Ermənilərin PUA yalanında əsas hədəfi - TƏHLİL
Ötən gün Erməni separatçıları Dağlıq Qarabağ səmasında Azərbaycan ordusuna məxsus pilotsuz uçuş aparatını vurduqlarını iddia etsə də, Azərbaycan Müdafiə Nazirliyi dərhal açıqlama verərək xəbəri təkzib etdi.
Yenixeber.org: Maraqlıdır ki, erməni separatçıları “neytrallaşdırdıqları” pilotsuz uçuş aparatı İsrail istehsalı olduğunu bildirirlər. Erməni separatçıları həmçinin Azərbaycan tərəfini israilli mütəxəssisləri pilotsuz hava aparatlarını Dağlıq Qarabağ səmasında sınaqdan keçirməyə məcbur etməkdə ittiham edir.
Mövzu ilə bağlı saytımıza danışan politoloq Qabil Hüseynli bildirib ki, uzun müddətdir İsraillə əməkdaşlıq münasibətləri qurmağa çalışan Ermənistan buna nail ola bilmədiyi üçün müxtəlif yollara əl atır:
“Məlumdur ki, Azərbaycan-İsrail əlaqələri bölgədə ən inkişaf etmiş, ən yüksək səviyyəyə malik olan münasibətlərdir. Azərbaycan İsraillə həm ticarət-humanitar, həm də hərbi istehsal sahəsində ciddi əməkdaşlıq edir. Bunun nəticəsidir ki, pilotsuz uçuş aparatları istehsalı sahəsində Azərbaycanla İsrail arasında əməkdaşlıq mövcuddur. Artıq Azərbaycan bu aparatların bir neçə növünün istehsalını mənimsəyib və hərbi sənaye kompleksinə daxil olan hərbi zavodlarımızda istehsal edilir.
Ermənistan nə qədər özünü yırtıb-dağıtsa da, yaxşı bilməlidir ki, bu gün zavodlarımız artıq nəinki özümüz üçün, hətta başqa ölkələrə ixrac edə biləcək qədər müxtəlif modifikasiyalarda PUA istehal edir.
Ermənilər uzun müddətdir çalışırlar ki, İsraillə normal münasibətlər qursunlar, onlarla hərbi istehsal sahəsində əlaqələr yaratsınlar. Amma buna nail ola bilmirlər. İsrail bu regionda yüksək inkişaf sürətinə malik olan Azərbaycanla əıməkdaşlığa daha çox üstünlük verir. Üstəlik, dünyanın ən böyük kompakt yaşayan yəhudi icması Azərbaycanda yerləşir. Bütün bunlar da Azərbaycan-İsrail dostluğuna bir stimul verir”.
Q.Hüseynli yaxın müddətdə Azərbaycanın da İsraildə səfirlik aça biləcəyini deyib:
“Əslində, Ermənistan tərəfi bu iddialarla İsraildə səfirlik açacağı ərəfədə təxribat törədərək, İsrail-Azərbaycan münasibətlərini korlamağa cəhd göstərir. Ehtimal edirəm ki, heç də uzaq olmayan bir vaxtda Azərbaycan da İsraildə öz səfirliyini açacaq və ölkələrimiz arasındakı münasibətlər daha yüksək səviyyəyə qalxacaq. Ermənistanın bu sahədəki provokativ addımları məqsədinə çatmayacaq. Çünki İsrail parlamentində, eləcə də ictimai-siyasi həyatında Azərbaycandan getmiş yəhudilər ölkəmizin xeyrinə çox böyük lobbiçilik fəaliyyəti aparırlar. Eyni zamanda, onlar bilirlər ki, ermənilər təbiət etibarilə başqa millətləri sevməyən, ölkəsində yəhudi yaşamayan və mono-etnik tərkibə malik olan bir ölkədir. Azərbaycanda isə tam əksinədir. Təsadüfü deyil ki, yəhudi vətəndaşlarımız da Azərbaycanın ərazi bütövlüyü üçün vuruşub və Albertin simasında, Milli Qəhrəman səviyyəsinə də qalxıblar.
Ermənistanla əməkdaşlıq İsrailə heç nə verə bilməz. Amma Azərbaycan əməkdaşlıq münasibətlərinin gələcəyi var və hər iki tərəf üçün çox mənfəətlidir”.
Politoloqun sözlərinə görə, Ermənistanın İranla yaxın münasibəti İsrailin bu ölkə ilə əməkdaşlığını sual altında qoyur:
“İran bizimlə qonşuluqda yerləşməsinə, bir çox dini, tarixi köklərə söykənən münasibətlərimiz olmasına baxmayaraq, həmişə müharibələr zamanı Ermənistanın yanında olub və ona silah göndərib. Hazırda bu iki ölkə arasında münasibətlər ən yüksək inkişaf səviyyəsinə çatıb. Bu gün demək olar ki, Ermənistan özünə lazım olan bütün malları İrandan alır.
İranın Ermənistanla əməkdaşlığı əlbəttə ki, İsrail tərəfindən diqqətlə izlənilir və bu münasibətlərin inkişafı Ermənistanla əməkdaşlıqla bağlı nəticələr çıxarmağa vadar edir. Bölgədə İsrailin yalnız Azərbaycanla əlaqələrini gücləndirmək üçün istəyi və lazım olan potensialı var”. (Axar.az)