Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

İKİ SABİQ NAZİRİN HƏBSİNİN PƏRDƏARXASI... -Hər ikisi Bakıda həbs edilərək Naxçıvana aparılıb

Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri general-leytenant Əhməd Əhmədov və muxtar respublikanın təhsil naziri olmuş Məmməd Qəribov saxlanılıb. Onların külli miqdarda dövlət vəsaitini mənimsəmədə ittiham olunduğu bildirilir. Baku TV isə xəbər verir ki, Ə.Əhmədov mənimsəmədə ittiham olunur və məhkəmənin qərarı ilə barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Ə.Əhmədovun hələ ötən həftə Bakıda həbs edildiyi barədə məlumat yayılmışdı. Naxçıvandan gələn heyət onu yaşadığı mənzildə həbs edərək aparmışdı.

Yenixeber.org: General-leytenant Əhməd Əhməd Əhmədov 1969-cu ildə Şərurun Tumaslı kəndində anadan olub. 1996-cı ildə Azərbaycan Respublikası DİN-in Polis Akademiyasını bitirib. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçib. 1990-cı ildən daxili işlər orqanlarında xidmət edir. 

1997-ci ildə Naxçıvan Muxtar Respublikası DİN-in Mütəşəkkil cinayətkarlıqla mübarizə bölməsinin rəisi vəzifəsinə təyin edilib, 2000-ci ildə Naxçıvan Şəhər Polis Şöbəsinin rəis müavini vəzifəsinə irəli çəkilib. 2000-ci ilin iyununda Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri təyin edilib. 2004-cü ildə general-mayor, 2015-ci ildə general-leytenant rütbəsi alıb. 2017-ci ilin iyununda isə nazir vəzifəsindən çıxarılıb.

Ə.Əhmədovun “vurulmasına” dair çoxlu sayda iddia və ehtimallar vardı. Şahtaxtı gömrüyündə tutulmuş 90 kq narkotiklə əlaqələndirilməkdən başlamış, Naxçıvan hakim elitasının bir sıra nüfuzlu nümayəndələri ilə toqquşmasına qədər müxtəlif ehtimallar vardı.

İddia olunurdu ki, Əhməd Əhmədov nazirliyi dövründə Naxçıvanda Ali Məclis sədrinə tam şəkildə tabe olmayan, yarımmüstəqil fiqurlardan olub. Onun müstəqilliyi Naxçıvan rəhbərliyində qıcıq doğursa da, o, illərlə vəzifəsini qoruyub saxlaya bilib.

Vəzifəsindən çıxarılmazdan əvvəl isə barəsində Bakıya ilginc dosye yollanıb. Həmin dosyedə Ə.Əhmədovun bir çox qanunsuz əməlləri barədə faktlar olub. Dosyedə yer alan faktlarla bağlı ən müxtəlif ehtimallar vardı. Biri də budur ki, sabiq nazirin Şərurda, Araz çayının kənarında böyük bir mal ferması olub. Həmin fermada 5-10 min iribuynuzlu heyvan saxlanıb. Fermadan digər məqsədlər üçün - qaçaq mal saxlanılması üçün də istifadə edilib. Uzun illər orada nə baş verdiyi yerli hakimiyyət orqanları üçün qaranlıq qalsa da, sonradan fermanın baş çobanı ələ alınıb və onun vasitəsilə “qara işlər” gizli şəkildə çəkilib. İddiaya görə, dosyedə buna bənzər digər daha ilginc və faktlarla təsdiqlənən materiallar da var.

 

Əhməd Əhmədov

 

Sabiq nazirə dosyedə yer alan və olduqca mübhəm, qanunsuz əməliyyatlara görə ittiham verilməyib. Ə.Əhmədov vəzifəsindən çıxarılandan sonra Naxçıvan Prokurorluğunda Naxçıvan Daxili Qoşunlarda 5 milyon manatlıq yeyinti faktı üzrə cinayət işi başlanıb. Həmin fakt üzrə sabiq nazirin də istintaqa cəlb edilməsi xəbəri vardı.

Ə.Əhmədov vurulandan sonra onun çoxsaylı biznes obyektləri təhvil-təslim edilib və yaxın ətrafı - qohumları və komandası iş başından uzaqlaşdırılıb. Ə.Əhmədovun qardaşı Əvəz Əhmədovun da adı həmin vaxt qalmaqalda hallanıb və saxlanılıb. İttihama görə, Əvəz Əhmədov Hörmət Əsgərov adlı şəxsi özünə məxsus Sabunçu rayonu ərazisində yerləşən “Park Plyus” əyləncə mərkəzində girov götürüb. Ə.Əhmədov H.Əsgərovdan ona borclu olduğu pulu tələb edib. H.Əsgərovun qohumu həmin borcu qaytaracağını söz verdikdən sonra onu sərbəst buraxıb. İttihama görə, Əvəz Əhmədov hədə-qorxu ilə Rəşad Tahirovdan 140 min dollar alıb. Məhkəmə hökmünə əsasən, Əvəz Əhmədovun barəsində iki min manat cərimə cəzası müəyyən edilib, o, məhkəmə zalından azadlığa buraxılıb. Bəzi KİV-lər o vaxt hətta yazırdı ki, sabiq nazir Bakıya köçüb və yaxın günlərdə hansısa yüksək vəzifəyə təyinat ala bilər.

Muxtar respublikanın sabiq təhsil nazirinə gəlincə, o da 2018-ci ilin iyununda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun müvafiq fərmanı ilə vəzifəsindən azad edilib. İşdən çıxarıldıqdan sonra Bakıya köçüb və özünə uyğun iş axtarmaq istəyib. İddia olunur ki, Naxçıvanda “özünü doğrultmayan” istənilən kadra paytaxtın dövlət orqanlarında da iş verilmir. Bu səbəbdən Məmməd Qəribovun hətta metro stansiyalarından birinin yaxınlığında telefon satmaqla məşğul olduğu da deyilirdi.

 

Məmməd Qəribov

 

Maraqlıdır ki, hələ fevral ayında Məmməd Qəribovun həbs olunması barədə xəbərlər vardı.

Bildirilirdi ki, sabiq naziri Bakıda saxlayıb Naxçıvana aparıblar, əməliyyatı MR polisi həyata keçirib. Sabiq naziri Muxtar Respublikanın yazılmamış “qızıl qanunu”nu pozaraq ora-bura şikayət məktubları yazmaqda şübhəli biliblər. İddialara görə, muxtar respublikadan hər hansı şikayətin Bakıya ünvanlanmasına xoş baxılmır. 

Sabiq nazir isə “dinc dayanmayıb”, Naxçıvanın təhsil sistemində baş alıb gedən özbaşınalıqlardan, xüsusilə də koronavirus karantin qaydalarına əməl edilməməsi barədə yuxarı orqanlara və mediaya məlumat sızdırırmş. Naxçıvan şəraitində bu “satqınçılıq” bağışlanılmaz cinayət hesab olunur və ağır cəzaya layiq görülür.

Görünür, hər iki sabiq həqiqətən də “dillərinin” bəlasına düşüblər. Həbslərin MR rəhbəri Vasif Talıbovun ötən həftə YAP-ın qurultayında iştirak etmək üçün Bakıya gəldikdən sonra baş verməsi təsadüfə oxşamır...   


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam