəm: bu təkcə insan və əmlak itkisi deyil, həm də reallığa söykənən güvən itkisidir. Ermənistanda və diasporada Ermənistanın itkilərini bərpa etmək naminə həyata keçirilən soyqırımın tanıdılması kampaniyasının özünə elə aludə olublar ki, bu fəaliyyətin inkişafın bütün başqa yollarını qapatdığını görmürlər.
Nyu Cersidə böyüyərkən hələ gənc yaşlarımdan türklərin bizim düşmənimiz olduğunu, Şərqi Türkiyənin bir hissəsinin bizim olduğunu və oranı geri almalı olduğumuzu, hökumətləri, xüsusilə də, Amerika hökumətini 1915-ci il hadisələrini soyqırım (qətliam, faciə və ya insanlığa qarşı cinayət yox!) adlandırmaq üçün inandırmağın ali məramımız olduğunu öyrənmişəm.
Bu yaxınlarda mən memuarlarımı çap etdirmişəm. Orada artıq yetkin bir insan kimi, erməni yay düşərgələrindən, gənclər qruplarından və mənim də cəlb olunduğum digər icma fəaliyyətlərindən qaynaqlanan ortodoks görüşlərlə bağlı şübhələrə necə gəldiyimi izah etmişəm. Mən bu görüşlərin bəzən türklərə qarşı rasizmdən fərqlənmədiyini göstərmişəm. Izah etmişəm ki, öz intellektual həyatımızda biz soyqırımın tanınması siyasi projesinin çərçivəsindən kənara çıxan suallar qoymaq və ideyaların ardınca getmək azadlığımızı itirmişik.
Hərçənd ermənilərin bədii tərtibat sahəsində heç bir çatışmazlığı yoxdur, bu təqdimatların əksəriyyətinin məqsədi sonda auditoriyanın bu insanların soyqırımdan əziyyət çəkdiyini anlamasını qarantiləmək, hadisələrin Türkiyə versiyasının yalan olduğuna inandırmaqdır. Bu məhdud gündəmin altyapısı, hətta daha sadə və daha banaldır: sübut etmək istəyi. Şair Paruyr Sevakın ermənilərin öz əhval-ruhiyyələrini qaldırmaq üçün məclislərdə səsləndirdikləri şüarlara uyğun bir tərzdə yazdığı kimi: “Biz varıq və biz olacağıq”.
Nəhayət, mən Türkiyəyə getdim - həm türklərin qeyri-insaniliyi haqqında hələ də içimdə qaldığını bildiyim təsəvvürlərimi dağıtmaq, həm də türklərin tarixin yanlış versiyasına niyə belə inadkarcasına bağlandığını anlamaq üçün. Mən konfliktin səngimək bilməyən dinamikasından boğaza yığılmışdım. Doğurduğu psixoloji və emosional fəsadlardan başqa, bu münaqişənin Ermənistan Respublikası üçün real geosiyasi nəticəsi də var: Ermənistanın Türkiyə ilə sərhədi bağlıdır və bu, Ermənistanı çox ehtiyacı olduğu ticarət imkanlarından məhrum edir.
Ancaq kitabıma və mənə hücumlar, hətta kitab çap olunmamışdan öncə başladı. Təəccüb doğuran o idi ki, mənə  hücum edənlər türklər yox, ermənilər idi. Erməni diasporasının iki ən böyük qəzeti “Asbarez” və “The Armenian Weekly” mənə qarşı “baltanı” işə sadılar. Bir köşə yazarı mənim kitabımı boykota çağırdı, həm də bu zaman təntənəli şəkildə bəyan etdi ki, kitabın bir səhifəsini belə oxumayıb. Şərhlər bölümündə insanlar mənim iki illik Türkiyə səfərimi kimin maliyyələşdirdiyini soruşurdular: Məni Türkiyə hökuməti maliyyələşdirmişdi? Bəlkə Israil? Müzakirələrin mərkəzi mövzusu isə mənim özünə nifrət edən erməni olmağım idi.
Özünə nifrət ittihamından yəhidilər uzun zamandır ki, bir-birlərinə qarşı istifadə edirlər. Israilin dövlət siyasətini tənqid edən yəhudilər tez-tez belə ittihamla üzləşirlər. Əslində, ermənilərlə yəhudiləri birləşdirən ortaq cəhətlər çoxdur: hər ikisi keçmiş şöhrətlərinin böyük xatirələri ilə yaşayan kiçik millətlərdir; hər ikisi əsrlər boyu müsəlmanlar arasında azlıqda yaşayıblar; hər iki xalqın dünyaya səpələnmiş övladları üçün müasir vətənləri ümid çırağıdır. Şair Osip Mandelştam erməniləri “yəhudi millətinin kiçik bacısı” adlandırmışdı. Lakin öz nümayəndələrini özünənifrətdə ittiham etmək tendensiyası zəhərli adətdir və onu tərgitmək hər iki toplum üçün faydalı olardı.
Özünənifrət damğası həmçinin qaralar, meksikalılar, hindlilər və asiyalılar arasında da geniş yayılıb. Bu ittihamın mahiyyəti ondan ibarətdir ki, sən özünün gerçək təbiətindən - etnik mənsubiyyətindən utanırsan, öz millətini ələ salırsan və ya onun əleyhinə danışırsan. Bu damğadan adətən məzmunlu tənqiddən qaçmaq və bu tənqidin rüsvayçılıq, ayıb kimi təqdim edilərək tamamilə rədd olunması üçün istifadə edilir. Ancaq gerçəkdə, özünənifrət kimi damğalanan davranış tez-tez rüsvayçılığın əksini ifadə edir; o, özünəinamı əks etdirir.
Bu, təəssüflər olsun ki, ümimilikdə, dünyaya səpələnmiş millətlərin və azlıqda qalan qrupların daimi sərəncamında olan bir inamdır. Hətta bir-biri ilə sıx əlaqəli, birləşmiş qruplar təəssüratı bağışlasalar da, diasporalar öz təyinatına görə sabit deyil. Zaman keçdikcə, diaspora üzvləri başqa millətlərin nümayəndələri ilə ailə qurur, onların övladları əcdadlarının dilində danışmağı yadırğayır və nəticədə, fərqləndirici identifikasiya əlamətləri itir.  
Bu identifikasiyanı qoruyub yaşadanlar isə bu işi daha çox ümumi məqsəd ideyasını vurğulamaqla həyata keçirirlər. Yəhudilər üçün ümumi məqsəd Israildir, ermənilər üçün isə soyqırımın tanınması. Yəhudilər arasında geniş yayılmış “Bu, yəhidilər üçün yaxşıdırmı?” ifadəsi ermənilər üçün də, istisnasız olaraq, keçərlidir. Lakin əgər özünü yaşatmaq uyğun gəlməyən ideyaları bloklamaq və bəsit simvollardan möhkəm yapışmaqdırsa, bu, ermənilər üçün necə “yaxşı” ola bilər?
Yəhudi mənşəli rus yazıçısı Vasili Qrossman 1962-ci ildə, iki ay Sovet Ermənistanında yaşadığı müddətdə bu sual üzərində düşünüb. O, erməni ziyalıları haqqında bunları yazırdı: “Onlar memarlıq, elm, poeziya və ya insan yaradıcılığının istənilən başqa sahəsində ermənilərin mütləq üstünlüyünə təkid edirlər.
Bu iddiaların ən çox məyusluq doğuran tərəfi odur ki, bu insanlar üçün poeziya, memarlıq, elm və tarixin özünün artıq heç bir əhəmiyyəti qalmayıb. Yalnız erməni millətinin üstünlüyünə dəlalət edən məsələlər önəmlidir. Poeziyanın öz-özlüyündə heç bir önəmi yoxdur, önəmli olan hansısa bir erməni milli şairinin məsələn, fransız və ya rus şairindən daha böyük, daha üstün olduğunu sübuta yetirməkdir".
Cənab Qrossman göstərir ki, “bu aşırı lovğalıq hissi”  “erməni ləyaqətini tapdalayanlar” və “günahsız erməni qanı tökmüş türk qatilləri”nə qarşı daha amansız olur. O, sonda belə bir nəticəyə gəlir: “Bu insanlar bütün bu həqiqətləri dərk etmədən qəlblərini və ruhlarını poeziyadan, memarlıqdan və elmdən ala biləcəkləri gerçək zövqə qapamaqla  yoxsullaşdırır, bu sahələri yalnız öz milli üstünlüklərinin təsdiqi vasitəsi olaraq görürlər”.
Ermənilər üçün soyqırımın yüzilliyi həyəcan və böyük gözləntilərlə dolu bir hadisədir. Bu, hökumətləri, universitetləri, qəzetləri və digər institutları soyqırım sözünü işlətməyə inandırmağa sərf edilən və onillikləri əhatə edən səylərin kulminasiyasıdır. Osmanlı hökumətinin öz erməni əhalisini məhv etməyə başlamasından yüz il sonra Türkiyə hökuməti bu cinayətin tam bir şəkildə ictimai hesabını verməlidir. O, bunu həm ermənilər, həm də tüklərin özləri naminə etməlidir. Bu addım Türkiyənin azlıqlara və ifadə azadlığına münasibətinin, eləcə də məktəb kurriulumlarının və muzeylərinin dəyişməsini tələb edir.
Lakin əgər Türkiyə bu münaqişədə dəyişikliyin gerçək ünvanı olmalıdırsa, ermənilər özlərini dəyişməklə daha çox şey əldə edə bilərlər. Ötən əsrin çox böyük bir hissəsi Türkiyənin güclü inkar maşınına müqavimətə sərf olundu. “Əgər” o zamanın dominant sualı idi. “Bəs indi nə olsun?” sualı isə çox zəif diqqət çəkirdi.
Növbəti yüzildə daha çətin və daha riskli suallara cavab tapılmalıdır. Bu, 1915-ci il hadisələrinin hüquqi və siyasi baxımdan soyqırım kimi təyin olunması ilə bağlı və artıq dəfələrlə cavablandırılmış sual deyil. Bu, “Bir sözün istifadəsindən başqa, yaraları sağaltmaq üçün daha hansı məlhəm var?” sualıdır. “Uşaqlara öz tarixləri necə öyrədilməlidir ki, onlar əcdadlarını öldürənlərin törəmələrinə qarşı nifrət hissi ilə böyüməsinlər?” sualıdır. “Ölkə dəyərlər baxımından necə inkişaf etməlidir ki, milli özününəgüvən hissimizdə Kardaşyan boyda bir dəlik açılmasın?” sualıdır.
Mənsub olduğun etnik qrupun ortodoks görüşləri ilə üst-üstə düşməyən mövqedən çıxış etmək və yaxud öz həyatını klan öhdəliklərinin müəyyən etdiyindən fərqli bir şəkildə yaşamaq özünə nifrət etməyin əlamətləri deyil, başqalarına dəyər verməyi öyrənməyin göstəricisidir. Və bu, məhv olmadan həmişə həyatda qalmağın təməl prinsipidir.
Azadlıq.info

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam