Alman-Türk dostluğu 1918-ci ildə Bakıda bitib:"Die Welt"-dən xatırlatma
"1917-ci ildə Rusiyanın məğlubiyyətindən sonra Almaniya və Türkiyə qənimətlə bağlı mübahisəyə başladı. Mübahisənin mövzusu Bakının neft mərkəzi idi. Almaniya və Osmanlı qoşunları bir-birinə qarşı müharibəyə hazırlaşırdı".
Yenixeber.org: "Die Welt" qəzetinin bugünkü baş məqaləsi bu sözlərlə başlayır.
Məqalədə qeyd olunur ki, türk siyasətçilərin Almaniyada çıxışları ilə əlaqədar cari mübahisə və "Die Welt"in müxbiri Dəniz Yücelin həbsi Almaniya-Türkiyə dostluğunu ağır imtahana məruz qoyur.
"Osmanlı İmperiyasında ermənilərin soyqırımına məruz qalmasını məhkum edən Bundestaqın 2016-ci il iyun qərarından sonra Türkiyə KİV-ləri iki dövlət arasında "ümumi tale"dən söz açdılar. "Silahdaşlarımız bizi arxadan bıçaqladılar" deyərək NATO ortaq üzvlük və Birinci Dünya müharibəsində Kayzer və Sultanın müttəfiqyini qeyd etdilər", – məqalədə deyilir.
"Türkiyə-Almaniya dostluğu 1918-ci ildə Bakıda bitib" adlı məqalədə daha sonra deyilir: "Əslində, yüz il bundan əvvələ aid nostaljik yaddaş Almaniya və Türkiyə arasında dostluğu çoxdan çat verib. Bu yaddaş hələ I Dünya müharibəsinin final mərhələlərində dostluğun pozulduğuna şahidlik edir. O zaman hər iki ölkə bir-birinə qarşı silah istifadəsinə dair ciddi hazırlıq görürdü. Müharibə qənimətləri onlar üçün Şərqdə qazandıqları alyansdan daha əhəmiyyətli idi".
Müəllif yazır ki, 1918-ci il martın 3-də Sovet Rusiyası və müttəfiqlər – Almaniya, Avstriya-Macarıstan, Bolqarıstan və Türkiyə arasında Brest-Litovsk adlı sülh müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, Polşa, Ukrayna, Finlandiya və Baltik məmələkətləri müstəqil oldu, Belarus, Estoniya və Litva alman qoşunlarının işğalı altında qaldı. Beləliklə, Rusiya Avropa ərazisinin dörddə və əhalisinin üçdə birini itirdi. Bundan başqa, ölkə neft, minerallar və qida məhsullarından ibarət geniş təzminat çatdırılmalı idi.
Daha sonra ingilis qoşunlarının cənubda və şərqdə, o cümlədən Mesopotamiya və Fələstində uğurlarına baxmayaraq, Osmanlı rəhbərliyinin Qafqaza yürüş qərarından söz açılır. "Məqsəd Bakını, rus neft hasilatının mərkəzini və müsəlman əksəriyyəti yaşadığı Azərbaycan paytaxtının qorunması idi".
"150 ildən çox çar qoşunları qarşısında daimi geriləyən türk generallar indi tarixi geri qaytarmaq şansı tapmışdı. Rusiya qırmızı və ağ qvardiya arasında vətəndaş müharibəsi girdabında batmışdı. Osmanlının 3-cü ordusu 1918-ci ilin mayında müstəqilliyini elan etmiş Ermənistana qarşı hücuma keçdi".
"Die Welt" bu cümlələrin ardınca türk ordusunu ermənilərə qarşı "soyqırımı törətmək"də ittiham edir. "Orada həqiqətən hər iki tərəf tərəfdən, əsasən xristian sakinlərə qarşı dəhşətli qırğınlar törədilib".
Nəşrin iddiasına görə, Almaniya Baş Qərargahı və Osmanklı generalları arasında Bakı ilə bağlı mübahisə yaranıb. Alman işğalında olan Krım yarmadasından gəmilərlə Gürcüstana, oradan da Azərbaycana kayzer qoşunlarının gətirilməsi baş tutmayıb. Türk ordusu buna imkan verməyəcəyinə dair xəbərdarlıq edib.
"Die Welt" qeyd edir ki, Birinci Dünya müharibəsinin sonundakı bu epizodun özü Almaniya-ürkiyə dostluğunun çoxdan çat verməsinə sübutdur.