"GÖRÜNÜR Kİ, BİZDƏN NƏSƏ QOPARMAĞA ÇALIŞIRLAR" -Sərkisyan niyə Putinə müraciət edib?
Elxan Şahinoğlu: "Ermənistan Kəlbəcər və Zəngilana aid bəzi ərazilərə iddia edirlər... Sərhəd məsələsində Rusiyanın vasitəçi kimi iştirakına ehtiyac yoxdur"
Yenixeber.org: Azərbaycan Ermənistanın işğalı altında olan torpaqlarını azad etdikdən sonra iki ölkənin sərhədlərinin müəyyənləşməsi məsələsində problemlər ortaya çıxıb. Qeyd edək ki, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan rayonları işğal edildiyi üçün Azərbaycanın bu rayonların ərazisində Ermənistanla sərhədi də işğalda idi. 44 günlük Vətən müharibəsi bu rayonların öz sahibinə-Azərbaycana qaytarılması ilə nəticələndi.
İndi isə Ermənistan SSRİ dağılanda Azərbaycanla aralarında konflikt olduğunu əsas kimi göstərərək iki ölkənin sərhədlərlə bağlı probleminin olduğunu qeyd edir və sərhədlərin müəyyənləşməsi məsələsində problemlər ortaya çıxarır. Bu səbəbdən Ermənistan prezidenti Rusiya prezidentinə sərhədlərin müəyyənləşməsi ilə bağlı müraciət edib. Ermənistan hökumətinin rəsmisi bəyan edib ki, ilin sonunda Rusiyanın vasitəçiliyi ilə sərhədlərin demarkasiyası ilə bağlı danışıqlar başlayacaq. Beləlklə, Ermənistan Rusiyanı yenə də orbitr kimi cəlb etməyə çalışır.
Bəs Ermənistan bununla nə etməyə çalışır? Ermənistanla sərhədin hansı istiqamətində problemlər var? Sərhəd demarkasiyası asan proses deyil. Məsələn, Gürcüstanla hələ də bu məsələ ilə bağlı danışıqlar yekunlaşmayıb. Ermənistanla da sərhəd məsələsində problemlər yaşanacaqmı?
“Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu musavat.com-a bildirib ki, Ermənistanın sərhəd məsələsində problemlər yaratmağa çalışacağı gözlənilən idi: “Sərhəd məsələsində ona görə problem çıxıb ki, Ermənistan 28 ildən artıq müddətdə torpaqlarımızı işğal etmişdi. Ermənistanla sərhəddə yerləşən Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan rayonları erməni işğalında idi. Ona görə də belə vəziyyətdə Ermənistan üçün Azərbaycanla sərhəd vacib deyildi. Faktiki Azərbaycanın dövlət sərhədlərinin müəyyən hissəsini Ermənistan 28 il idi işğalda saxlayırdı. O ərazilərdən işğalçı Ermənistan istədiyi kimi istifadə edirdi. Amma Azərbaycan öz torpaqlarını azad etdikdən sonra sərhəd məsələsi aktuallaşıb. Biz sərhədlərimizi müəyyənləşdirməliyik. Ermənistan buna məcburdur. Amma belə görünür ki, bizdən nəsə qoparmağa çalışırlar. İndi Ermənistan prezidenti Armen Sərkisyan Rusiya prezidenti Vladimir Putinə məktub göndərib ki, Azərbaycanla sərhədlərin müəyyənləşməsində Ermənistana kömək eləsin. Ermənistan özünü idarə edə bilməyən, əslində qeyri-müstəqil olan ölkə olduğunu hər addımda nümayiş etdirir və sərhəd məsələsində də bunu edir. Sərhədin müəyyənləşməsində kənardan köməyə nə ehtiyac var. Müharibədən əvvəl iki ölkə arasında sərhədlər bəlli olub. Sərhədlərin müəyyənləşməsi GPS sistemlər vasitəsilə müəyyənləşəcək. Sadə bir məsələni Ermənistan bilərəkdən mürəkkəbləşdirməyə və problem yaratmağa çalışır. Belə görünür ki, İrəvan qəsdən sərhəd məsələsində problemlər ortaya çıxarmağa çalışacaq. Azərbaycanın Kəlbəcər rayonu ilə Ermənistanın arasında böyük sərhəd var. Ermənistan burada Kəlbəcər rayonunun sərhəddə yeləşən bir sıra ərazilərinə iddia edir. Eyni vəziyyət Zəngilan rayonu ərazisində də var. Ermənistan Zəngilan rayonuna daxil müəyyən əraziyə də iddia edir. Ona görə də açıq görünür ki, Ermənistan sərhəd məsələsində bilərəkdən problemlər yaratmaq istəyir”.
Politoloqun sözlərinə görə, Ermənistan üçüncü tərəfi ona görə bu işə cəlb etməyə çalışır ki, bu prosesdə heç olmasa Azərbaycandan nə isə qoparsın: “Biz bir dəfə güzəştə gedib Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsinə razılaşdıq. Sərhəd məsələsində Rusiyanın vasitəçi kimi iştirakına ehtiyac yoxdur. Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyənləşib qurulması üçün komissiya yaradıla bilər. Amma adətən bu cür məsələlər ikitərəfli komissiyalar şəklində yaradılır. Üçüncü tərəfin komissiyada iştirakına ehtiyac olmur. Hiss olunur ki, Azərbaycanla Ermənistanın sərhədlərinin müəyyənləşməsi məsələsində ermənilər bizim xeyli vaxtımızı almağa çalışacaq. Azərbaycan müzakirələri davam etdirib öz milli maraqlarından çıxış etməlidir. Necə ki, müharibədə prinsipial mövqeyimizi ortaya qoyduq, sərhədlərin müəyyənləşməsi məsələsində də prinsipial mövqe ortaya qoymalıyıq”. (azpolitika)