“Papanın bu jesti Türkiyənin xeyrinədir…”
“Dünyada heç bir şey özbaşına baş vermir və ola bilməz ki, papanın bu bəyanatı dünyanın lider ölkəsi ABŞ-la razılaşdırılmamış olmasın”.
"Xeberinfo.com": Məlumata görə, bu sözləri axar.az-a açıqlamasında Roma Papası Fransiskin uydurma erməni soyqırımı tanımasına münasibət bildirərkən politoloq Vəfa Quluzadə deyib. Sabiq müşavirin sözlərinə görə, əslində bu, hesablanmış bir addımdır:
“Amerika Türkiyədən narazıdır və bu onlar tərəfindən dəfələrlə ifadə olunub. Papanın bu çıxışı sözsüz ki, indi Türkiyəyə bir basqıdır. Bu, ona görə baş verdi ki, ABŞ özü soyqırımı tanımasın, ancaq Vatikan isə bunu səsləndirsin. Bununla da bəlkə də Amerika erməni diasporundan canını qurtarmaq istəyir. Çünki erməni diasporunın Amerika iqtidarına təsiri var və qarşıdan da seçkilər yaxınlaşır. 2016-cı il üzrə Hillari Klinton öz namizədliyini verib. Respublikaçılar da öz namizədliyini irəli sürüb. Yəqin ki, bu seçkilərdə Amerikada ermənilərin səsinə böyük ehtiyac olacaq. Əsas səbəblərini bunda görürəm. Ancaq Papanın qondarma bir soyqırımı tanımasının Türkiyəyə heç bir təsiri olmayacaq. Türkiyə Türkiyədir, soyqırım isə uydurma və qondarma bir məsələdir. Ona görə də mən əminəm ki, Türkiyə öz prosesini deyəcək və papanın bunu səsləndirməsi Türkiyə üçün heç bir mənfi nəticəyə gətirib çıxarmayacaq”.
V.Quluzadə bildirib ki, papanın bu addımı əslində qondarma soyqırımın 100 illiyi münasibətilə ermənilərə edilmiş bir “sus payı”dır:
“Qərb indi ermənilərə bir pay atmasaydı, onların ürəyi tutardı. Hesab edirəm ki, ermənilərə qondarma soyqırımın 100 illiyi ilə bağlı bir pay atılıb. Bu pay Roma papasının “erməni soyqırımı” ifadəsini işlətməsindən ibarətdir. Bu da ona görə edilib ki, nə Amerika, nə İngiltərə, nə də ki başqa dövlətlərin heç biri qondarma erməni soyqırımını dövlət səviyyəsində heç vaxt tanımayacaq. Deməli, ermənilər bir 100 il də gözləməli olacaqlar. Hesab edirəm ki, elə məsələ Papanın bu sözü deməsi ilə də bağlandı. Papanın bu jesti Türkiyənin zərərinə yox, əksinə, xeyrinə olan bir ifadə olub”.