Yenixeber.org: Naxçıvan Muxtar Respublikasında nazir vəzifəsində çalışmış şəxslərə qarşı həbs dalğası başlayıb. 2000-2017-ci illərdə Naxçıvanın daxili işlər naziri olmuş Əhməd Əhmədov və Muxtar Respublikanın keçmiş təhsil naziri (2016-2018) Məmməd Qəribov həbs olunub. Baş Prokurorluq hər iki sabiq məmurun həbsi xəbərini təsdiqləsə də, onlara qarşı irəli sürülən ittihamların mahiyyətini açıqlamayıb.
Əldə etdiyimiz məlumata görə, keçmiş nazirlər mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi əməllərdə ittiham olunur.
Adları çəkilən keçmiş məmurların vəzifədən çıxarılmasından 3-4 il vaxt keçir. Onların məhz indi cəzalandırılması bir sıra suallar yaradır. Məsələn, nazir işlədiyi 17 il ərzində Əhməd Əhmədovun adı ağır işgəncə hallarında, müxalifətçilərə qarşı təqib və təzyiqlərdə hallanıb. Amma onunla əlaqəli şikayətlər nəticəsiz qalırdı.
Əhməd Əhmədov vəzifədən çıxarılandan az sonra onun gömrük, sərhəd orqanlarında çalışmış qardaşı Əvəz Əhmədov həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 145 (qanunsuz azadlıqdan məhrum etmə) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham irəli sürülmüşdü. İddia olunurdu ki, Əvəz Əhmədov sələmlə 100 min dollar verdiyi Hörmət Əsgərov adlı həkimi restorana çağıraraq döyüb, onu bir otağa salıb və pul qaytarılmayana qədər buraxmayacağını deyib. Həkimin həmin vəsaiti qaytara bilmədiyini görəndə isə başqa bir qohumunu – Sumqayıt Texnologiyalar Parkının satış şöbəsinin rəisi Rəşad Tahirovu həbs etdirməklə hədələyib, ondan 100 minin əvəzinə 140 min dollar alıb. Tahirovun dediyinə görə, Əvəz Əhmədova bu işdə hüquq-mühafizə orqanları da yardım edib:
“Mənə zəng edib, Hörmət Əsgərova verdiyi pulu tələb edəndə razılaşmadım. Dedim ki, Hörmətin mənim özümə də borcu var, ona görə də heç kimə heç nə verməyəcəm. Axşam Hörmət zəng edib, uşaq kimi ağlayırdı ki, “pulu verməsən, məni öldürəcəklər”. Sonra yenə Əvəz mənə zəng etdi ki, Hörmətə zamin durum. Dedim ki, ona vaxt ver, düzəltsin. İki gün sonra kafedə Hörməti gördüm, ağlamağa başladı, üz-gözünü göstərdi, Əvəzin onu döydüyünü, onun təhlükəli adam olduğunu dedi. Əvəzin ona yazdığı SMS-ləri göstərdi. Orada Əvəz ikimizi də söyüb hədələmişdi. Bundan sonra Əvəz tez-tez mənə zəng edib söyür, hədələyir, pulu istəyirdi. Telefonu birdəfəlik söndürdüm. Bir həftə sonra açanda gördüm ki, Əvəzdən yenə hədə mesajı gəlib. Bir neçə gün sonra Bakı Şəhər Baş Polis İdarəsinin polkovniki Şövqi Əhmədov məni idarəyə çağırdı. Əvəz Əhmədov da ora gəldi. Şövqi Əhmədov dedi ki, ölkədən çıxışıma “Stop” qoyub həbs etdirəcək. Mən də qorxduğum üçün elə orada Əvəzin diktəsi ilə məcbur olub, ona 140 min dollar verəcəyimə dair izahat yazdım. Pulu qaytarana qədər iki evimin sənədlərini Əvəzə verdim. Bir həftə ərzində 60 min dollar düzəldib qaytardım. Əvəz məbləği 220 minə qaldırmışdı. Əvəzgil haqda çox şey eşitmişdim, ailəmə görə narahat idim. Axırda 140 minə razılaşdıq. Bir ay ərzində qalan pulu düzəldib Əvəzə verdim…”
Ə. Əhmədov 1 ilə yaxın həbsdə saxlansa da, Bakı Ağır Cinayətlər Məhkəməsində onu cərimə cəzasıyla azadlığa buraxıblar.
Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Naxçıvanın keçmiş nazirlərinin həbsini ölkədəki siyasi proseslərin tərkib hissəsi hesab edir. Onun fikrincə, bu həbslər artıq Muxtar Respublikadakı kadr məsələlərinə mərkəzdən müdaxilə anlamına gəlir. Ekspert sabiqlərlə başlamış bu prosesin hazırkı məmurlarla davam edəcəyini ehtimal edir:
“Naxçıvanın “toxunulmazlığı” aradan götürüldü. Söhbət naxçıvanlılardan yox, kadr məsələləri sahəsində toxunulmazlıqdan gedir. Muxtar Respublikanın kadr məsələləri mərkəzdən – Bakıdan həll olunmurdu. Düzdür, indi cəzalananlar sabiqlərdir. Düşünürəm ki, sadəcə, proses sabiqlərdən başlayıb və davam edəcək. Bu, həm də Vasif Talıbova bir işarədir ki, “yeri gələndə biz də qoşulacağıq”. Hakimiyyət daxilində gedən bəzi proseslər, yerdəyişmələr, münasibətlər, YAP-ın qurultayı və orada baş verənlər – bütün bu hadisələrin təhlili deməyə əsas verir ki, proses dayanmayacaq. Daha doğrusu, köhnələrlə bağlı başlanmış bir iş var, indi müşahidə etdiklərimiz o prosesin davamıdır”.
İlham İsmayıl xatırlatdı ki, zamanında ağır işgəncələrdə adı hallansa da, toxunulmaz qalan Əhməd Əhmədovun indi korrupsiyada ittiham olunması da təsadüf deyil. Ekspertin sözlərinə görə, Azərbaycanda korrupsiya idarəetmə sisteminin tərkib hissəsinə çevrilib. Bu baxımdan, bələdiyyə sədrindən tutmuş, nazirə qədər hər kəsi çox asan şəkildə ittiham etmək mümkündür:
“Sadəcə, kiçik bir istintaq araşdırması kifayətdir ki, istənilən məmura qarşı korrupsiya ilə bağlı yetərincə əsaslı ittihamlar ortaya qoyulsun. Başqa sözlə, hər bir məmura qarşı ehtiyatda bu ittiham var. Sadəcə, lazım olanda ondan istifadə edilir”.(pressklub)
Gülər